Beş dəqiqə və əbədiyyət
Səhifə 2 / 4 · 25%
Sən illüminatorun şüşəsinə boylanıb hər tərəfi bürümüş boşluğa baxdın və bu mavilik də yavaş-yavaş itirdi, boşluq tutqunlaşırdı, qaralırdı, gecə düşürdü və sən «diplomat»ı açdın, bugünkü qəzetləri çıxarıb təyyarənin işığında oxumağa başladın: Yuxarı Voltada dövlət çevrilişi olmuşdu, kapitan Tomas Sankaranın başçılıq etdiyi «Milli İnqilab Şurası» hakimiyyəti ələ almışdı; F.Həbibin yerinə ABŞ prezidentinin Yaxın Şərqdə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunmuş R.Makfarleyn Beyrutda danışıqlar aparmağa başlamışdı; Lerik rayonunun Şəhərətuk adlı ərazisində on min ton həcmində üzüm qəbul edəcək yeni şərab zavodunun tikintisinə başlanmışdı. Sən hərdənbir gözlərini qəzetdən ayırıb illüminatorun şüşəsindən göyə baxırdın, hava tamam qaralmışdı, heç nə görünmürdü və sən yenidən qəzetləri oxuyurdun. Birdən, qəflətən, tamam gözlənilmədən hər şey dəyişdi. Birdən təyyarəyə zülmət qaranlıq çökdü. Sən əvvəlcə heç nə başa düşmədin. Sən əvvəlcə bilmədin ki, nə olub. Sonra sərnişinlərin küyünü eşitdin və sən başa düşdün ki, təyyarənin işıqları sönüb. Sən başa düşdün ki, nəsə olub, təyyarədə qəza var və sənin bütün tüklərin qabardı.
Saat 21.11.
Hündürlük 10200 m.
Sürət 870 km.
Havanın temperaturu: – 510.
«Tu-154»ün təyyarəçi kabinəsi.
Ekipaj dörd nəfərdən ibarət idi:
komandir, mühəndis,
2-ci təyyarəçi, şturman.
Təyyarə mühəndisi. Generatorların üçü də dayandı, komandir!
Komandir. Qazı azaldın. Təcili enirik.
Şturman. Sağa dönmək! Kursu 30 dərəcə artırmaq!
2-ci təyyarəçi. Bakı! Bakı! 85 510. Təyyarədə nasazlıq var. Təyyarədə nasazlıq var! Təcili enirik.
Birdən-birə sənin qulaqların batdı, elə bil burnun da tutuldu, sən təngnəfəs oldun və bütün dəhşəti ilə hiss etdin ki, daha boşluq içində uçmursan, bir daş parçası kimi, sürətlə düşürsən, elə bil ki, sıldırım qayadan qopub uçuruma gedirsən və hər tərəf zülmət qaranlıqdır. Sən nə sərnişinlərin səsini eşidirdin, nə də stüardessanın dediklərini və bu qaranlıq içində elə bil ki, birdən-birə öz gözlərini gördün: gözlərin parıldayırdı, böyümüşdü, az qalırdı hədəqəsindən çıxsın və sən başa düşdün ki, artıq hər şey bitdi, bir ucuz ölüm səni uçurumun dibinə aparırdı, sonra bir an, cəmi bircə an sən özün özünə heyrət etdin, çünki sən bu dərəcədə qorxaq olduğunu bilməzdin və bu kəşf səni sarsıtdı, sənə elə gəldi ki, birdən-birə bütün için qanadı, qıpqırmızı qanla doldu. Sən yerindən qalxmaq istədin, qışqırmaq istədin, amma nə səsin çıxdı, nə də yerindən tərpəndin və birdən-birə atanın sifəti sənin gözlərinin qarşısına gəldi. Atan çox cavandı, sənin o uzaq keçmişdə qalmış cavanlığına oxşayırdı və əvvəllər sən onu yaxşı xatırlaya bilməzdin, amma indi sifətinin bütün cizgilərini gördün, sonra ananı gördün, sonra arvadını, oğlanlarını gördün, sonra müxtəlif simalar sürətlə gəlib gözlərinin qabağından keçdi, uşaq vaxtı eşitdiyin laylaları, bayatıları, nağılları xatırladın və bu dəm sənin beynində elə bir sürət var idi ki, həmin sürət səni uçurumun dibinə aparan sürəti də üstələmişdi və sən indi tamamilə beynindəki sürətin ixtiyarında idin. Sənin bütün sinirlərində bir yalvarmaq ehtirası yaranmışdı, sən kiməsə, nəyəsə yalvarmaq istəyirdin, sən imdad istəyirdin, aman istəyirdin. Bir dəfə Süleyman peyğəmbərin yanına iki arvad gəldi və bu arvadlardan biri dedi: «– Ya peyğəmbər! Biz bir kişinin arvadıyıq, eyni vaxtda hərəmiz bir oğlan doğmuşuq. Dünən gecə bu arvad yuxulu olub, öz uşağı altında qalıb boğulub, sonra ölü uşağı gizlincə mənim yanıma qoyub, oğlumu götürüb. Balamı ondan alıb özümə qaytar». İkinci arvad bu sözlərin hamısına böhtan dedi. Süleyman peyğəmbər göy gözlərini qıyıb arvadlara baxdı və elə bil ki, sən də bu dəm Süleyman peyğəmbərin o qıyılmış göy gözlərini gördün və bu gözlərin baxışı sənin bütün içinə işlədi. Sonra peyğəmbər uşağı gətirtdirdi və qılıncını hirslə həmin uşağın başı üzərinə qaldırıb dedi: « – İndi uşağı tən yarı bölüb hərənizə bir tərəfini verəcəyəm. Onda məndən razı qalarsınız». Birinci arvad özünü peyğəmbərin ayaqlarına atdı: « – Onu öldürmə!
– dedi. – Ver bu arvada, kimə verirsən, ver, amma öldürmə!» İkinci arvad: « – Hökmün ədalətlidi, ya peyğəmbər!» – dedi və bundan sonra peyğəmbər uşağı əsl anasına – birinci arvada verdi. Sən də özünü, bax, beləcə ayaq altına atmaq istəyirdin, imdad istəyirdin, amma o arvad ədalət istəyirdi, ədalət umurdu və ədalət də qalib gəldi, bəs, sən nə istəyirsən?
Saat 21.12.
Hündürlük 9000 m.
Sürət 870 km.
Havanın temperaturu: 440.
«Tu-154»ün təyyarəçi kabinəsi.
Mühəndis generatorların mühafizəsi sistemini yoxlayır.
Komandir. Bakı! Bakı! 85 510. 85 510. Elektrik şəbəkəsinin mühafizə avtomatları generatorları söndürüb.
Elektrik şəbəkəsinin mühafizə avtomatları generatorları söndürüb. Enməyə davam edirəm.
Sən birdən-birə bir çağa çığırtısı eşitdin və əvvəlcə elə bildin ki, həmin çağadır – arvadların Süleyman peyğəmbərin yanına gətirdiyi çağa, sonra sənə elə gəldi ki, yox, bu çağa sənin nəvəndir, üç ildən, beş ildən sonra dünyaya gələcək nəvən indidən səninçün ağlayır, amma sonra başa düşdün ki, yox, bu çağa başqa çağadır. Sənin qulaqlarına gələn bu çağa çığırtısında nəsə tanış bir nəfəs var idi, sən o çağanı görmürdün, amma hiss edirdin ki, o çağa kiməsə oxşayır və sən burasını da hiss edirdin ki, o çağa çığırtısı indicə səni qoynuna alıb ürəyin elə bir dərininə aparacaq ki, orada sənin üçün daha pis olacaq və ən yaxşısı budur ki, o çağanı tanımayasan və beləcə hər şey qurtarsın. Sənə elə gəldi ki, indicə bir gurultu qopacaq, partlayış olacaq və sən rahatlanacaqsan, bundan sonra heç kimi görməyəcəksən və heç kimi eşitməyəcəksən. Qaranlıq içində səni bir daş parçası kimi uçuruma aparan bu sürət də daha əvvəlki kimi dəhşətli görünmədi, çünki sən indi canını o çağa çığırtısından qurtarmaq istəyirdin, çünki hiss edirdin, indicə tanıyacaqsan onu, indicə tanıyacaqsan və bu zaman o çağa çığırtısının müşayiəti ilə sən əlini taxta kimi qupquru sinəsinə vura-vura şivən qoparan o qarının səsini eşitdin:
Altı bədöv atlı,
Əli çərkəz qamçılı,
Arxası dağ dəstəli,
Çiyni zər tüfəngli,
Gümüş xəncərli
At bağrı çatladan,
Düşmən bağrı yaran,
Aslan ürəkli,
Şir biləkli,
Bənövşə bığlı,
Mina boylu,
Darvaza kürəkli,
Gen sinəli,
Gözü qızlar ovçusu,
Dili qızlar elçisi, oğlum, vay!..
O qarının taxta sinəsi gömgöy göyərib qançır olmuşdu və hər dəfə də quru, dəyənəkli əlini zərblə, yana-yana, göyərə-göyərə taxta sinəsinə vurduqca, qaxac barmaqlarının yeri o qançır içində ağappaq ağarırdı və sən, əlbəttə, heç vaxt ağlına gətirməzdin ki, o qarını beləcə yaddaşında saxlamısan, oğlunun cənazəsinin ardınca o qarının dəli kimi qışqıra-qışqıra dediyi sözlər beləcə beyninə hopub:
Gedən qara atlı, getmə,
Yolun uzaqdı, getmə,
Ananın, bacının göz yaşı,
Sənə duzaqdı, getmə, oğlum, vay!..
O qarının dediyi və indi sənin çox aydın, dəqiq eşitdiyin bu sözlər bircə anın içində sənin dodaqlarını səyritdi, gözlərini yaşartdı, qəhər səni boğdu, çünki sənə elə gəldi ki, öz anan dirilib, taxta sinəsi qançır-qançır olmuş o dəli qarı sənin anandır və bu sözləri səninçün deyir, amma bu lap bircə an çəkdi, çünki o çağa yenə də bərkdən qışqırdı və bu dəfə sən həmin çağanı da, həmin qarını da tanıdın.
Saat 21.13.
Hündürlük 7500 m.
Sürət 800 km.
Havanın temperaturu: – 340.
«Tu-154»ün təyyarəçi kabinəsi.
Mühəndis. Komandir, enerji şəbəkəsinin mühafizə sistemini yoxlamaq lazımdır, icazə ver, gedim yoxlayım.
Komandir. Get... Bakı! Bakı! 85 510. Enməyə davam edirəm. Enməyə davam edirəm.
Sən o uşağı heç vaxt görməmişdin, amma indi başa düşdün ki, bu çığıran çağa odur, heç vaxt görmədiyin həmin uşaqdır, atası öləndən sonra anadan olan uşaqdır və o dəli qarı da ölən oğlanın anası idi, sən o qarını görmüşdün, dəfn mərasimində görmüşdün. Sən gözlərini kip-kip qapadın, çünki taxta sinəsi qançır olmuş o qarını fikrinə gətirmək istəmirdin, amma ömründə cəmi bircə dəfə, özü də beş-on dəqiqəlik gördüyün o qarı sənin kip örtülmüş gözlərinin qabağından getmədi və sənə elə gəldi ki, oğlunun dəfn mərasimində dərd əlindən dəli olmuş o qarı qaxac barmaqlarını indicə sənin gözlərinin içinə soxacaq, sənin sifətini, sinəni didib-didişdirəcək və sən o qaranlıq içində uçurumun dibinə daha da tez düşmək istədin, sən istədin ki, təyyarəni indicə yerə çırpacaq o sürət daha da artsın və sən həmin qarının əlindən xilas olasan.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-bes-deqiqe-ve-ebediyyet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O gündən on bir ildən artıq keçirdi və Cümü hərdən o günü yadına salanda fikirləşirdi ki, bəyəm o günə də gün demək olar? Axı, gün yalnız o demək deyil ki, günəş çıxır, səhər açılır, günorta olur, sonra axşam düşür, günəş batır və gecə başlayır, gün odur ki, yaşayırsan, nəsə edirsən, amma o gün – 1992-ci ilin 8 may günü, erməninin Şuşanı işğal etdiyi, camaatı qırıb qaçırtdığı gün – heç cürə gün sözünün içinə sığışmırdı. O gün – camaatın quru canını götürüb qaçdığı o gün Allahın verdiyi gün deyildi, o 8 may günü Şeytanın şuşalılara hədiyyəsi idi, amma şuşalıların Allahın qarşısındakı günahı nə idi ki, Şeytan onlara belə bir hədiyyə edirdi? – Cümü, xüsusən də üç yüz qram araqdan sonra, nə illah edirdi, bu sualın cavabını tapa bilmirdi.Şuşadan qaçqın düşüb salamat qalanlar gəlib Ağdama yığışdı, sonra hərə gümanı gəldiyi bir yerə, bir qisim də Bakıya üz tutdu və Cümügil on ildən çox idi ki, burada – Buzovnadakı bu fəhlə yataqxanasında qalırdılar. Fəhlə yataqxanası bütünlüklə qaçqınlara verilmişdi və Cümügil altı nəfər – Cümü idi, anası Güllü arvad idi, Sona idi, Cəmilə idi, Qalib idi, bir də Sonanın böyük bacısı Solmaz idi – yataqxananın beşinci mərtəbəsində on altı kvadratmetrlik otaqda qalırdılar. Bu otağın da qapısı beşinci mərtəbədəki o biri otaqların qapısı kimi uzun aralığa açılırdı və o uzun aralıqda, xüsusən yay vaxtı xlor iyindən dayanmaq olmurdu, çünki aralığın hər iki başında tualet var idi və mərtəbənin arvadları gecə-gündüz ora xlor tökürdülər ki, üfunət-çirkab aləmi başına götürməsin. Hər halda, xlor iyi üfunətdən yaxşı idi və orası da yaxşı idi ki, bu yerlərdə xlordan ucuz şey yox idi.
Vııı fəsilİzabel Xanukoff artıq yeddinci il idi ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığında işləyirdi və kədərli təəssüratlarla dolu çətin işinin müqabilində aldığı maaşın qədrini bilirdi, amma bu dəfə, yəni həmin sentyabr günündən beş gün əvvəl Azərbaycana ezamiyyət sənədlərini və xərclərini alıb Ali Komissarlığın Cenevrədəki ofisindən çıxanda, ürəyindəki o Ziba nostalgiyası onu marketlərdən birinə apardı və Cenevrədə qiymətlərin çox baha olmasına baxmayaraq, İzabel Azərbaycanda hansısa bir azərbaycanlı qaçqın qadına bağışlamaq üçün, yəni kiçik və yaraşıqlı bir şəxsi hədiyyə etmək üçün bir şüşə fransız ətri aldı – «EMPREINTE» və onu hədiyyə kimi gözəl bağlatdırdı.Əlbəttə, o qaçqın azərbaycanlı qadın bilməyəcəkdi ki, əslində, bu hədiyyə – bir vaxtlar Azərbaycanda yaşamış və Azərbaycan sevgisini özü ilə birlikdə Azərbaycandan min kilometrlərlə uzaq bir diyarda qəbrə aparmış Ziba Xanukova adlı bir qadının hədiyyəsidir, amma bunun nə dəxli var idi? Əsas məsələ o idi ki, Zibanın ruhu şad olacaqdı.
Ix fəsilHəmin sentyabr günündən bir müddət əvvəl məlum oldu ki, növbəti dəfə xaricdən nümayəndələr gəlib qaçqınların həyatı ilə tanış olacaqlar. Fəhlə yataqxanasında yaşayan arvadların bir neçəsi həyətdəki krantın qabağında dayanmışdı və günortalar çox işləndiyi üçün suyu yataqxananın yuxarı mərtəbələrinə qaldırmağa nasosun gücü çatmadığına görə, arvadlardan kimisi bir vedrə su doldurmuşdu, kimisi çirkli boşqabları yumuşdu, amma evə (otaqlara) qalxmağa tələsmirdilər. Bu krantın yanı yeganə yer idi ki, qaçqın arvadlar orada bir-birindən təzə xəbərləri eşidirdilər, Allahın hər verən gününün qayğılarını, əzab-əziyyətlərini bölüşürdülər, kiminsə, nəyinsə qarasına danışırdılar, ürəklərini boşaltmağa fürsət tapırdılar.Krantın arxa tərəfində üç dənə böyük iydə ağacı var idi və kəndin camaatı deyirdi ki, vaxtilə buralar başdan-başa neftxuda Məşədi Ağarəhim Mir Abdulla oğlunun iydə, innab badam və püstə bağı olub, sonra, yəni sovet vaxtı – iyirminci illərdə bura xarabaya dönüb, səksən yaşlı Məşədi Ağarəhimin özünü də bolşeviklər tutub güllələyiblər və bu üç iydə ağacı da ondan və onun o gözəl bağından yadigar qalıb.
X fəsilHəmin sentyabr günü Qırmızı xoruzun o vaxtsız banlamağı sübh tezdən Ağadadaşın kefinə soğan doğramışdı və bu azmış kimi, üstəlik, səhər çayçörəyindən sonra, onlarla üzbəüz həyətdə yaşayan Bolelşik Bufetçi İbadullayla nərd oynayıb dalbadal üç tas uduzdu və bütün bunlar da azmış kimi, günorta nahar vaxtı evə qayıdanda Balacaxanım bu istirahət günü xüsusi olaraq əri üçün bişirdiyi bir kasa bozbaşı, pamidor-xiyarı, sirkə-badımcanı, duzu, bibəri onun qabağına qoyub:– Şoqəribə qalmış xoruz yoxdu, qeyitmiyib...
Başqa şairlərin şeirləri
مدامت بنده ام، اینست مذهب
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?