Səhifə 4 / 4 · 75%

Sərnişinlərdən kimi hərarətlə o birisinə nəsə deyirdi, kimi sevincindən gülürdü, kimi qollarını geniş açıb dərindən nəfəs alırdı və bu vaxt yanından ötən yaraşıqlı stüardessa sənə baxdı, gülümsədi: « – Qorxmayın.» – dedi və sən çiyinlərini çəkmək, « – Nədən qorxacağam?» – demək istədin, amma nə çiyinlərini çəkdin, nə də bir söz deyə bildin, çünki sənin beynində dəhşətli bir yorğunluq var idi, sənin bütün bədənin yorulub əldən düşmüşdü, sən tamam heysiz idin.

Gözlərini yumub, bircə anlıq da olsa, yatmaq istədin, özünü unutmaq istədin, amma bir şey çıxmadı və sən beynindəki o dəhşətli yorğunluq içində bir müddət elə-eləcə oturdun; sonra illüminatorun şüşəsindən bayıra baxdın və birdən-birə sənə elə gəldi ki, bayaq aerodromda gördüyün o böyük təyyarə kölgəsi də indi sənin uçduğun bu təyyarə ilə bərabər uçur.

Sən çox yorulmuşdun, ona görə də bu barədə daha fikirləşmədin, amma bir müddət illüminatorun o tərəfində o böyük təyyarə kölgəsini də özünlə bərabər uçan hiss etdin.

Saat 21.18.

Hündürlük 9000 m.

Sürət 880 km.

Havanın temperaturu: – 44.

Sən kreslonun kəmərini açıb ayağa qalxdın və tualetə tərəf getdin. Sənə elə gəlirdi ki, hamı sənə baxır, arxadan bütün sərnişinlərin gözü sənə dikilib. Sənin tərdən yaşarmış köynəyin hələ qurumamışdı və yaş köynək sənin kürəyinə bir buz layı kimi yapışmışdı, bu yaş köynəkdə bir buz soyuğu var idi. Sən tualetə girdin, qapını bağladın və hələ də keçib getməmiş bir qorxu ilə güzgüyə baxdın, çünki hələ də sənə elə gəlirdi ki, saçların ağappaq ağarıb, amma sən güzgüdə yenə də həmişəki kimi zil qara saçlarını gördün, həmişəki sifətini gördün və sən güzgüdəki sifətin belə bir adiliyinə, belə bir həmişəkiliyinə heyrət etdin, bir müddət gözlərini bu qapqara saçlardan, bu sifətdən ayırmadın, sonra bütün gücünü toplayıb özünlə zarafat eləmək istədin, « – Nə var, nə yox?» – soruşmaq istədin, amma soruşmadın, darağını çıxarıb saçlarını daradın, üzünü yudun, kağız dəsmalla qurulanıb tualetdən çıxdın, yenə də gəlib birinci sıranın birinci yerində oturdun.

Epiloq

BEŞ ILDƏN SONRA

22 sentyabr,

1988-ci il.

«Bakı –Kislovodsk» qatarı.

«SV» kupesi.

Akademiyanın həqiqi üzvü, böyük Elmi Tədqiqat Birliyinin rəhbəri Mərdan Dadaşlı və bir sərnişin.

– Mən sizi görən kimi tanıdım, Mərdan müəllim. Mənim üçün şərəfdir ki, sizinlə bir yerdə gedirəm.

– Çox sağ olun.

– Həqiqi sözümdür!

– Çox sağ olun.

– Yəqin istirahətə gedirsiz?

– Hə.

– Mən təyyarəyə bilet almaq istəyirdim. Sonra fikrimi dəyişdim. Elə bil ürəyimə dammışdı ki, sizin kimi bir adamla yol yoldaşı olacağıq, bir kupedə gedəcəyik.

– Mən də birinci dəfədir ki, qatarla gedirəm. Arvad, uşaqlar, gəlinlər məcbur elədi, dedilər ki, neçə illərdir bir dəfə vaxt tapıb məzuniyyətə çıxmısan, qatarla istirahət edə-edə get. Amma heyf deyil təyyarə!.. Düzdü, bir dəfə, beş-altı il bundan qabaq, yadımda deyil, harasa gedirdim, təyyarəmizdə işıqlar söndü.

– İşıq söndü? Siz gülürsünüz, Mərdan müəllim, amma mən təsəvvürümə gətirirəm ki, necə dəhşətdi. Buna ürək davam eləməz...

– Siz ürəyi bir elə də davamsız bilməyin.

– Bəs, sonra nə oldu?

– Nə olacaq? O saat düzəltdilər, qurtardı. Təyyarədən yaxşısı yoxdu...

Avqust, 1983.

Şüvəlan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Vıı fəsil

O gündən on bir ildən artıq keçirdi və Cümü hərdən o günü yadına salanda fikirləşirdi ki, bəyəm o günə də gün demək olar? Axı, gün yalnız o demək deyil ki, günəş çıxır, səhər açılır, günorta olur, sonra axşam düşür, günəş batır və gecə başlayır, gün odur ki, yaşayırsan, nəsə edirsən, amma o gün – 1992-ci ilin 8 may günü, erməninin Şuşanı işğal etdiyi, camaatı qırıb qaçırtdığı gün – heç cürə gün sözünün içinə sığışmırdı. O gün – camaatın quru canını götürüb qaçdığı o gün Allahın verdiyi gün deyildi, o 8 may günü Şeytanın şuşalılara hədiyyəsi idi, amma şuşalıların Allahın qarşısındakı günahı nə idi ki, Şeytan onlara belə bir hədiyyə edirdi? – Cümü, xüsusən də üç yüz qram araqdan sonra, nə illah edirdi, bu sualın cavabını tapa bilmirdi.Şuşadan qaçqın düşüb salamat qalanlar gəlib Ağdama yığışdı, sonra hərə gümanı gəldiyi bir yerə, bir qisim də Bakıya üz tutdu və Cümügil on ildən çox idi ki, burada – Buzovnadakı bu fəhlə yataqxanasında qalırdılar. Fəhlə yataqxanası bütünlüklə qaçqınlara verilmişdi və Cümügil altı nəfər – Cümü idi, anası Güllü arvad idi, Sona idi, Cəmilə idi, Qalib idi, bir də Sonanın böyük bacısı Solmaz idi – yataqxananın beşinci mərtəbəsində on altı kvadratmetrlik otaqda qalırdılar. Bu otağın da qapısı beşinci mərtəbədəki o biri otaqların qapısı kimi uzun aralığa açılırdı və o uzun aralıqda, xüsusən yay vaxtı xlor iyindən dayanmaq olmurdu, çünki aralığın hər iki başında tualet var idi və mərtəbənin arvadları gecə-gündüz ora xlor tökürdülər ki, üfunət-çirkab aləmi başına götürməsin. Hər halda, xlor iyi üfunətdən yaxşı idi və orası da yaxşı idi ki, bu yerlərdə xlordan ucuz şey yox idi.

1 dəq
Vııı fəsil

İzabel Xanukoff artıq yeddinci il idi ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığında işləyirdi və kədərli təəssüratlarla dolu çətin işinin müqabilində aldığı maaşın qədrini bilirdi, amma bu dəfə, yəni həmin sentyabr günündən beş gün əvvəl Azərbaycana ezamiyyət sənədlərini və xərclərini alıb Ali Komissarlığın Cenevrədəki ofisindən çıxanda, ürəyindəki o Ziba nostalgiyası onu marketlərdən birinə apardı və Cenevrədə qiymətlərin çox baha olmasına baxmayaraq, İzabel Azərbaycanda hansısa bir azərbaycanlı qaçqın qadına bağışlamaq üçün, yəni kiçik və yaraşıqlı bir şəxsi hədiyyə etmək üçün bir şüşə fransız ətri aldı – «EMPREINTE» və onu hədiyyə kimi gözəl bağlatdırdı.Əlbəttə, o qaçqın azərbaycanlı qadın bilməyəcəkdi ki, əslində, bu hədiyyə – bir vaxtlar Azərbaycanda yaşamış və Azərbaycan sevgisini özü ilə birlikdə Azərbaycandan min kilometrlərlə uzaq bir diyarda qəbrə aparmış Ziba Xanukova adlı bir qadının hədiyyəsidir, amma bunun nə dəxli var idi? Əsas məsələ o idi ki, Zibanın ruhu şad olacaqdı.

1 dəq
Ix fəsil

Həmin sentyabr günündən bir müddət əvvəl məlum oldu ki, növbəti dəfə xaricdən nümayəndələr gəlib qaçqınların həyatı ilə tanış olacaqlar. Fəhlə yataqxanasında yaşayan arvadların bir neçəsi həyətdəki krantın qabağında dayanmışdı və günortalar çox işləndiyi üçün suyu yataqxananın yuxarı mərtəbələrinə qaldırmağa nasosun gücü çatmadığına görə, arvadlardan kimisi bir vedrə su doldurmuşdu, kimisi çirkli boşqabları yumuşdu, amma evə (otaqlara) qalxmağa tələsmirdilər. Bu krantın yanı yeganə yer idi ki, qaçqın arvadlar orada bir-birindən təzə xəbərləri eşidirdilər, Allahın hər verən gününün qayğılarını, əzab-əziyyətlərini bölüşürdülər, kiminsə, nəyinsə qarasına danışırdılar, ürəklərini boşaltmağa fürsət tapırdılar.Krantın arxa tərəfində üç dənə böyük iydə ağacı var idi və kəndin camaatı deyirdi ki, vaxtilə buralar başdan-başa neftxuda Məşədi Ağarəhim Mir Abdulla oğlunun iydə, innab badam və püstə bağı olub, sonra, yəni sovet vaxtı – iyirminci illərdə bura xarabaya dönüb, səksən yaşlı Məşədi Ağarəhimin özünü də bolşeviklər tutub güllələyiblər və bu üç iydə ağacı da ondan və onun o gözəl bağından yadigar qalıb.

2 dəq
X fəsil

Həmin sentyabr günü Qırmızı xoruzun o vaxtsız banlamağı sübh tezdən Ağadadaşın kefinə soğan doğramışdı və bu azmış kimi, üstəlik, səhər çayçörəyindən sonra, onlarla üzbəüz həyətdə yaşayan Bolelşik Bufetçi İbadullayla nərd oynayıb dalbadal üç tas uduzdu və bütün bunlar da azmış kimi, günorta nahar vaxtı evə qayıdanda Balacaxanım bu istirahət günü xüsusi olaraq əri üçün bişirdiyi bir kasa bozbaşı, pamidor-xiyarı, sirkə-badımcanı, duzu, bibəri onun qabağına qoyub:– Şoqəribə qalmış xoruz yoxdu, qeyitmiyib...

1 dəq

Başqa şairlərin şeirləri