Səhifə 2 / 2 · 50%

rassam çəkmişdi. Rəssamı Bakıdan kəndin klubuna çağırmışdılar ki, qırmızı

parçaların üstünə şüarlar yazsın və bir də sülhün rəmzi kimi bir göyərçin şəkli

çəksin, bu göyərçin şəklini assınlar klubun girəcəyinə, çünki Bakıdan hörmətli bir adam gələcəkdi, klubda iclas eləyəcəkdilər. Həmin rəssam klubda işini qurtarandan sonra, bir xeyli müddət qaldı kənddə, başladı kəndin evlərində otaqların divarlarına pulla şəkil çəkməyə. Kəndə bir dəb düşdü ki, gəl görəsən, kimi göyərçin şəklini

çəkdirdi divarına, kimi meşə, gül-çiçək; bağban Əsədulla otağında divar boyu gəmi şəkli çəkdirdi, üstündə də yazdırdı ki, «ADMIRAL NAXIMOV», çünki müharibə vaxtı bu gəmidə vuruşmuşdu; dülgər Müzəffər otağında bütün divar boyu çiyninə şal salmış yarısı balıq, yarısı da sarı saçları suda dalğalanan gözəl bir qız şəkli çəkdirdi və bunun üstündə dülgər Müzəffərin arvadı Zəhra düz qırx gün əri ilə danışmadı, küsü saxladı; quşvuran Fazil bir ovçu şəkli çəkdirmişdi divarına ki, pələngi alnından vurub yerə sərmişdi və quşvuran Fazil belə deyirdi ki, guya, bu ovçunun sifəti öz sifətidi, guya, rəssam ona baxıb, cuşa gəlib, bu şəkli belə çəkib, hamı da

Əmirquludan sonra başlamışdı: Əmirqulu həmin rəssamla dostlaşmışdı, tez-tez şirin çaxır içirdilər və içə-içə də Əmirqulu rəhmətlik anasını yadına sala-sala o qədər

ağlamışdı ki, axırda həmin rəssam Xeyransa evdə olmayanda gəlib Əmirqulugilin böyük otağının divarında üzünü görmədiyi, heç bir şəkli qalmamış arvadın –

Əmirqulunun anasının bütün divar boyu şəklini çəkmişdi və bundan sonra bütün kəndə dəb düşmüşdü. Həmin rəssam gəlib Ağababagilin də böyük otaqlarının

divarında bütün divar boyu bir şir, bu şiri öldürən bir igid adam şəkli çəkdi və

Ağabacı bir xeyli əli qoynunda bu şəklə baxandan sonra, soruşanda ki, bu nədi belə, dedi ki, gürcülərin çox böyük bir şairi var, Şotadı adı, onun yazdıqlarıdı çəkmişəm sizinçün. Axşam həmin rəssam Əmirqulu ilə şirin çaxır içib yenə gəlib çəkdiyi bu şəklə baxdı, özünü saxlaya bilməyib hönkür-hönkür ağladı, Əmirqulunun da gözləri doldu və hönkür-hönkür ağlayan rəssama baxıb Ağababaya dedi ki, bunun kimi

böyük rəssam yoxdu dünyada, amma Bakıda qoymurlar onu qabağa getsin, basırlar başından, çünki adamı yoxdur və arvadı da bu rəssamı atıb gedib başqasına. Bu şəkil kənddə hamının cani-dildən xoşuna gəldi və hamı da bu fikrə gəldi ki, bu şəkil

həmin rəssamın şah əsəridi, hətta Zübeydə də bunu danmadı və Ağabacı hamamda bu şəkli tərifləyəndə səsini çıxarmadı; düzdü, qəhrəmanın əlləri birtəhər çıxmışdı və kitabxanaçı Nəcəf deyirdi ki, guya, rəssamlıqda ən çətin iş adam əli çəkməkdi,

qəhrəmanın ayaqlarının da biri elə bil bir az uzun idi o birindən, başındakı bilmirdin saçıdı, yoxsa tük papaqdı, amma, hər halda, əvvəllər Ağababanın da çox xoşuna

gəlmişdi bu şəkil, amma indi necə oldusa, birdən-birə bu şirə yazığı gəldi, fikrindən keçdi ki, deyəsən, elə bu şir də Əmirqulu kimi bir şeydi...

...Ağababanın şirə yazığı gəldi və bu şiri çəkən rəssam da gəldi durdu gözünün qabağında və Ağababanın o rəssama da yazığı gəldi, amma burası lap ağ oldu ki, birdən-birə Əmirquluya da yazığı gəldi, elə bil həmin Ağababa deyildi ki, pəncərədən küçəyə baxıb görürdü ki, Əmirqulu yenə keflənib tut ağacının dibinə yıxılıb, gah insan səsinə oxşayan, gah da insan səsinə oxşamayan səslər çıxarır və ürəyində Əmirqulunu söyürdü: «Köpəkoğlu, xalis əsfələssafilindir!»

Nədən idi ki, bu Ağababanın başına belə fikirlər gəlirdi, dünyaya yazığı gəlirdi, ürəyi sıxılırdı və bilmirdi ki, nə eləsin? Bu isti yay günündə otağın bürküsündən idi, ya nədən idi?

Elə bil ki, Əmirqulu Ağababanın beləcə yumşalmasını gözləyirmiş, küçədən yenə onun səsi gəldi və Ağababa gözlərini şirdən çəkib ayağa qalxdı, küçə pəncərəsinə yaxınlaşıb pərdəni qaldırdı.

Əmirqulu, adətən, gündə dörd stəkan şirin çaxır içirdi. Əmirqulunun arvadı bədbəxt qızı bədbəxt Xeyransa kənddəki çaxır dükanında, sonra Vartan Nersesoviçin müdir olduğu böyük mağazada dava salıb, qırğın-qiyamət eləmişdi və indi kənddə heç kim Əmirquluya çaxır vermirdi, odur ki, Əmirqulu gözünə döndüyüm də hər gün xoruz banıyla yuxudan durub birinci marşrut avtobusuna minirdi, gah Maştağada, gah Buzovnada, gah Mərdəkanda, Şüvəlanda iki dolu stəkan (hərəsi 250 q.) şirin çaxırını içirdi, bir də axşam eyni minval ilə iki stəkan şirin çaxırını içirdi və bu dörd stəkan şirin çaxır bütün günü bəs eləyirdi Əmirquluya, samovar üstündəki çaynik kimi həmişə dəmdə olurdu, amma elə ki, artıq içdi, elə ki, öz cədvəlini pozdu, ortada hardansa bir imkan tapıb araq içdi, onda zalım oğlu gəlib yıxılırdı küçədəki bu tut ağacının dibinə. Hərdən Xeyransa abırhəyadan az qala yerə girə-girə Ağababaya deyirdi:

– Ağababa qədeş, mindirmə bunu maşunuva.

Amma nə çox bu Abşeron yollarında marşrut avtobuslar, nə çox yüz cürə maşın və Əmirquluyla bu cür mübarizələr bir nəticə vermirdi, bununku o idi ki, kitabxanaçı Nəcəf demişkən, zəng eləyəsən şəhərə, maşınla gəlib götürüb aparsınlar və xəstəliyinə bir çarə qılsınlar, amma Xeyransa, aydın məsələ idi ki, belə təkliflərə razı olmurdu, çünki Xeyransa da bu kənddə bir kişinin qızı idi və camaatın gözü qabağında ərini aparıb şəhərdə dəlixanaya ata bilməzdi.

İndi də Əmirqulu küçə tərəfdən evlərinin qabağındakı tut ağacının dibində oturub kürəyini söykəmişdi ağacın gövdəsinə və oxuyurdu özü üçün:

Mən əntiqə çortdayam!

Çortdayam, frontdayam!

Atıram plamyotları,

Vururam samalyotları.

Xeyransa evlərinin küçə balkonunda küftə-bozbaş üçün ət döyə-döyə başını ikinci mərtəbədən aşağı uzadıb:

– Ay sən öləsən! – dedi.

Əmirqulu hərəsi bir tərəfə axan gözlərini bir anlıq bir yerə cəm eləyib:

– Mənim canımçün vururam! – dedi. – Lap katyuşa da atıram, mən ölüm, hə!..

...Hərdən axşamüstülər, o vaxtlar ki, səhərki iki stəkanın təsiri keçib-gedirdi, axşamkı iki stəkanı isə hələ içməmişdi və başqa da heç nə dilinə vurmamışdı, yəni o vaxtlar ki, Əmirqulu nisbətən ayıq idi, soruşanda ki, bu nə səfeh mahnıdı oxuyursan belə, deyirdi ki, balam, səfeh niyə olur, Xeyransayla bir yerdə yaşamaq elə frontda olmaqdı də...

...Ağababa bu dəfə ürəyində Əmirqulunu söymədi, təkcə bunu fikirləşdi ki, Allah adama belə bir ər, belə bir oğul verincə, bir qara daş versə yaxşıdı.

Ağababa bu sarıdan narahat olmaya bilərdi, çünki özü toyda-məclisdə, ildə - əyyamda bir dəfə içərdi və oğlanları da bu cəhətdən özünə oxşamışdı, Baladadaşın da, Ağagülün də, Nuhbalanın da yığışıb gedib araq alıb qayalıqlarda içməyi, şəhərdən yeşik-yeşik pivə alıb gətirib küçədə nərd oynaya-oynaya noxudla içməyi, əllərinə keçən pulu aparıb Gümüş Malikin kababxanasında qoymağı yox idi.

Ağababa ilə Ağabacının üç oğlu var idi, altı da qızı var idi, üç oğul dalbadal olmuşdu, sonra da altı qız olmuşdu. Böyük oğlanları Baladadaş əsgərlikdə idi, əslində əsgərlik vaxtı qurtarmışdı, hansı kursdasa oxuyurdu, bir azdan sonra qayıdıb gələcəkdi, sonra da yazırdı ki, bir müddət evdə qalıb gedəcəkdi hərbçilərin ali məktəbinə imtahan verməyə. İkinci oğlan Ağagül də, həmin Ağagül ki, dəllal Zübeydə hamamda söz yayıb ki, guya, onu vağzal bağında bir qızla öpüşən görüb, iki ay idi ki, əsgər getmişdi və Baladadaş kimi o da Amur vilayətində idi. Üçüncü oğul Nuhbala onuncu sinfə keçmişdi, gələn yay məktəbi qurtarıb o da əsgərliyə gedəcəkdi. Nailə doqquzuncu sinfə keçmişdi. Firuzə yeddinci sinfə keçmişdi. Kəmalə altıncı sinfə keçmişdi. Amalə dördüncü sinfə keçmişdi. Dilşad üçüncü sinfə keçmişdi. Sonbeşik Böyükxanım idi və Böyükxanım da ikinci sinfə keçmişdi.

Doqquz uşaq idi və Böyükxanım anadan olanda Ağababa bu axırıncı uşağa anasının adını qoymuşdu, yəni ki, ən əziz ad axırıncınındı, amma indi məlum olmuşdu ki, Böyükxanım axırıncı deyil.

Hələlik doqquz uşaqdı.

Məsələ burasında idi ki, bir həftə bundan qabaq gecə yerlərinə girəndə Ağabacı utana-utana, qızara-qızara demişdi:

– Ağababa, başuva dönüm, deyəsən, uşaq gözləyirəm...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri