İkinci hissə, 3
Xidmətçi içəri girib dedi:
– Vanya yüzbaşı hüzurunuza təşrifinə izn istəyir.
Mitəkkəyə söykənərək döşəkcənin üstündə yanpörtü oturub kağızlara baxan İbrahim xan dikəlib:
– Gəlsin,– dedi.
Vanya yüzbaşı içəri girən kimi, yenə ağır vücuduna yaraşmayan bir cəldliklə irəli yeriyib İbrahim xanın əlindən öpdü, amma bu dəfə xan ona oturmaq təklif etmədi.
– Nə var, Vanya yüzbaşı, nə xəbərlə gəlmisən?
– Nə xəbər yoxdu ki, xan? Dünya qaynar qazandı, içindəki də pıqqapıq qaynayır. Allah sizin canınızı sağ eləsin, bizə göstərdiyiniz iltifat…
İbrahim xan onun sözünü kəsdi:
– Mətləbə keç, yüzbaşı. Mənim vaxtım yoxdu.
– Vaxt neyləsin? Bu vurhavura vaxt tab gətirər. O, sizsiniz ki, əlahəzrət, bu qədər işin öhdəsindən…
– Dedim, mətləbə keç, kişi! Vaxtımı alma!
– Fətəli şahın əlli minlik qoşunu gəlib Naxçıvan və İrəvan xanlıqlarının lap sərhəddinə dirənib. Bunu bilirsiz. Deyirlər, bu gün, sabah sərhəddi keçəcək…
– Sonra?
– Məzhəb haqqı, sonrasını deməyə cəsarətim çatmır…
İbrahim xan yenə nəsə bəd bir xəbər hiss edib ayağa qalxdı və hirslə:
– Mütrüblük eləmə, kişi!– dedi.– Səndə nəvaxt cəsarət olub ki, indi də çatışmasın?.. De, görüm, nə xəbərdi?
– Oğlunuz Əbülfət ağanın başçılığı ilə şahın beş yüz seçmə atlısı Qarabağa gəlməyə hazırlıq görür…
– Nə? Nə dedin?!– İbrahim xan özündən çıxıb, Vanya yüzbaşının yaxasından yapışdı: – Sən hardan bilirsən bunu?
– Əlahəzrət, indiyədək olub ki, mənim gətirdiyim xəbərlər yalan çıxsın?
İbrahim xan əlini yüzbaşının yaxasından çəkdi.
Vanya yüzbaşı:
– Xan sağ olsun, Əbülfət ağa qoşunla Qarabulağı keçib Tuğ kəndinə üz tutacaq. İbrahim xan:
– Əgər bu söhbət olubsa, Tehran sarayının bağlı qapıları arxasında olub, – dedi.– Bunu sən hardan öyrənmisən?
– Saraylarda da divarın qulağı olur…
– Yaxşı, gedə bilərsən…
Vanya yüzbaşı yerindən tərpənmədi.
İbrahim xan tərs-tərs yüzbaşıya baxıb:
– Nədi, yenə bayquş xəbəri var?– soruşdu.
– Mənə tapşırığınız var idi, xan…
İbrahim xanın, elə bil, fikri özündə deyildi:
– Nə tapşırıq?
– Axund Mirmöhsün ağa barədə…
– Hə, nə oldu?
– Oturub-durub Əbülfət ağanı tərifləyir…
İbrahim xan bu dəfə tamam özündən çıxdı və bağıra-bağıra Vanya yüzbaşını yaxasından yapışıb qapıya tərəf itələdi:
– Nə olsun? Bəyəm Əbülfət ağanı tərifləmək olmaz?! Yaxşı eləyir, tərifləyir!.. Erməni dığası!.. Rədd ol!.. Rədd ol buradan!..
Kitabxana.az · https://kitabxana.az/works/elcin-hokmdarin-taleyi-ikinci-hisse-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Günlərin bir günündə, axşam çağı ata işdən evə gəldi ki, evdə gözəl, səliqəli, əl-üzü tərtəmiz, saçları qəşəng daranmış bir kukla var.Vay... Bu necə kukladı?! Adam kimi gəzir, adam kimi baxır...
Aysu yorulub...Aysu birinci sinifdə oxuyur. Dünən də birinci sinifdə oxuyurdu, bu gün də birinci sinifdə oxuyur, eh... hələ sabah da birinci sinifdə oxuyacaq...Nə qədər birinci sinifdə oxumaq olar?..
Aysu və balaca balıqlarAysu yenə deyir ki, nağıl danış.– Nə qədər nağıl olar, ay Aysu?
I fəsil(Eysebionun faciəli ölümü haqqındakədərli povest)