15 iyun 1806-cı il. Şuşa yaxınlığındakı Xankəndi. Xanın

yay iqamətgahı.

Cırcıramaların səsi hər tərəfə yayılmışdı və bir tərəfdən də qurbağaların qurultusu o yay gecəsində dünyanın gözəl bir xətircamlığından xəbər verirdi…

… İbrahim xan ev libasında iqamətgahın həyətində oturub qızıl nargilə çəkirdi. 10 yaşlı Gövhər ağa başını onun dizinin üstünə qoymuşdu.

Tuba xanım iqamətgahdan çıxıb:

– Yatdı?– soruşdu.

İbrahim xan:

– Hə…– dedi və gülümsədi.– Danışdı, danışdı, axırda yatdı…

– Aparım içəri.

– Yox, qoy, bir az yuxulasın yanımda…

Tuba xanım gəlib ərinin yanında oturdu.

– İbrahim…

– Nədi?

– Bu işlərin axırı necə olacaq?..

İbrahim xan yenə gülümsədi:

– Yaxşı olacaq…

Və elə bu dəm qəfildən açılan güllə səsləri, at kişnərtisi, hay-küy aləmi bürüdü:

– Strelyay!..

– Rubi ix!..

– Qırdılar bizi!..

– Ruslar gəlib!..

… Mayor Lisaneviç başda olmaqla atlı soldatlar iqamətgaha hücum etmişdi. Rus soldatları qışqırırdı:

– Rubi vsex! Vsex etix svoloçey!

… İqamətgahda yuxudan durmuş uşaqlar – Abbasqulu ağa, Səltənət bəyim, Hacı Hacan ağa, Əli ağa, qadınlar, nökər və kənizlər qışqıra-qışqıra bir-birinə qarışmışdı. … Tuba xanım:

– Uşaqlar!..– Qışqırıb iqamətgaha qaçdı.

Gövhər ağa yuxudan kal durub, qorxudan titrəyə-titrəyə atasının böyrünə qısıldı. İbrahim xan:

– Qorxma, qızım, qorxma!..– deyirdi.

…Soldatlar atla iqamətgahın içinə girdi.

… Qılıncı başının üstünə qaldırmış Mayor Lisaneviç:

– Nikomu net poşadı!– qışqırdı.– Nikomu!

…Soldatlar qarşılarına çıxanı – uşağı, qadını, qocanı at belindən qılıncdan keçirirdi.

… İbrahim xan Gövhər ağanı qucağına götürüb qalxmaq istədi, amma macal tapmadı, elə həmin an da onun üstünə çapan soldatın gülləsi xanı sinəsindən vurdu. İbrahim xan bir əli ilə Gövhər ağanı, o biri əli ilə qanı axan sinəsini tutub oturdu.

İkinci gülləni atmaq istəyən soldat özü vurulub atdan aşdı və əli tüfəngli Əmiraslan bəy İbrahim xanın üstünə atıldı.

– Dur, xan, dur!.. Tez elə!..

İbrahim xan:

– Əmiraslan bəy!.. Mənlə işin olmasın…

Əmiraslan bəy:

– Qalx, xan!..– deyə təkid etdi.– Səni buradan çıxaracağam!..

İbrahim xan:

– Mənimki qurtardı…– dedi və Gövhər ağanı bəyə tərəf itələdi.– Bunu qaçırt!..

– Mən səni burada belə qoya bilmərəm, xan!..

İbrahim xan yenə Gövhəri göstərib, tamam taqətsiz halda:

– Tez qucağına al onu, apar!.. Tez…

Əmiraslan bəy İbrahim xanın sinəsindən fışqırıb axan qana baxıb, tərəddüd etdi. Nəfəsi darıxan İbrahim xan:

– Apar, dedim… Tez elə…– deyə pıçıldadı.

Əmiraslan bəy yenə xanın qanlı köksünə baxdı, sonra qərar verərək Gövhər ağanı qamarlayıb özünü qaranlığa verdi.

… At belində yataq otağına girmiş soldat bir küncə qısılmış Abbasqulu ağanı qılıncdan keçirdi.

… Ağ gecə köynəyi qana bulaşmış Səltənət bəyimin dəhşətdən böyümüş gözləri eləcə donub qalmışdı.

… Soldatlar süngünü dəhşətdən qışqıra-qışqıra ağlayan Hacı Hacan ağanın boğazına soxdu.

… Əli ağa uzun ağ gecə köynəyinin ətəkləri ayaqlarına dolaşa-dolaşa qaçırdı və rus soldatının gülləsi onun kürəyini qana boyadı.

… Mayor Lisaneviç çaparaq İbrahim xanın qarşısında dayandı.

Xan altdan yuxarı mayora baxdı və güclə gülümsədi:

– Allaha kömək edirsiz, mayor?

Mayor Lisaneviç ayaqlarını üzəngiyə basıb dikəldi və var gücü ilə İbrahim xanı qılıncdan keçirdi:

– Staraya lisa!..

… I Aleksandr dodaqlarındakı yüngül təbəssümlə eləcə portretdən baxırdı…

Vaxtı ilə knyaz Sisianovun imperatorun öz adından İbrahim xana hədiyyə etdiyi portret – I Aleksandrın portreti divardan asılmışdı.

Bütün bədəni uçunan Tuba xanım otaqda yerə çökdü, hər iki əli ilə də baldırlarına vura-vura qarşısındakı şəkilə baxıb, xırıltılı səslə qışqırdı:

– Allah bu zülmü yerdə qoymayacaq! Allah bu müsibəti sənin də nəslinə qimət edəcək!– Qışqırmaqdan Tuba xanımın boğazının damarları şişib az qalırdı partlasın.– Allah…

Soldatın qılıncı Tuba xanımı sözlərini yarımçıq kəsdi və bu qadını həmişəlik susdurdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri