İkinci hissə, 36
Vanya yüzbaşı həyəcanla mayor Lisaneviçin iş otağının qapısını açdı və içəri girib salamsız-kəlamsız dedi:
– Cənab mayor, sizin xəbəriniz var ki, bu gecə Abbas Mirzənin iki nəfər elçisi Şuşa qalasına gəlib və İbrahim xanla görüşüb?
Mayor Lisaneviç:
– Ola bilməz!– dedi və yazı masasının arxasından qalxdı. – Mənim adamlarım gecə-gündüz qalanı qoruyurlar!
– Sizin adamlarınız mənim adamlarım kimi bu dağların hər qarışına bələd deyil, mayor! Gecə Abbas Mirzənin iki elçisi Əmiraslan bəyin bələdçiliyi ilə Şuşaya gəlib, İbrahim xanla gizli danışıqlar aparıblar! Bəlkə siz istəyirsiniz ki, mərhum knyaz Sisianov kimi, bu türk xanları sizin də başınızı kəssinlər?! Hə? Amma mən istəyirəm ki, Allah məni çağıranda, öz isti yorğan-döşəyimdə, öz əcəlimlə onun hüzuruna gedim!
Mayor Lisaneviç:
– Mən heç vaxt İbrahim xana inanmamışam! – dedi.– Bu adamın gözlərindən hiylə yağır!
Vanya yüzbaşı sakitləşmək bilmirdi:
– Nə olsun ki, inanmırsız?.. İnanmırsız, ancaq heç nə də etmirsiz! Abbas Mirzə öz sərbazları ilə Şuşanın əlli-altmış verstliyindədi. İbrahim xanın quldurları gecə üstünüzə hücum çəksə, hara qaçacaqsınız? Elə bilirsiz, bu 500 ac soldatla Qarabağ quldurlarının öhdəsindən gəlmək asandı? Siz hələ bu türk tayfasını tanımırsız!.. – Vanya yüzbaşı əlini baldırına çırpdı.– Məzhəb haqqı, mən mat qalıram! Ara, Rusiya boyda bir zırpı məmləkət, üzr istəyirəm, bu qədər sadəlövh ola bilər?! İbrahim xan özü də bu gün bütün ailəsini götürüb, gedib Xankəndinə.
– Xankəndinə gedib?
– Bəli. Sizin bundan da xəbəriniz yoxdu? Soldatlarınızın araq içməkdən başı ayılır ki?!
Mayor Lisaneviç yüzbaşının son sözlərinə fikir vermədi.
– Nə üçün gedib?
– Bunu ondan soruşmaq lazımdır!
Mayor Lisaneviç həyəcan içində otaqda var-gəl etməyə başladı və:
– Ailəsi ilə bir yerdə…– deyə, elə bil, özü özü ilə danışmağa başladı.– Nəsə oyun oynayır… Şübhəsiz oyun oynayır, özünü də, ailəsini də təhlükəsiz yerə çəkir… Mən Tiflisə təcili çapar göndərməliyəm.
Vanya yüzbaşı:
– Qorxuram ki, gec ola,– dedi.– Siz özünüzün, soldatlarınızın başını qorumasaz, heç kim sizin başınızı qorumayacaq, mayor!
Kitabxana.az · https://kitabxana.az/works/elcin-hokmdarin-taleyi-ikinci-hisse-36
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həyətimizdə bir armud ağacı var idi. Meyvələri hələ kal idi, amma vaxtından əvvəl yetişmiş tək-tük armud hərdən yerə düşürdü.Mən həyətdə, böyük alma ağacının altında həmişəki yerimdə oturub gün çıxandan gün batana qədər «Mahmud və Məryəm» romanını yazırdım.
Qırt toyuqQırt toyuq birinci dəfə idi ki, hindən çıxmışdı və dünyanı cücələrinə göstərirdi.Cücələr civildəşə-civildəşə, yüyürə-yüyürə analarının dalınca qaçışırdı və anaları da qırt yatdığı günlərdə qartlaşmış səsiylə qırt-qırt salıb o tərəf-bu tərəfə dimdik atır, gözaltı böyürtkən kollarının dibinə, hündür otların arasına baxırdı, hərdən başını çəpəki tutub zəndlə göyü gözdən keçirirdi.
Üçüncü sərçəBəzən təbiətdə elə hadisələrə rast gəlirsən ki, onların dolayısı yox, tamam müstəqim, birbaşa mənası səni tutur, sənə ləzzət edir.Misal üçün, mən, ədəbiyyatda müstəqim surətdə əxlaq dərsi verməyin, mənası tamam üzdə olan hadisələrin təsvirinin həmişə əleyhinə olmuşam.
«Aləm olduqca...»Qara Qarayev vəfat edib...Bizim böyük müasirimiz əbədi yuxuya gedib və bir də heç vaxt oyanmayacaq.
Başqa şairlərin şeirləri
Feraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım