17. Kak dela?
Xədicə arvadı Tülkü Gəldi Qəbiristanlığında yox, Bakıdan xeyli aralıdakı Təzə qəbiristanlıqda dəfn elədilər və çörəkçi Ağabalanın arvadı birinci dəfəydi ki, Təzə qəbiristanlığı görürdü, yana-yana:
– Vay, vay, vay!.. – dedi. – Ağəz, bura lap mikrorayondu ki!
Hələ illərin istisinə-soyuğuna düşməmiş və ölçüləri də, quruluşları da bir-birinə bənzəyən qəbir daşları göz işlədikcə bütün bu ətrafı bürümüşdü və bu az müddətdə Bakıdan xeyli aralıdakı o Təzə qəbiristanlıq elə böyümüşdü ki, dünyanın heç bir şəhəri o cürə sürətlə böyüyə bilməzdi. Buradakı qəbir daşlarının o eyniliyində, qəbir yerlərinin eyni ölçüdə xırda bostan sahələri kimi, yan-yana düzülüşündə bir yetimlik, kimsəsizlik var idi və çörəkçi Ağabalanın arvadı özünü saxlaya bilməyib ağlamsındı:
– Yazıq Xədicə xala...
Bu vaxt maraqlı bir hadisə baş verdi: iki gündən bəri ağlayan, yazıq Xədicə arvadın meyitini köhnə qəbiristanlıqda – məhəllə camaatının dədə-babasının dəfn olunduğu Tülkü Gəldi Qəbiristanlığında torpağa tapşırmaq istəyən, Təzə qəbiristanlıq söhbətini yaxına buraxmayan, qoca mömin arvadın ruhuna yaraşdırmayan məhəllə arvadları birdən-birə çörəkçi Ağabalanın arvadının üstünə çımxırmağa başladılar:
– A-a-a... Nolub e, bura?..
– Nöşün pis deyirsən, ağəz, qəbirsannıqdı də!..
– Burda ki, bu qədər məxluq basdırıblar, adam döyüllərdi begəm?..
Əlbəttə, bir halda ki, Tülkü Gəldi Qəbiristanlığında yer tapılmamışdı, bir halda ki, Xədicə arvadı gətirib burada dəfn eləyirdilər, daha bu mərasimi isbatdan çıxarmaq lazım deyildi, olacağa çarə yox idi, məhəllənin gücü çatmamışdı ki, arvadı aparıb dədə-baba qəbiristanlığında torpağa tapşırsınlar, daha üstəlik, yanıqsılanmaq lazım deyildi. Məhəllə camaatı – kişilər də, arvadlar da daha nə kirayənişin tələbəyə, nə də bu keçmiş rus dili müəlliminə yarıtmadıqlarına görə, söz verib, amma yerinə yetirməməyi – Tülkü Gəldi Qəbiristanlığında yer almağı bacarmadıqlarına görə acıqla baxmırdılar, daha nəzərləri ilə məzəmmət etmirdilər. Onsuz da son vaxtlar illər ötdükcə, dünya dəyişdikcə məhəllə istəsə də, istəməsə də, bunu üzə vursa da, vurmasa, da, öz acizliyi ilə barışırdı. Dünya get-gedə elə bir kola çevrilirdi ki, məhəllə daha o kola girə bilmirdi, olsa-olsa, çörəkçi Ağabalanın əsgərlikdən təzə qayıtmış oğlu kimi, hədə-qorxu ilə kifayətlənirdi. İndi hər şeyi pul həll edirdi, məhəllənin isə pulu yox idi, məhəllə kasıb idi; indi hər şeyi tanışlıq, tapşırmaq həll edirdi, məhəllənin isə elə bir adamı yox idi, ən böyük vəzifə sahibi Molla Əsədullanın qardaşı oğlu idi ki, o da 8-ci kilometr qəsəbəsində notarius işləyirdi və Xədicə arvadın yasına da heç gəlməmişdi... Dünya dəyişirdi... Daha doğrusu, dünya dəyişmişdi və o aprel axşamı ki, Xədicə arvadı gətirib Təzə qəbiristanlıqda dəfn eləyirdilər, olsun ki, məhəllə sövq-təbii hiss etdi ki, bundan sonra daha ölülərinin üzü bu tərəfədir – bu Təzə qəbiristanlıq tərəfə...
Molla Əsədulla da arvadların arasından ötüb təzə qazılmış qəbrə tərəf gedə-gedə:
– Əslində, – dedi, – müsəlmançılıqda qəbirin üstü gərək torpaqla bərabər olsun, qəbir gərək torpağa qarışsın... Müsəlman qəbri gərək torpaqdan seçilməsin... O təmtəraq ki, indi ələyirlər, o, sonraların işidi, əvvəllər belə şeylər olmayıb!.. Müqəddəs bir şəxs ölərdi, yaxud ki, bir alimi-üləma köçərdi dünyadan, onda məqbərə tikərdilər, vəssalam!.. İndi müqəddəslik yoxdu ki, day!.. Kimin pulu var, məqbərə də onunkidi!..
Tələbə fikirləşirdi ki, bəs, Molla Əsədullanın özünün necə, qəbrinin üstündə məqbərə tikəcəkdilər? Hər halda, o yazıq Xədicə arvadın qəbri, əlbəttə, torpaqdan seçilməyəcəkdi...
Xosrov müəllim əllərini qara plaşının ciblərinə soxub yeni qazılmış qəbrin aşağı tərəfində məhəllə kişilərinin arasında dayanmışdı və hələlik içi boş qəbrə baxırdı, sonra gözlərini qaldırıb camaatın başı üstündən Təzə qəbiristanlığa baxdı və birdən-birə iki-üç il bundan əvvəl – təxminən 1978 – 1979-cu illərdə gördüyü və o vaxtdan bəri yadından çıxmayan bir yuxunu xatırladı: onda N. S. Xruşşovu yuxuda görmüşdü. Xruşşov əyninə yaxası naxışlı Ukrayna köynəyi geyib iki əliylə də tutduğu nəlbəkidən xortuldada-xortuldada çay içirdi. «– Zdravstvuyte, Nikita Serqeeviç!..» «– A-a-a!.. Xosrov muallim... Kak dela?» «– Niçeqo... A kak vaşi dela?» «– Toje niçeqo...»
Xədicə arvadı basdırdıqları o aprel axşamı Xosrov müəllimə elə gəldi ki, N. S. Xruşşov da Bakıdan xeyli aralıdakı bu Təzə qəbiristanlıqda dəfn olunub və bir-birinə bənzəyən o qəbirlərdən biri də N. S. Xruşşovundur.
Təzə qəbir daşlarının eyniliyi, təmizliyi yenə də birdən-birə ağ xalatları Xosrov müəllimin yadına saldı, ağ xalatlar isə öz növbəsində professor Lev Aleksandroviç Zilberi gözlərinin qabağına gətirdi və Xosrov müəllimə elə gəldi ki, professor Zilber də bu Təzə qəbiristanlıqda dəfn olunub...
Əlbəttə, xüsusən, son vaxtlar Xosrov müəllim nə qədər öz dünyasına qapılsa da və bəzən oradan çox çətinliklə ayrılsa da, başa düşürdü ki, Xruşşov da, professor Zilber də burada dəfn olunmamışlar və yəqin ki, haçansa – üç gündən sonramı, iki ildən sonramı, o özü, yəni Xosrov müəllim burada dəfn olunacaq (hərgah morqda sahibsiz qalmasa və sümükləri çıxarılıb təbabəti öyrənən gələcək həkimlər üçün dərs vəsaitinə çevrilməsə; çox güman ki, elə məhz belə də olacaqdı, çünki bu yer üzündə Xosrov müəllimin özündən savayı heç kimi yox idi).
Xosrov müəllim öləcəkdi və mənalımı, mənasızmı (çox güman ki, mənasız...), uzun bir ömür sona yetəcəkdi və hərgah bu qəbiristanlıqda dəfn olunacaqdısa, o zaman onun da qəbir daşı bu saysız-hesabsız qəbir daşları kimi, dünyanın yetimliyindən, əlacsızlığından xəbər verəcəkdi... Amma o biri dünyada Xosrov müəllimin ruhu mütləq altı yaşlı Cəfərlə, dörd yaşlı Aslanla, iki yaşlı Azərlə görüşəcəkdi, çünki başqa cürə ola bilməzdi, hərgah o dünyadakı o görüş də olmayacaqdısa, hərgah o dünya da yox idisə, hərgah cənnət və cəhənnəm də boş bir əfsanə idisə və heç kim cəhənnəm odunda yanıb öz cəzasını almayacaqdısa, onda yaşayışın mənası nə idi və Xosrov müəllim səksən illik bir ömrün əzablarına nə üçün dözmüşdü, bu ömür nə üçün bu qədər uzanmışdı?
Molla Əsədulla qəbrin baş tərəfində dayanıb Quran oxuyurdu və molla oxuduqca tələbə Murad İldırımlı bir-bir ətrafdakı məhəllə kişilərinə baxırdı, bu adamların çoxunu sifətdən tanıyırdı, amma bir qismini də tanımırdı və o dəm tələbəyə elə gəlirdi ki, Məlik Əhmədli də bu adamların arasındadı, elə bil ki, Məlik Əhmədli doğrudan da, həyatda var idi və doğrudan da o qəribə sərnişinlə görüşmüşdü və elə bil ki, bu Təzə qəbiristanlıqda o Zəhra kəpənək kimi çoxlu kəpənəklər uçuşmuşdu, indi gizlənmişdilər, gözləyirdilər ki, bu adamlar buradan getsin, təzədən uçuşmağa başlasınlar...
...Yazıq Xədicə arvadı Təzə qəbiristanlıqda torpağa tapşırıb axşam qaranlığı geri qayıdandan sonra, məhəllə kişiləri həyətdə ehsan süfrəsinin arxasında oturub arvadların bişirdiyi bozbaşı yedikləri vaxt Balaniyazın gözləri yenə də həyətin kənar-bucaqlarında gəzirdi, amma tələbə Murad İldırımlıya elə gəldi ki, Xədicə arvadın oğlu bu dəfə siçan axtarmir, yox, pul, qızıl axtarır, bilmək istəyir ki, Xədicə arvad varidatını harada gizlədib?..
Elə ki, məhəllənin yeniyetmələri bozbaş kasalarını, pendirin, göyərtinin, yuxanın, çörəyin qalanını yığışdırdı, süfrəyə qənd, arvadların çaldığı halva düzdü, çay gətirməyə başladı, Balaniyaz birdən-birə ayağa qalxdı, həmişə nəsə axtaran iti gözlərinin güclə seziləcək işarəsi ilə Murad İldırımlını çağırdı, onda tələbə başa düşdü ki, nəsə bəd bir xəbər eşidəcək. Tələbə də qalxıb Balaniyazın arxasınca həyətin yuxarı başına, ayaqyolunun kənarındakı o damcılayan kranta tərəf getdi və orada üz-üzə dayandılar. Balaniyaz yenə də qarşısındakı bu gödəkboy kirayənişinə yox, həyətin künc-bucağına baxa-baxa:
– Sən... – dedi, – sən day özüvə başqa yer tap!.. Sabahdan çıx burdan! Satıciyəm buranı! Əl-əlbət, uje dünən müştəri tapmışam!..
Balaniyaz dünən də siçan axtarmırmış, müştəri axtarırmış...
Sonra Balaniyaz həyətdəki süfrə arxasında oturub dinməzcə çay içən Xosrov müəllimə tərəf işarə etdi:
– Ona da sən de... De ki, sabahdan çıxsın burdan! – Balaniyaz birinci dəfə tələbənin gözlərinə baxdı. – Nolar sən deyəndə? Anam elə çox istəyirdi səni ki!.. Əl-əlbət, çox istəyirdi!..
Balaniyaz yazıq Xədicə arvadın o otaqlarının da, o balaca arakəsmənin, o balaca mətbəxin də bütün künc-bucağını axtaracaqdı, divarları qarış-qarış taqqıldadacaqdı, döşəmənin, tavanın köhnə taxtalarını qaldıracaqdı və anasının qızıllarını axtaracaqdı – hər halda, tələbəyə belə gəlirdi və hətta tələbə, elə bil ki, bunu artıq gözləriylə görürdü: Balaniyaz özü siçovul idi və o siçovul ora-bura qaça-qaça bütün buraları axtaracaqdı... Sonra da bu evi satacaqdı...
Tələbə Murad İldırımlının bu gecə yatmağa yeri var idi, sabah da Bayıldakı şəxsi maşın dayanacağında qalacaqdı, yəni iki gecəlik aqibəti məlum idi.
Bəs, Xosrov müəllim necə olacaqdı? O da bu gecə burada qalacaqdı. Bəs sabah?
Quran deyirdi: «Ey iman gətirənlər! Səbr və ibadət etməklə – Allahdan kömək diləyin. Çünki Allah səbr edənlərlədir, onların dostudur».
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-17-kak-dela
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İbrahim xan iti addımlarla sarayın dəhlizi ilə gedirdi. Axund Mirmöhsün ağa onun ardınca addımlayırdı.İbrahim xan gedə-gedə deyirdi:
Birinci hissə, 171 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.Tiflisə quşbaşı qar yağırdı.
Birinci hissə, 18Göydə uçuşan qara qarğaların qarıltısı get–gedə uzaqlaşdı və bir-birinə dəyən qılıncların, atılan güllələrin, fınxıran atların, hücum edən, nalə çəkən əsgərlərin səsi bütün aləmi başına götürdü.… Gəncə yaxınlığındakı Quluqobu deyilən çöllükdə Cavad xanın atlıları ilə rus qoşunu arasında ölüm-dirim davası gedirdi: süngüyə keçən kim, güllə atan kim, gülləyə tuş gələn kim, atdan yıxan kim, yıxılan kim, qılıncla biçən kim, biçilən kim…
Birinci hissə, 19Xidmətçi İbrahim xanın otağına girib:– Sizin çağrışınızla Vanya yüzbaşı əmrə müntəzirdir, xan sağ olsun,– dedi.