18. İntihar
Axşam düşhadüş idi və o aprel axşamı kimsəsiz çimərlikdəki talvarların, uzun kətillərin qışdan sonra hələ də rəngini itirməmiş rəngbərəng taxtaları, dəmir dirəkləri, iri və rəngbərəng brezent çətirlər yağışın altında tamam islanmışdı, qərbə tərəf axan topa-topa yaz buludlarının arasından hərdən bu yerlərə gün işığı düşürdü və o zaman o rəngbərəng brezent də, talvarların və uzun kətillərin rəngbərəng dəmir dirəkləri, taxtaları da, elə bil, o gün işığına sevinib parıldayırdı; sahilə cuman dalğalar ağappaq köpüklənmişdi və Gicbəsər qara gözlərini dənizin və topa-topa axan buludların bozluğu içində o ağlığa dikmişdi, sahilə çırpılan o dalğalara baxırdı.
Sonra yağış birdən-birə başladığı kimi, birdən-birə də kəsdi və uzaqda güclə sezilən üfüq xəttindən buludların arası ilə yavaş-yavaş qövsi-qüzeh görünməyə başladı və o qövsi-qüzehin yaşıl, sarı, göy, qırmızı rəngi get-gedə lap aydınlaşdı. Çimərliyin düz qarşısında üfüq xəttindən qalxmış o qövsi-qüzeh buludların arası ilə dövrə vurub buralardan xeyli uzaqlarda yenə də üfüq xəttində qurtarırdı.
Bomboş çimərliyin yuxarı hissəsindəki qayalığın önündə dal ayaqları üstə çöməlib qabaq ayaqlarını qumluğa dirəmiş Gicbəsər gözlərini o ağappaq dalğalardan çəkdi və qövsi-qüzehə baxdı. Bir müddət beləcə davam etdi, sonra o yaşıl, sarı, göy, qırmızı yavaş-yavaş buludların arasında, elə bil, əriməyə başladı, bir azdan tamam yox oldu – qövsi-qüzeh də birdən-birə dövrə vurduğu kimi, birdən-birə də o kimsəsiz çimərliklə, o qayalarla, o ağappaq dalğalarla vidalaşdı. Qövsi-qüzeh özü ilə bu kimsəsiz sahilə bir sevinc gətirdi, özündən sonra isə bir qəmginlik, bir həzinlik yaydı getdi.
Dənizin o dalğaları həmin qəmginlik, həzinlik içində ağlığından, elə bil, buludlara verdi, buludlar da ağappaq ağardı və o ağ buludlar yavaş-yavaş seyrəlməyə başladı, qərb tərəfdə isə günəşin altında qırmızımtıl rəng aldı. Dəniz bomboş idi, buludların bir hissəsi qırmızımtıl, bir hissəsi isə ağ idi, o dalğaların da köpüyü ağappaq idi və Abşeron sahilindəki həmin aprel axşamı bütün bu rənglərin hamısında bir qüssə var idi.
Uzaqda bir-iki dəfə şimşək çaxdı, amma o şimşəyin səsi gəlib bu bomboş çimərliyə çatmadı. Gicbəsər yerində dikəldi. Kiçicik hərəkət belə, bu itin bütün bədəninə bir ağrı yayırdı, amma o ağrıya baxmayaraq Gicbəsər bir-iki addım irəlilədi, elə bil, itin qara gözləri də o qəfil qövsi-qüzeh kimi, bu dənizlə, bu bomboş çimərliklə, islanmış rəngbərəng çətirlərlə, talvarlarla, uzun kətillərlə vidalaşırdı; sonra Gicbəsər başını aşağı salıb geri döndü və asta addımlarla qayaların arasından keçib çimərlikdən uzaqlaşdı.
Çimərliyin də, qayalığın da ab-havasında təmizlik var idi, xüsusən, o yağışdan sonra təmizlik, elə bil, daha da artmışdı, irəlidən isə benzin iyi, dəmir iyi, mazut iyi gəlirdi, o benzin də, mazut da, dəmir də sürətdən, qəfil hücumlardan, həmlələrdən, zərbələrdən, təhlükədən xəbər verirdi və Gicbəsər də indi o təhlükəyə doğru gedirdi.
Gicbəsər qayalığın üst tərəfində, qumluqda ayaq saxladı; Tülkü Gəldi Qəbiristanlığından çıxdığı müddətdə o qədər zəifləmişdi ki, qayaların arasından bir az yoxuş qalxdığı üçün ləhləyirdi və qabırğaları sayılan arıq böyürləri havadan tez-tez dolub boşalırdı. İt yan-yörəsini iylədi və kənardakı tənha akasiya ağacına tərəf baxdı: ağacın dibində iki körpə küçük bir-birinə ilişə-ilişə ora-bura vurnuxurdu və bu küçüklərin tükü də eynilə Gicbəsərinki kimi, qəhvəyi-qara idi.
Küçüklərin gözləri təzə açılmışdı və onlar Gicbəsəri əvvəlcə hiss edib, sonra görüb quma bata-bata, sürüşə-sürüşə bu böyük itin yanına qaçdılar, qıçlarına dırmaşmaq istədilər, qarnının altında vurnuxdular. Boynunun əzələləri çox ağrısa da, Gicbəsər başını qabaq ayaqlarının arasından aşağı əyib, qarnının altında vurnuxan küçüklərə baxdı, sonra başını qaldırıb gözlərini yavaş-yavaş uzaq işıqları görünən Bakı səmtinə dikdi və Gicbəsərin Tülkü Gəldi Qəbiristanlığı tərəflərə baxan gözlərində bir qüssə var idi (həsrət yox, qüssə).
Gicbəsər gözlərini Bakı səmtindən çəkdi və yenə də qabaq ayaqlarının arasından qarnının altında vurnuxan küçüklərə baxdı.
Küçüklərdən biri burnunu Gicbəsərin burnuna dirədi, ikinci küçük də vurnuxa-vurnuxa, özünə yer axtara-axtara nəhayət ki, burnunu Gicbəsərin burnuna dirədi və Gicbəsər bu iki küçüyün təmiz nəfəsini hiss etdi.
Küçüklər başdan-başa bir etibar, bir ümid içində idilər, əmcək axtarırdılar və altdan yuxarı Gicbəsərin qarnını iyləyə-iyləyə, bir-birlərinə ilişə-ilişə o tərəf-bu tərəfə vurnuxurdular.
Gicbəsər, əlbəttə, küçüklərin o etibarını, ümidini duyurdu.
Uzaqlarda yenə də səssiz şimşək çaxdı.
Gicbəsər ayaqüstə dayana bilmirdi, ya gərək yerə çömələydi, ya da uzanaydı, bu itin bədəni o qədər yaralı idi ki, ayaq üstə dayananda da ağrıyırdı, yeriyəndə də, amma Gicbəsər nə çöməldi, nə də uzandı, asta addımlarla irəliyə getməyə başladı.
Küçüklərin ikisi də Gicbəsərin ardınca getdi və bir az beləcə getdilər, sonra Gicbəsər addımlarını yeyinlətmək istədi, amma bacarmadı, küçüklər isə yaxınlaşırdı və bu zaman Gicbəsər bir anlığa dayanıb arxa ayaqları ilə küçüklərin üstünə qum sıçratdı. Küçüklər də dayanıb gözlərini yumdu və qum sifətlərinə dəydi, yaş burunlarında, dodaqlarında yapışıb qaldı; küçüklər başa düşdü ki, daha irəli, o böyük itin ardınca getmək lazım deyil.
Qarşıdakı qumsal dikdirin o tərəfindən dəmir yolu keçirdi və get-gedə dənizdən uzaqlaşan o dəmir yolunun sal dirəkləri mazuta bulaşmışdı, relslər yağlı idi və Gicbəsər eləcə asta addımlarla küçüklərdən uzaqlaşdı, o mazut iyinə, dəmir iyinə doğru getdi, bütün bədəni ağrıya-ağrıya, məftillərlə cızılmış sir-sifəti göynəyə-göynəyə dikdirin üstünə qalxdı və oradan ətrafa baxdı.
Bakı tərəfin işıqları yavaş-yavaş sayrışmağa başlamışdı və orada Gicbəsər üçün heç bir naməlumluq yox idi, bu itin o uzaq sayrışan işıqlara baxan qara gözlərində indi tamam bir biganəlik var idi; Tülkü Gəldi Qəbiristanlığı da o tərəflərdə idi və əlbəttə, Gicbəsər başını aşağı salıb, canını dişinə tutub birtəhər gedib yenidən Tülkü Gəldi Qəbiristanlığına çıxa bilərdi – üç günəmi, beş günəmi, hər halda, gedib ora çıxardı, amma it biganə gözlərini o uzaq işıqlardan çəkdi və akasiya ağacının altına qayıdıb orada əvvəlki tək vurnuxan o iki küçüyə baxdı. Küçüklər Gicbəsəri görmürdülər və bir-birini iyləyə-iyləyə təzəcə gözlərini açdıqları bu dünyanı öyrənirdilər. Gicbəsərin qara gözlərinə yenə də birdən-birə dərin bir qüssə çökdü, daha doğrusu, gözlərindəki o qüssə (həmişəki qüssə!) daha da artdı və itin qılçaları titrədi, dörd ayağı üstə dura bilməyib dikdirin başında yerə çöməldi, elə bil ki, haçansa yekə, hərarətli bir əlin o küçükləri tumarlayacağını, sonra həmin hərarətin həmişəlik itib gedəcəyini, o küçüklərin dəmir tor çəpərlərin, daş hasarların ətrafında, asfalt yolların, küçələrin üstündə böyüyəcəyini əvvəlcədən hiss etdi, sonra o hisslər bir-birinə qarışdı və hər şeyi dəhşətli, dözülməz bir ağrı, dözülməz bir aclıq, dözülməz bir susuzluq əvəz etdi.
Akasiyanın altındakı küçüklər bir-birini iyləyə-iyləyə sərçə kimi civildəyirdilər və o civilti dənizdən gələn uğultu müqabilində o qədər zəif idi ki, dikdirin hər iki tərəfini – o qumluğu, qayalığı da, uzanıb gedən o yağlı-mazutlu dəmir yolunu da, elə bil, şəffaf bir duman kimi, yazıqlığa, acizliyə, ümidsizliyə bürüyürdü.
Qərb tərəfdə getdikcə qırmızısını tamam itirən buludların altında günəş batırdı, şərqdən isə ay çıxırdı və o aylı-günəşli aprel axşamı qumsal dikdirin başında çöməlmiş Gicbəsərin gözlərindəki qüssə, elə bil, bayaqkı o qövsi-qüzeh kimi əridi, gecə düşdükcə, o qara gözlərin də ifadəsi itdi, qaranlığa qarışdı.
Gicbəsər ayağa qalxdı, dikdirin üstündən sonuncu dəfə uzaqlarda sayrışan o Bakı işıqlarına tərəf baxdı və başını aşağı saldı, həmin uzaq işıqları da, o tənha akasiya ağacını da arxada qoydu, dikdirdən düşüb dəmir yoluna çıxdı, relslərin arasına girib eləcə astaca-astaca getməyə başladı.
Relslərin arası ilə yerimək çətin idi – relslərin bərkidildiyi mazutlu sal dirəklərin arası çınqılla doldurulmuşdu və hər dəfə dirəkdən çınqıla, çınqıldan isə təzədən dirəyin üstünə pəncəsini qoyduqda itin bütün əzələləri, yaralarının üstü qaysaq bağlamış dərisi dözülməz bir ağrı ilə ağrıyırdı, amma Gicbəsər relslərdən kənara çıxmırdı və başını aşağı salıb eləcə irəliləyirdi.
Gicbəsər relslərin titrəyişini hiss etdi, uzaqdan sürətlə gələn təkərlərin səsini relslərdən eşitdi və it başını daha da aşağı saldı, elə bil, hansı bir zərbədənsə sövq-təbii qorunmaq istəyirdi, amma relslərin arasından kənara çıxmadı, əksinə, bədəninin ağrısına baxmayaraq addımlarını gücü çatınca dəqiq atmağa, relslərin tən ortası ilə irəliləməyə başladı.
Arxadan gələn qatar sürətlə yaxınlaşırdı və Gicbəsər o sürəti indi daha cismani hiss edirdi, amma nə arxaya baxırdı, nə də relslərin arasından çıxırdı.
Qatarın sürəti təkcə relsləri yox, o sal şalban parçalarını da titrətməyə başlamışdı və Gicbəsərin ürəyi də eləcə bir sürətlə döyünürdü, amma it relslərin arasından kənara çıxmırdı.
Gicbəsər hiss edirdi ki, indicə dəhşətli bir zərbə alacaq və itin bütün fəhmi onu dartıb kənara atmaq istəyirdi, amma Gicbəsər bütün varlığını zorlayıb o fəhmini boğurdu, özünü o fəhminin ixtiyarına buraxmırdı.
İt o sürəti lap yaxınlığında duydu, sonra lap bir qarışlığında hiss etdi və sonra hər şey bitdi.
Qatar sürətlə bu yerlərdən keçdi.
Başqa heç bir səs eşidilmədi, yalnız qatarın səsi bütün bu ətrafa yayıldı.
Sonra qatar uzaqlaşıb gözdən itdi.
Bu yerlərə sakitlik çökdü.
Günəş tamam batmışdı və qərbə axan buludların arasından hərdənbir ay görünürdü.
Gicbəsərin bir yığın qanlı sür-sümükdən və qəhvəyi-qara tüklərdən ibarət cəsədi relslərin arasında qalmışdı.
Uzaqlarda yenə səssiz bir şimşək çaxdı...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-18-intihar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Fəttah dayı bir ayağını altında büküb kürsüdə oturmuşdu və qəlyanını tüstülədə-tüstülədə deyirdi:– Qoca nənəm vardı, Nabat qarı deyirdi ona böyük də, kiçik də, Nadiri taxtda görmüşdü, yüzü çoxdan keçmişdi! Qış vaxtı belə havalarda axşamlar yığılırdıq başına. Bilmirəm bu arvadın sinəsi dəryaydı-nəydi! Gecənin yarısına kimi nağıl danışardı. Məlikməmməddən tutmuş, ovçu Nəzərdən tutmuş, Şah Abbasın xalça toxumağınacan, danış ki, danışasan!.. Pəh...
XIX fəsilZibagilin darvazasından bir nəfər çıxıb şıdırğı yağan sulu qarın altında addımlamağa başladı.Qaranlıqda onu tanımaq mümkün deyildi.
XX fəsilNeçə müddətdən bəri rayonda birinci dəfə idi ki, gün çıxmışdı, elə bil ki, günün beləcə çıxması rayondakı bütün taxtapuşlara, binalara, küçələrə bir şadlıq gətirmişdi və elə bil ki, küçələrdəki çılpaq ağaclar da indi belə bir gün şadlığının içində idi.Neçə müddətdən bəri rayonun yuxarısındakı uca dağlar da birinci dəfə idi ki, beləcə aydın görünürdü və o dağların başındakı qar da indi günün şüaları altında gümüş kimi parıldayırdı.
XXI fəsilYavaş-yavaş gün batırdı və Gündüz Kərimbəyli portfelini götürüb qonaq evinin darvazasından çıxanda Mürşüdlə üzbəüz gəldi.Mürşüd ayaq saxlayıb qonağa baxdı.
Başqa şairlərin şeirləri
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Aşıq Alının Aşıq Əsmərlə deyişməsi (2)Aşıq Əsmər:Arifi-xoşkəlam, tutiyi-imran,
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,