Səhifə 1 / 4

Neçə müddətdən bəri rayonda birinci dəfə idi ki, gün çıxmışdı, elə bil ki, günün beləcə çıxması rayondakı bütün taxtapuşlara, binalara, küçələrə bir şadlıq gətirmişdi və elə bil ki, küçələrdəki çılpaq ağaclar da indi belə bir gün şadlığının içində idi.

Neçə müddətdən bəri rayonun yuxarısındakı uca dağlar da birinci dəfə idi ki, beləcə aydın görünürdü və o dağların başındakı qar da indi günün şüaları altında gümüş kimi parıldayırdı.

İçi su dolu vedrəyə salıb çıxartdığı əsgi ilə böyük yük maşınının kuzovunu yuyub təmizləyən yaşlı bir sürücü dedi:

– Əcəb gün çıxıb. Yaxşıca havadı...

Öz maşınının pəncərə şüşələrini silən Cəbi, işindən ayrılmayıb:

– Hava da adam kimidir, – dedi. – Etibar yoxdu ona...

– Adamlar yəni belə etibarsızdı? – Bu sualı gəlib Cəbinin maşınının yanında dayanan mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli verdi.

Cəbi ona baxdı və yəqin ki, məsələnin nə yerdə olduğunu başa düşdü. Gündüz Kərimbəylini başdan-ayağacan süzüb elə bil ki, birinci dəfədən necə adam olduğunu bilmək istədi, sonra əllərini əsgi ilə silə-silə soruşdu:

– Mənimlə işiniz var?

Gündüz Kərimbəyli kürkünün döş cibindən vəsiqəsini çıxarıb ona tərəf uzatdı. Cəbi vəsiqəyə baxmadı:

– Lazım deyil, – dedi. – Bilirəm, Bakıdan gələn müstəntiqsiniz. Görən kimi tanıdım sizi. Gözləyirdim...

Məlum məsələ idi ki, Cəbi bu məlumatları Zibadan toplamışdı.

– Tələsmirsiz?

Cəbi saatına baxıb:

– Tələsirəm, – dedi. – Kəndə gedib gəlməliyəm.

– Kəndə nə vaxt gedib gəlməlisiniz?

– Bir saata gedib qayıdaram, yaxındadı.

– Məni də özünüzlə götürün. Belə havada bir saat gəzməyin özü də savab işdi. Cəbi bu dəfə açıq-aşkar tutuldu və çiyinlərini çəkdi:

– Necə bilirsiz...

Mühüm işlər müstəntiqi xüsusi bir dəvət gözləmədən qalxıb kabinədə oturdu. Cəbi də öz yerinə qalxdı və içəri tərəfdən şüşəni silə-silə təkrar etdi:

– Köhnə dəyirmanın yanında beş dəqiqəlik işim var...

– Eybi yox, gözləyərəm.

– Yolun üstündədi elə...

– Cəbi narahat idi.

Motor işə düşdü və maşın qarajdan çıxdı.

Gündüz Kərimbəyli qarşısındakı şüşədən küçəyə baxa-baxa gülümsəyib:

– Siz mənim sualıma cavab vermədiz, – dedi.

Cəbi təəccüblə yol yoldaşına baxdı:

– Hansı sualınıza?

– Adamların etibarsızlığı barədə.

Bu dəfə Cəbi də gülümsədi:

– Hə... Olur də, görürsən ki, birini Allah kimi tanıyırsan, peyğəmbər bilirsən, sonra məlum olur ki, çaqqalın biridi...

– Bir nəfər olar, amma hamı yox də. Necə bilirsiz?

– Bir nəfər də adamdı də...

Maşın rayonun küçələri ilə gedirdi və Gündüz Kərimbəyli şüşədən baxa-baxa heç nə demirdi və belə bir sükut görünür ki, Cəbinin ürəyindən deyildi, hövsələdən çıxarırdı onu; nəhayət o özü dilləndi:

– Bilirəm, – dedi. – Zibadakı saata görə mənimlə yolyoldaşlığı edirsiniz indi... Gündüz Kərimbəyli gülümsəyib:

– Necə deyərlər, – dedi. – Həm ziyarət, həm ticarət...

Cəbinin isə daha gülümsəməyə halı yox idi.

– O, tapmayıb saatı, mən tapmışam, vermişəm ona. Belə olmaz?

– Niyə olmur? Əgər, doğrudan da, belədisə, olar.

– Əgər, doğrudan da, belə deyilsə, nə olar bəs? Adamsoyan olaram mən, adamöldürən olaram?

Mühüm işlər müstəntiqi cavab vermədi; güman ki, o, Cəbini daha yaxşı tanımışdı: Cəbi özü nəyi lazım bilirdisə, danışacaqdı, qalanlar isə sonranın işi idi. Maşın rayondan çıxıb hələ qurumamış asfalt yolla getməyə başladı. Yolboyu uzanan elektrik məftillərinə tək-tək, hərdən ikisi bir yerdə, qarğalar qonmuşdu və bu saat bu qarğalar da elə bil ki, günün altında qızına-qızına dünyanın işləri barədə fikirləşirdi.

Cəbi sükan arxasında qurcalanıb, guya ki, yerini rahatladı və dedi:

– Düzdü, əhmədi-biqəmliyim olub, dünyanı vecimə almamağım olub, yeməyi-içməyi xoşlayıram, bəzən hətərən-pətərən danışmağım da var, at keçməz işlərim də var, amma nə adam soya bilərəm mən, nə də ki, adam öldürə bilərəm...

Mühüm işlər müstəntiqi cavab vermədi.

– Bilirəm fikirləşirsiz ki, Cəbi bildiklərinin hamısını demir.

Maşın çayın üstündəki körpüdən keçib, çılpaq budaqları sallanmış söyüdün yanında dayandı.

Cəbi yoldan yüz-yüz on metr aralıdakı köhnə dəyirmanı göstərib dedi:

– Bu saat gəlirəm. Beş dəqiqəlik işim var orda. – Sonra mənalı-mənalı gülümsədi. – Cəbi təmiz oğlandı...

O, motoru söndürüb aşağı düşdü və yolun kənarındakı kolluqların arası ilə dəyirmana tərəf getdi.

Mühüm işlər müstəntiqi də maşından düşüb körpüyə tərəf gəldi və iki əli ilə körpünün taxta sürahisindən yapışıb çaya baxdı.

Çay köpüklənə-köpüklənə axıb meşənin içində çılpaq ağacların, kolların arasında yox olurdu. Meşənin yuxarı tərəfindəki dağların ətəkləri bomboz idi və bu saat

həmin bozluq da elə bil ki, günün şüalarından ləzzət alırdı. Dağların başındakı qar isə öz soyuq tənhalığının hündürlüyündən gümüş kimi parıldayırdı. Yolboyu uzanan və çayın da üstündən keçən elektrik məftillərinə qonmuş qarğalar da tərpənmir və elə bil ki, bu qəfil çıxmış günün şüalarından məst olub mürgü döyürdü.

Mühüm işlər müstəntiqi körpüdən aralanıb yenə maşına tərəf gəldi və gözlərini qıyıb günə baxdı, sonra elə bil ki, yaxşıca bir rahatlığın ləzzətini qabaqcadan hiss edirmiş kimi, qollarını geniş açıb ləzzətlə gərnəşdi və bu dəfə Cəbinin getdiyi köhnə dəyirmana tərəf baxdı – köhnə dəyirman elə bil ki, həm köhnəliyindən, həm də daha işə-gücə yaramadığından çölün düzündə tək-tənha öz axırını gözləyirdi.

Və bu zaman elə bil ki, dəyirmanın arxasından bir kölgə ötüb meşəlikdə yox oldu.

Bu kölgə mühüm işlər müstəntiqinin nəzərindən yayınmadı və o, daha artıq bir diqqətlə köhnə dəyirmana tərəf baxdı.

Elə bil ki, bu adi kölgənin beləcə qəflətən görünüb itməsiylə bu yerləri xoflu bir intizar bürüdü.

Gündüz Kərimbəyli açıq-aşkar narahat idi və o, eyni diqqətlə köhnə dəyirmana tərəf baxa-baxa əlini qaldırıb kabinkanın qapısını açdı və maşının əvvəlcə qısa, bir müddətdən sonra uzun siqnalı çayın şırıltısını üstələyib bu meşəyə, bu dağlara səs saldı.

Köhnə dəyirmanda nə bir adam göründü, nə də ordan bir səs-səmir gəldi.

Gündüz Kərimbəyli əvvəlcə asta addımlarla, sonra daha cəld hərəkətlə kol-kosun arası ilə köhnə dəyirmana tərəf gəldi və dəyirmanın qapısı ağzında dayanıb çağırdı:

– Cəbi!

Dəyirmandan səs gəlmədi. Mühüm işlər müstəntiqi ayağı ilə qapını itələyib içəri girdi. Qapı cırıldadı və bu qapı cırıltısında bu an bir müdhişlik vardı. Gündüz Kərimbəyli keçib dəyirmanın içinə girdi və bir göz qırpımında əlini atıb döşündən tapança çıxartdı.

Cəbi taxta pilləkənin üstünə düşüb qalmışdı. Onun sol kürəyinə sancılmış bıçağın dəstəsi dəyirmanın balaca pəncərəsindən düşən işıqda parıldayırdı. Cəbinin gözləri elə bil ki, dünyanın işlərinə matı-qutu qurumuş kimi geniş açılmış və beləcə də bərələ qalmışdı. Onun ağzı açıq idi və ağzından axan qan sırıqlısının ətəklərini, taxta pilləkəni büsbütün qırmızıya boyamışdı.

Gündüz Kərimbəyli bircə anın içində bu bomboş dəyirmanı gözdən keçirib pilləkənə atıldı, sonra pəncərəyə yaxınlaşdı; taxtası çürümüş bu şüşəsiz pəncərə o qədər balaca idi ki, buradan girib-çıxmaq mümkün deyildi.

Gündüz Kərimbəyli həyətə çıxdı və dolanıb bayır tərəfdən pəncərənin yanına gəldi, diqqətlə ətrafa baxdı: dörd tərəfdə çılpaq ağaclar idi və indi burada adam axtarmaq yəqin ki, mənasız idi.

O, bir neçə an beləcə dayandı və hara gedəcəyini bilmədi, sonra sürətlə maşına tərəf qaçıb kabinkaya atıldı və kabinkaya atılmağı ilə də maşını işə salmağı bir oldu.

Maşın dairə vurub rayona tərəf götürüldü.

Maşın sürətlə rayonun küçələri ilə getdikcə, orda-burda oynaşan uşaqlar, küçədən keçib gedənlər təəccüblə onun arxasınca baxıb yəqin fikirləşdilər ki, nə olub belə görəsən, Cəbinin maşınını başqası sürür və elə də sürür ki, elə bil, daldan onu cin qovur.

Kiçik leytenant Həsənzadə də portfelini yellədə-yellədə gedirdi və o da təəccüblə maşının ardınca baxıb addımlarını yeyinlətdi.

Gündüz Kərimbəyli maşını İmaşgilin həyət qapısı ağzında saxlayıb aşağı atıldı və qapını itələyib həyətə girdi.

İmaş bellə həyətdəki nar ağacının dibini yumşaldırdı və o, əl saxlayıb birdən-birə bu cür nagah peyda olmuş mühüm işlər müstəntiqinə baxdı, sonra çəpərdən görünən maşına nəzər saldı və rişxənd eləməkdən özünü saxlaya bilmədi:

– Bəs, Ziba hanı? – deyib gülümsədi. – Cəbi yoxdu maşında, heç olmasa, Ziba oturaydı də...

Əlbəttə, bu saat hiss olunurdu ki, mühüm işlər müstəntiqi İmaşın beləcə rişxənd edə-edə həyətdə işdə-gücdə olacağına bir o qədər də əmin deyildi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri