Səhifə 3 / 4 · 50%

– Səndən nə desən çıxar!... – Və necə deyərlər, acıdillik eləmək dilxoşluğundan özünü saxlamaq istəmədi. – Amma yaxşıca bankalayıb sağaltdın məni!

Fəttah:

– O da mənim səfehliyim! – dedi. – Hər adamın bir səhvi olur!... Səhv eləmişəm...

– Deyirdin ki, milyon-milyon fəttahlar gəlib-gedib bu dünyadan. Amma səndən tək-tək olub, Qurd Cəbrayıl!

Fəttah gözlərini qıyıb diqqətlə mühüm işlər müstəntiqinə baxdı və dedi:

– Əvvəldən gözüm su içmirdi səndən!.. Yaşından ki, cavan göründü adam, heç xoşlamıram onları... Amma Qurd Cəbrayıllığı sübut eləyəsən gərək!

– Eləyərik, eləyərik!... Barmaqlarının izindən tutmuş, nə istəsən, qoyacayıq qabağına. Başını kəsdiyin adamların arvad-uşağıyla da üzləşdirəcəyik səni...

Araya sükut çökdü və onsuz da, bütün işlərdən bir şey başa düşməyən prokuror Dadaşlı matdım-matdım gah mühüm işlər müstəntiqinə, gah da Fəttaha baxırdı.

Gündüz Kərimbəyli isə səhərdən bəri cınqırını çəkməyən Həsənzadəyə baxıb gülümsədi:

– Siz gətirdiz bu camaatı, hə? Küçədə mən gördüm sizi bayaq. Belədir bizim işimiz, yoldaş leytenant, mənim, sizin, hamımızın. Görürsüz də, kimlərə rast gəlirik hərdən?... Müharibə vaxtının quldurudu bu, Cəbrayıldı adı, Qurd Cəbrayıl deyirmişlər. Bütün Qarabağ dad deyərmiş əlindən. Sonra da qaçıb gəlib burada məskən salıb, bıçaq atmağıyla məşhuruymuş. Çox qan axıdıb. Atdığı bıçaqla Mahmud Qəmərlinskini də bir dəfə arxadan vurub beləcə. Budəfəki ikinci sınaq idi. Belədi işlər, leytenant!.. Mahmud Qəmərlinski pensiyaya çıxandan sonra iş başında həlak olub.

Gündüz Kərimbəyli bir müddət susdu və yenə də sağ əlinin barmaqlarını ovxaladı, görünür, Fəttahın atdığı kösöv əlini əməlli-başlı əzmişdi. Sonra Fəttaha baxa-baxa dedi:

– Cabbarovun nazirliyin arxivindən gətirdiyi sənədlərdən hiss etdim ki, Qurd Cəbrayılın işidi bu. Beləcə bıçaq atmaq onun işidi. Vaxtıyla Mahmud Qəmərlinskinin yaralanıb sağaldıqdan sonra öz əli ilə yazdığı izahatı da oxudum. Amma bilmirdim ki, Qurd Cəbrayıl kimdi, hansıdı... Budu, yoxsa... – Gündüz Kərimbəyli sözünün ardını deməyib prokuror Dadaşlıya müraciət etdi. – İmaşa niyə bir iş düzəltmirsiz, yoldaş Dadaşlı?

Prokuror Dadaşlı səhərdən bəri birinci dəfə ağzını açdı və:

– Ərizə verib pensiyaya çıxacağam mən... – dedi. – Mənimki bundan sonra kitab oxumaqdı, prokurorluq deyil! Konstitusiya müddətim gəlib çatır onsuz da...

Mühüm işlər müstəntiqi, elə bil, onun sözlərini eşitmədi:

– Sizin «nə üçün?» – sualınızın cavabı isə çox sadədir, prokuror. İmaş da, Fazil müəllim kimi, istəmirdi bacısının adı dilə düşsün. Ona görə danırdı vağzalda olmağını. Həm də... Həm də «İlanvuran ala çatıdan qorxar» – deyiblər. Belə deyiblər, Qurd Cəbrayıl?

Fəttah baxdı, baxdı və:

– Elə deyiblər, – dedi.

Gündüz Kərimbəyli sözünə davam etdi:

– İmaş bilirdi ki, Fazil müəllimin Bakıda nişanlısı var, qorxurdu ki, Fazil onun bacısını aldada. Bilirdi ki, onun babası bu məsələdən ötrü buraya gələcək. Vağzalda gəlib öz gözləriylə görmək istəyirdi, Fazilin sözlərinin doğruluğunu bilmək istəyirdi...

Sonra Gündüz Kərimbəyli yenə də kiçik leytenant Həsənzadəyə baxdı:

– Bilmək istəyirsiniz necə olub bütün bu işlər, leytenant? Qurd Cəbrayıl necə öldürüb Mahmud Qəmərlinskini, həmin Mahmud Qəmərlinskinin ki, bir vaxt Qurd Cəbrayılın dəstəsini darmadağın etmişdi, bilmək istəyirsiz?

Fəttah, daha doğrusu, Qurd Cəbrayıl yenə mühüm işlər müstəntiqinə baxdı və bu saat o, qətiyyən şübhə etmirdi ki, yaşından xeyli cavan görünən bu bəstəkar oğlu, doğrudan da, hər şeyi bilir; sonra çox gözlənilməz bir hadisə baş verdi: Fəttah əlini aparıb ağzındakı diş protezini çıxartdı və onun damaqları bir-birinə yapışanda xalis qoca çaqqala oxşadı.

– Belə olub əhvalat, leytenant, qulaq asın... – dedi. Gündüz Kərimbəyli və elə bil ki, onun sözlərinə qulaq asan Fəttah da bir neçə gün bundan əvvəlki həmin gecə görüşünə qayıtdı...

... Sulu qar dayanmaq bilmirdi və paltosunun boynunu qaldırıb şlyapasını gözünün üstünə çəkmiş Mahmud Qəmərlinski yanında addımlayan Fazilə nəsə deyə-deyə gəlirdi.

Rayonun küçələri qaranlıq və kimsəsiz idi.

Onlar kitab mağazasına yaxınlaşanda, Fəttah mağazanın arakəsməsində taxta kətildə oturub qəlyanını tüstülədə-tüstülədə əllərini elektrik plitəsinin cərəyandan qızarmış məftillərinin üstünə tutmuşdu və o bu soyuq gecədə kiminsə gəldiyini hiss edib mağazanın qapısından küçəyə boylandı, Fazillə babası onun yanına gəlib çatanda:

– Salam, a müəllim, – dedi. – Gecə vaxtı xeyir ola belə?

Fazil dedi:

– Salam, Fəttah dayı. Babam gəlib Bakıdan.

Fəttah:

– Xoş gəlib, səfa gətirib, – dedi və Mahmud kişiyə baxdı.

– Çox sağ olun. – Bunu da Mahmud kişi dedi və elektrik plitəsinin zəif işığında Fəttahın sifətini güclə sezdi.

Onların baxışı cəmi bir an toqquşdu, sonra Fəttah başını içəri saldı, Mahmud kişiylə nəvəsi də yoluna davam etdi. Və bütün yolboyu Mahmud kişi ancaq bunu soruşdu:

– Nədi dedin adı bu kişinin?

– Fəttah dayıdı. Kitab mağazasının qarovulçusudu. Oğlu bizdə oxuyur.

Sonra onlar Ayna xalanın açdığı qapıdan həyətə girib pilləkənlə ikinci mərtəbəyə, Fazil müəllimin otağına qalxdılar.

Elə bil ki, Mahmud kişinin fikri özündə deyildi və o, pəncərəyə yaxınlaşıb bir müddət bayırın qaranlığına baxdı, sonra əlini paltosunun, pencəyinin yaxasından sinəsinə salıb ürəyinin üstünü ovuşdurdu, nəvəsinə sarı dönüb nəsə dedi, Fazil nəyəsə etiraz etdi və nəhayət, Mahmud kişi yenə elə-eləcə əynindən çıxartmadığı paltosunun boynunu qaldırıb aşağı düşdü, küçəyə çıxdı.

O, asta addımlarla boş və kimsəsiz küçələrlə addımlaya-addımlaya gəlib kitab mağazasının qabağına çatdı.

Fəttah qapının ağzında ayaq üstdə dayanıb qəlyanını tüstülədirdi və elə bil ki, Mahmud kişinin bu gəlişini gözləyirdi.

Onlar bir müddət üzbəüz dayanıb bir-birinə baxdılar.

Sonra Mahmud kişi:

– Səhərdən fikirləşirdim ki, sən deyilsən, bəlkə səhv edirəm, – dedi. – Sağ qalmışam mən. Görürsən də.

Mahmud kişi bu sözləri dedi və elə bil ki, neçə illər bundan əvvəlki son görüşləri onların ikisinin də gözlərinin qabağından gəlib-keçdi. İyirmi-otuz il bundan əvvəlki son görüş...

...Qurd Cəbrayıl dağın döşündəki sıldırım qayaların arası ilə çapırdı və tez-tez arxaya çevrilib baxırdı; arxadan gələn atlı Mahmud idi və o Qurd Cəbrayılı qovduqca, atının ayaqlarının altından çınqıl qopub ətrafa səpələnirdi.

Qurd Cəbrayıl böyük bir qayanın başına fırlanıb atın yüyənini çəkdi və at yüyənin tarımlığından boynunu az qala ikiqat yana əyib qabaq ayaqlarını qaldırdı; Qurd Cəbrayıl atın belində qayanın dibinə qısıldı.

Mahmud çapıb qayanı keçdi və o, bir balaca aralanan kimi, Qurd Cəbrayıl sağ əlində hazır tutduğu iri bıçağı qaldırıb arxadan bir göz qırpımında Mahmuda tərəf atdı; bıçağın kürəyinə sancılması ilə Mahmudun atın belindən yerə sərilməsi bir oldu.

Sonra o, güclə başını qaldırıb qızarmış və genişlənib, az qala, hədəqəsindən çıxacaq gözləri ilə qayanın dibindən çıxmış Qurd Cəbrayıla baxdı, sonra da əllərini yerə basıb qolları əsə-əsə dizləri üstə dayandı, gücdən boğazının, üz-gözünün damarları şişdi, dodaqları səyriyə-səyriyə dedi:

– Arxadan vurursan, Qurd! Kişi arxadan vurmaz!

– Sən kişi niyə olursan?! – dedi Qurd Cəbrayıl. – Adam izləyən itsən sən, indi gəbər, köpəkoğlu! Milsanerlərin, geroyların indi gəlsin köməyinə, görüm necə gəlir!

Və Mahmud daha bu sözləri eşitməyib üzü üstə yerə sərildi.

Qurd Cəbrayıl ata yağlı bir şallaq ilişdirib çapdı və bir azdan qayaların arasında görünməz oldu...

– ...Mən sağ qaldım, – Mahmud kişi dedi, – amma elə bilirdim sən itib-batmısan çoxdan, amma sağmışsan sən də... – Mahmud kişi çevrilib bayaqkı ağır addımlarla geri qayıtdı.

Fəttah bir müddət elə-eləcə kitab mağazasının qapısı ağzında dayandı, sonra tələsik küçəyə çıxıb Mahmud kişinin ardınca getdi və ona on-on beş addım qalmış gecə gözətçisi kimi cibində gəzdirdiyi bıçağı, bu işin köhnə ustası kimi zərblə atdı.

Mahmud kişi yerində dayandı, başını geri çevirib Fəttaha baxdı və nə isə demək istədi, amma bir söz deyə bilməyib uzuqoylu səkinin üstünə sərildi; paltonun üstündən kürəyinə sancılmış bıçağın dəstəyi qaranlıqda işıldadı.

Fəttah tələsik addımlarla ona yaxınlaşdı, əyilib baxdı və əvvəlcə bilmədi ki, neyləsin, sonra Mahmud kişinin qolundakı qızıl saata baxdı, tələsik saatı açdı, əlini onun paltosunun döş cibinə salıb portmanatını çıxartdı.

Və elə bu vaxt sulu qarın şırhaşırı içində Cəbinin kefli zümzüməsi eşidildi:

Gül açılanda yaz olur, bəh-bəh-bəh!

Kədərim, qəmim az olur, bəh-bəh-bəh!

Gözəldə işvə, naz olur, bəh-bəh-bəh!

Gəl, gəl, gözəl yar, sevirəm səni!

Cəbi tini burulub alışıb-yanan gözləriylə onu gözləyən Fəttahı gördü, yerə yıxılmış adam qaraltısına baxdı və güclə ayaq üstə dura-dura dedi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri