Fatma arvadgilin küçə qapısının ağzında iki gödək şalban parçasının üstünə vurulmuş uzun bir taxta vardı və bu əldədüzəltmə skamya rayon arvadlarının gimgə yeri idi. Üç-dörd gün yağan sulu qar hələlik dayandığı üçün, fürsəti fövtə verməyib bura yığılmışdılar.

Fatma arvad deyirdi:

– Müəllimin ki, babasını öldürüblər burda, tapacaqlar bu gün-sabah öldürəni! Bakıdan böyük naçalnik gəlib. Deyir adamın ki, gözünün içinə baxdı, bilir ki, düz adamdı, ya yox! Bilir ki, hansı yuvanın quşudu! Eh! Gidi dünya!.. Kişini öldürüblər, amma nəvə eşqbazlıqdadı oğru İmaşın bacısıyla! Səhərdən-axşamacan çay qırağıyla o baş sənin, bu baş mənim...

Qarılardan biri söyləndi:

– Nə bilirsən axı, a Fatma, heylə danışırsan?

O biri qarı dedi:

– Fatma bilməyən şeyə qurd düşər.

Fatma arvad:

– Gözümlə görmüşəm, – dedi. – Gözümlə görmüşəm həyasızların çay qırağında qol-boyun olduğunu!

Ayna xala soruşdu:

– Bu havada?

– Qızışanda nə havabazlıqdı, Fatma, – dedi. – Oğru İmaşın bacısına hava nə təsir edəcək?

– Yəni deyirsən o Səadət müəllimə Zibadan da pisdi? – Bu sözləri də Ayna xala dedi.

Fatma arvad yaman acıqlandı və belə məlum oldu ki, bu sözlər onun yarasının üstünə köz basdı.

– Bura bax, ay arvad! – dedi. – Allaha and olsun, sənə bir düdəmeyi-hindi gələrəm ki, yüz il bundan əvvəl anadan əmdiyin süd indi burnundan tökülər! Zibadı, nə zibildi, o mənim nəciyəzimdi ki, başıma vurursan, hə?!.

Cəbinin yük maşını gəlib qapının ağzında dayanmasaydı, yəqin ki, arvadlar küçə söyüşünə çıxacaqdılar.

Cəbi maşından atılıb salamsız-kalamsız həyətə girdi və Fatma arvad da tələsik oğlunun ardınca içəri keçib taxta pilləkənlə ikinci mərtəbəyə qalxdı.

Cəbi əynindən çıxartdığı meşin kürkü şüşəbənddəki taxta atıb köynəyinin yaxasını açdı. Əlüzyuyanın qabağına əyilib üz-gözünü yudu.

Fatma arvad dördkünc mizin üstünə göy-göyərti, çörək, duz, istiot düzdü və:

– Yaxşıca piti asmışam, – dedi. – Qəssab Abış bu gün yaxşı bir erkək kəsmişdi, döş əti götürmüşəm. Bu saat gətirirəm.

Cəbi bir söz deməyib mizin arxasında əyləşdi: bir dəstə göyü birdəfəyə götürüb ortadan bükdü və duza batırıb yeməyə başladı.

Fatma arvad bir kasa pitini buğlana-buğlana gətirib oğlunun qabağına qoydu və üstünə üzü qurama döşəkcə saldığı taxta kətildə oturdu.

Cəbi pitidən bir qaşıq götürüb çörəkdən dişlədi və çeynəyə-çeynəyə:

– Sözlü adama oxşayırsan, – dedi.

Fatma arvad həm yaşdan, həm də işdən-gücdən quruyub qaxaca dönmüş barmaqlarını bir-bir mizin üstündəki güllü klyonkaya sürtə-sürtə soruşdu:

– Sənin niyə qanın qaradı?

– Sözünü de görüm!..

– Heç... – Fatma arvad dedi. – Nə sözüm olacaq? Bayaq yenə Şəmistanın anası Tutu havayı-havayı danışırdı... O küpəgirən Ayna da bir tərəfdən...

– Nə deyirdi?

– Heç... Nə deyəcək? Zibanı çaxırdı başıma yenə.

Cəbi ağzına aparmaq istədiyi qaşığı yenə kasanın içinə saldı və təkcə bunu dedi:

– Başqa söz danış.

Cəbi təkcə bunu dedi, amma Fatma arvad yəqin başa düşdü ki, bir də Zibanın adını çəksə, qalmaqal qopacaq.

Cəbi pitini təzədən qaşıqladı.

Fatma arvad dedi:

– Niyə çörək doğramırsan?

Cəbi cavab vermədi.

Fatma arvad bir az yerində vurnuxub yenə dedi:

– Səlbinazın qızını Abbasəlinin oğluna nişanlayıblar. Vecələnin biridi deyirlər, hayıf o qızdan!.. Yaxşı qızdı, hamamda görmüşəm...

Cəbi bir söz demədi. Araya sükut çökdü və bu sükutu yenə də Fatma arvad özü pozdu:

– Bizim tində öldürülən kişinin işi üstə Bakıdan böyük adam gəlib. Deyirlər bu günə, sabaha tapacaq ki, kimdi öldürən.

Bu dəfə Cəbi qaşığı kasanın içinə atdı və pitinin suyu da bütün ətrafa sıçradı. Cəbi bir söz demədi, ayağa qalxıb taxtın üstündən meşin kürkünü götürdü və iti addımlarla şüşəbənddən çıxıb həyətə düşdü.

Fatma arvad bu işə lap məəttəl qaldı.

Cəbinin kabinkaya atılması ilə motoru işə salmağı bir oldu; maşın yerindən götürüldü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Düzdə

Maşına mindik getdik, getdik, DÜZ getdik DÜZƏ.Oy, nə gözəldi DÜZ!.. Güldü, çiçəkdi, hər tərəf kəpənəkdi...

1 dəq
Babamla ot çalmağa getmişdik...

Mənim saçım qapqaradı, babamın saçı ÇAL.Mənim papağımın quzu dərisi qapqaradı, amma babamın papağı ÇAL.

1 dəq
Şuşaya duman gəlib

Şuşaya duman gəlib,Ürəyimə güman gəlib.

1 dəq
I fəsil

Doppa Dadaş əlindəki kamanı sağa-sola apara-apara kamançanın tellərini dindirdikcə kamançanın bu ab-havanın təmizliyindən, paklığından, bulaqların saflığından, gülün gülü, çiçəyin çiçəyi çağırmasından, dostluqdan, vəfadan, ilqardan dəm vuran səsi Şuşa sanatoriyasının bütün həyət-bacasına yayılırdı və Doppa Dadaşın zürafə boynu kimi uzun boynunun üstündəki yekə başı da əlindəki kamanın hərəkətinə həmahəng gah sağa gedirdi, gah sola gedirdi və bu dəm heç kamançanın səsini eşitməyən də olsaydı, Doppa Dadaşın uzun kirpikli iri, qara gözlərindən bilərdi ki, duyardı ki, söhbət nədən gedir.Həmin avqust axşamı Şuşa sanatoriyasının həyətinə yayılmış kamança səsi Hüsaməddin Alovlunun da ürəyinin incə tellərini dindirirdi və çiyninə güllü ağ yun şal salıb əlləri qoynunda dayanmış, göy gözləri yol çəkən Marusya Nikiforovaya baxa-baxa Hüsaməddin Alovlunun ürəyindən bütün ömründə birinci dəfə rus dilində şer misraları axıb keçdi və həmin bir bənd şer belə yarandı.

20 dəq

Başqa şairlərin şeirləri