Təkcə dəniz deyil göyü əks edən,Sən bu gün Muğana sal güzarını.Dayanıb seyr elə təpə üstündənYerin ala-tala bəyaz qarını,Göyün ala-tala ağ buludunu.Deyərsən:– Göylərmi əks edir yeri?Yoxsa yer əks edir mavi göyləri?

Səhra elə bil ki, qara sətindirÜstünə neçə ağ yamaq düşübdür.Göy onun əksidir,Öz surətidir,Fəqət məsafəsi uzaq düşübdür!

Gün vuran güneydə əriyibdi qar,Gündüşməz quzeylər yenə də ağdır.(Güney də, quzey də dağlarda olar.Yox, bura Muğandır,Dağdan uzaqdır).

¹ Mingəçeir dənizinə işarədir.

O yatır yorulmuş qəhrəman kimi,Güc, qüvvət toplayır gələn bahara.Bir azdan qalxaraq oyanan kimiYaşıl rəng vuracaq bu torpaqlara.

Yatır, laylasını turaclar deyir,Ötür torağaylar kədərli səslə.O çılpaq yamaclar,Ağaclar deyir:Yetər qış yuxusu,Muğanı səslə!Onsuz darıxırıq,Oyansın gərək,Zümrüd yoncalıqlar qoy cilvələnsin.Zəmilər telini darasın gərək,Muğan günəşinin nuru ələnsin.

Qış donu bəyazdır,Soyuqdur fəqət.Üşüyər Muğanım, dəyişin onu.Muğana başqa don verib təbiət,Tez olun,Geydirin o bəyaz donu!

Sizin səsinizə səs verirəm mənTuraclar, yamaclar, yollar, cığırlar.İndi mən danışım Kürün dilindən,Buna Kür çayından vəkalətim var.O axır,Sahili süzərək keçir,Axır,Yazdakıtək kükrəmir ancaq.Elə bil Muğandan küsərək keçir: –Niyə yuxudadır anam – bu torpaq?

Tarlalı, zəmili bizim çölləriNəğməsiz gördüyüm bir an olmayıb.Mən Kürəm, Muğanın təbiətiniHələ mənim kimi duyan olmayıb.

O durna qatarlı qızları hanı?Şirin söhbətləri, sözləri hanı?Dönməz igidlərin özləri hanı?Yox, Muğan bu sayaq Muğan olmayıb!

Oyansın, sularım axmasın hədər,Açılsın kanallar, bəndlər-bərələr.Gözəllər yuxuda qalmaz bu qədər,Məgər vaxt çatmayıb, zaman olmayıb? –Deyib Kür çırpınır öz məcrasında,Balaca arxlara axmaq istəyir.Mərzlər arasından,Yol arasındanUzanan çöllərə baxmaq istəyir.

Kür yaman darıxır,Axı tanışdırNaxırlı-sürülü bu yerlər ona.Kürsüz Muğanımın yazı da qışdır,Odur ki, ana Kür deyirlər ona.

Muğansa uyuyur,Bu çağırışdan,Bu sözdən-söhbətdən bixəbər kimi.O yeni qüvvətlə çıxacaq qışdanYatıb yorğun almış igidlər kimi.

Hələlik Kür sakit,Turac pərişan.O boz torağay da qəmli oxuyur.Yox, onlar bilmir ki, yuxuda MuğanMəhsul bayramına süfrə toxuyur!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri