Şair dostum, uzaqlardan gəlirsən,Sən yaxşı bax bu yerlərə – mənimdir.Duman keçir, dağ sıyrılır buluddan,Bu təbiət, bu mənzərə mənimdir.

O tay, bu tay, bir aləmdir hərəsi,Gül qoxuyur nanə, yarpız dərəsi.“Kəklik oxur, dalısında fərəsi”,Qızıl xoruz, çil-çil fərə mənimdir.

Gəl mənimlə bir az da qalx yuxarı,Haray salır Astaraçay axarı.Sahilində yaşıl çəltik bicarıZümrüd xalı sərib yerə – mənimdir.

Görürsənmi, Xəzər üstə sökür dan,Balıqçılar toru çəkir sulardan.İqlim-iqlim ağızları suladanQızıl balıq, ziyad, nərə mənimdir.

Göz yaşlarım görünməmiş silirsən,Yoxsa mənim həsrətimi bilirsən?Şair dostum, uzaqlardan gəlirsən,Sən yaxşı bax bu yerlərə – mənimdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri