Məktəbli uşaq
“Kibrit qutusunda beş dənə çöp var,Üçünü yandırdım, neçəsi qaldı?”“Heyva ağacına daş atdı Eldar,On iki meyvənin dördünü saldı...”
Belə məsələlər, misallar indiSənin qulağında səslənir hər gün.Bəlkə də səninçün bunlar çətindi,Həlli də müşküldür bəlkə səninçün.
Axı balacasan, axı uşaqsan,Çətin ayırırsan ağı qaradan.Bir vaxt gələcək ki, anlayacaqsanİnsan həll edəndir, insan yaradan.
Mənim özümə də həlli çox çətin,Çox müşkül görünür neçə məsələ,Axı neçə xalqın, neçə millətinTale məsələsi gözləyir hələ
Sürə bilməmişik hələ gəminiBiz Aydan o yana, Marsdan o yana.Hələ ulduzların lal aləminiBiz oyatmamışıq,Gərək oyana.
Hələ də nadanlar dilindən insan“Böyük xalq”, “kiçik xalq” sözü eşidir.Dünyaya Homeri bəxş edən yunanÖzü kiçik olub, kiçikləşibdir.
Nə qədər liliput Qulliver olub,Nə qədər Qulliver liliputlaşıb.Nə qədər dilənçi kral, ser olub,Nə qədər kral, ser taxtından aşıb.
Yarıtox, yarıac insanlar da varƏrzin bu bol sulu bol torpağında.Bizi təlatümə salıb çalxalarNarahat əsrimiz öz qucağında.
Bax, bu məsələlər həll olunmayıb,Hələ də həllini gözləyir, bala.Sənsə beş kibriti barmaqla sayıb,Həllini gəzirsən, dalıb xəyala.
Hələlik üzdüyün sahil dayazdır,Qəvvastək dərinə sən getməlisən.Kibrit çöplərini həll etmək azdır,Böyük məsələni həll etməlisən.
Elə məsələ ki, mənim gözümdəDağlartək ucalıb, mən alçalmışam,Elə məsələ ki, mənim özüm dəHəll edə bilməyib aciz qalmışam.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-mektebli-usaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir