Torpaq quruyurdu, yağdı yağışlar,Güllər üşüyürdü, günəş göründü.Budaqlar qəmgindi, dilləndi quşlar,Üfüq gülab rəngli dona büründü.

Yamaclar çılpaqdı, açdı lalələr,Dəniz durğun idi, tufan oyandı,Qaranlıq qatıydı, açıldı səhər,Göylərin yaxası alışdı, yandı.

Sən bu təbiətin ahənginə bax,Gəl onun əqlindən biz də dərs alaq,Səni gözləyirəm mən nə zamandır.Zülmətə günəştək, şaxtaya odtək,Durğun bir aləmə gələn həyattəkGəl mənim ömrümə, tez gəl, amandır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar