Xatirə
Ana, uşaqlığımdan xatirə danış mənə,Gəlsin qayğısız illər gözlərimin önünə.O zaman ki kədərdən, qüssədən uzaq idim,Mən necə uşaq idim?Sakit idim, ya dəcəl?Mülayimdim, ya inad?
Hələ məni sınaqdan keçirməmiş bu həyatMən necə uşaq idim?Vəfalıydım, ya dönük?Çiynimə qoyulanda ağır şələ, ağır yükTamam düşməsin deyə bütün ağırlıq mənəAtırdımmı o yükü özgəsinin çiyninə?Yaşlananda uşaqlıq örnək olur insana.Mənə uşaqlığımdan xatirə danış, ana.Mən necə uşaq idim?Dinc idim, şıltaq idim?Qəddardım, ya rəhmli?Doğruçuydum, riyakar?Mənimlə bir günah iş tutan zaman uşaqlarÖz xətrimə, de görüm, satırdımmı onları?Bundan ağrıyırdımı sonra vicdanım barı?Öz xeyrmi güdürdüm, məhəllənin xeyrini?Bir-birinə qataraq mən doğrunu, əyriniBöyüklərin ovcuna qoyurdummu xəlvəti?Axı çox kövrək olur uşağın təbiəti, —Başqasından aldığı bir “mərhəba” sözünəQayıdar atasının, anasının üzünə.Mən necə uşaq idim?Yağlı pay alım deyəƏyirdimmi başımı hər kiçiyə, böyüyə?Üzümə üz taxmağı xoşlardımmı onda mən?Ayrılıb tay-tuşumdan, dostlarımın içindənDartırdımmı özümü?Guya alçaq dağ idim.Sən allah, danış, ana, mən necə uşaq idim?Mənə uşaqlığımdan bir az danış, anacan,Qoy söhbətin işləsin iliyəcən, qanacan.Mən nə təhər sevirdim bu yurdu, məmləkəti?Məhəllənin qeyrəti, kəndimizin qeyrəti,Elimizin birliyi, sərhədi, çayı, dağı,Onun xəritələrdə iki rəngdə qalmağı,Quraqlıqda qıtlığı, nübar ildə bol varı,Şad gündə sevincləri, dar gündə ağrıları,Söylə, titrədirdimi qəlbimi nanə kimi?Ya hər şeyə baxırdım gendən biganə kimi?Bizim eldə, obada belə məsəl var, ana,Deyirlər, “südlə gələn sümüklə çıxar” ana.Mənə uşaqlığımdan söhbət eylə bir qədər.Görüm xislətimdəki əyriliklər, düzlüklərLap əvvəldən var idi, sonradan qazanmışam?Mən ölümlə həyatın xəttində dayanmışam.Nə desən, bu yaşda da gərəyim olar yenə,Ana, uşaqlığımdan xatirə danış mənə.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-xatire
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yarəb, məni cəfayə salan şad olmaya!Səyyadi-zülmə seyd olub, azad olmaya!
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər