Birinci hissə, birinci fəsil
Səhifə 5 / 5 · 80%
– Bıy, necə də oxşayır, ay allah. Bıy, altında yazısı da var.
Bura nə yazıbsız, ağam? Qoy görüm? Hm... «Gözəl... Simin... buxarı qırağında...»
Siminbər başını qaldırıb Elməddinə minnətdarlıqla dolu bir nəzər saldı.
– Xoşuna gəlir?
– Hə, ağam. Çox gözəldi. Sağ olun. Əziyyət çəkmisiniz, ağam. İndiyəcən heç kəs mənim şəklimi çəkməyib.
Elməddin görürdü ki, qızın seviici yerə-göyə sığmır; əli titrəyirdi. Bunu o tək vərəqin əsməsindən başa düşürdü. Yan otaqda Zərrintac öskürdü. Hər ikisi səksənən kimi oddu. Yataq otağının qapısına tərəf baxdılar. Siminbər, indicə xanımın gecə köynəyində qapı ağzında görünəcəyindən ehtiyat edərək, tələsik:
– Gecəniz xeyrə qalsın, ağam! — deyib getmək istərkən Elməddin pıçıltı ilə:
– Xeyrə qarşı, Simin — söylədi və yenə yataq otağının qapısına tərəf baxıb əlavə elədi: — Ancaq onu elə saxla ki, xanımın əlinə düşməsin... yoxsa...
– Hə, hə, ağam. Arxayın ol!.. — Və elə oradaca qız kağızı iki büküb qoynunda gizlədi, Elməddinə baxmadan, demək olar ki, qaçdı...
...Xəyal, arzu bəzən həqiqət olur: Siminbər bu şirin xatirəsini, kim bilir, neçənci dəfə yad edib fikrən yaşamışdı ki, darvazanın yanında maşın dayandı. Qız ürək çırpıntısı ilə pəncərədən boylanıb baxanda... Elməddini taksidən düşən gördü və ayaqyalın, başıaçıq özünü həyətə atdı. Ürəyi şiddətlə döyünürdü. Əli əsə-əsə qapını açdı, Elməddini qarşısında görüb sonsuz bir sevinc içində:
—Xoş gəlibsiz, ağam, xoş gəlibsiz, ağam. — dedi. Elməddin ilıq, şirin bir baxışla onu süzdü, üz-gözünə yazılmış sevinci oxudu və bu fərəh, istər-istəməz ona da sirəyət elədi, Zərrintac xanımla eləməli olacağı: açıq, qəti söhbətin ağır nəticələrini də bir anlığa unudub şadlıqla:
– Xoş gördük, Simin! — dedi. Necəsən, Simin?
– Yaxşıyam, ağam? Təki siz yaxşı olun. Elməddin gümrahlaşdı, zarafata salıb:
– Maşallah, böyümüsən, bir az da qəşəngləşmisən! — söylədi. — Heç məndən sarı darıxmamısınız?—Elməddinin bu sualı Siminbərin ürəyincə oldu lap: çünki istəyirdi desin ki, ağam, səndən sarı bərk darıxmışdım! — ancaq sözləri dilinin ucunda ilişib qalmışdı. Həya eləyib ürəyindən keçəni deyə bilmirdi. Göydən düşən bu fürsəti itirmək istəmədi Siminbər:
– Darıxmışıq, ağa. Çox darıxmışıq. Elməddin gülə-gülə:
– Darıxmışıq, ya darıxmışam? — deyə xəbər alanda Siminbər bir anlığa duruxdu, nə cavab verəcəyini bilmədi. Elməddin izah elədi:
– Yəni deyirəm ikiniz də mənim üçün darıxmısınız, ya tək sən darıxmısan, Simin?
Qız ağanın mətləbini indi başa düşdü;
– İkimiz də, ağam, ikimiz də. Xanım da, mən də...
– Xanımın darıxmağına inanmıram — o, ciddiləşdi. — Bəlkə sən...
– Hə, mən də çox darıxmışam, ağam.
Elməddin yanınca addımlayan Siminin çiyninə, kürəyinə tökülmüş saçlarına əl çəkdi:
– Mən də sənin üçün darıxmışdım, Simin!
Qızın nitqi batdı, ayaqları taqətini itirdi və o, Elməddindən geri qaldı. Siminbər ona arxadan baxdı: onun şax yerişi, enli kürəyi gözlərinin qabağında idi—əynindəki qara kostyum, qara ayaqqabı ona çox yaraşırdı və Siminin qəlbini nəhayətsiz bir sevinclə doldururdu.
Elməddin geri qanrılıb:
– Evdədi? — deyə yuxarıya işarə elədi.
– Hə, ağam! Yatıb. Qoy bu saat çağırım...— deyərək pillələri qaça-qaça yuxarı çıxdı.
...Zərrintac xanım divanda, qıçlarını altına yığıb oturmuşdu. Yuxulu idi, hələ tamam-kamal ayılmamışdı. Tez-tez əsnəyirdi. Əsnəyəndə əlini ağzına tutur, xalatının ətəyini açıq dizinin üstünə çəkir, yaxasını düzəldirdi. Elə bil, naməhrəm bir adamın qarşısında idi. Elməddin isə kresloda, onun qarşısında əyləşmişdi. Aradakı kiçik mizin üstünə Siminbər iki piyalə, dolu çaynik və noğul qoyub mətbəxə çəkilmişdi. Zərrintac xanımın Elməddinə «xoşgəldin» eləməməsi aradakı gərginliyi daha da artırmışdı. Əhvali-ruhiyyəsindən, susmasından məlum olurdu ki, Zərrintac xanım bu görüşə o qədər də əhəmiyyət vermir. Ancaq Elməddin gəlmişdi və danışmalı idi. Fikrini ona deməli idi. Ona görə də, piyalədəki çaydan bir qurtum içib:
– Güzaranın necədir, Zərrintac xanım? — deyə xəbər alanda Zərrintac xanım yenə açılmış dizinin üstünü örtməyə çalışıb:
– Əladır, — söylədi, — heç nədən və heç kəsdən şikayətim yoxdur.
Səsindəki kinayə aşkar duyulurdu:
– Təki olsun...
– Sağ ol.
Araya sükut çökdü. Elməddinin fikirlərini onun bu saxta təsir bağışlayan qüruru vurub dağıtdı, duruxdu, çaydan yenə bir udum alıb piyaləni yerə qoyduqdan sonra:
—Gördüm dağ mənə sarı gəlmir, dedim mən dağa sarı gedim, — söylədikdə Zərrintac xanım açıq rişxəndlə:
– Dağın yerindən oynayıb bu gün burda, sabah orda olduğunu hələ heç kəs görməyib, — dedi.
– Düzdür. Odur ki, özüm gəldim.
—…
– Gəldim ki, bəzi məsələləri aydınlaşdıram. Zərrintac xanım qıçlarını aşağı saldı, çəkələklərini ayağına aldı:
– Əvvəl mən bəzi məsələləri aydınlaşdırmalıyam.
– Eşidirəm...
Zərrintac xanım başını silkələyib saçlarını arxaya ataraq yerini rahatladı:
– Ruznaməniz yenə çıxır?
– Hə, çıxır!
– Bəs bağlatmamışdılar?
– Bağlatmışdılar.
– Təzədən çıxır?
– Bəli, təzədən Şəfi icazə aldı, İndi, beş-altı ay fasilədən sonra yenidən nəşr edir. Bilirsən, çox yaxşı ruznamədir. «Pərçəm»i camaat yaman oxuyur. Əl-əl gəzir, adamlar oxuyub bir-birilərinə ötürür, tikə-tikə olunca mütaliə edirlər. — Yaxşı-yaxşı. Mən sənin üçün kətçi-kütçü deyiləm təbliğat aparırsan.
– Mən həqiqəti deyirəm, Zərrintac xanım, təbliğat aparmıram.
– Bəs... Şəfiyə dərs olmadı? Dırnaqlarını çıxartdılar, dişlərini vurub tökdülər—niyyətindən əl çəkmir?
– Sən Şəfini yaxşı tanımırsan. Çox mərd, qorxmaz, dönməz adamdı. Məqsədi yolunda ölümə də gedər. Bəzi adamlar kimi hərdəmxəyal deyil. Mən o cür mərd adamları xoşlayıram. Dünya elə kişilərin üstündə qərar tutub, məncə. — Bilirəm, Şəfi sənin gözünə yaman kül üfürüb. Vurulubsan ona. Nəticəsini isə gördük. Neçə ay dörd divar arasında dizlərini qucaqlayıb oturduğun, gərək ki, yadından çıxmayıb. Mərhum qibləgahım olmasaydı, yəqin ki, hələ də həbsxana güncündə çürüyürdün.
Bu sözlər Elməddini yamanca tutdu; pərt halda Zərrintaca baxıb dişlərini qıcadı, nə isə demək istədi, ancaq susmağı lazım bildi.
– Şəfi sənin başını cəfəngiyyatla elə doldurub ki, gözün ayağının altını görmür. İş o yerə çatıb ki, məndən də yazmağa başlamısan. Utanmadan, qızarmadan. Məndən utanmadın, utanmadın, bəs o kişidən—çörəyini yediyin, paltarını geydiyin, kölgəsinə sığındığın qibləgahımdan utanaydın heç olmasa?
—…
– Dillənmirsən? Sözün yoxdu? «Həqiqət», «həqiqət» deyirsən. Bu da həqiqətdir də. Niyə susursan?
– Zərrintac xanım, sən bir şeyi başa düş ki, o, hekayədir, tək səni nəzərdə tutmamışam: Dünyada o qədər elə nadan adamlar var ki...
– Nadan özünsən. Bildin?
—…
– Bildin, özünsən nadan!
– Mən bura səninlə dava eləməyə gəlməmişəm. Zərrintac xanım durub gəzindi, pəncərədən həyətə nəzər saldı, sonra nə fikirləşdisə, gəlib yerində oturdu:
– Sözümün canı odur ki, həbsxanaya düşməyin, o hekayə əhvalatı sənə dərs olmadı. Gərək nə qədər axmaq adam olasan ki, bu qədər yaxşılıqdan, izzət-ehtiramdan sonra sən ağayi Nəcməddinə, onun qızına hörmətsizlik edəsən; xəyanət edəsən.
– Mən ağayi Nəcməddinə heç bir xəyanət eləməmişəm, xanım. Mən elə namərd deyiləm.
– Nə fərqi var, mənə ki eləmisən!
– Sənə də xəyanət eləməmişəm.
– Bəs o hekayə xəyanət deyil, səncə?
– Yox. Sən hekayənin nə demək olduğunu bilsəydin, belə düşünməzdin, xanım. Təəssüf ki, bilmirsən nədir hekayə?!
– Heç bilmək də istəmirəm. Kor-kor, gör-gör. Gecə mənimlə bir yastığa baş qoy, gündüz get məni bütün məmləkətdə biabır elə ki, mənim arvadım nadandı. Sən mənim kim olduğumu nahaq unutdun
– bu, sənə baha başa gələcək. Başa düşməli idin ki, sənin vəzifən belə axmaq-axmaq işlər deyildi. Sən bir milyonerin kürəkəni idin — o da bütün karxanalarını, şirkətlərini sənə tapşırmışdı. Sən elə yarımpadşah idin. Hayıf ki, bunu başa düşmədin, düşmək istəmədin. Hər nə elədinsə, özünə elədin. Yel qayadan nə apara bilər ki?
—…
– Yenə o ruznamədə iştirak eləyirsən?
– Hə.
– Demək, sən mənim sözlərimi heç vecinə də almırsan, eləmi? Bu qulağından alıb - o qulağına verirsən, eləmi? İndi ki belə oldu, onda qulaqlarını yaxşı aç, yaxşı eşit. Sən axmaq, qaragüruhçu dəstə ilə, bu yazı-pozu ilə birdəfəlik qurqarmalısan, eşidirsən? Ya mən, bu cah-calal, bu milyonlar — ya da... ya da onlar, sənin qələmin, kağızın. Başa düşdün?
—…
Elə bil onun başına qaynar su tökdülər, bütün vücudu pörşələnib yandı. Bu ağır, sarsıdıcı hökmdən qıçları əsdi, bədəni uçundu. Bu, ona ölüm hökmü kimi ağır və amansız görünürdü. Xeyli nə edəcəyini, nə deyəcəyini bilmədi, çaşqın-çaşqın Zərrintacın qəzəbli sifətinə, parıldayan gözlərinə baxdı, baxdı. Fikri çözələndi, xəyalı qanadlandı — ömrünün bəxtəvər günləri, doğma kəndləri, Əfsanəsi yadına düşdü; səadətdən başqa hər şeyi olan bu cah-calallı ev-eşik, maşın, vəzifə, milyonlar unuduldu, kasıb daxmalarında hiss elədi özünü. Haradasa anası ona çay gətirdi, haradasa Əfsanənin həsrətli baxışları zilləndi ona, haradasa toy çalındı, sonra Yusifin məzarı göründü gözlərinə… Sonra isə... Əfsanənin səsi gəldi qulaqlarına, kədərli, doğma səsi, nəsə deyirdi, ancaq o başa düşmürdü... Daha sonra xəyal qırıldı, Zərrintac xanımın hökmlü sözləri eşidildi: «Ya mən, bu cah-calal, bu milyonlar—ya da... ya da onlar, sənin qələmin, kağızın!»..
Elməddin baxışlarını qaldırdı və qətiyyətlə:
– Onlar Zərrintac xanım, onlar mənim dostlarım, mənim qələmim, kağızım, Zərrintac xanım!!! Sən bunu başa düşməyə qadir deyilsən, ola da bilməzsən. Sən məni balıq kimi dəryadan çıxarıb torpağın üzərinə atırsan və deyirsən ki, yaşa! Balıq susuz yaşaya bilmədiyi kimi, mən də dostlarsız, qələmsiz yaşaya bilmərəm. Sən elə bilirsən ki, mərhum atanın gözqamaşdıran var-dövləti, milyonları, bu süslü saraylar mənim üçün əqidəmdən, məsləkimdən qiymətlidi? Yox Zərrintac xanım. Yox! Yox! — Bu son sözləri o, demək olar ki, qışqıra-qışqıra söylədi və özü də buna təəccüb elədi. Və ayağa qalxdı: —Mən gedirəm, həmişəlik gedirəm.
—…
Zərrintac xanım söhbətin belə şəkil alacağını ağlına da gətirmədiyindən çaşıb qalmışdı—eləcə, heyrət dolu baxışlarla ona baxır və susurdu. Elməddin isə ciblərini axtarırdı. Nəhayət:
– Hə. Tapdım. Bilirəm, bir məsələdən yaman çox nigaransan.
—…
– Buyur, Zərrintac xanım, bu mənim imtina məktubumdur. Mən mərhum ağayi Nəcməddinin adıma yazdırdığı milyonlardan könüllü surətdə imtina eləyirəm. — İmzalamışam, möhürləmişəm. Mənə o kişinin xoş xatirəsindən başqa heç nəyi lazım deyil. — O, kağızı stolun üstünə qoydu.
—…
– Hə, bu da Dəftərin açarıdır. Xahiş edirəm sabahdan məni işimdən azad edəsiniz...
– Başqa bir sözünüz yoxdur ki?
—…
– Hə, talaq... Talaqı da sabah həll edərik. Yox, elə bu gün. Sabaha niyə qalsın ki?!
—…
O, yenə ədəblə baş endirdi, otaqdan çıxdı. Zərrintac xanımın dili tutuldu. Təkcə gözləri parıldayırdı… Azca sonra o parıltılı gözlərdən yaş axmağa başladı».
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-birinci-hisse-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
General Əziz xan öz otağında, üstündə kitablar, qovluqlar olan iri, dördkünc stolunun arxasında əyləşmişdi. Otaq çıraqban idi, qapının ağzında qoyulmuş dəmir buxarı asta-asta yanırdı. Bayırda dəli bir külək əsir, qapı-pəncərəni titrədirdi. Qış dörd gündü girmişdi. Ancaq hələ qar yağmamışdı.Qar hardasa yaxında idi, qar hardasa yavaş-yavaş yol gəlirdi — bunu havanın şaxtalı nəfəsindən, səhərlər damların, ağacların, kolların üstündə görünən qırovdan bilmək olurdu.
İkinci hissə, üçüncü fəsilƏbdül son vaxtlar təsəvvürə gətirilməz dərəcədə dəyişmişdi. Saqqalını qırxdırmış, özünə iki-üç dəst müxtəlif rəngli kostyum, köynək, ayaqqabı almışdı. Kostyumlarına münasib papaq və palto tikdirmişdi. Yeməyini özü hazırlamırdı, lazım olan şeyləri «spinzər» restoranına telefon vasitəsilə sifariş verirdi. Nəcməddin xəstələnəndən qarajda qalan maşını çıxarmışdı, əvvəl həyətdə, məhəllədə sürmüş, əl-ayağı öyrəşəndən sonra küçəyə, şəhərə belə çıxmağa cəsarət eləmişdi. Balaca Nəcməddin şən, qayğısız böyüyürdü, yavaş-yavaş danışır, yeriyirdi. Əbdül bir an da olsa ondan nəzərlərini çəkmir, qayğısından, əzabından yorulub usanmır, can-dildən ona qulluq eləyirdi. Böyük adam kimi uşaqla danışır, məsləhətləşirdi — onu taleyin verdiyi bir nemət hesab eləyir, varlığına güvənirdi. Uşaq Əbdülün başını qatır, darıxmağa qoymurdu, tez-tez öz cinayətini, Dünya xanımı xatırlatsa da, bu əzabı da qanuni bir şey sayıb yaşayırdı.Son günlər Əbdül Zərrintac xanımın zəhmi-zabitəsi barəsində düşünməyi unutmuşdu. İndi onun fikrini Heyran xanım zəbt eləmişdi. Gecə-gündüz yadından çıxmırdı Heyran, hər gün o gələn vaxt Əbdülün gözü yolda, qulağı səsdə olurdu. Gözləyirdi, gözləyirdi, o isə gəlmirdi. Vaxt-vədə keçəndə isə Əbdülün qəlbini anlaşılmaz bir kədər çulğalayırdı. Eyni intizarla səhər də gözləyirdi, birisi gün də. O isə gəlib çıxmırdı ki, çıxmırdı. Dəqiq ünvanını soruşmadığına görə özünü danlayırdı. Pul verdiyinə görə özünü danlayırdı. «Pul verməsəydim, bəlkə indiyə gəlmişdi. Ehtiyacı nə bilmisən». Sonra özünə təsəlli verirdi ki, pulu qurtaran kimi gələcək. Heç olmasa bacısının uşağına baş çəkmək üçün harda olsa gələcək!
İkinci hissə, dördüncü fəsilHavada bərk şaxta olsa da, qapı-pəncərəni cingildədən külək əssə də, içəri isti idi. Yan otaqda daş kömür sobası asta-asta yanır, çaydan həzin-həzin cızıldayırdı. Ara qapı açıq olduğundan bu biri — iri otaq da isinmişdi. Elməddin ev paltarında yazı masasının arxasında əyləşmişdi; qabağındakı piyalədə təzəcə süzdüyü çay buğlanırdı.Elməddinin kefi kök idi. Stolunun üstündə qatı açılmış qəzet vardı, ora-burasına göz gəzdirirdi; Oxumurdu, çünki bir az əvvəl onu başdan-ayağa qədər oxumuşdu. Bu, «Pərçəm»in növbəti nömrəsi idi; burada onun iki yazısı çıxmışdı; biri son hekayəsi idi—«Xurma çərdəyi». İkincisi isə məqalə idi — «Fəsad» adlandırmışdı. Onu çoxdan yazmışdı, ürəyi ağrıya-ağrıya yazmışdı. Qəryadar Qulamın qardaşı oğlu, köhnə tanışı Ətiqullaya o dəhşətli vəziyyətdə rast gələndən sonra qələmə almışdı. Şəfiyə oxuyanda çox bəyənmişdi, çünki burada qoyulan məsələ—şəhərin xəlvət evlərində, qanundan kənar, Siracəddin kimi, İnsaf xanım kimi adamların gəlir mənbəyi təkin saxladıqları xəlvətgahların qurbanları məsələsi Şəfini də çoxdan düşündürürmüş, sən demə, Elməddin Ətiqullanı şəxsən tanıdığını, onun milyoner Mümtazın oğlu olduğunu və indi yavaş-yavaş çürüyüb töküldüyünü Şəfiyə danışanda kişi çox fikrə getmişdi və məqaləni fürsət düşən kimi çap edəcəyini bildirmişdi. Sonra nə isə baş qarışmışdı, material çox olmuşdu, məqalə xeyli yubanmışdı. İndi budur, ruznamənin bugünkü nömrəsində Elməddinin hər iki yazısı işıq üzü görmüşdü. Şəfinin dediyinə görə, Elməddinin bu yazıları aləm idi — hər ikisində son dərəcə vacib, ağıllı adamları düşündürən ciddi məsələlər qoyulmuşdu və çox səs-küyə səbəb olacaqdı. Əlbəttə, ustadından belə tərifli sözlər eşitmək Elməddin üçün çox xoş idi, həm də üstəlik, Bəbirin onun hekayəsi barədə dediklərini xatırlayanda Elməddin, bir qələm əhli kimi fərəhindən yerə-göyə sığışmırdı. Bu şirin əhvali-ruhiyyə ilə qəzetin sütunlarına baxa-baxa çayını içir, fikrində, xəyalında bunlardan da tutarlı yazılar yazmaq əzmində olduğunu yəqin edib sinəsi qabarırdı. Bəbirin, Şəfinin onun qələmindən çıxanları belə yüksək qiymətləndirməsi qəlbini coşqun sevinc hissilə doldurmuşdu və kiməsə, ən müqəddəs adamına söz verirmiş kimi ürəyində demişdi: «Yol budur, mənim əsl yolum budur. Bu yolda öldü var, döndü yoxdur! Mənim yolum Bəbirin, Şəfinin yoludur. Son nəfəsimə qədər bu yolla gedəcəyimə söz verirəm, çünki, qəlbən inanmışam ki, bu yol haqq yoludur, həqiqət yoludur».
İkinci hissə, beşinci fəsilHeyran çaşıb qalmışdı. Uzun illərin axtarışından, intizarından sonra doğma bacısının özünü də olmasa, yerini-yurdunu, ciyərparasını tapdığından nə qədər sevinmişdisə, toxtamışdısa da, əlidolu evə qayıtdıqdan sonra Cabbarın qara bulud kimi dolmasından, danışmaq istəməməsindən, uşaq kimi küsməsindən bir o qədər pərt olmuşdu. Qəribə idi ki, Cabbar açıq heç nə deməmişdi Heyrana. Eləcə, mənalı-mənalı arvadına baxmış, dərdli-dərdli köks ötürmüş, o, yaxın gəlib ərinin boynunu qucaqlamaq istəyəndə üzünü yana çevirmiş, «ölmək istəyirəm» demişdi. Arvadının gətirdiyi ərzaqı yeyəndə də elə bil ətini yemişdi! Bədəni, vücudu ac idi. O, bu aclığın qarşısına dura bilməmişdi, əgər buna iradəsi, gücü çatsaydı, Cabbar o yeməyə, o ətə, çörəyə dilini də vurmazdı. Heyranın gətirdiyi pul iki həftəyə çatmışdı — arvad o pulu qırdı-qısdı ilə xərcləmişdi, özü az yeyib ərini yedirtmişdi. Zorla da olsa yedirtmişdi. Ancaq bu iki həftə ərzində Cabbarın qırışığı açılmamışdı, Heyrana bir kəlmə də xoş söz deməmişdi, hətta ağrılarından belə şikayət eləməmişdi, ciyəri susuzluqdan yansa belə özü ondan su istəməmişdi, çörək istəməmişdi, Heyran gətirib verəndə isə onu da çox ləng qəbul eləmişdi. Neçə dəfə arvadı onun bu qəribə, anlaşılmaz hərəkətinin mənasını soruşmuşdusa da, o, gözünü Heyranın sifətindən çəkmədən, diqqətlə baxa-baxa susmuş, sonra köks ötürüb üzünü yana çevirmişdi.Cabbar özünə sığışdırıb ürəyinə axıb dolmuş şübhəsini dilinə gətirməsə də, içəridə yanıb-qovrulmuş, bəxtinə, taleyinə min lənət oxumuş, tanrının elədiyi haqsızlıq müqabilində öz gücsüzlüyünü, zəifliyini dərk edib yorğanının altında isti göz yaşları tökmüşdü. Cabbar şəhəri, şəhər camaatını yaxşı tanıyırdı: bilirdi ki, kimsə başqasına havayıdan, boş yerə bir tikə çörək, bir qran pul verməz. Onun arvadı isə, harasa gedib-gələndən sonra, filan qədər pul gətirmişdi. Kim bilir, bəlkə, o, yalan deyir, heç bacısını evini də tapmayıb. Lap tapsa da, bacısının nökəri, tanımadığı, bilmədiyi adama birdən-birə o qədər pulu verərdimi? Yox, verməz. Boş-boşuna verməz. Cabbarın ürəyinə gəlirdi ki, burda nə isə başqa bir məsələ var. Doğrudur, o, arvadından indiyə qədər əsla şübhələnməmişdi. Çünki Heyran ağırtəbiətli, başı aşağı, yad kişilərə gözünün ucuyla da baxmayan bir qadın idi. Birgə yaşadıqları bu uzun illər ərzində o, Heyranda zərrəcə şübhə doğuran bir hərəkət görməmişdi; məhz buna görə də yorğan-döşəyə düşdüyü bu beş ildə də Cabbar arxayın-arxayın, ancaq öz dərdini — çarəsiz dərdini çəkmişdi. Ancaq birdən-birə onun harasa gedib gec qayıtması, gələndə də əlidolu gəlməsi, hələ üstəlik nağılabənzər bir əhvalat da uydurub danışması Cabbarın ağrılı canına daha dözülməz, daha əzablı bir ağrı əlavə eləmiş, dərdini yaddan çıxartmışdı. Kaş o, ölmüş olaydı, Heyranın bu hərəkətini görməyəydi. Ona elə gəlirdi ki, ehtiyac qılıncdan itidir, ehtiyac ən iradəli, ən qorxmaz adamları da dəyişdirə, sındıra bilər, yolundan, əqidəsindən döndərə bilər. Heyran, hər necə olsa, qadındı, zəif məxluqdu, özü də gözəgəlimlidi. Qəsdinə duran olsa, yoldan çıxara bilər, aldada bilər. Bax, bu şübhələr Cabbarın xəstə, taqətsiz ürəyini, vücudunu gəmirir, ona cəhənnəm əzabı verirdi. Heyranın sözlərini, özünü yoxlamaq Cabbarın imkanı xaricində idi, hər şeydən çox onu sıxan da bu idi. Tale onu yıxıb, özü də həmişəlik yıxıb, bir də duracağına inamı yoxdu. Hiss edirdi ki, bu şübhə ölümünü daha da yaxınlaşdıracaq. Ancaq o, bu dərdlə ölmək istəmirdi. Bu, ona ikiqat zülm olardı.
Başqa şairlərin şeirləri
چنین مخمور و مستی را مِیِ دیگر نمیباید
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
HanıGecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Əcəb yüzin görən necə qılar tabƏcəb yüzin görən necə qılar tab,Çu andan bibədəl olur şeyxlə şab.