Havada bərk şaxta olsa da, qapı-pəncərəni cingildədən külək əssə də, içəri isti idi. Yan otaqda daş kömür sobası asta-asta yanır, çaydan həzin-həzin cızıldayırdı. Ara qapı açıq olduğundan bu biri — iri otaq da isinmişdi. Elməddin ev paltarında yazı masasının arxasında əyləşmişdi; qabağındakı piyalədə təzəcə süzdüyü çay buğlanırdı.

Elməddinin kefi kök idi. Stolunun üstündə qatı açılmış qəzet vardı, ora-burasına göz gəzdirirdi; Oxumurdu, çünki bir az əvvəl onu başdan-ayağa qədər oxumuşdu. Bu, «Pərçəm»in növbəti nömrəsi idi; burada onun iki yazısı çıxmışdı; biri son hekayəsi idi—«Xurma çərdəyi». İkincisi isə məqalə idi — «Fəsad» adlandırmışdı. Onu çoxdan yazmışdı, ürəyi ağrıya-ağrıya yazmışdı. Qəryadar Qulamın qardaşı oğlu, köhnə tanışı Ətiqullaya o dəhşətli vəziyyətdə rast gələndən sonra qələmə almışdı. Şəfiyə oxuyanda çox bəyənmişdi, çünki burada qoyulan məsələ—şəhərin xəlvət evlərində, qanundan kənar, Siracəddin kimi, İnsaf xanım kimi adamların gəlir mənbəyi təkin saxladıqları xəlvətgahların qurbanları məsələsi Şəfini də çoxdan düşündürürmüş, sən demə, Elməddin Ətiqullanı şəxsən tanıdığını, onun milyoner Mümtazın oğlu olduğunu və indi yavaş-yavaş çürüyüb töküldüyünü Şəfiyə danışanda kişi çox fikrə getmişdi və məqaləni fürsət düşən kimi çap edəcəyini bildirmişdi. Sonra nə isə baş qarışmışdı, material çox olmuşdu, məqalə xeyli yubanmışdı. İndi budur, ruznamənin bugünkü nömrəsində Elməddinin hər iki yazısı işıq üzü görmüşdü. Şəfinin dediyinə görə, Elməddinin bu yazıları aləm idi — hər ikisində son dərəcə vacib, ağıllı adamları düşündürən ciddi məsələlər qoyulmuşdu və çox səs-küyə səbəb olacaqdı. Əlbəttə, ustadından belə tərifli sözlər eşitmək Elməddin üçün çox xoş idi, həm də üstəlik, Bəbirin onun hekayəsi barədə dediklərini xatırlayanda Elməddin, bir qələm əhli kimi fərəhindən yerə-göyə sığışmırdı. Bu şirin əhvali-ruhiyyə ilə qəzetin sütunlarına baxa-baxa çayını içir, fikrində, xəyalında bunlardan da tutarlı yazılar yazmaq əzmində olduğunu yəqin edib sinəsi qabarırdı. Bəbirin, Şəfinin onun qələmindən çıxanları belə yüksək qiymətləndirməsi qəlbini coşqun sevinc hissilə doldurmuşdu və kiməsə, ən müqəddəs adamına söz verirmiş kimi ürəyində demişdi: «Yol budur, mənim əsl yolum budur. Bu yolda öldü var, döndü yoxdur! Mənim yolum Bəbirin, Şəfinin yoludur. Son nəfəsimə qədər bu yolla gedəcəyimə söz verirəm, çünki, qəlbən inanmışam ki, bu yol haqq yoludur, həqiqət yoludur».

O, piyaləsini stolun üstünə qoydu, ayağa qalxıb gərnəşdi, gəzinməyə başladı, geri dönəndə baxışları qarşı divardakı şəklə — «Gözəl Siminbər buxarı qarşısında» şəklinə sataşdı, baxdı, baxdı və kədərlə gülümsündü. Sonra şəkil dumanlandı, Siminbər buxarı qırağından harasa çəkilib getdi, yerində bədbəxt Əfsanə peyda oldu. Bu zaman Elmədinin ürəyi titrədi, olub-keçənlər pərdə-pərdə səhnə-səhnə xəyalında canlandı, hətta Əfsanənin səsini eşidən kimi oldu. O, haradansa uzaqdan, lap uzaqdan gələn səsi ilə nə isə deyirdi, deyirdi, ancaq Elməddin sözlərini ayırd eləyə bilmirdi. Ayırd eləyə bilmədiyinə görə də cavab verə bilmirdi. Cavab verə bilmədiyinə görə də səsi getdikcə öləziyir, uzaqlaşırdı. Və nəhayət, eşidilməz olanda o, təlaşla, gözlərini geniş açaraq divardakı şəklə bir də baxdıqda Əfsanəni yox Siminbəri gördü. Buna sevindimi, kədərləndimi? — demək mümkün deyildi. Qatma-qarışıq, dumanlı hisslər əlində çırpına-çırpına bu otaqdan o biri otağa keçdi, buxarının yanına gəldi, çaydanı götürüb yerə qoydu. Elə bu zaman həyət qapısının bərk-bərk döyüldüyünü eşitdi və üşürgələndi. Gecənin bu vaxtı kim olar görəsən? Yəqin Ziyaülhəqdir, ya ustaddır! Ya bəlkə... yenə həbsxanaya aparmağa gəliblər?

Mıxçadan pencəyini götürüb çiyninə saldı və həyətə çıxdı. Həyət çıraqban idi. Ağaclardan tökülmüş xəzəlləri külək qabağına qatıb ora-bura qovurdu.

Darvazanın dalından soruşdu:

– Kimdi?

– Elməddin, sənsən?—deyən səsi o, tanıya bilmədi birdən birə. Məlum idi ki, bu, nə Ziyaülhəqdi, nə Əhədulladı. nə Şəfidi— heç biri deyil. Şübhə axıb doldu ürəyinə.

– Hə, mənəm. Kimsən? — deyə-deyə qapının cəftəsini açmağa başladı: «Kimsə tanışdı, adımı deyir».

Qapının ləng açıldığını hiss eləyən adam özünü nişan verdi:

– Mənəm, Ətiqullayam, Elməddin!

«Ətiqulla» sözünü eşidən kimi Elmədinin tükləri biz-biz oldu, elə bil çöldə-bayırda əsən külək içində əsməyə başladı. İlk növbədə o boyda adamdan ancaq əti tökülmüş, sümükləri ağaran, iki qaraqançır deşiyi görünən burnu gözünün qabağına gəldi. Lakin qarşısında Ətiqulla dayananda burnunu görə bilmədi, çünki şərflə boynunu, ağız-burnunu bağlamışdı.

Adəti üzrə əl uzatdı Elməddin, amma Ətiqulla qolunu tərpətmədi də. Eləcə dedi:

– Axşamın xeyir, Elməddin. — Səsi şərfin altından gəldiyinə görə boğuq idi.

– Axşamın xeyir, Ətiqulla. Xoş gəlibsən.

– Sağ ol.

– Buyur içəri. Burda niyə dayanmısan?

Ətiqulla qanrılıb maşınına baxdı, sonra həyətə keçdi. İçəri keçənəcən heç nə danışmadılar. Sanki ikisi də danışmağa söz tapmırdı.

Ətiqulla palto geymişdi. Çal quzu dərisindən olan yaxalığını da qaldırmışdı. Başında da eyni dəridən papaq vardı. Elməddin onun ağız-burnuna baxmamağa çalışaraq, şərfi görməməyə çalışaraq tüklü çatma qaşları altında xəcalətli bir tərzdə işıldayan gözlərinə ötəri nəzər saldı:

– Sən bu kasıb daxmamıza xoş gəlibsən. Ətiq —dedi.

– Xoş günün olsun. Evin mübarəkdi, Elməddin.

– Çıxart balapuşunu. Çıxart, çıxart, əyləş, görək nə var, nə yox, Elə o dəfəki görüşümüzdən sonra tez-tez səni xatırlayırdım, səndən, düzü nigaran idim.

Ətiqulla gözlərini Elməddinin nəzərlərindən yayındırmağa cəhd edərək paltosunu soyundu, papağını çıxartdı, Elməddin irəli yeridi ki, alıb asılqandan assın. Ancaq o vermədi, asılqandan da asmadı, murdar bir əski kimi güncə atdı. Elməddin etiraz eləmək istədi, ancaq o;

– Sən allah sən əlini vurma, qoy elə burda qalsın, — dedi. — Özüm də oturmayacağam. Elə burda ayaqüstü söhbət eləyək, Elməddin onun bu hərəkətinin mənasını yaxşı başa düşürdü; qəlbində ona qarşı bir qibtə hissi baş qaldırdı — bu, alicənablıq idi, qorxurdu ki, xəstəliyi Elməddinə də sirayət eləyə bilər. Elməddin eşitmişdi ki, belə xəstələr adətən xəbis olurlar, istəyirlər ki, başqaları da bu mərəzə mübtəla olsunlar, o çəkən əzablardan özgələri də çəksin. Ancaq Ətiqulla belə deyildi. O dəfə də əl vermədi, indi də. Paltosunu da quru torpağın üstünə atıb. Bulanmağından, çirklənməyindən də ehtiyat eləmir. Elməddinin ona yazığı gəldi.

– Əşi, gəl otur sən allah.

– Yox, yox. Oturmayacağam Elməddin. Elməddin çarəsiz halda onun gözlərinə baxdı:

– İndi necəsən, Ətiq? Ətiqulla ah çəkdi:

– Daha necəliyimdən keçib. Parijə getmişdim. Çarəsi yoxdu, Elməddin. Gecikibsən — dedilər həkimlər. Belə... Bir həftədi qayıtmışam. Daha dözmək, daha yaşamaq mümkün deyil, qardaş.

– Bəs...

– Bax, çürüyürəm — deyib şərfi sinəsinə sürüşdürdü; Elməddinin əti ürpəşdi. Üst dodağının da xeyli hissəsi çürüyüb tökülmüşdü.

– Bax, bu gündəyəm, qardaş! Özü də çox xahiş edirəm, mənə nəsihət, təsəlli verməyə çalışma, əbəsdi. Olan olub, keçən keçib, Elməddin. Heç nəyi geri qaytarmaq mümkün deyil daha.

– Bəs... Neyləmək fikrindəsən? — deyə Elməddin dərin təəssüf içində xəbər aldıqda Ətiqulla titrək əlilə cibindən bir siqaret çıxarıb alışdırdı, ciyəri yanırmış təki tüstünü içəri çəkdi, əti tökülmüş, qaraqançır sümük deşiklərdən ağappaq tüstü çölə çıxanda Elməddin başını aşağı saldı. Görməsin deyə bu dəhşətli mənzərəni.

– Sənin bugünkü ruznamədə «Fəsad»ını oxudum. Yaxşı yazıbsan, həqiqəti yazıbsan. Ancaq gec yazıbsan, qardaş, çox gec. Sənin dediyin o qurbanlardan biri mənəm, mən bədbəxt. Mənim adımı çəkmirsən orda, ancaq mən bilirəm ki, «bir nəfər tanışım» deyəndə məni nəzərdə tutubsan.

– Mən...

– Yox, sən elə güman eləmə ki, mən sənin yanına buna görə gəlmişəm. Qətiyyən yox. Lap adımı da çəksəydin, etiraz etməzdim. Çünki mənası yoxdu. Tək bunun yox, indi heç-bir şeyin mənim üçün mənası yoxdu. Mən indi atamın da, özümün də, əmimin də milyonlarını, hər şeyimi, hər şeyimi verməyə hazıram ki, bu mərəz canımdan çıxsın. Ancaq, təəssüf, bu mümkün şey deyil. Sən düz yazmısan, bu, fəsaddır, bu, cəmiyyəti çürüdən onlarla fəsadlardan biridir, qardaş. Onu da düz yazmısan ki, Siracəddinləri, İnsaf xanımları güllələmək lazımdır, dar ağacından asmaq lazımdır. Bir də hər insanın içində, ürəyində nəfs deyilən çox qorxulu bir qurd yuva salıb — bax, onu da gülələmək lazımdır. Amma, hayıf ki, Siracəddinləri, İnsafları məhv etmək mümkündür, lakin o nəfs deyilən qurdu öldürə bilməzsiniz, qardaş.. O insanla bir doğulur, içində yaşayır və çox vaxt onu özü məhv edir. — O, siqaretinə yenə dərin bir qullab vurdu: — Mən bura bunları sənə demək üçün gəlməmişəm, Elməddin. Mən gəlmişəm ki...

Elməddin hiss elədi ki, o, nə üçünsə bir xahişə gəlib.

Köhnə tanışlıqları xatirinə, qəryədar Qulamın xatirinə, həm də sağalmaz bir mərəzə mübtəla olmuş bir insan kimi ona nə kömək lazımsa əsirgəməyəcəyinə hazır olduğunu bildirməyə tələsdi:

– Mən... Mən səni dinləyirəm, Ətiq. Nə xahişin olsa, canla-başla, qulluğunda hazıram, Ətiq...

Elməddinin bu sözləri onu sevindirdi elə bil. Sifətində bir nikbinlik əmələ gəldi. Kədərli gözlərində ötəri bir sevinc hiss eləyib keçdi: ....

– Mən qeyri-adi bir xahişə gəlmişəm, Elməddin. Elməddin dərhal cavab verdi:

– Hər nə olsa, mən hazıram. Təki sənə bir köməyim dəysin.

Ətiqulla susdu. Siqaretini sümürə-sümürə Elməddinə sınayıcı bir nəzər saldı. Sanki çox mühüm sirr deyəcəkdi, ancaq deyəsən, etibar eləmirdi, ya sözünün yerə salınacağından qorxurdu.

Elməddin ona cəsarət vermək üçün dedi:

– Görürəm, çəkinirsən, demək istəmirsən. Ancaq de, Ətiq. Mən sənin hər xahişini yerinə yetirməyə hazıram, çəkinmə, de. Elə hesab et, mən də sənin qardaşın.

Bu sözlərdən sonra Ətiqulla ürəkləndi. Bir addım irəli gəldi:

– Elməddin, sən... sən... Məni öldürməlisən, Elməddin!! Elməddinin qulaqları batdı elə bil. Eşitdiyinə inanmaq istəmədi:

– Nə?

– Deyirəm, sən məni öldürməlisən, başa düşürsən, öldürməlisən.

– Nə danışırsan, Ətiq? — deyə Elməddin qorxu içində geri çəkildi. Gözlərini geniş açaraq qarşısındakı adamı yalnız indi görürmüş kimi, təlaş və həyəcanla təkrar elədi: — Sən nə danışırsan, Ətiqulla?!

Elə bil Elməddinin «Sən nə danışırsan?» sözləri... Ətiqullanı yuxudan ayıltdı və o:

– Doğrudan... mən... nə danışıram... — söyləyərək təəccüblə Elməddinə baxdı, baxdı və birdən... dediklərindən utanırmış kimi, əlləri ilə üzünü tutub dəli adam təki... çölə çıxdı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, ikinci fəsil

Yaxşılıq itmirmiş — düz imiş. Elməddinin öz sürücüsü Əhədulla ilə xoş, mehriban münasibəti səkkiz-doqquz uşaq atası olan, kasıb güzəran keçirən, balalarını pendir-çörəklə güclə dolandıran Əhədullanın ürəyində, taleyində silinməz iz buraxmışdı və ona elə gəlmişdi ki, heç bir qohum-əqrəbası, yaxını-simsarı olmayan bu qatmaqarışıq şəhərdə özünə bir qardaş tapıb, arxa tapıb. Həyatda o qədər çətinliklər və pis adamlar görmüşdü ki, Elməddinə rast gələndə, onun insani rəftarını görəndə əvvəl inanmaq istəməmişdi, «yəqin bu da bir kələkdi» — deyə düşünmüşdü, çünki iyirmi il yaşadığı, dolaşdığı bir mühitdə böyükdən-kiçiyə hamının bir-birini aldatmaq, pulunu, son tikəsini əlindən almaq istədiyinin dəfələrlə şahidi olmuşdu. Varlı da, yoxsul da gözdən tük qapmağa, yumurtadan yun qırxmağa çalışırdı — varlı daha dövlətli olmaq üçün, yoxsul azca da olsa güzəranını yaxşılaşdırmaq üçün... Ancaq Elməddin belə deyildi: Əhədulla onun rəftarına, işinə, ürəyinə baxanda sanırdı ki, o bu şəhərə ya göydən gəlib, ya tamam başqa bir aləmdən. O, Əhədulla ilə bir insan kimi davranır, dərdləşir, məsləhətləşirdi, yeri gələndə öz sürücüsünün həyatı ilə maraqlanır, lazım olanda ona əl də tuturdu. Bu, Əhədullanın o qədər xoşuna gəlmişdi ki, indi özünü bu böyük şəhərdə tək, kimsəsiz hesab eləmirdi, arxalı sayırdı. Evdə arvadının, uşaqlarının yanında o qədər Elməddindən danışmışdı ki, hamısı onu əziz adamları sayırdı. Üzünü görmədikləri adamın adını «əmi» deyə yad edirdilər. Arvadı isə Elməddinin adını çəkəndə yanına bir «qardaş» kəlməsi də əlavə eləyirdi. O, demək olar ki, qiyabi surətdə hələ bircə dəfə də ayaq basmadığı bu evin, bu ailənin hörmətli bir üzvü olmuşdu. Qızlar Elməddinin alıb göndərdiyi parçadan paltar tikdirib geyəndə «Bunu mənə Elməddin əmi alıb!» — deyə öyünürdülər və Əhədulla uşaqlarının — indiyə qədər təzə parçadan paltar geyməmiş qızlarının sevincini görüb qəlbində ona dua eləyir, «dünyada yaxşı adamlar da varmış, —deyirdi. — Mən ömrüm boyu, son nəfəsimə qədər sənin bu yaxşılığını yadımdan çıxartmaram, ağa!».Ancaq Əhədullanın xoş günləri uzun sürmədi: Elməddini həbs elədilər. Bu xəbəri eişdəndə o, yamanca sarsıldı. Qulaqlarına inanmaq istəmədi, «ola bilməz!» — dedi. Həmin sözü Elməddinin arvadı — Zərrintac da söyləyəndə onun inanmaqdan özgə çarəsi qalmadı. Uşaqları, arvadı isə bu xəbəri lap matəm kimi qarşıladılar. Üstlərinə su çilənmiş kimi boyda-boyda bir-birinin yanına düzülüb məyus halda başlarını aşağı saldılar.

12 dəq
Dördüncü hissə, üçüncü fəsil

Buxarı gurhagur yanırdı. Üst-üstə qalanmış daş kömür parçaları nazik, şəffaf alov dilləri altında qızıl külçəsi kimi par-par parıldayıb qızarırdı. Buxarının yanları da qızarmışdı. Əziz xan sol tərəfdə, Bəbir sağ tərəfdə yumşaq kresloda əyləşmişdi. Bayaqdan heç biri danışmırdı. Əziz xanın sur təsbehinin aramsız şıqqıltısından başqa otağın sakitliyini heç nə xələldar eləmirdi. Bəbir əlində tutduğu güllü piyalədən qurtum-qurtum çay içir, iri gözlərini qızarmış buxarıya zilləyib düşünürdü. Aradakı darıxdırıcı sükutu Əziz xan pozdu:– Nə yaman fikirlisən, oğul? Nə olub belə? Bəbir boş piyaləni böyründəki kətilin üstündə olan siniyə qoyub:

8 dəq
Dördüncü hissə, dördüncü fəsil

...Dünya xanım səhər tezdən yuxudan ayılanda Nəcməddini yanında görməyib heyrətləndi. Şirin-şirin gərnəşib əsnəyərək, ətrafına baxındı və ərini çarpayıda yox, otağın o başında qoyulmuş yumşaq divanda pallı-paltarlı yatmış görəndə təəccübü daha da artdı. «Bu orda niyə yatıb?» — Varlığında dolaşan ilk sual bu oldu, sonra yenə səssizcə ürəyində: «Özü də paltarlı» — dedi. Dünya xanım başını silkələyib tam ayılmağa çalışdı və keçən axşamkı xudmani məclisi xatırladı: «Hə, içmişdi axşam. Lap çox içmişdi. Yəqin bərk sərxoş olub, ya soyuna bilməyib, ya da yadından çıxarıb soyunmağı?!»Neçə il birgə yaşadıqları muddətdə belə şey olmamışdı. Əvvələn, Nəcməddin heç vaxt bu qədər içməmişdi, dünən nə isə dəmi gəlmişdi, ya çərxi dönmüş o Əbdülün həvəsinə düşüb içmişdi — o, bilmirdi. İkincisi, hər dəfə içəndə; Nəcməddin daha da şən, gümrah olurdu, Dünya xanımın yatağına girər, onunla mehribanlıqla, nəvazişlə rəftar edər, səhərə az qalana qədər, yorulub əldən düşənə qədər Dünyanı yatmağa qoymaz, gah zabitəli olar, gah da uşaq kimi ağlardı. Belə gecələrdə Dünya xanım özü də Nəcməddinin nazı ilə az oynamamışdı.

11 dəq
Dördüncü hissə, beşinci fəsil

Az qala gen-bol otaqlarına, doğma şəhərinə, məmləkətinə sığışmayan şairi, balaca, sement döşəməli, adam boyundan yuxarı, göyərçin hininin qapısı boyda pəncərəsi, lay dəmir qapısı olan bir otağa salmışdılar. Gündüz o əl boyda pəncərədən gün işığı düşürdü içəri, axşamlar tavandan asılmış iyirmi şamlıq elektrik lampası solğun-solğun parıldayırdı. Divarın sol dibində qırmızı kərpicdən tikilib suvanmış daş «divan» vardı — Məhəmməd Şəfi onun üstündə oturur, onun üstündə yatırdı. Havası xəfə idi, rütubət iyi verirdi. Bu otaq uzun, alaqaranlıq dəhlizin lap axırında yerləşirdi. Dustaqlar arasında «otaği-siyasi» adı ilə məşhur idi. Buraya ancaq siyasi işlər üstündə həbs olunmuş, siyasi cəhətdən qorxulu adamlar salınırdı və onları əsl ad-familiyası ilə yox, «siyasi» kəlməsi ilə tanıyırdılar. Mühafizlər dəhlizdə gəzinir, nizam-intizama diqqət yetirir, belə «siyasi»lərin o biri dustaqlarla təmasda olmasına heç cür imkan vermirdilər.O biri tərəfdə, həyətin o başında ümumi həbsxana yerləşirdi. Bir sözlə, bura daş hasarlı, tikanlı məftilli, dəmir qapılı, qarovulçulu balaca bir şəhər — dünya idi. Buranın da sakinləri vardı, daimi və müvəqqəti sakinləri vardı, varlısı, kasıbı vardı, oğrusu vardı, davakarı vardı, işləyəni, işləməyəni vardı, «padşahı» vardı — amiri-həbsxana idi. Casusu, xəfiyyəsi də vardı. Şairləri də vardı — Rəhgüzər idi, Elməddin idi. Elməddin «ümumilər» içərisində idi, Şəfi kimi, hamıdan ayırmamışdılar.

8 dəq

Başqa şairlərin şeirləri