Səhifə 2 / 2 · 50%

hakiminə, ağana çevrilməməlidir, onu həmişə ürəyində də, evində də, yorğan-döşəyində də aşağı başda oturtmalısan, sən ona yox, o sənə tabe olmalıdır. Həmişə qorxu içində yaşatmalısan onu — bax indicə, bax bu gün atılacağından, qovulacağından, başqası ilə dəyişiləcəyindən qorxa-qorxa yaşamalıdır kişi! Çalışıb bağlanmayasan, vurulmayasan kişiyə, bağlandınmı, vuruldunmu, uduzdun, qula döndün, hakimiyyətini əldən verdin demək».

Zərrintac hərdən belə düşünməyinə özü də təəccüb eləyirdi, bu qəbil fikirlərin hardan axıb beyninə dolduğuna heyrətlənir, bunların doğru olmadığına inanmaq istəyirdi, ancaq azca sonra «yox, belə yaxşıdır, belə düzdür, mən belə yaşamağı daha üstün tuturam!»

– deyirdi.

Nəhayət, elə bir gün gəldi ki, Sübhan haqqında fikrini qətiləşdirdiyini anlayıb, kombinata növbəti səfəri zamanı, toxuculuq dəzgahının böyründə nəyisə yağlayan, gözaltı, xəlvət-xəlvət sərincinarla söhbət eləyən Zərrintac xanıma baxan Sübhana yaxınlaşıb bütün bu müddət ərzində birinci dəfə dedi:

– Bir saatdan sonra Dəftərdə, mənim yanımda olarsan! Gözləyəcəyəm, səni.

– Beçeşm, xanım! — dedi Sübhan, lakin bu təklifin nə üçün edildiyini, nə demək olduğunu anlaya bilmədiyindən çaşqın halda dəzgahların arası ilə uzaqlaşan xanımın dalınca baxa-baxa qaldı. İstədi sərincinardan soruşsun, lakin onun əzvayişindən başa düşdü ki, bu dəvətdən xəbəri yoxdur. Ona görə sərincinara heç nə söyləmədi, yanında şəyird işləyən oğlana lazımi tapşırıq verib yuyunmaq, paltarlarını dəyişmək üçün kombinatın həyətindəki balaca otağa keçdi.

Düz bir saat keçmiş Sübhan Zərrintac xanımın qabağında əyləşmişdi. Sübhanın əynində təzə olmasa da, təmiz mil-mil kostyum vardı. Köynəyi xaki rəngli parçadan tikildiyindən köhnəmi-təzəmi olduğu o qədər də bilinmirdi. Üzü səliqə ilə təraş edilmişdi, nazik, qara bığı burnunun uzun olduğunu bilinməyə qoymurdu. Zərrintac xanım nə isə oxuyurdu, hələ söhbətə başlamamışdı. Əslində isə o qəsdən özünü məşğul kimi göstərir, gözaltı Sübhanı nəzərdən keçirir, səbrini-təmkinini yoxlayırdı. Beş-on dəqiqə sonra o, əlindəki qələmi yerə qoyub oxuduğu kağızı kənara itələyərək Sübhana baxdı. Sübhan Zərrintac xanımın ona zillənən iti, yoxlayıcı baxışları altında əzilə-əzilə dizinin üstünə qoyduğu iri əllərini yanına salıb gizləmək istədi. Zərrintac xanım, nəhayət, iltifat edib dilləndi:

– Sübhan, sən evlisən?

Sübhan işə aid sual gözləyirdi, daha doğrusu, qorxurdu ki, xanım onu kombinatdan çıxarmaq üçün bura çağırıb və indicə bu barədə ciddi söhbət eləyəcək. Zərrintac xanımın bu sualını eşidəndə o qorxu çəkilib getmədi, əksinə bir az da qüvvətləndi: «Uzaqdan başlayır, xanım!» — deyə ürəyindən keçirib sakitcə:

– Xeyr, xanım. Evli deyiləm, — dedi.

– Niyə evlənməmisən?

– Nə bilim, xanım.

– Evin yoxdur?

– Bir kiçik daxmam var!

– Kimlə yaşayırsan orda?

– Tək, xanım. Mənim heç kəsim yoxdur. Bir bacım var, o da Qəndəharda ərdədir.

– Demək, tək-tənha yaşayırsan?

– Bəli, xanım.

– Bəs niyə yanında işləyən o toxucu qızlardan birini almırsan, Sübhan?

– Yanımda işləyən qızlardan?

– Hə də.

– Onların çoxunun əri, uşağı var, xanım?

– Subay qızlar da var axı orda.

– Düzdü, var.

– Bəs niyə onlardan birini seçib almırsan?

– Nə bilim, xanım.

– Xoşuna gələni yoxdur heç?

Sübhan utancaq nəzərlə xanıma baxıb başını aşağı saldı.

– Utanma, Subhan. Məndən utanma. Sənin haqqında mənim fikrim başqadı. Hə. Demək, xoşuna gələn yoxdur, heç?!

– Yox, xanım. Düzü, yoxdur, xanım.

Zərrintac xanımın üzü nə üçünsə işıqlandı, Sübhana şirin bir təbəssümlə gülümsündü.

– Demək, səninlə işləyən qızları bəyənmirsən? Bəs sən necə arvad istəyirsən, Sübhan?

Sübhan qızarıb başını aşağı saldı, xanımın belə açıq-saçıq danışmağı ona çox qəribə görünürdü. Sübhanın bu cür arvadlardan zəhləsi gedirdi, əgər qabağında oturan Zərrintac xanım deyil, başqa birisi olsaydı, Sübhan iki-üç kəlmə ağır söz deyər və durub qapını da üzünə çırparaq gedərdi. Lakin heyf ki, indi o, bunu edə bilməzdi. Çünki o, vaxtilə xatirini çox istədiyi, əsl kişi saydığı Nəcməddinin qızı idi, həm də onun —Sübhanın böyüyü, çörək verəni idi. O, eyni zamanda, beynində dolandırırdı ki, bunlar — yəni Zərrintac kimi xanımlar həmişə belə olurlar, utanmırlar, çəkinmirlər, abır-həya gözləmirlər. Ona görə ki, dövlətlidirlər, özlərini hamıdan ağıllı, hamıdan qüdrətli sayırlar.

– Hə, sən necəsini istəyirsən arvadın? — deyə o, Sübhanın qızarıb qaldığını görərək sualını təkrar eləyəndə oğlan asta səslə:

– Heç cürünü, xanım! — dedi. — Mən hələ o barədə fikirləşməmişəm, düzü belədi, xanım. Evlənmək üçün çox şərtlər var, bilirsiz. Pulun olsun gərək, evin-eşiyin olsun gərək, aldığın arvadı kişi kimi saxlaya biləsən gərək, xanım. Buna isə mənim hələlik imkanım yoxdur.

– Demək, imkanın, şəraitin olsa evlənərsən, eləmi?

– Əlbəttə, xanım. Şəraitim olsa; mən deyən münasib qız olsa, yalnız o zaman evlənərəm. — Sözü bura çatanda o, heç özü də gözləmədiyi halda, birdən ağlına gələni dilinə gətirib zarafatyana soruşdu: — Yoxsa, xanım, məni evləndirmək istəyirsiniz?

Zərrintac xanım onun belə açıq sualından xoşhallanıb ucadan güldü:

– Ağıllı oğlan olsan, mən deyən adam olsan, səni evləndirərəm də, Sübhan. Niyə evləndirmirəm ki?

Sübhan yenə sifətini ciddiləşdirdi: «Yox, işdən-filandan qovmaq fikri yoxdu xanımın. Nəsə başqa dərdi-səri var. Bəlkə... bəlkə özünü...» deyə beynində dolandırdığı fikri axıra çatdırmağa qorxdu və Zərrintac xanımın sürməli, işıqlı gözlərinə baxıb:

– Ağıllı oğlan olsam? — deyə soruşduqda Zərrintac xanım uzun, rəngli barmağını stolun üstündəki şüşəyə tıqqıldadaraq:

– Hə, — dedi. — Ağıllı oğlan olsan. Sən necə, özünü ağıllı oğlan hesab edirsənmi, Sübhan?

Sübhan çətinlik çəkdi, çiyinlərini ehmalca qaldırıb:

– Nə deyim, xanım? Adam özünün ağıllı olub-olmadığını deyə bilmir. Bunu ancaq kənar adamlar, başqaları görüb qiymətləndirə bilər, — dedi.

– Düzdür, Sübhan. Sən özün indi desəydin ağıllı oğlanam, bu mənə xoş gəlməzdi. Belə deməyin göstərir ki, sən həqiqətən ağıllı oğlana oxşayırsan.

Yalnız bundan sonra Zərrintac xanım ürəyindəkiləri, planlarını açıb Sübhana dedi. Sübhan əsas mətləbi başa düşəndən sonra bayaqdan vücudunu sarıb sıxan, nigarançılıqdan qurtardı. Zərrintac xanım danışdıqca Sübhanın gözləri parıldayırdı, xəyalında tamamilə yeni — yatanda belə yuxusuna girməyən bir aləm canlanırdı. Çox olmuşdu ki, Elməddin—bəy balası kimi tər-təmiz, səliqəli geyinmiş Elməddin kombinata qara maşında gələrkən Sübhan—həm də tək onu? — ona həsəd hissilə baxmışdı. Onda hamı deyirdi: «Yetimin, kimsəsizin biridi, ancaq bəxtinə bax. Düz deyiblər: kiminin əvvəli, kiminin axırı. Padşah balasına oxşayır.» Və sexlərdə, dəzgah arxasında deyilən belə sözləri Sübhan çox eşitmişdi. İndi o səadət Sübhanın özünün üzünə gülürdü. Xanımın arxayın inamla dediyi sözlər ona həqiqətdən çox nağıl, yuxu təsiri bağışlayırdı, inanmaq istəmirdi hətta. Ancaq bunları Zərrintac xanım deyirdi, ona necə inanmaq olardı? Bu boyda zarafat olmazdı axı? Həm də Elməddinin gördüyü iş o qədər də çətin deyildi, onu Sübhan da görə bilərdi. Əvəzində isə ev, yüksək maaş, maşın... Yeni həyat...

– Bir sözlə, mən səni öz vəkilim eyləyirəm, bütün işləri sənə həvalə eyləyirəm, Sübhan. Sənin düz və halal oğlan olmağına inanıram. Əvvəl azca çətinlik çəksən də, eybi yoxdur, öyrəşəcəksən. Səni tam ixtiyar sahibi eləyirəm, Sübhan nə qədər yaxşı işləsən, o qədər pulun da çox olacaq. Mən qəpik-quruş güdən deyiləm. Sən mənim balaca qardaşım Nəcməddin on səkkiz yaşına çatanacan— hələ ona çox var — ağayi Nəcməddinin işlərini aparmalısan. Əlbəttə, ağıllı olsan, elə hesab et ki, bu şirkətlər, bu müəssisələr sənin özünündür, Sübhan. Mən səni maldan, puldan qane eləyəcəyəm, dünyada heç nəyin dərdini çəkməyəcəksən. Yaşamaq üçün sənə daha nə lazımdır, Sübhan??

—…

Sübhan gözlənilmədən qapısını döyən bu səadətdən elə bil lal olmuşdu. Ancaq gözləri də, sifəti də? «heç nə» deyirdi, «Razıyam!»

– deyirdi Sübhanın. Zərrintac xanım təkid edib ağıllı-başlı cavab istəyəndə Sübhan dili-topuq vura-vura:

– Xanım deyəndən sonra... Mənim nə ixtiyarım var!—dedi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, on yeddinci fəsil

Ağayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»

9 dəq
Birinci hissə, on səkkizinci fəsil

Ziyaülhəqq maşının içində, sükan arxasında oturmuşdu, «Şorbazar» qarışqa yuvası kimi qaynaşırdı: müxtəlif geyimli, müxtəlif biçimli adamlar ora-bura vurnuxur, kimsə nəsə alır, kimsə nəsə satırdı. Ziyaülhəqq qoltuqlarında qəzet bağlaması saxlayıb müştəri haylayan uşaqlara fikir verirdi. Onlar qışqıra-qışqıra özlərini adamın gur yerinə verir, əllərində tutduqları qəzetləri havada yelləyə-yelləyə bir-birinin səsini batırmağa çalışırdılar:– «Sülh» ruznaməsi alın. Əli Tüğyan bu gün tüğyan eləyib!

9 dəq
Birinci hissə, on doqquzuncu fəsil

Qapı astaca döyüldü. Elməddin yazı masasının arxasından çıxdı və mil-mil xalatının yaxasını düymələyə-düymələyə irəli yeriyib cəftəni çəkdi. Qapının ağzında Siminbəri görəndə gözlərinə inanmadı. Xəyalın, düşüncənin belə həqiqət olacağını heç vaxt ağlına gətirməzdi. Qəribə idi, çünki elə həmin anlarda o, Siminbər haqqında düşünürdü. Onu neçə vaxtdı görmürdü. Elə bil, həyatında nə isə çatışmırdı. Əhədullagilə getməyə utanırdı. Onunla rastlaşanda tez-tez «uşaqlar necədir» — deyə ümumi halda soruşurdu və bu «uşaqlar» sözü altında da ən çox Siminbəri nəzərdə tutduğunu anlayıb öz aləmində gülümsünürdü. Əhədulla da «əlini öpürlər, ömrünə dua eləyirlər!» deyə ümumi cavab verirdi. Ancaq Elməddin hiss eləyirdi ki, Simin heç cür yadından çıxmır, getdikcə onu daha çox məşğul eləyir, düşüncələrinin ən şirin, ən ləzzətli parçasına çevrilir. Və tez-tez qızın divardan öz əlilə asdığı şəklinə baxırdı. Elə indi də onun haqqında fikirləşirdi — özü öz ayağı ilə gəlib çıxdı.– Salam, Simin, xoş gəlibsən!

6 dəq
İkinci hissə, birinci fəsil

Topu yerə nə qədər bərk vursan, göyə o qədər çox qalxar» — bu həqiqət, ağıllı və müdrik adamların haçansa, haradasa söylədiyi bu hikmət, qolları qandallı halda dar, rütubətli, qaranlıq həbsxanaya düşəndən, dişləri vurulub sındırılandan, dırnaqları çıxarılandan sonra Məhəmməd Şəfi Rəhgüzər üçün inkaredilməz bir həqiqətə çevrilmişdi. Üstündə gəzdiyi, yaşadığı, hər qarışını müqəddəs sandığı şirin vətən torpağına, onun əsrlər boyu haqqı tapdanan, gecə-gündüz rahatlıq bilmədən çalışsa da, qarnı ac, əyni çılpaq, ayağı yalın övladlarına qəlbində doğulub pərvəriş tapmış məhəbbət nə qədər böyük və sonsuz idisə, bu torpağın, bu xalqın qədrini bilməyənlərə, adil adı ilə zalimlik eləyənlərə, vətənin taleyi ilə oynayanlara, əlinə düşən vəzifədən, məqamdan ancaq öz xeyri üçün istifadə edənlərə nifrəti bir o qədər artıq və nəhayətsiz idi. Bu qəzəb, nifrət günlər, aylar keçdikcə çoxalırdı. Şəfi həbsxanadan çıxandan sonra, elə bil qəflət yuxusundan ayılmışdı, keçən ömrünə heyfsilənirdi. Düzdür, o, qabaqlar da bu hisslərlə yaşamışdı. Qəlbində vətən eşqi yaşamışdı, onun düşmənlərinə nifrəti yaşamışdı — ancaq bu, necə də az imiş. O, əvvəllər də xalqının, doğma torpağının dərdlərindən yazmışdı — ancaq bu da az imiş, sən demə. Sən demə, məmləkətdə zülm ərşə dirənibmiş ədalətsizlikdən yer-göy qan ağlayırmış, haqq deyən ağızlar tikilirmiş, qapılar bağlanırmış!!!. Elin-obanın sevimlisi olan, məmləkətin hər guşəsində uşaqdan tutmuş böyüyə qədər hamının sevdiyi, pərəstiş etdiyi, adı gələndə fərəhdən göz yaşaran bir sənətkara hörmət edilməyəndə, adi, bəlkə də heç adını belə yaza bilməyən polis tərəfindən qoluna qandal vurulanda, çiyni çinli məmur tərəfindən dişləri vurulub salınanda daha hansı ədalətdən, haqdan danışmaq olardı? Şəfinin özünün içində elə bil nə isə sınmışdı: Zahirən süst, yorğun və küskün görünürdü: ancaq əvəzində qəlbində bir nifrət məşəli yanmışdı ki, daha onu heç nəylə söndürmək olmazdı. Hətta onu öldürsəydilər də, o məşəlin göylərə zəbanə çəkən qırmızı dilləri torpağın altında belə sönməzdi, yanardı, yandırardı. Və bu nifrət onu son dərəcə qorxusuz, cəsur bir adama çevirmişdi. Qəlbində sanki bulağın gözü daşdan, çınqıldan təmizlənmişdi. Şer qarşısıalınmaz sel kimi, ağ vərəqlar üstünə axırdı. Bu şerlərdən qan iyi gəlirdi — çünki şairin qəlbini qanatmışdılar. Həzinlikdən, kövrəklikdən əsər qalmamışdı o misralarda. Sevən aşiqin vüsal həsrəti, hicran əlindən şikayəti yox idi daha o misralarda. İnsan azad olmasa, məhəbbət də azad ola bilməz. «İnsan azad olmasa, məhəbbətin qisməti ayrılıqdı, göz yaşıdı, həsrətdi» — deyirdi şair. Siyasi-ictimai mövzular Şəfinin başını elə qatmışdı ki, son vaxtlar bircə dənə də lirik şer yazmamışdı. Qələmindən çıxanları aşkarda-xəlvətdə oxuyan Məleykə xanım da ərinin yazılarının büsbütün kəskin xarakter aldığını görür, bir tərəfdən sevinirdisə, bir yandan da kədərlənirdi. Sevinirdi ona görə ki, ərinin böyüklüyünün, əzəmətinin, sevilməyinin sirrinin bu cür əsərlərdə olduğunu yaxşı bilirdi: bu şerlərdə söylənilən həqiqətlər xalqın, elobanın dərdləri, qayğıları, faciəsi idi, bugünün həqiqətləri idi; o, həbsxanaya düşəndə məhz belə şerlər üstündə düşmüşdü, xalq, camaat onu azad etdirmək üçün əldə qırmızı bayraq küçələrə nümayişə çıxanda da onun məhz bu cür siyasi, kəskin şerlərini deyirdi. Ancaq Məleykə bu sevinclə bərabər gizli bir qorxu hissi də keçirirdi: — onu belə şerlər üstündə yenə apara bilərdilər.Məleykə kədərlənirdi, ona görə ki, bu qədər şerin içində bir misra da olsa, məhəbbət şeri yox idi. Heç olmasa Məleykəsinə də bircə şer yazmamışdı. Halbuki, qabaqlar həmişə ona şer həsr edərdi, onu şerin sehrli dili ilə əzizlər, öpüb oxşar, nəvaziş göstərərdi. Bu, Məleykədə gizli, daxili bir qürur doğurardı və o, bu qürurla özünü dünyanın ən xoşbəxt qadını sayardı. İndi isə... belə misralar tapmayanda... Məleykə yüngülcə köks ötürər, qüssəli gözlərini ərinin ağarmış saçlarında gəzdirər, «qocalır mənim əzizim!»—deyə xiffət eləyər, ancaq heç nə deməzdi.

10 dəq

Başqa şairlərin şeirləri