Birinci hissə, doqquzuncu fəsil
Səhifə 2 / 3 · 33%
⎯ Yox. Eləmərəm. Demərəm, kişi.
⎯ Dərd çəkərlər uşaqlar».
Güldanə «Yəqin siz də pambıqdasız!» ⎯ deyəndə, əlinə göydən düşən bu fikirdən yapışıb əlavə elədi: ⎯ Məktəbi bağladılar, uşaqları apardılar pambığa. Mən də dedim, ay yoldaşlar, qoca kişiyəm, bu il pambığı mənsiz yığarsız. Bəsdi ta. Gedirəm balalarıma baş çəkməyə.
⎯ Yaxşı eləmisən, ay ata. Biz də səni doyunca görərik. Elə Gültəkin, Elman, Elcan hey deyir ki, gedək babagilə. Deyirəm vaxt yoxdu, deyirlər bəs haçan olacaq vaxt? Nə deyirik cavab verirsiz ki, vaxt yoxdu.
Nəzər siqaret yandırdı və fikirli-fikirli söylədi:
⎯ Onu düz deyirlər. Vaxt yoxdu, mənim körpəm. ⎯ Və ürəyində düşündü ki, Güldanə nə qədər həssas, sözdən söz çəkən olsa da, onun son «Vaxt yoxdu!» sözlərindəki mənanı heç cür, heç vəchlə, Nəzərin nəzərdə tutduğu mənada başa düşə bilməz. «İnsan vaxtın içində doğulur, vaxtın içində yaşayır, vaxtın içində də ölür. İnsan dünyaya gələndə onun boynuna biçilmiş, taleyinə, alnına yazılmış vaxt da doğulur. Onun öz vaxtı. Əvvəl bu vaxt, zaman deyilən şey gözə görünmür, qədirsiz-qiymətsiz olur, çox olur, heç kəs onun hardan gəlib hara getdiyinə əhəmiyyət vermir. Ancaq ömrün elə çağı gəlir ki, o vaxt qədir-qiymətə minir, hiss edirsən ki, sənin ən dəyərli bir nemətin varsa, o da vaxtdı, deməli ki, ömürdü. Sonra, ömrün bir məqamında lap yəqin başa düşürsən ki, ay aman, vaxt azalır, yoxalır, vaxt qarşısıalınmaz bir sürətlə əriyir. Və günlərin birində də sən görürsən ki, üstündə əsdiyin o vaxt deyilən nemət qurtardı. Aman allah, qurtardı! Bu, dəhşətli andı, bu, hər şeyin sonudu sənin üçün!.. Sən öləndə sənin vaxtın da ölür!»
Güldanənin səsi Nəzəri düşüncələrdən ayırdı:
⎯ Hələ bir şeyə də gərək «mübarək olsun!» deyəsən, ata!
⎯ Hə? Nədi o elə?
⎯ Bir dur bura gəl, ⎯ deyə Güldanə atasının qolundan tutub qaldırdı və hamamın böyründəki qarajın qabağına gətirdi. ⎯ Ancaq əvvəlcə gözlərini yum. Mən deyəndə açarsan, yaxşımı?
⎯ Yaxşı!
⎯ Hə, yum gözlərini!
⎯ Yumdum!
Qarajın dəmir qapısı xırıltı-cırıltı ilə açıldı:
⎯ Hə, indi aç gözlərini!
Nəzər baxanda içəridə ağappaq «QAZ-24»ün dayandığını görüb, heyrətlə içini çəkdi:
⎯ A… Belə de! Maşın almısız!.. Mübarəkdi. Mübarəkdi. Sağlığınıza qismət, ay mənim körpəm. ⎯ Nəzər böyründə dayanan qızını sinəsinə sıxıb saçlarından öpdü.
⎯ Sağ ol, ay ata! ⎯ Güldanə də eynən uşaqlığında olduğu kimi, şıltaq bir hərəkətlə atılıb atasının üzündən öpdü. Güldanə uşaq olanda atası təzə paltar, ayaqqabı, oyuncaq alıb gətirəndə belə eləyərdi. Nəzər uzaqda qalmış o illərin bu xoş xatirəsini yadına salıb gülümsündü:
⎯ Bunu mən almamışam ha, ay mənim körpəm, Tapdıq alıb. Onu öpməlisən, məni yox. Haçan götürmüsüz?
⎯ Tapdığı da öpmüşəm, ⎯ dedi və yersiz danışdığını başa düşüb qızardı, sözü dəyişdi: ⎯ İki həftədi. Tapdığa kolxoz mükafat kimi verib.
⎯ Bə niyə nömrəsizdi, qız?
⎯ Tapdığın vaxtı yoxdu gedib nömrə alsın. Bu həftə gedib alacaq.
⎯ Maşallah. Gözəl maşındı, rəngi də gözəldi.
⎯ Hə, ay ata, Tapdığın qara rəngdən xoşu gəlir; deyirdi qara rənglisindən götürəcəyəm. Dedim yox, ağ yaxşıdı. Ağ götür. O da gedib ağ rənglisini götürdü.
Nəzər qaraja girib maşının ətrafına hərləndi: «Yaxşıdı, çox yaxşıdı!» ⎯ deyib çölə çıxdı.
Kişinin kefi kökəldi. Qızını görməkdən yaranan sevinci hamam, maşın iki-üç qat da artırdı və o bir anlığa özünü ən xoşbəxt ata hesab elədi dünyada, elə o dəqiqə də ürəyindən keçirtdi ki, kaş, o biri uşaqlarının da ⎯ Güllünün də, Qəribin də taleyi belə olaydı, yaxşı adamlara rast gəlmiş olaydılar. Oğluna ağıllı, tərbiyəli qız tuş olaydı, Güllünün də əri heç olmasa bir az Tapdığa oxşayaydı!
⎯ Ta nəynən sevindirəcəksən məni, ay mənim körpəm?
Güldanə bəxtəvər-bəxtəvər gülümsündü, sağ yanağındakı xırdaca çökək təbəssümün içində itdi:
⎯ Ta heç nəynən. Ta bəsdi. Bunlar azdı məgər, ay ata?
⎯ Yox, az deyil, qızım. Bu gün ürəyim lap dağa döndü.
Gəzə-gəzə hovuzun qırağına gəldilər. Balıqlara xeyli tamaşa elədilər. Nəzər keçib hovuzun qırağındakı oturacaqda əyləşdi, bir siqaret yandırdı, sonra qızını yanına çağıraraq sol əlini yavaşca oturacağın taxtasına vurub:
⎯ Gəl otur yanımda, mənim körpəm, ⎯ dedi, ⎯ dağdanarandan danışırıq bayaqdan, indi de görüm sənin öz şəxsi işlərin necə gedir?
Güldanə atasına sığındı:
⎯ Yaxşıdır, ay ata!
⎯ Yenə kitabxanadasan da?
⎯ Ancaq pambıq yığımı başlanandan açmıram kitabxananı! ⎯ Niyə ki?
⎯ Kolxoz sədri icazə vermir! Deyir: «Hər şey pambıq üçün!..» Müharibə vaxtı hər şey cəbhə üçün olduğu kimi!.. İndi ancaq axşamlar açıram. Gündüz kənddə adam olmur ha. Hamı işdə-gücdə.
⎯ Yəni axşam kitabxanaya gələn olur ki?
⎯ Oldu-olmadı, mən açıram, otururam. Birdən görürsən cavanlardan ikisi-üçü gəlir. Kitabdan-jurnaldan istəyir.
⎯ Bəs gəlməsə?
⎯ Gəlməsə də ki, heç! Oturub kitabdan-zaddan oxuyuram. ⎯ Onu yaxşı eləyirsən, mənim körpəm. Şükür, indi yemək-içmək boldu, qarnı ac adam tapammazsan. Ancaq ürəyi ac adam çoxdu; indinin ən kasıb adamı ⎯ kitab oxumayandı, ən böyük kasıblıq ⎯ mənəvi kasıblıqdı, mənim körpəm.
Güldanə birdən vəcdlə qolunu atasının boynuna saldı və bir övlad məhəbbəti ilə onu özünə tərəf çəkib sıxdı:
⎯ Qurban olum atama! Sən lap şairlər, yazıçılar kimi danışırsan!
Nəzər mehribanlıqla, eyni zamanda maraqla xəbər aldı:
⎯ Hansı şairləri, yazıçıları deyirsən, qız?!
⎯ Yadımdan çıxıb ey, sənə deməmişəm, ⎯ Güldanə həvəslə söylədi: ⎯ Keçən həftə Yazıçılar İttifaqından bir şair, bir də yazıçı gəlmişdi.
Nəzər qızına sarı çöndü:
⎯ Kim idi?
⎯ Biri Sakit Aranlıydı, o biri də gənc şair Toğrul idi.
Nəzərin pırpız qaşları çatıldı:
⎯ Demək Sakit Aranlı bizim rayona gəlib, məni görməmiş çıxıb gedib?
⎯ Məgər tanıyırsan onu?
⎯ Ba! Tanıyırsan nədi? Yazıçılar içində ən yaxın dostumdu. Bəs kitabxanamda avtoqraf yazıb göndərdiyi kitablarını görməyibsən? ⎯ Yox.
⎯ Hər dəfə təzə kitabı çıxanda birini məxsusi mənə göndərir. ⎯ Belə de! Elə yaxşı kişidi, elə mehribandı, istəyirsən ürəyini yarıb içinə qoyasan; adamnan elə danışırdı ki, sanasan min ildi səni tanıyır. Elə xırmanda, qapanın yanında görüş təşkil elədik kolxozçularla. Mən bir az onun kitabları barədə danışdım. Gənc şair Toğrul öz şerlərini oxudu. Yaxşı şerlər idi, ay ata!.. Ürəkdən yazmışdı. Əzbərdən deyirdi. Üç-dörd şer oxudu. Hamısı yadımda qalıb, ay ata!
⎯ Hə? Birini de görüm! Bilirsən ki, mən də yaxşı şeri çox sevirəm. De, mən də həzz alım, ay mənim körpəm!
Güldanə əlini saçlarına çəkdi, hovuzda üzən balıqlara baxdı, fikrində nəyisə götür-qoy elədi (görünür, seçirdi şerləri), sonra həlim, axar bir səslə söylədi:
⎯ Adı gərək ki, «həsrət» idi.
⎯ Hə, de. Ürəyim yaman şer istəyir.
Güldanə ahəstəcə başladı:
Həsrətdən ürəyim olubdu dağ-dağ,
Gözümün yaşı da quruyub, inan.
Mən səni həmişə görürəm, ancaq
Sənə əlim yetmir, necə uzaqsan?!
Səsini eşitsəm, qəlbim titrəyir,
Addım səslərindir qulaqlarımda.
Səni görməyəndə göy yerə dəyir,
Gül adın çırpınır dodaqlarımda.
Ömür həsrət ilə ötdü yarıdan,
Gözümə ağ düşdü, saçlarıma dən.
Qəlbimə eşqini yazan-yaradan,
Elə hey dedi ki, sən gələcəksən.
Gəlişin bayramdı, gedişin yasdı
Gəlirsən ⎯ diriyəm, gedirsən ⎯ ölü.
Sənsiz bu dünya da dünya olmazdı,
Sənsiz mən də yoxdum, ay ömrüm gülü.
⎯ deyib atasının üzünə baxdı:
⎯ Necədi, ay ata?
⎯ Yaxşıdı, qızım. Nizamisi, Nəsimisi, Füzulisi, Sabiri, Səməd Vurğunu olan bir xalqın, adını şair qoyan oğlunun pis şer yazmağa haqqı yoxdu, qızım.
⎯ Sakit Aranlı da heylə deyirdi ⎯ eynən sən deyən kimi deyirdi, ay ata! O, şer oxumadı, elə-belə danışdı. Çox gözəl sözlər dedi. Qəribə idi, mənə elə gəlirdi ki, o mənim, sənin, onun düşündüklərimizi, ancaq dilimizə gətirə bilmədiklərimizi söyləyirdi. Sanki ürəyimin içinə girmişdi. O qədər əl çaldıq ki, ovcumuz göynəyirdi, ay ata. Deyəsən heç gözləmirmiş ki, bizim kəndin camaatı onun kitablarının hamısını oxuyub, onu bu qədər sevə bilərik. Yaman həyəcanlanmışdı; dedi bu məhəbbət bəsimdi, qələm sahibi o zaman həvəsnən, məhəbbətnən yazıb-yaradır ki, qədri bilinsin, sevilsin, qiymətləndirilsin. Xalqımız, ⎯ dedi, ⎯ qədirbilən xalqdı, oxuyan xalqdı, sözə-sənətə qiymət verən xalqdı, ağı qaradan seçir oxucularımız. Ədəbiyyat, ⎯ söylədi, ⎯ xalqın vicdanıdı, vicdanının səsidi. Şair, yazıçı kimdi? Xalqın danışan dilidi və bu dilin qılıncı, kəsəri ⎯ həqiqətdi. Həqiqət yazmayan qələm isə ⎯ ovxardan düşmüş qılıncdı. Sənətin gücü ⎯ doğru sözdədi! Doğrusu söz isə o zaman beyinlərə, ürəklərə, vicdanlara təsir edə bilir ki, onu dinləyən, eşidən, oxuyan, həzm edən olsun. Bizim gücümüz sizsiz, oxucularımızdı. Oxucusuz yazıçı, şair ⎯ sudan çıxarılıb qumlar üstünə atılmış balığa bənzər ⎯ nə qədər böyük, qüdrətli, şan-şöhrətli olsa da, çırpınıb-çırpınıb öləcək, çox yaşamayacaq!!!
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-doqquzuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təklik dəhşətli şeymiş! Bunu Heyran əvvəllər bilməzdi, deyən olsaydı, inanmazdı. Ancaq biçarə Cabbarın o qarlı gündə ölümündən sonra keçən bu yalqızlıq aləmində Heyran dünyada kimsəsiz qalmağın, dörd divar arasında tənha yaşamağın nə demək olduğunu anlamışdı, böyüklü-kiçikli, qonaqlı-qaralı olmamışdı, Cabbar səhər gedib axşam yorğun-arğın qayıdıb gəlmişdi. Bütün günü evdə, həyət-bacada tək qalan Heyran onda heç vaxt özünü yalqız hesab eləməmişdi. Cabbarın axşam, yataqda dediyi bir xoş sözü, bir isti nəvazişi bütün günü yadına salıb rahatca gəzib-dolanmış, səbirsizliklə ərinin işdən qayıtmağını gözləmişdi. Cabbar xəstələnib yatağa düşəndə də o, gah ərilə danışmış, gah da ürəyində allahla həsb-hal eləmiş, ona cansağlığı diləmişdi. Hər iki halda Heyranın başını qarışdıran, ona tək olmadığını hiss etdirən bir şey olmuşdu. Ancaq indi...Cabbar gözünün qabağında ölmüşdü. Onun qışqırığına yığılıb gələn qonum-qonşu—ağsaqqallar, qoca arvadlar Cabbarın ağır xəstəlikdən öldüyünü zənn edirdilər. Təkcə Heyran bilirdi ki, o, xəstəlikdən ölmədi, bu xəstəliklə hələ çox yaşaya bilərdi, məsələn, hələ beş il də yaşaya bilərdi. Heyran yaxşı bilirdi ki, Cabbarın bağrı çatladı, öldü; əgər onu yarsaydılar, tibbi muayinə eləsəydilər, mütləq təyin edərdilər ki, Cabbarın ürəyi partlayıb! Heyran cənazənin üstündə saç-birçəyini yola-yola, üz-gözünü cıra-cıra ağladıqca, «Cabbarım!» deyə ağı söylədikcə bu məşum hiss — özünün günahkar olmağı hissi azalmırdı və onun ürəyini, beynini yandırırdı. Qonşulardan yığılıb gəlmiş beş-altı kişi, Cabbarı yuyub kəfənə bükərək, günortadan sonra dəfn eləməyə aparanda da, yaxınlıqdakı qəbiristanda torpağa tapşırıb geri qayıdanda da, yasa gəlmiş beş-on qonşu arvad gecə saat onda dağılışıb evlərinə-eşiklərinə gedəndə də, on beş-on altı il ərzində ilk dəfə damın altında tək-tənha qalıb gecə səhərəcən göz qırpmayanda da, bir-birinin dalınca çox böyük ləngərlə ağır-ağır ötüb keçən bu qırx gün müddətində də—heç vaxt, bircə an da olsa o məşum günahkarlıq hissi Heyranı tərk eləməmişdi, onu köz üstə atılmış ət parçası kimi - cızhacızla yandırmışdı. Qəribə idi, Cabbarla yaşadığı on beş ilin acılı-şirinli xatirələrindən indi bircəciyi də yada düşmürdü; yada düşən ancaq onun ölümqabağı keçirdiyi çılğın vəziyyət idi. — Heyranın təzə paltarda əlidolu qayıdarkən gördüyü anlarda düşdüyü vəziyyət idi. Bəli, on beş illik həyatdan ancaq bu qalmışdı Heyran üçün. İlahi, o da elə ağır idi, elə yandırıcı idi—isti yaranın üstünə səpilən duz kimi cızdağını çıxarırdı. Bu, cəmi üç-dörd dəqiqə çəkməmişdi heç. Amma bir ömrün, özünə görə xoş olan bütün şirinliklərinin, gözəlliklərinin üstündən xətt çəkmişdi. İnsan necə də anlaşılmaz məxluq imiş! On beş ildə Heyran bircə dəfə də olsa, Cabbarda belə sifət görməmişdi, hirsləndiyini, ona güldən ağır bir söz dediyini eşitməmişdi, duymamışdı. Amma onda Cabbar tamam başqa adama çevrilmişdi, tanınmalısı qalmamışdı. Yəqin onun o dəqiqələrdə iqtidarı olsaydı, durmağa taqəti olsaydı, vücudu sözünə baxsaydı, Heyran Cabbarın daha başqa snfətlərini də görə bilərdi. Yəqin ürəyində tüğyan eləyən o lənətə gəlmiş qısqanclıq hissi ilə vücudunun qüdrəti uyğun gəlmədiyinə görə, hirsindən, hikkəsindən ürəyi partlamışdı Cabbarın. Bu faciənin əgər yarısı qəzəbindən baş vermişdisə, yarısı da gücsüzlüyündən, zəlilliyindən meydana gəlmişdi.
İkinci hissə, onuncu fəsilSiminbər Məleykə xanımın xoşuna gəlmişdi. Davranışından, baxışlarından, oturub-durmağından ağıllı qıza oxşayırdı. On səkkiz yaşı təzəcə tamam olmuşdu, əti-əndamı, qaşı-gözü, boy-buxunu ona baxan hər kəsdə xoş duyğu, rəğbət hissi doğururdu. Məleykə xanım uşaqlı-böyüklü, balaca otaqda qarışqa kimi qaynayan bu ailədə, oturub çay içə-içə, söhbət eləyə-eləyə gözaltı fikir verdikcə Elməddinlə Siminbəri xəyalən müqayisə eləyir, ikisinin də bir-birinə yaraşdığı qanaətinə gəlirdi. Siminbəri Zərrintacgildə yaşayanda Məleykə xanım bir, ya iki dəfə görmüşdü — onda, pis paltarda idi, üstündə «qulluqçu» adı vardı. Buna baxmayaraq elə o zaman Simin Məleykənin yadında qalmışdı. İndi, onlarda oturduğu iki-üç saat müddətində o, Məleykəni köhnə tanış kimi qarşılamış, anasına böyük sevinc hissilə başa salmışdı ki, Məleykə xanım böyük şair Şəfinin qadınıdır. Şəfi kimi məşhur bir adamın xanımının onlara təşrif gətirməsindən hədsiz dərəcə sevindiyi üz-gözündən oxunurdu. Və bu da Məleykənin ürəyini fərəh hissilə doldurmaya bilmirdi. Məleykə fikirləşirdi ki, Zərrintac xanımdan Siminbər qanacaqlıdır. Necə deyərlər, o qədər yaxınlıq, gəl-get olmasına baxmayaraq, gəlinləri olmasına baxmayaraq, onlar qaynayıb-qarışa bilməmişdilər: elə bil, Zərrintac xanım tamam yad, uzaq bir dünyadan gəlmişdi, sanki başqa cür düşünən, başqa bir dildə danışan adam idi Zərrintac xanım. Amma Siminbərdə qəribə bir şirinlik, yapışıqlıq vardı. Bu, Məleykəni çox sevindirirdi. Anası Fatimə arvad, uzun illər qonaq qara üzü görmədiyindən, sanki çaşmışdı. Dindirəndə dinirdi, dindirməyəndə yox, o biri tərəfdən də balacalar, xüsusilə Vətənyar ondan əl çəkmir, göz açmağa imkan vermirdi.Məleykənin gəlişinin səbəbini Siminbər təxmin edirdi. Ona görə çox həyəcanlı idi, qızarmışdı. Uşaqlar evdən çıxmadığından Məleykə mətləbini Fatiməyə açıb deyə bilmirdi. Bunu Siminbər dərhal başa düşdü və uşaqları başına yığıb yandakı balaca, təzə tikilmiş mətbəxə apardı. Yalnız bundan sonra Məleykə xanım əsl məqsədinn Fatiməyə deyə bilmişdi. Fatimə bu xəbəri eşidəndə çox şad olmuşdu. Sevindiyindən nə deyəcəyini bilməmişdi. Məlum olmuşdu ki, Elməddini bu evdə uşaqdan-böyüyə hamı sevir, adını ehtiramla çəkir. Elməddin bu evin ən əziz adamıdı; onu ailənin xilaskarı, çörək verəni, yaxın dostu kimi tanıyırlar.
İkinci hissə, on birinci fəsilElməddinin vəzifəsini icra etmək üçün Sübhanı seçməkdə yanılmadığını Zərrintac xanım elə ilk günlərdən başa düşüb çox sevinmişdi. Sübhan onun gözlədiyindən və təsəvvür elədiyindən qat-qat, zirək, çevik, qılıqlı və işbilən imiş. O, öz öhdəsinə düşən işləri çox tez qavramış, vəziyyətə tez uyğunlaşmışdı. Onun Elməddindən üstün cəhətlərindən biri bu idi ki, şəhərdə böyümüşdü, şəhərin, şəhər camaatının, tacir-tüccarın necə yaşadığını, nə ilə nəfəs aldığını gözəl bilirdi. Nəssaci malları satan tacirlərin yerini-yurdunu, mal dövriyyəsini, müştərilərin çoxluğunu, azlığını Sübhan azca bir əmək sərf etməklə tamam-kamal öyrənmişdi. Halbuki Elməddin bu mətləbləri bilmək üçün xeyli vaxt itirmişdi, xeyli də əsəb. Sübhan isə şəhəri beş barmağı kimi tanıdığından ona bələdçi lazım olmamışdı. Üstəlik ayrıca sürücü saxlamaq xərcindən də Zərrintacı azad eləmişdi. Sən demə, o, lap yeniyetmə vaxtı neçə il klinar işləmiş, maşının dilini beş barmağı kimi öyrənmiş, sürməkdə də ustalaşmışdı.Vaxtilə Əhədullanın sürdüyü və Elməddini gəzdirdiyi maşını o, bircə günün içində yuyub təmizləmiş, sazlamış, qarajdan çıxartmışdı. Yaşadığı evini qonşusunun təzə evlənmiş oğluna kirayə verərək Elməddinin nə zamansa yaşadığı o təkotaqlı, münasib şəraiti olan mənzilə köçmüşdü. Üst-başını dəyişmiş, geyim-kecimnnə fikir verməyə başlamış, tamam centlmen bir oğlan olmuşdu. Bunun üçün o, Zərrintac xanımdan pul istəməmişdi—özünün illərlə evlənmək məqsədilə yığıb topladığı pullardan xərcləmiş, əyin-başını düzəltmiş və tanınmaz dərəcədə dəyişmişdi. Danışdıqları gündən üç gün sonra Dəftərə gələndə Zərrintac xanım az qala onu tanımamışdı. Diqqətlə baxandan sonra onu tanıyıb razı halda gülümsünmüşdü. Bir həftə keçməmiş bütün şəhərdə, Nəcməddinin müəssisələrində hamı— tanıyan da, tanımayan da ancaq Sübhandan danışırdı. Elə bil möcüzə baş vermişdi. Dünənki kasıb, səhərdən-axşamacan əlində kiçik alət çantası toxucu dəzgahları arasında gəzən Sübhan indi par-par parıldayan amerikan maşınında gəzir, bir-bir müəssisələrə baş çəkir, işlərin gedişi ilə əsl sahibkar kimi maraqlanır, lazım olanda kimisə tənbeh edir, kimisə böyüdürdü, hər yerdə ondan danışırdılar:
İkinci hissə, on ikinci fəsilŞəfi son iki günü çox həyəcanlı idi. İşdə də, evdə arvad-uşağının yanında da özünü nə qədər tox tutmağa çalışsa da, daxili bir1 gərginlik, gizli bir təlatüm vardı ürəyində. Srağagün vəzire-dərbar Əli xan şəxsən lütf eləyib zəng çalaraq əlahəzrəti-humayunun onu qəbul etmək arzusunda olduğunu bildirdikdə, Şəfi heç nə düşünməyə imkan tapmadan, tələsik razılıq vermiş, əlahəzrətlə görüşmək səadətinin özü üçün şərəf saydığını söyləmişdi. Vaxtı-vədəsi cümə gününə düşürdü. Bu qəbul nə üçün idi, tək onumu qəbul edəcəkdi əlahəzrət? — Belə şeyləri soruşmaq ədəb dairəsindən kənar olduğu üçün şair heç nə xəbər almamış, qulaqları guruldaya-guruldaya dəstəyi yerinə qoymuşdu. Əsl təlatümlü anlar, saatlar sonra başlamışdı. Qarşısında oturan Elməddin Şəfinin telefon danışığından məsələnin nə yerdə olduğunu anlayıb mat-mat ustadının üzünə baxırdı. Onun yanında birinci dəfə belə iş baş verdiyindən bilmirdi ki, buna sevinsin, ya kədərlənsin! Hər halda onun fikrincə, bu, balaca məsələ deyildi—əlahəzrət bu məmləkətdə hər şer yazıb adını şair qoyanı hüzuruna çağırmırdı; bildiyinə görə, o, ancaq ən nüfuzlu, görkəmli adamları (onların da hamısını yox!) nadir hallarda, bu və ya digər münasib bir gündə, lazım bildiyi məsələ ilə əlaqədar qəbul edirdi. Ona görə də Elməddin belə hesab etdi ki, bu, ustad üçün də, heç şübhəsiz, bir şərəf olmalıdı, buna ancaq sevinmək olar. Odur ki, Şəfi dəstəyi asan kimi, Elməddin, ani təxirdən sonra, Şəfini təbrik etməyi lazım bilmişdi:
Başqa şairlərin şeirləri
Əlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
BayatılarGözəlim ana Təbriz,Yaralı sona Təbriz,
KəsdiUzaq vilayətə qonaq gedirdim,Mehrü məhəbbətim yanımı kəsdi.
Dəllək... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdan sonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. İmdi əgər Cuq¬qulu qumar oynatmasa, şətəl pulu cibindən çıxacaq. Əgər oynatsa, dəlləkliyi yaddan çıxacaq. Odur ki, həmi qumar oynadır, həmi baş qırxır. Deməli, hər barədə də qırxır.(Hələlik qulaq verin)