…Güldanə axşama yaxşı toyuqplov bişirmişdi. Bostandan payızlıq pomidor yığmışdı, ləkdən göy-göyərti biçmişdi, talvardan iri, dolu qara üzüm salxımları kəsmişdi. Ətri uzaqdan adamı vuran Qızıl Əhmədi almalarını yuyub vazaya yığmışdı.

Uşaqları ilə çöldən – kolxoz həyətindən bir yerdə gələn Tapdıq aynabənddə açılmış dəm-dəsgahlı stolu görəndə gülə-gülə soruşmuşdu:

⎯ Xeyir ola, arvad, qonaq gözləyənə oxşayırsan?

Güldanə əlinin arxasıyla ora-bura qaçmaqdan tərləmiş alnını silib xoş əhvali-ruhiyyə ilə:

⎯ Hə, qaynatan gəlib! – dedi.

⎯ Gəlib? – Tapdıq da, uşaqlar da sevinmişdilər.

⎯ Babam gəlib! – Gültəkin ucadan səslənmişdi.

⎯ Gəlib, gəlib!

Elmanla Elcan atılıb-düşmüşdü:

⎯ Urra! Baba gəlib!

⎯ Bəs hanı kişi? – Tapdıq o yan-bu yana baxmışdı.

⎯ Yatıb!.. Səs salmayın, qoyun dincəlsin.

Elcan anasının donunun ətəyindən tutub:

⎯ Nənəm də gəlib? – soruşmuşdu.

⎯ Yox.

⎯ Eee.. Elə həmişə tək gəlir.

Tapdıq nigaran-nigaran:

⎯ Salamatlıqdırmı barı? – demişdi.

⎯ Eyzən salamatlıqdır.

Sonra Tapdıq hamamlanmışdı, iş paltarını dəyişib tər-təmiz ev paltarı geyinmişdi. Bir az bundan qabaq əli, üzü qapqara olan Tapdıq tamam başqa adam olmuşdu. Bu, onun çoxdankı adətiydi. Geyinib-keçinib toya-mağara, iclasa, kluba, rayona, şəhərə gedəndə heç kəs inanmazdı ki, bu ucaboy, enlikürək, şaqqallı adam adicə bir traktorçudur. Səliqəlilik öz canında vardı, buna baxmayaraq, Güldanə də onu bu barədə gözdən qoymazdı. Qalstuku, köynəyi, cib yaylığı Güldanənin həmişə nəzərindəydi. Kostyumlarını elə ütüləyirdi ki, elə bilərdin indicə mağazadan götürüb. Ayaqqabılarını da Güldanə öz səliqəsiylə mazlayıb çötkələməyi sevərdi və bu işləri zövq ala-ala eləyirdi. Arvadının bu həvəsini görən Tapdıq, bir kişi kimi çox fərəhlənirdi. Atalarının yuyunduğunu görən uşaqlar da bir-birinin həvəsinə çimib çıxmışdılar. Hamı stol başında oturmuşdu.

⎯ Babanı çağır da, ay ana! ⎯ deyə balaca, sonbeşik Elcan hövsələsizlik göstərirdi.

⎯ Acmışıq axı!..

Elə bil bu sözə bənd imiş, Nəzər qonaq otağının qapısı ağzında göründü, qollarını geniş açıb dedi:

⎯ Balalarımın axşamı xeyir!

Uşaqlar səs eşitcək bir adam kimi ayağa qalxıb Nəzərə sarı cumdular. Qucaqlaşıb öpüşdülər, sonra Tapdıq irəli yeridi, adətləri üzrə ata-bala kimi görüşdülər. Bu görüş çox isti və mehriban görüş idi. Güldanə atasıyla ərinin belə görüşməyindən həmişə fərəhlənirdi.

Söhbət edə-edə, hal-əhval tuta-tuta şamlarını yedilər, dedilər, güldülər. Eyvanı səs-küy bürümüşdü. Kənardan baxan elə bilərdi ki, burada iyirmi-otuz adam var. Ağız deyəni qulaq eşitmirdi. Bu, Tapdığa ləzzət eləyirdisə, Güldanənin əsəblərini cırmaqlayırdı. Axırda dözməyib çımxırdı:

⎯ Ədə, sakit olun, kənd səsinizdən köçdü ki?!

⎯ Dəymə, sən allah, ay Güldanə. Qoy desinlər, gülsünlər, ⎯ deyə Tapdıq balalarının sevincindən həzz almaq istəyirdi. Çünki özü lap erkən, on dörd yaşından ata-anasız qalmışdı. Evdə, demək olar ki, tək yaşamışdı, qonşuların himayəsi, qayğısı gündüzlər təkliyini unutdurmuşdusa da, axşamlar dörd divar üstünə yerimişdi. Çox vaxt ürəyi hövl eləyəndə ağlaya-ağlaya yatmışdı. O, uzun-uzun illər ⎯ Nəzər müəllimin köməyi, qayğısı ilə orta məktəbi qurtarandan, əsgərliyə gedib-gələndən sonrayacan ⎯ bu həyətdə özgə bir səs-səmir eşitməmişdi. Dalbadal üz verən yaslardan sonra ilk dəfə burada toy olmuşdu. Aşıq Pənah oxuyub saz çalanda o dəhşətli sükut buzu qırılmışdı… və Tapdıq yalnız ondan bəri təkliyin, yetimliyin, sükutun daşını ata bilmişdi.

İndi qonaq-qara gələndə, belə gur söz-söhbət olanda Tapdıq çox sevinirdi, uçmağa qanadı olmurdu; durub özünü, oturub dizini gördüyü günlərin ağrısı-acısı canından çıxırdı elə bil.

Mehriban, xoşbəxt ailəsinə, bir-birindən qəşəng, ağıllı balalarına, cah-cəlalına baxanda, bu barədə fikirləşəndə, xəyalında birinci Nəzər müəllimin qabağında baş əyirdisə, ikinci öz qabarlı əllərini öpürdü. Çünki Nəzər Tapdığın dayağı olmuşdu. Bir qarın çörək verəndə, bir dünya da ümid vermişdi, əlindən tutub qaldırmışdı, çörək, ev-eşik sahibi eləmişdi. Ona görə də Tapdıq Nəzərə müəllim kimi yox, bir ata kimi baxırdı; qəribə idi ki, Nəzər də onu çox istəyirdi, hərdən öz-özünə düşünürdü ki, onu oğlu Qəribdən də artıq sevir. Ancaq Tapdıq öz əllərindən də ona görə öpürdü ki, o, bu əllərlə özünə xaniman düzəltmişdi. Bunu Tapdıq da, Nəzər də, Güldanə də yaxşı başa düşürdü.

Söhbətləri elə şirin, xoş olmuşdu ki, bir də görmüşdülər saat ondu. Eyvanın o başında, bədənnüma güzgülü paltarasanın tuşunda qoyulmuş rəngli «Elektron» televizorda «Zaman» xəbərlər proqramı başlayırdı. Onun tanış, adət elədiyi musiqisini eşidən kimi Nəzər, stulunu rahatlayıb üzünü ekrana çevirdi. Bu, o demək idi ki, ta bəsdi, imkan verin, görək dünyada nə var, nə yox… Və onun bu şakərini burda da bilirdilər. Nəzər həmişə deyərdi:

⎯ «Yaxşı verilişdi bu! Evində oturub dünyanın hər yerindən xəbər tutursan. Ac qalan kimdi, ölən kimdi, öldürən kimdi. Harda quraqlıqdı, haranı sel-su aparıb. Nə qədər pambıq, taxıl, üzüm yığılıb. Ölkəyə kim qonaq gəlib, kim hara qonaq gedəcək. Kosmonavtlarımız göydə neyniyir, nə başını ağrıdım, dünya sənin evindədi ⎯ otur, tamaşa elə!»

Sonra kino başlandı. Güldanə də, uşaqlar da televizorun qabağına yığışdılar. «Baharın on yeddi anı» filmini nümayiş etdirirdilər. Üçüncü dəfə.

Nəzərlə Tapdıq aşağı düşdülər. Həyət çıraqban idi. Gəlib hovuzun qırağında oturdular. Nəzər yenə siqaret yandırdı.

⎯ Yaxşı, bayaq oxunu atıb, yayını gizlədin, ⎯ deyə Nəzər balıqlara tamaşa eləyən Tapdığa sarı döndü ⎯ Səfərlə niyə sözün çəp gəlib axı, bir əməlli-başlı danış görüm.

Tapdıq xeyli fikrə getdi, elə bil nəyisə götür-qoy eləyirdi, handan-hana dilləndi:

⎯ Hardansa kişinin ağlına gəlib ki, bizim kolxozda bir qəhrəman düzəltsin.

⎯ Necə yəni qəhrəman düzəltsin? Qəhrəmanı da düzəldirlər, məgər?

⎯ Hə, indi çox şeyi düzəltmək olur, Nəzər müəllim. Sədrimiz də istəyir ki, mexanizatorlarımız içində möcüzələr yaratmağa qadir olan qəhrəman düzəltsin.

⎯ Necə yəni?

⎯ Bizim altı mexanizatorumuz var, Nəzər müəllim. Beşi kişidi, biri qızdı. Mirab Sultanın qızıdı. Mexanizatorluğu mən öyrətmişəm ona. Sədr istəyir ki, yığdığımız pambıqları onun ayağına yazmaqla qəhrəman eləsin qızı.

⎯ Elə şey olmaz, canım?!

⎯ Mən də bilirəm olmaz. Amma eləyir də. Qələm əlindədi, yazır.

⎯ Bə niyə etiraz eləmirsiz?

⎯ Eləyirik. Baxmır. Deyir, mən belə məsləhət bilirəm. Kəndin böyüyü mənəm, ya yox? Bu cür məsləhətdi, belə tapşırıq var! Vəssalam!

⎯ Kimin tapşırığıdı?

⎯ Nə bilim. Yəqin yuxarıdan olar!.. Mən də briqada adından getdim yanına, dara-bara saldım, «haqqınız yoxdur!» dedim. Dedi, ə, yeri, yeri, demaqoqluq eləmə. Sənə də hörmət elədikcə başımıza çıxma. Sən istəmirsən ki, kolxozumuz barmaqla göstərilsin? Heç sənin qeyrətin yoxdu? Bunun üstündə mən də ağır söz çıxartdım ağzımdan…

⎯ Bə qız nə deyir?

⎯ Dərd budu ki, qız özü də istəmir! «Məni biabır ləməyin Səfər dayı!» ⎯ deyib dad eləyir. Kişi ona deyir ki, bala, belə məsləhətdi. Mirab Sultan da razı döyül. Axırda Səfurənin boynuna qoydu. İndi hər axşam raykoma gedən məlumatda Səfurənin adı birinci yazılır. Mən də qalmışam odla su arasında. Yuxarı baxıram bığdı, aşağı baxıram saqqaldı. Gedib yuxarıda açacağam sandığı, tökəcəyəm pambığı, olmayacaq, eldi-obadı, deyəcəklər Tapdıq qıznan ayaq uzadır, böyügün də sözünə baxmır. Səsimi çıxartsam, onda gərək köç-külfətimi götürüb kənddən gedəm, çünki Səfərin bir sözünü iki eləmək istəyənin gərək yeddi başı olsun, ya da bir maşın dolusu pulu…

Nəzər qalxıb gəzindi, belinin quluncunu qırdı, sonra yenə Tapdığa sarı gəlib dedi:

⎯ Yox, belə şey olmaz, axı. Necə yəni sən işlə, ad mənim olsun? Yox! Bu, heç dəftər-kitabda yazılmayıb, oğul. ⎯ Çarə axtarırmış kimi, susub sonra soruşdu: ⎯ Yəni heç cür eşitmək istəmir?

Tapdıq rixşəndlə gülümsündü və sağ əlini eyvana sarı uzadaraq:

⎯ Sən nə qoyub, nə axtarırsan, ay Nəzər müəllim? Səfərlər ta mənim kimilərin sözünü eşitmir. ⎯ söylədi.

Nəzər qəzəblə dedi:

⎯ Faşist oğlu faşist.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, beşinci fəsil

Amma belə deyildi. Gülmirə indi özünü çox xoşbəxt sanırdı – əlbəttə, bu xoşbəxtlik nisbi xoşbəxtlik idi, gözü-könlü tox olan Gülmirəyə bəs eləyəcək xoşbəxtlik idi. Əvvələn, Orxanın evinə köçməyi onun qəlbini xeyli toxtatmışdı, qəribə bir nisgil içində olsa da, Gülmirənin Orxansız günləri sona çatmışdı– fikrən, qəlbən Orxanlı idi o indi. İkincisi, Orxanın o zaman açıb-ağartmadığı o böyük məhəbbət hələ də bitib-tükənmirdi, davam eləyirdi. Məsələ burasında idi ki, Gülmirə dəmir qapısına «Orxan Əlizadə» sözləri yazılmış bu otaqlara köçəndən xeyli sonra, növbəti yır-yığışların birində, arakəsmənin üstündə düzəldilmiş taxçadan bir ümumi dəftər tapmışdı. Dəftər Orxanın əliylə yazılmışdı – hamısı şer idi. Onu tapanda Gülmirə böyük bir xəzinə tapmış adamdan çox sevinmişdi. Qəribə idi ki, dəftəri ürəyi atlana-atlana vərəqləyib axıra çıxanda özü də gözləmədən belə bir qərara gəlmişdi ki, bu dəftəri birdən-birə oxumayacaq. Tez qurtarar və sonra Gülmirə neyləyər? Hər gün, ya həftədə bir şer oxuyacaq və elə biləcək ki, bu şeri Orxan bu gün yazıb! Və beləliklə, o, Orxanın hər gün isti səsini, doğma sözünü eşidib sevinəcək. Bu isə, böyük səadət idi onun üçün. Qəlbi təzədən Orxana qarşı dərin, şirin bir duyğu ilə dolmuşdu. Qəribə bir sövqi-təbii ilə duymuşdu ki, Orxan bu şerləri onun eşqilə, onun üçün yazıb və bu, onun qəlbini kədər qarışıq bir sevinclə doldurmuşdu. Birinci gün, dəftəri tapdığı anlarda, gəlib miz arxasında oturaraq, birinci şeri – cəmi dörd misradan ibarət şeri oxumuş və gözləri yaşarmışdı:

12 dəq
Birinci hissə, altıncı fəsil

Əsəd yorğun-arğın xəstəxananın daş pillələrini aşağı düşüb arakəsməli, şüşəli qapıdan çölə çıxan kimi, ayaq saxlayıb bir siqaret yandırdı. Əhvali-ruhiyyəsi yaxşı idi. Xəzangülün səhhəti babatlaşdıqca Əsədin kefi durulurdu. Xəzangül yeyib-içir, rəngi-rufu açılır, üzünə həkk olunmuş əbədi kədər, əbədi bədbəxtlik ifadəsi dava-dərmanın, qayğının əlilə silinib yox olurdu. Sahilə də Əsədin gözünə yaxşı dəyirdi – qızın həyatı bir az nizama düşmüşdü. Daha az ora-bura qaçırdı, bütün günü dərsdə, evdə olurdu, axşamlar isə anasının yanına gəlib Əsədi azad edirdi. O, xəstəxanaya gələn kimi, palatada anasını çarpayısında uzanmış, Əsədi isə aşağı tərəfdə, kətilin üstə oturmuş görüb sevinc içində salam verirdi, yaxınlaşıb anasının üzündən öpürdü, Əsədin əhvalını xəbər alırdı. Yarım saat ordan-burdan, məktəbdən, xəstəxanadan söhbət eləyib, bir az deyib-güləndən sonra, Əsəd ayağa qalxır:− Bax, xəstəmizi sağ-salamat sənə təhvil verdim, yoldaş gecə növbətçisi! – deyir və xudahafizləşib gedirdi. Xəzangül neçə dəfə ikisi bir yerdə olanda, keçmiş xatirələrin üstünə qayıtmaq, illər uzunu qəlbini, həyatını didib parçalayan «günahları»nı dilə gətirib yüngülləşmək, o ağır yükü birdəfəlik yerə qoyub rahat nəfəs almaq istəmişdisə də, Əsəd buna imkan verməmişdi, açıq-aşkar etirazını bildirmişdi:

18 dəq
Birinci hissə, yeddinci fəsil

İltifat o gündən – Gülmirə Orxanın şerlər kitabını şöbəyə gətirəndən az sonra Nadirənin o «acı» sözlərini eşitdiyi gündən heç cür özünə gələ bilmirdi, hirsindən, hikkəsindən nə evə-eşiyə, nə küçəyə, nə də institututa sığışırdı. Hərdən elə hövllənirdi, elə əsib-coşurdu ki, gözləri bir az da irəli çıxıb bərəlirdi. Kimsə ilə danışmırdı. Təkcə Sarışınla hərdən nə isə pıçıldaşırdı. Həmən gün, Nadirə İltifatı «yıxıb sürüyəndən» iki saat keçmiş Elvira dəhlizdə onun qabağını kəsib:− Niyə ağzına su alıb susdun, İltifat? O nə karədi ki, sənə elə sözlər söylədi. Sənin atandı, anandı, ya nəyindi? Borclusan, yanında gözü kölgəlisən nədi ki, ağzını da açmadın? – deyə İltifatı o ki, var danlamışdı. – Yox, sən zəif adam imişsən.

26 dəq
Birinci hissə, səkkizinci fəsil

Aslan hıçqırıq səsi eşitdi, bədəni gizildəyib uyuşdu. Gözlərini açıb yan-yörəsinə baxmaq istədi, ancaq göz qapaqlarını qaldıra bilmədi – elə bil üstünə daş qoymuşdular. İçərisini acı bir təəssüf hissi yandırıb yaxdı. Gözləri açılmırdı – düz bir ay idi ki, o, dünya işığına həsrət qalmışdı. Son gördüyü adam – onu təcili yardım maşınına mindirən ağ xalatlı həkim, bir də Sakit olmuşdu. Elə maşında, dəmir xərəyin üstünə uzadılan kimi gözlərini yummuşdu – elə o yuman yummuşdu. Sonra daha aça bilməmişdi. Xəstəxanaya çatdırılan kimi, beşinci mərtəbədə, üzü dənizə, «Moskva» mehmanxanasına baxan palatada yerləşdirmiş, ilk dava-dərman eləmiş, xəstəliyinin səbəbini aydınlaşdırmışdı həkimlər. Qan təzyiqi həddən artıq yuxarı qalxdığı üçün beyninə qan sızmışdı. Sonra hələ adını bilmədiyi həkim Sakitə üz tutub:− Evinə, arvad-uşağına xəbər elə, qardaş! – demişdi. – Qoy bir nəfər gəlsin.

17 dəq

Başqa şairlərin şeirləri