Birinci hissə, on birinci fəsil
Səhifə 1 / 2
Balacalaşmış, əriyib yumağa dönmüş, başında qırağı ağ haşiyəli araqçın, kətildə oturub çubuq çəkən İmran həyətdə hənirti eşidib çevrildi, sol əlini gözünün üstünə qaldırıb, fəhmlə gələn adama baxdı, tanıya bilməyib soruşdu:
⎯ Süleyman, sənsən?
Nəzərin bədənindən bir gizilti keçdi, axşam, yatmamışdan qabaq o, İmran kişinin ⎯ köhnə dostunun gününü-ruzgarını xəbər alanda Tapdığın dediyi sözlər yadına düşdü: «Pisdi kişinin halı, Nəzər müəllim. Gözlərinə qara su gəlib, demək olar ki, görmür. Səhərdən axşamacan evə girir, həyətə çıxır, bir yerə getmək istəyəndə qonşunun uşağı apardı gedir, aparmadı yox! Şıqqıltı, səs-səmir eşidən kimi, elə bilir oğludu gələn, hövlnak xəbər alır: «Süleyman? Ə, sənsən?..» O da qəribə adamdı ⎯ Süleyman müəllimi deyirəm ey. Beş-altı aydı burdadı, rayondadı, bircə dəfə ayaq basmayıb ki, görüm dədəm ölüb, qalıb?! Bəlkə acdı, susuzdu, xəstədi?..»
İndi İmran kişi «Süleyman, sənsən?» deyəndə Nəzərin tükləri ona görə biz-biz oldu ki, İmran onu da oğluna oxşatmışdı. Yazıq kişi gör necə intizarla Süleymanın yolunu gözləyir, aman allah! Bircə anın içindəcə aradakı yeddi-səkkiz addımlıq məsafəni gəlincə Nəzərin gözünün qabağına İmranın cavanlıq çağları gəldi ⎯ onda İmran sağlam, buz baltası kimi möhkəm, yanaqlarından qan daman bir kişi idi, savadı, sənəti-peşəsi olmadığından kolxozda suçu işləyirdi, gözünün ağı-qarası bircə oğlunu, bax, indicə adını çəkdiyi bu Süleymanı nəyin bahasına olursa-olsun oxutmaq istəyirdi, kənddə orta məktəb olmadığına görə, sarışın, sısqa, ancaq diribaş uşağını özü yanına salıb «Qırmızı məktəb»ə ⎯ Nəzərin hüzuruna gətirmişdi. O zamandan Nəzərlə İmran arasında bir ünsiyyət, mehribanlıq əmələ gəlmişdi və bu haqq-salam, aradan uzun illər keçməsinə baxmayaraq, indi də davam eləyirdi. İmran Nəzərin xoşuna onunçun gəlmişdi ki, məğrur adamıydı, kimsənin qabağında əyilməzdi, kimsənin pisliyini istəməzdi, əlindən gələn yaxşılığı da kimsədən əsirgəməzdi. Bircə qayğısı, dərdi vardısa, o da Süleymanı oxumuş görmək idi və bu istək onun ömrünün mənasına çevrilmişdi. Vaxt oldu, Süleyman kamal attestatını Nəzərin əlindən aldı, həmin gün İmran öz evində xudmani bir qonaqlıq da təşkil elədi. Nəzəri də çağırdı. Yedilər-içdilər, Süleymana ali məktəbə gedib, təhsilini davam etdirmək xeyir-duası verdilər. Getdi Süleyman, amma qayıtmadı. Səsi on beş il Bakıdan gəldi, iki il Moskvadan, sonra yenə Bakıdan eşidildi sorağı. Bu illər ərzində İmran demək olar ki, ondan ancaq məktublar aldı, üzünü görə bilmədi. Qazandıqlarını sevinə-sevinə gah Bakıya, gah Moskvaya göndərdi ki, uşaq korluq çəkməsin, yoldaşlarının yanında sınmasın. Yolladığı pullar əvəzinə yaxşı, şirin-şirin sözlər yazılmış məktublar aldı İmran. Həqiqətən Süleymanın cürbəcür şəhərlərdən yazdığı o kağızlar gözəl idi, onlarda bir məhəbbət duyulurdu. Oxuyanda, daha doğrusu, qonşunun oğluna oxutduranda İmran elə bilirdi ki, Süleyman yanındadı, onunla üzbəüz əyləşib danışır. Belə məktubların birini də o vaxt, Süleyman Moskvada təhsil alanda, Nəzər almışdı və şagirdinin fərasətinə, işıqla-nurla dolu düşüncələrinə, gələcək haqqında xoş arzularına heyran olub sevinmişdi, «bu uşaq çox uzağa gedəcək, hamımızın başını uca eləyəcək!» ⎯ deyə düşünmüşdü. Müəllim üçün bu duyğudan fərəhli nə ola bilərdi?!
Ona görə, Nəzər, İmran kişiyə arabir rast gələndə, Süleymandan yana giley-güzarını eşidəndə, «İşin olmasın uşaqnan, qoy özü bildiyi kimi eləsin, gələcəyi parlaqdı, İmran!» ⎯ deyə təsəlli vermiş, hirsini-parsını yatırmağa çalışmışdı.
İllər keçdi. İmran yazda, yayda, payızın soyuq, sazaqlı havalarında dizə qədər soyuq suyun içində işləyə-işləyə qocaldı, əldən-dildən düşdü, ancaq Süleyman qayıtmadı. Süleyman evləndi ⎯ İmran sonra bildi, Süleymanın övladları dünyaya gəldi ⎯ İmran yenə sonra bildi.
İki-üç dəfə kişi qış aylarında Bakıya getdi, axtarıb oğlunu tapdı, görüşüb həsrətini öldürdü. Sünbülü də apardı özüylə. «İş çoxdu, başımı qaşımağa vaxtım yoxdu, sağlıq olsun, gələcəyəm!» Bunlar Süleymanın həmişə dediyi, yazdığı sözlər idi. Ancaq İmranın səbri tükənmişdi, oğlunun əlindən bərk qəzəblənmişdi, ürəyində küsmüşdü ondan yaman. Sünbül yorğan-döşəyə düşəndə, İmran hikkəsindən Süleymana xəbər verməmişdi. Ona görə, on il qabaq, Sünbülü torpağa tapşıranda da Süleymansız tapşırdı. Deyirdilər ki, Sünbül ölə bilmirmiş! Canı ağzından çıxmırmış. Yeddi gün, yeddi gecə can verib arvad. Kimsə, kəndin qoca arvadlarından biri, Sünbülün dərdini bildiyi üçün: «Aaz, o Süleymanın şəkli-zadı yoxdumu evdə? Arvad intizardı, onunçun canını tapşıra bilmir. Varsa, tapın gətirin!» ⎯ deyib və İmran Süleymanın tələbə vaxtı göndərdiyi, böyüdüb mizin üstünə qoyduğu şəklini gətirib arvadına ağlaya-ağlaya göstərib və yalnız bundan sonra Sünbül keçinib! Deyirlər, oğlunun şəklini görməyinə baxmayaraq, Sünbülün gözləri yumulmayıb, sığayıblar, yenə açılıb, sığayıblar, yenə açılıb! Axırda elə gözləri açıq halda da əfin-dəfn eləyiblər!
Hanı o İmran? Doğrudanmı bu yumağa dönmüş, balaca, çəlimsiz kişi həmin İmrandı?..
⎯ Axşamın xeyir, ay İmran! Mənəm ey, Nəzərdi, Nəzər müəllim, ⎯ deyə o, irəli yeridi, onu tanıyıb sevinclə ayağa qalxan İmranın iri, damarları gömgöy göyərən arıq əlini sıxdı. Kişinin gözləri yaşardı: ⎯ Nə təhərsən, ay kişi?
İmran təzədən kətilə çökdü:
⎯ Eh, ay Nəzər, nə təhər olacam? Oturmuşam, ajalı gözdüyürəm.
⎯ Ajal nədi, ay kişi? Sən hələ çox yaşayassan!..
⎯ İstəmirəm, Nəzər. Ta bəsimdi. Səksən biri yola saldım… Dünyanı tutub durmayacağam ha! Bə ayaq üstə niyə dayanıbsan, ay Nəzər? Otursana, bax, burda yanını qoysana, ⎯ deyə böyründəki rəngi gedib bozarmış boş stulu göstərdi.
⎯Yox, gedirəm. Uşaqlara dəyməyə gəlmişdim, dedim, sənə də bir baş çəkim.
⎯ Ömrün uzun olsun, ay Nəzər. Sən yaxşı adamsan.
Nəzər həyət-bacaya göz gəzdirdi. Baxımsız idi. İki gözlü ev lap köhnəlmişdi, qocalmışdı, İmranın özü kimi bu gün-sabahlıq idi. Hər şeydən bir hüzn, bir kədər axıb dolurdu Nəzərin ürəyinə. Kəndin o başında yaşayan qızının, kürəkəninin o cah-cəlallı ev-eşiyinin yanında bu həyət-baca çox miskin görünürdü. Elə bil Nəzər tamam başqa bir dünyaya gəlib çıxmışdı və bunun həqiqət olduğuna heç cür inanmaq istəmirdi.
Bu, nə sirr idi, nə müəmma idi? Çaşıb qalmışdı. Yəni Süleyman, ona vaxtilə o cür gözəl, hər sözünün arxasında böyük insanlıq, qədirbilənlik, məhəbbət oxunan məktubu yazan adam idi, ya o, tamam ayrı adam idi? Az qala yarım ildi ki, Süleyman burda katibdi, hər cür imkanları var, bəs niyə öz doğma atasına heç olmasa gəlib dəymir, ya aparıb yanında saxlamır? İmranın indi, demək olar ki, bir qarın çörəkdən başqa nəyə ehtiyacı var ki? Olsa-olsa, bir də ilıq bir nəfəsə, doğma bir səsə, qayğıya ehtiyacı ola bilər, vəssalam!..
⎯ Dolanışığın-zadın nə təhərdi, ay İmran kişi?
⎯ Babatdı. Hökumətimiz pensiya kəsib, hər ayın başında poştalyonumuz gətirib köz qoyur ovcuma. Allah bərəkət versin, çatır. Tək adamam da…
İki gün idi Nəzər «pensiya», «pensioner» sözlərini eşitməmişdi, dilinə gətirməmişdi. Demək olar ki, unutmuşdu. Yenə yadıma düşdü, qanı qaraldı. Lakin bu barədə danışmaq istəməyib, Süleymanı soruşdu:
⎯ Süleymandan xəbərin-zadın var?
⎯ Yox. Ondan-bundan hərdən söz-söhbətini eşidirəm. ⎯ dərindən ah çəkdi.
⎯ Bəs heç yanına gəlmir?
⎯ Bir dəfə, gecə, kənd camaatı yatandan sonra gəlib.
⎯ Hə?.. Bə niyə gecə, camaat yatandan sonra, kişi?
⎯ Nə bilim. Bəlkə ev-eşiyindən utanıb, bəlkə məni özünə yaraşdırmayıb, bilmədim.
⎯ Bəs soruşmadın?
⎯ Yox.
⎯ Nə deyirdi ki?
⎯ Deyirdi dur yığış, səni evimizə aparıram. Gedək qal bizdə, gəlinin sənə qulluq eləsin, nəvələrin qulluğunda dayansın.
⎯ Bə sən nə dedin, kişi?..
⎯ Nə deyəcəkdim ki? Dedim mənim evim buradı, bala. O gəlini də mən almamışam ha, sənə. Getmənəm, ⎯ dedim. Mən də anan kimi, bax, burda, bu dörd divar arasında, tək-tənha gözləri açıq öləcəyəm!
⎯ Nahaq elə demisən, İmran kişi! O böyük adamdı, dövlət bu yekəlikdə, ucu-bucağı görünməyən bir rayonu ona tapşırıb.
⎯ Düzünü bilmək istəsən, ay Nəzər müəllim, ⎯ dedi, sönmüş çubuğunu təzədən alışdırdı, sümürdü, ovurdları içəri batdı, sonra sözünün dalını söylədi: ⎯ Səhv eləyiblər bu rayonun taleyini ona tapşırmaqda.
⎯ Niyə ki?.. ⎯ Nəzər ayaqlarının yorulduğunu və söhbətin maraqlı olduğunu duyub, stulda əyləşdi. ⎯ Niyə səhv eləyiblər?
⎯ Ona görə ki, öz dədə-baba ocağının, doğma ata-anasının qədrini bilməyən adam, çətin elin-obanın qədrini bilsin. Sən savadlı adamsan, özün də o uşağa dərs demisən, dünyanın altını-üstünü də bilirsən. Sən gərək mənimlə razılaşasan, Nəzər, mənim ürəyim belə deyir!..
⎯ İncimisən ondan, ona görə belə danışırsan, İmran kişi. Amma Süleymanı qınama, işi çoxdu, dərdi-səri çoxdu, katiblik sənə asan gəlməsin. Nə var burda? Təkcənə qalmısan, baxanın-zadın da yoxdu. Xanimanın da görürəm uçum-uçumdadı. İraq candan, burda ölübeləyəsən, daşın-kərpicin altında qalıb tələf olarsan. Süleymanı pis vəziyyətdə qoyarsan. Necə olsa, oğlundu, necə olsa, balaca adam deyil, yuxarılarda da tanıyırlar, hörməti-izzəti var… Daşı tök ətəyindən, lap elə bu günü sabah, yığış, mən özüm səni aparım oğluyun evinə!..
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-on-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
General Əziz xan öz otağında, üstündə kitablar, qovluqlar olan iri, dördkünc stolunun arxasında əyləşmişdi. Otaq çıraqban idi, qapının ağzında qoyulmuş dəmir buxarı asta-asta yanırdı. Bayırda dəli bir külək əsir, qapı-pəncərəni titrədirdi. Qış dörd gündü girmişdi. Ancaq hələ qar yağmamışdı.Qar hardasa yaxında idi, qar hardasa yavaş-yavaş yol gəlirdi — bunu havanın şaxtalı nəfəsindən, səhərlər damların, ağacların, kolların üstündə görünən qırovdan bilmək olurdu.
İkinci hissə, üçüncü fəsilƏbdül son vaxtlar təsəvvürə gətirilməz dərəcədə dəyişmişdi. Saqqalını qırxdırmış, özünə iki-üç dəst müxtəlif rəngli kostyum, köynək, ayaqqabı almışdı. Kostyumlarına münasib papaq və palto tikdirmişdi. Yeməyini özü hazırlamırdı, lazım olan şeyləri «spinzər» restoranına telefon vasitəsilə sifariş verirdi. Nəcməddin xəstələnəndən qarajda qalan maşını çıxarmışdı, əvvəl həyətdə, məhəllədə sürmüş, əl-ayağı öyrəşəndən sonra küçəyə, şəhərə belə çıxmağa cəsarət eləmişdi. Balaca Nəcməddin şən, qayğısız böyüyürdü, yavaş-yavaş danışır, yeriyirdi. Əbdül bir an da olsa ondan nəzərlərini çəkmir, qayğısından, əzabından yorulub usanmır, can-dildən ona qulluq eləyirdi. Böyük adam kimi uşaqla danışır, məsləhətləşirdi — onu taleyin verdiyi bir nemət hesab eləyir, varlığına güvənirdi. Uşaq Əbdülün başını qatır, darıxmağa qoymurdu, tez-tez öz cinayətini, Dünya xanımı xatırlatsa da, bu əzabı da qanuni bir şey sayıb yaşayırdı.Son günlər Əbdül Zərrintac xanımın zəhmi-zabitəsi barəsində düşünməyi unutmuşdu. İndi onun fikrini Heyran xanım zəbt eləmişdi. Gecə-gündüz yadından çıxmırdı Heyran, hər gün o gələn vaxt Əbdülün gözü yolda, qulağı səsdə olurdu. Gözləyirdi, gözləyirdi, o isə gəlmirdi. Vaxt-vədə keçəndə isə Əbdülün qəlbini anlaşılmaz bir kədər çulğalayırdı. Eyni intizarla səhər də gözləyirdi, birisi gün də. O isə gəlib çıxmırdı ki, çıxmırdı. Dəqiq ünvanını soruşmadığına görə özünü danlayırdı. Pul verdiyinə görə özünü danlayırdı. «Pul verməsəydim, bəlkə indiyə gəlmişdi. Ehtiyacı nə bilmisən». Sonra özünə təsəlli verirdi ki, pulu qurtaran kimi gələcək. Heç olmasa bacısının uşağına baş çəkmək üçün harda olsa gələcək!
İkinci hissə, dördüncü fəsilHavada bərk şaxta olsa da, qapı-pəncərəni cingildədən külək əssə də, içəri isti idi. Yan otaqda daş kömür sobası asta-asta yanır, çaydan həzin-həzin cızıldayırdı. Ara qapı açıq olduğundan bu biri — iri otaq da isinmişdi. Elməddin ev paltarında yazı masasının arxasında əyləşmişdi; qabağındakı piyalədə təzəcə süzdüyü çay buğlanırdı.Elməddinin kefi kök idi. Stolunun üstündə qatı açılmış qəzet vardı, ora-burasına göz gəzdirirdi; Oxumurdu, çünki bir az əvvəl onu başdan-ayağa qədər oxumuşdu. Bu, «Pərçəm»in növbəti nömrəsi idi; burada onun iki yazısı çıxmışdı; biri son hekayəsi idi—«Xurma çərdəyi». İkincisi isə məqalə idi — «Fəsad» adlandırmışdı. Onu çoxdan yazmışdı, ürəyi ağrıya-ağrıya yazmışdı. Qəryadar Qulamın qardaşı oğlu, köhnə tanışı Ətiqullaya o dəhşətli vəziyyətdə rast gələndən sonra qələmə almışdı. Şəfiyə oxuyanda çox bəyənmişdi, çünki burada qoyulan məsələ—şəhərin xəlvət evlərində, qanundan kənar, Siracəddin kimi, İnsaf xanım kimi adamların gəlir mənbəyi təkin saxladıqları xəlvətgahların qurbanları məsələsi Şəfini də çoxdan düşündürürmüş, sən demə, Elməddin Ətiqullanı şəxsən tanıdığını, onun milyoner Mümtazın oğlu olduğunu və indi yavaş-yavaş çürüyüb töküldüyünü Şəfiyə danışanda kişi çox fikrə getmişdi və məqaləni fürsət düşən kimi çap edəcəyini bildirmişdi. Sonra nə isə baş qarışmışdı, material çox olmuşdu, məqalə xeyli yubanmışdı. İndi budur, ruznamənin bugünkü nömrəsində Elməddinin hər iki yazısı işıq üzü görmüşdü. Şəfinin dediyinə görə, Elməddinin bu yazıları aləm idi — hər ikisində son dərəcə vacib, ağıllı adamları düşündürən ciddi məsələlər qoyulmuşdu və çox səs-küyə səbəb olacaqdı. Əlbəttə, ustadından belə tərifli sözlər eşitmək Elməddin üçün çox xoş idi, həm də üstəlik, Bəbirin onun hekayəsi barədə dediklərini xatırlayanda Elməddin, bir qələm əhli kimi fərəhindən yerə-göyə sığışmırdı. Bu şirin əhvali-ruhiyyə ilə qəzetin sütunlarına baxa-baxa çayını içir, fikrində, xəyalında bunlardan da tutarlı yazılar yazmaq əzmində olduğunu yəqin edib sinəsi qabarırdı. Bəbirin, Şəfinin onun qələmindən çıxanları belə yüksək qiymətləndirməsi qəlbini coşqun sevinc hissilə doldurmuşdu və kiməsə, ən müqəddəs adamına söz verirmiş kimi ürəyində demişdi: «Yol budur, mənim əsl yolum budur. Bu yolda öldü var, döndü yoxdur! Mənim yolum Bəbirin, Şəfinin yoludur. Son nəfəsimə qədər bu yolla gedəcəyimə söz verirəm, çünki, qəlbən inanmışam ki, bu yol haqq yoludur, həqiqət yoludur».
İkinci hissə, beşinci fəsilHeyran çaşıb qalmışdı. Uzun illərin axtarışından, intizarından sonra doğma bacısının özünü də olmasa, yerini-yurdunu, ciyərparasını tapdığından nə qədər sevinmişdisə, toxtamışdısa da, əlidolu evə qayıtdıqdan sonra Cabbarın qara bulud kimi dolmasından, danışmaq istəməməsindən, uşaq kimi küsməsindən bir o qədər pərt olmuşdu. Qəribə idi ki, Cabbar açıq heç nə deməmişdi Heyrana. Eləcə, mənalı-mənalı arvadına baxmış, dərdli-dərdli köks ötürmüş, o, yaxın gəlib ərinin boynunu qucaqlamaq istəyəndə üzünü yana çevirmiş, «ölmək istəyirəm» demişdi. Arvadının gətirdiyi ərzaqı yeyəndə də elə bil ətini yemişdi! Bədəni, vücudu ac idi. O, bu aclığın qarşısına dura bilməmişdi, əgər buna iradəsi, gücü çatsaydı, Cabbar o yeməyə, o ətə, çörəyə dilini də vurmazdı. Heyranın gətirdiyi pul iki həftəyə çatmışdı — arvad o pulu qırdı-qısdı ilə xərcləmişdi, özü az yeyib ərini yedirtmişdi. Zorla da olsa yedirtmişdi. Ancaq bu iki həftə ərzində Cabbarın qırışığı açılmamışdı, Heyrana bir kəlmə də xoş söz deməmişdi, hətta ağrılarından belə şikayət eləməmişdi, ciyəri susuzluqdan yansa belə özü ondan su istəməmişdi, çörək istəməmişdi, Heyran gətirib verəndə isə onu da çox ləng qəbul eləmişdi. Neçə dəfə arvadı onun bu qəribə, anlaşılmaz hərəkətinin mənasını soruşmuşdusa da, o, gözünü Heyranın sifətindən çəkmədən, diqqətlə baxa-baxa susmuş, sonra köks ötürüb üzünü yana çevirmişdi.Cabbar özünə sığışdırıb ürəyinə axıb dolmuş şübhəsini dilinə gətirməsə də, içəridə yanıb-qovrulmuş, bəxtinə, taleyinə min lənət oxumuş, tanrının elədiyi haqsızlıq müqabilində öz gücsüzlüyünü, zəifliyini dərk edib yorğanının altında isti göz yaşları tökmüşdü. Cabbar şəhəri, şəhər camaatını yaxşı tanıyırdı: bilirdi ki, kimsə başqasına havayıdan, boş yerə bir tikə çörək, bir qran pul verməz. Onun arvadı isə, harasa gedib-gələndən sonra, filan qədər pul gətirmişdi. Kim bilir, bəlkə, o, yalan deyir, heç bacısını evini də tapmayıb. Lap tapsa da, bacısının nökəri, tanımadığı, bilmədiyi adama birdən-birə o qədər pulu verərdimi? Yox, verməz. Boş-boşuna verməz. Cabbarın ürəyinə gəlirdi ki, burda nə isə başqa bir məsələ var. Doğrudur, o, arvadından indiyə qədər əsla şübhələnməmişdi. Çünki Heyran ağırtəbiətli, başı aşağı, yad kişilərə gözünün ucuyla da baxmayan bir qadın idi. Birgə yaşadıqları bu uzun illər ərzində o, Heyranda zərrəcə şübhə doğuran bir hərəkət görməmişdi; məhz buna görə də yorğan-döşəyə düşdüyü bu beş ildə də Cabbar arxayın-arxayın, ancaq öz dərdini — çarəsiz dərdini çəkmişdi. Ancaq birdən-birə onun harasa gedib gec qayıtması, gələndə də əlidolu gəlməsi, hələ üstəlik nağılabənzər bir əhvalat da uydurub danışması Cabbarın ağrılı canına daha dözülməz, daha əzablı bir ağrı əlavə eləmiş, dərdini yaddan çıxartmışdı. Kaş o, ölmüş olaydı, Heyranın bu hərəkətini görməyəydi. Ona elə gəlirdi ki, ehtiyac qılıncdan itidir, ehtiyac ən iradəli, ən qorxmaz adamları da dəyişdirə, sındıra bilər, yolundan, əqidəsindən döndərə bilər. Heyran, hər necə olsa, qadındı, zəif məxluqdu, özü də gözəgəlimlidi. Qəsdinə duran olsa, yoldan çıxara bilər, aldada bilər. Bax, bu şübhələr Cabbarın xəstə, taqətsiz ürəyini, vücudunu gəmirir, ona cəhənnəm əzabı verirdi. Heyranın sözlərini, özünü yoxlamaq Cabbarın imkanı xaricində idi, hər şeydən çox onu sıxan da bu idi. Tale onu yıxıb, özü də həmişəlik yıxıb, bir də duracağına inamı yoxdu. Hiss edirdi ki, bu şübhə ölümünü daha da yaxınlaşdıracaq. Ancaq o, bu dərdlə ölmək istəmirdi. Bu, ona ikiqat zülm olardı.