Səhifə 2 / 2 · 50%

⎯ Yox, Nəzər, getmənəm, ⎯ o, sağ ayağını hikkə ilə yerə döyəclədi, ⎯ mən burda doğulmuşam, burda yaşamışam bütün ömrümü, burda da öləcəm… Qorxma, narahat olma, camaatımız yaxşı camaatdı, yerdə qoymazlar, aparıb basdırarlar!..

Nəzər İmranın yaşarmış gözlərinə baxıb susdu, bura gəlib onun dərdini təzələdiyinə peşiman oldu. İstər-istəməz öz oğlu yadına düşdü və qəribə bir qorxu ilə düşündü ki, gec-tez deyəsən onun da başına belə bir qəza gələcək, çünki Qəribdə son vaxtlar qəribə, anlaşılmaz bir soyuqqanlılıq, laqeydlik, pula, geyimə, onun-bunun şöhrətinə hərislik meylləri duyurdu, qarşısını almağa, bu hissləri boğub öldürməyə çalışırdı, ancaq bacarmırdı.

Küçədə maşın səsi eşidildi, dinib-danışmayan İmran da, Nəzər də darvazaya tərəf baxdılar. Maşın evin böyründə dayandıqda İmran kişi qeyri-iradi ayağa qalxdı, bayaqdan oğlu haqqında gah incik-incik, gah da qəzəblə danışdığını, yel tutmuş ayaqlarının sızıltısınıgiziltisini unudaraq irəli yeriyə-yeriyə sevinc içində:

⎯ Süleyman gəldi! ⎯ dedi.

Bu sözləri eşidəndə yanınca addımlayan Nəzəri qəhər boğdu, dişlərini bir-birinə sıxıb xırçıldatdı, çünki o, uçub-dağılmış hasarın üstündən aydın görürdü ki, gələn katibin maşını deyil, ağ mişar daşları yüklənmiş köhnə «samosvaldı» və İmrana: «Yox, ay kişi, Süleyman deyil!» ⎯ deməyə dili gəlmədi, onun cəmi iki-üç dəqiqə, bu həqiqəti bilənəcən davam edə biləcək fərəhinin üstünə su çiləmək istəmədi. Onlar küçə qapısına çatanacan maşının hələ üzü görünməyən sürücüsü daşları şaqqaşaraqla küllüyə boşaltdı. Gurultudan səksənən İmran:

⎯ Bu nəmənədi, ə? ⎯ deyə Nəzərdən soruşdu.

⎯ Daş boşaldırlar.

⎯ Daş? Nə daş?

Nəzər cavab verməyə imkan tapmamış üstü brezentli «QAZ- 69» torpaq yolda tozanaq qopara-qopara özünü yetirdi, xəndəyin qırağında dayandı.

İmran hələ özünə gəlməmişdi. Ehmalca sol qolundantutmuş Nəzər hiss eləyirdi ki, kişinin bədəni əsir. Oğlunu gözləyirmiş İmran, incisə də, küssə də, qulağı səsdəymiş. Oğlu gəlməmişdi, əvəzinə daş gətirmişdilər. İmran heç nə başa düşmədiyindən sol əlini gözlərinin üstünə tutub döyükə-döyükə qalxmışdı, «Qaz-69»-dan başına mavi rəngli həsir şlyapa qoymuş, iri qarnı qabağa çıxmış, top kimi yumru bir kişi düşdü və demək olar ki, çəllək təkin dığırlana-dığırlana qabağa gələndə Nəzər kolxoz sədri Səfəri tanıdı. Yaxınlıqları, oturub-durmaqları olmamışdı. Ancaq Nəzər orda-burda, iclaslarda, ən çoxu isə Tapdıqdan, Güldanədən Səfərin barəsində çox eşitmişdi. Yəqin o da Nəzəri tanımamış olmazdı.

Səfər onlara sarı elə gəlirdi ki, elə bil böyük bir qəhrəmanlıq göstərmişdi, indi məlumat vermək istəyirdi, kefi çox kök idi, dişləri ağarırdı.

⎯ Salam. O, Nəzər müəllim, siz də burdasız? Yəqin dostunuzu yoxlamağa gəlmisiz?.. Əcəb eləmisiz, xoş gəlmisiz! ⎯ deyərək əvvəlcə Nəzərə əl verdi.

⎯ Sağ ol, Səfər, ⎯ Nəzər dedi.

⎯ Əşi, sən nə təhərsən? ⎯ deyərək İmrana yaxınlaşdı.

İndi-indi özünə gəlib fikri aydınlaşan İmran:

⎯ Səfər, sənsən? ⎯ üzünü səs gələn səmtə tutdu.

⎯ Hə, İmran kişi, mənəm. Kefin-zadın nə təhərdi, əşi?

İmran ağzını sürtdü:

⎯ Niyə, siz yoxlayandan bəri yaxşıyam.

⎯ Düz deyirsən, İmran kişi, bizim borcumuzdu, gərək hər gün yoxlayaq səni… Amma özün bilirsən də, iş-güc o qədər çoxdu ki… Gərək bağışlayasan…

İmran kişi çubuğuna bir qullab vurdu, üzünü daş tökülən səmtə çevirdi:

⎯ O nə daşdı, ay Səfər?

Səfər tutduğu işdən məmnun olan adam kimi:

⎯ Sənə ev tikirik, İmran kişi, ⎯ dedi. ⎯ O gün burdan keçirdim, gördüm evin lap tökülür. Dedim əşi, bizim üçün ayıbdı ki, İmran kişi kimi kəndin çox hörmətli, ağsaqqal adamı, müharibə və əmək veteranı belə bir evdə yaşayır! Görən, eşidən, bilən bizə nə deyər?!

Odur ki, heyətin qərarını çıxartdım, tapşırdım, elə günü sabahdan başlasınlar!..

Nəzər kənara çəkilib Səfərə tamaşa eləyirdi; nədənsə ona elə gəlirdi ki, bu boyda bədən ancaq ətdi, sümükdü, onda ürək, hiss deyilən şey ⎯ vücudu insana çevirən ən mühüm amillər yoxdu, heç yoxdu və İmran kişiyə indicə dediyi sözlərə qulaq asa-asa fikirləşdi ki, yox, səhv eləyirəm, onda ürək, hiss əvəzinə dil var, siyasət var, uzaqgörənlik eləyir Səfər, bir güllə ilə iki dovşan vurmaq istəyir.

Nəzər üçün çox maraqlıydı ki, dünyanın isti-soyuğunu dadmış, bərkdən-boşdan çıxmış, qocalıb kövrəlmiş, qəlbi sındırılmış İmran kişi sədrə ⎯ mizan-tərəzi ilə ölçüb-biçərək yaşamağa öyrəşmiş Səfərə nə cavab verəcək, onun ağzından çıxan sözlərin altındakı mənanı oxuya biləcəkmi? Bunun üçün işıqlı göz lazım deyil, bunun üçün ürək, vicdan, müdriklik lazımdı.

Nəhayət, İmran kişi ağır-ağır:

⎯ Demək, mənə ev tikirsiz, hə? ⎯ deyə xəbər aldı.

⎯ Hə də.

⎯ Ə, a sədr, sən neçə ildi bu kənddə sədrsən?

⎯ …

⎯ Yadında döyülsə, deyim, düz on üç ildi sən burda sədrsən. Bu on üç ildə təkcə «o gün» mənim evimin yanından keçibsən? Ondan qabaq mənim evimi görməmişdin? Müharibə, əmək veteranı, pensioner olduğumu bilmirdin? Bilmirdin ki, mənim qıçlarımı kolxozun pambığının suyu aparıb, gözlərimə qara su gəlib? Bə indiyəcən mənə niyə ev tikmirdin, a sədr? İndi oğlum katib olub, ona görə yadına düşmüşəm?

⎯ Ay İmran kişi…

⎯ Ə, a sədr, indi ev mənim nəyimə lazımdı, hıy? Bir ayağım burdadı, bir ayağım gordadı, mən evi neynirəm, ə! Mənim evim ordadı, odey qəbiristanlıqda!.. Sənin evinə ehtiyacım yoxdu mənim…

Qırmızı dərili sifəti ağarmış Səfər çaşıb qalmışdı, görünür İmran kişinin bu tədbiri bir qəzəblə qarşılayacağını heç ağlına da gətirməmişdi. Odur ki, kəkələyə-kəkələyə dedi:

⎯ Əli, sən allah, əsəbiləşmə… Bir qulaq as gör… ⎯ İmran kişi sözünü yarımçıq kəsdi Səfərin:

⎯ Qurtardıq, Səfər! Bu daşları necə gətirmisən, eləcə də apar, get! Yoxsa, Sül… ⎯ O adəti üzrə Süleymanın canına and içmək istədi, ancaq uddu ⎯ yoxsa and olsun bu yeri-göyü yaradana, bax, o daşların birini buradaca sənin başına çırparam, birini də özümün, rüsvayçılıq olar!..

Səfər duruxdu, karıxmış kimi, bir yerə tökülmüş daşlara, bir də Nəzər müəllimə baxdı. Sanki Nəzər müəllimdən kömək istəyirdi: «Heç olmasa bu qocanı sən başa sal!» ⎯ deyirdi Səfərin baxışları. Nəzər o baxışların mənasını yaxşı oxuyurdu, ancaq dillənmirdi; İmranın söylədikləri onun ürəyindən tikan çıxartmışdı. Bunu da hiss eləyirdi ki, içində o çəlləyə oxşayan adama qarşı qəribə, anlaşılmaz bir qəzəb qaynayıb-daşır. Az qalırdı ədəb-ərkanı, yaşı-vəzifəni kənara qoyub, müharibədən «gətirdiyi» «faşist oğlu faşist!» sözünü Səfərin düz gözlərinin içinə desin, ancaq özünü güclə saxlayırdı… İndi, bu məqamda o sözləri bəlkə də dilə gətirmək heç lazım deyildi, çünki onlar onsuz da Nəzərin gözlərinə, üzünə yazılmışdı.

Səfər dığırlana-dığırlana «Qaz-69»a sarı getdi. Maşın tərpəndi. «Samosval» da onun dalınca.

İmran kişi durduğuca yerdə qurumuşdu. Elə bil ayaqları yox idi, elə bil ayaqları üstə deyil, iki taxta üstündə dayanmışdı. Nəzər, kişinin əhvalının dəyişdiyini hiss eləmişdi, ancaq nə etmək lazım olduğunu bilmirdi. Bu zaman İmranın titrək, qəhərli səsini eşitdi:

⎯ Məni içəri apar, Nəzər. Məni tək qoyma…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, ikinci fəsil

General Əziz xan öz otağında, üstündə kitablar, qovluqlar olan iri, dördkünc stolunun arxasında əyləşmişdi. Otaq çıraqban idi, qapının ağzında qoyulmuş dəmir buxarı asta-asta yanırdı. Bayırda dəli bir külək əsir, qapı-pəncərəni titrədirdi. Qış dörd gündü girmişdi. Ancaq hələ qar yağmamışdı.Qar hardasa yaxında idi, qar hardasa yavaş-yavaş yol gəlirdi — bunu havanın şaxtalı nəfəsindən, səhərlər damların, ağacların, kolların üstündə görünən qırovdan bilmək olurdu.

15 dəq
İkinci hissə, üçüncü fəsil

Əbdül son vaxtlar təsəvvürə gətirilməz dərəcədə dəyişmişdi. Saqqalını qırxdırmış, özünə iki-üç dəst müxtəlif rəngli kostyum, köynək, ayaqqabı almışdı. Kostyumlarına münasib papaq və palto tikdirmişdi. Yeməyini özü hazırlamırdı, lazım olan şeyləri «spinzər» restoranına telefon vasitəsilə sifariş verirdi. Nəcməddin xəstələnəndən qarajda qalan maşını çıxarmışdı, əvvəl həyətdə, məhəllədə sürmüş, əl-ayağı öyrəşəndən sonra küçəyə, şəhərə belə çıxmağa cəsarət eləmişdi. Balaca Nəcməddin şən, qayğısız böyüyürdü, yavaş-yavaş danışır, yeriyirdi. Əbdül bir an da olsa ondan nəzərlərini çəkmir, qayğısından, əzabından yorulub usanmır, can-dildən ona qulluq eləyirdi. Böyük adam kimi uşaqla danışır, məsləhətləşirdi — onu taleyin verdiyi bir nemət hesab eləyir, varlığına güvənirdi. Uşaq Əbdülün başını qatır, darıxmağa qoymurdu, tez-tez öz cinayətini, Dünya xanımı xatırlatsa da, bu əzabı da qanuni bir şey sayıb yaşayırdı.Son günlər Əbdül Zərrintac xanımın zəhmi-zabitəsi barəsində düşünməyi unutmuşdu. İndi onun fikrini Heyran xanım zəbt eləmişdi. Gecə-gündüz yadından çıxmırdı Heyran, hər gün o gələn vaxt Əbdülün gözü yolda, qulağı səsdə olurdu. Gözləyirdi, gözləyirdi, o isə gəlmirdi. Vaxt-vədə keçəndə isə Əbdülün qəlbini anlaşılmaz bir kədər çulğalayırdı. Eyni intizarla səhər də gözləyirdi, birisi gün də. O isə gəlib çıxmırdı ki, çıxmırdı. Dəqiq ünvanını soruşmadığına görə özünü danlayırdı. Pul verdiyinə görə özünü danlayırdı. «Pul verməsəydim, bəlkə indiyə gəlmişdi. Ehtiyacı nə bilmisən». Sonra özünə təsəlli verirdi ki, pulu qurtaran kimi gələcək. Heç olmasa bacısının uşağına baş çəkmək üçün harda olsa gələcək!

7 dəq
İkinci hissə, dördüncü fəsil

Havada bərk şaxta olsa da, qapı-pəncərəni cingildədən külək əssə də, içəri isti idi. Yan otaqda daş kömür sobası asta-asta yanır, çaydan həzin-həzin cızıldayırdı. Ara qapı açıq olduğundan bu biri — iri otaq da isinmişdi. Elməddin ev paltarında yazı masasının arxasında əyləşmişdi; qabağındakı piyalədə təzəcə süzdüyü çay buğlanırdı.Elməddinin kefi kök idi. Stolunun üstündə qatı açılmış qəzet vardı, ora-burasına göz gəzdirirdi; Oxumurdu, çünki bir az əvvəl onu başdan-ayağa qədər oxumuşdu. Bu, «Pərçəm»in növbəti nömrəsi idi; burada onun iki yazısı çıxmışdı; biri son hekayəsi idi—«Xurma çərdəyi». İkincisi isə məqalə idi — «Fəsad» adlandırmışdı. Onu çoxdan yazmışdı, ürəyi ağrıya-ağrıya yazmışdı. Qəryadar Qulamın qardaşı oğlu, köhnə tanışı Ətiqullaya o dəhşətli vəziyyətdə rast gələndən sonra qələmə almışdı. Şəfiyə oxuyanda çox bəyənmişdi, çünki burada qoyulan məsələ—şəhərin xəlvət evlərində, qanundan kənar, Siracəddin kimi, İnsaf xanım kimi adamların gəlir mənbəyi təkin saxladıqları xəlvətgahların qurbanları məsələsi Şəfini də çoxdan düşündürürmüş, sən demə, Elməddin Ətiqullanı şəxsən tanıdığını, onun milyoner Mümtazın oğlu olduğunu və indi yavaş-yavaş çürüyüb töküldüyünü Şəfiyə danışanda kişi çox fikrə getmişdi və məqaləni fürsət düşən kimi çap edəcəyini bildirmişdi. Sonra nə isə baş qarışmışdı, material çox olmuşdu, məqalə xeyli yubanmışdı. İndi budur, ruznamənin bugünkü nömrəsində Elməddinin hər iki yazısı işıq üzü görmüşdü. Şəfinin dediyinə görə, Elməddinin bu yazıları aləm idi — hər ikisində son dərəcə vacib, ağıllı adamları düşündürən ciddi məsələlər qoyulmuşdu və çox səs-küyə səbəb olacaqdı. Əlbəttə, ustadından belə tərifli sözlər eşitmək Elməddin üçün çox xoş idi, həm də üstəlik, Bəbirin onun hekayəsi barədə dediklərini xatırlayanda Elməddin, bir qələm əhli kimi fərəhindən yerə-göyə sığışmırdı. Bu şirin əhvali-ruhiyyə ilə qəzetin sütunlarına baxa-baxa çayını içir, fikrində, xəyalında bunlardan da tutarlı yazılar yazmaq əzmində olduğunu yəqin edib sinəsi qabarırdı. Bəbirin, Şəfinin onun qələmindən çıxanları belə yüksək qiymətləndirməsi qəlbini coşqun sevinc hissilə doldurmuşdu və kiməsə, ən müqəddəs adamına söz verirmiş kimi ürəyində demişdi: «Yol budur, mənim əsl yolum budur. Bu yolda öldü var, döndü yoxdur! Mənim yolum Bəbirin, Şəfinin yoludur. Son nəfəsimə qədər bu yolla gedəcəyimə söz verirəm, çünki, qəlbən inanmışam ki, bu yol haqq yoludur, həqiqət yoludur».

8 dəq
İkinci hissə, beşinci fəsil

Heyran çaşıb qalmışdı. Uzun illərin axtarışından, intizarından sonra doğma bacısının özünü də olmasa, yerini-yurdunu, ciyərparasını tapdığından nə qədər sevinmişdisə, toxtamışdısa da, əlidolu evə qayıtdıqdan sonra Cabbarın qara bulud kimi dolmasından, danışmaq istəməməsindən, uşaq kimi küsməsindən bir o qədər pərt olmuşdu. Qəribə idi ki, Cabbar açıq heç nə deməmişdi Heyrana. Eləcə, mənalı-mənalı arvadına baxmış, dərdli-dərdli köks ötürmüş, o, yaxın gəlib ərinin boynunu qucaqlamaq istəyəndə üzünü yana çevirmiş, «ölmək istəyirəm» demişdi. Arvadının gətirdiyi ərzaqı yeyəndə də elə bil ətini yemişdi! Bədəni, vücudu ac idi. O, bu aclığın qarşısına dura bilməmişdi, əgər buna iradəsi, gücü çatsaydı, Cabbar o yeməyə, o ətə, çörəyə dilini də vurmazdı. Heyranın gətirdiyi pul iki həftəyə çatmışdı — arvad o pulu qırdı-qısdı ilə xərcləmişdi, özü az yeyib ərini yedirtmişdi. Zorla da olsa yedirtmişdi. Ancaq bu iki həftə ərzində Cabbarın qırışığı açılmamışdı, Heyrana bir kəlmə də xoş söz deməmişdi, hətta ağrılarından belə şikayət eləməmişdi, ciyəri susuzluqdan yansa belə özü ondan su istəməmişdi, çörək istəməmişdi, Heyran gətirib verəndə isə onu da çox ləng qəbul eləmişdi. Neçə dəfə arvadı onun bu qəribə, anlaşılmaz hərəkətinin mənasını soruşmuşdusa da, o, gözünü Heyranın sifətindən çəkmədən, diqqətlə baxa-baxa susmuş, sonra köks ötürüb üzünü yana çevirmişdi.Cabbar özünə sığışdırıb ürəyinə axıb dolmuş şübhəsini dilinə gətirməsə də, içəridə yanıb-qovrulmuş, bəxtinə, taleyinə min lənət oxumuş, tanrının elədiyi haqsızlıq müqabilində öz gücsüzlüyünü, zəifliyini dərk edib yorğanının altında isti göz yaşları tökmüşdü. Cabbar şəhəri, şəhər camaatını yaxşı tanıyırdı: bilirdi ki, kimsə başqasına havayıdan, boş yerə bir tikə çörək, bir qran pul verməz. Onun arvadı isə, harasa gedib-gələndən sonra, filan qədər pul gətirmişdi. Kim bilir, bəlkə, o, yalan deyir, heç bacısını evini də tapmayıb. Lap tapsa da, bacısının nökəri, tanımadığı, bilmədiyi adama birdən-birə o qədər pulu verərdimi? Yox, verməz. Boş-boşuna verməz. Cabbarın ürəyinə gəlirdi ki, burda nə isə başqa bir məsələ var. Doğrudur, o, arvadından indiyə qədər əsla şübhələnməmişdi. Çünki Heyran ağırtəbiətli, başı aşağı, yad kişilərə gözünün ucuyla da baxmayan bir qadın idi. Birgə yaşadıqları bu uzun illər ərzində o, Heyranda zərrəcə şübhə doğuran bir hərəkət görməmişdi; məhz buna görə də yorğan-döşəyə düşdüyü bu beş ildə də Cabbar arxayın-arxayın, ancaq öz dərdini — çarəsiz dərdini çəkmişdi. Ancaq birdən-birə onun harasa gedib gec qayıtması, gələndə də əlidolu gəlməsi, hələ üstəlik nağılabənzər bir əhvalat da uydurub danışması Cabbarın ağrılı canına daha dözülməz, daha əzablı bir ağrı əlavə eləmiş, dərdini yaddan çıxartmışdı. Kaş o, ölmüş olaydı, Heyranın bu hərəkətini görməyəydi. Ona elə gəlirdi ki, ehtiyac qılıncdan itidir, ehtiyac ən iradəli, ən qorxmaz adamları da dəyişdirə, sındıra bilər, yolundan, əqidəsindən döndərə bilər. Heyran, hər necə olsa, qadındı, zəif məxluqdu, özü də gözəgəlimlidi. Qəsdinə duran olsa, yoldan çıxara bilər, aldada bilər. Bax, bu şübhələr Cabbarın xəstə, taqətsiz ürəyini, vücudunu gəmirir, ona cəhənnəm əzabı verirdi. Heyranın sözlərini, özünü yoxlamaq Cabbarın imkanı xaricində idi, hər şeydən çox onu sıxan da bu idi. Tale onu yıxıb, özü də həmişəlik yıxıb, bir də duracağına inamı yoxdu. Hiss edirdi ki, bu şübhə ölümünü daha da yaxınlaşdıracaq. Ancaq o, bu dərdlə ölmək istəmirdi. Bu, ona ikiqat zülm olardı.

19 dəq

Başqa şairlərin şeirləri