Səhifə 1 / 3

Elə bil Nəzər müəllimin ürəyindəmi, beyninin içindəmi gözəgörünməz əllə qoyulmuş, səssiz-səmirsiz işləyən, heç vaxt kökdən düşməyən çox dəqiq bir elektron cihaz vardı, gecələr nə vaxt yatmağından asılı olmayaraq, hər səhər düz səkkizin yarısında o sehrli elektron cihaz çıqqıltısız, zəngsiz, cinkiltisiz ona xəbər verirdi ki, Nəzər müəllim, oyan, vaxtdı, dərsə kecikərsən. Və Nəzər müəllim də əmri sözsüz-sovsuz yerinə yetirməyə adət eləmiş əskərsayağı, yuxulu gözlərini ağır-ağır açardı, qışda — evdə yatanda qarşı divara vurulmuş qədimi, kəfkirli saata, yazda-yayda çöldə — tut ağacı altındakı taxtda yatanda isə qolundakı köhnə «Pobeda» saatına baxmadan da bilərdi ki, indi saat səkkizin yarısıdı — nə bir dəqiqə o yan, nə bir dəqiqə bu yan. Qəribəydi ki, bunu bilə-bilə o, ya kəfkirli saata, ya «Pobeda»ya nəzər yetirməkdən özünü saxlaya bilməzdi. Və hər gün də eyni vaxtda — düz səkkizin yarısında ayılmasına köhnəlməyən bir möcüzə kimi heyrət eləyərdi; sabahın bu vədəsində o, eşidilməz əmrlə yuxudan oyanar, yorğan-döşəyinin içində yünkülcə əl-qol atıb qulunçunu qırar — guya idman eləyərdi; sonra tələsik geyinər, əl-üzünü yuyub Bikə xanımın obaşdandan hazırladığı səhər yeməyini yeyərək sol qıçını çəkə-çəkə məktəbə — işıqlı sinif otaqlarındakı qırmızı qalstuklu, komsomol nişanlı uşaqlara dərs deməyə gedərdi. Qıçı uşaqlıqdan şikəst deyildi, cavanlıqda atdan, damdan yıxılmamışdı. Müharibə vaxtı, qırx beşinci ilin aprelin iyirmi yeddisində, Berlinin lap darvazaları ağzında gedən qızğın döyüşdə partlayan qumbaranın qəlpələri sol qıçını dağıtmış, lülə sümüyünü sındırmışdı; qumbaranı atan alman əskərini öz gözüylə görmüşdü, yanında qalxan toz-duman çəkiləndən sonra o, qıçının xıncım-xıncım olduğunu hiss edib, başında dəbilqə olan uzunsifət, sarışın düşmən əsgərinin də vurulub öldürüldüyünü yəqin edib ufuldaya-ufuldaya: «Faşist oğlu faşist!» — deyə söymüşdü. Qospitaldan müharibə qurta-randan sonra çıxıb Vətənə qayıdan Nəzər xeyli keçmiş bilmişdi ki, bir qəlpə lülə sümüyünün içində qalıb, çıxarılmağına ümid yoxdu; özü də zərərsizdi. Beləliklə, Nəzər müharibədən qıçında bir qəlpə, dilində də bir söyüş gətirmişdi. Qəlpə incidəndə dişlərini bir-birinə qısıb dözürdü, ah-uf eləməyi kişiliyinə sığışdırmırdı. Ancaq xoşuna gəlməyən, pis iş tutan, alçaqlıq eləyən adama «faşist oğlu faşist» deməkdən çəkinmirdi. Onun nəzərində faişstdən pis məxluq yox idi yer üzündə. Həyatda, işdə gördüyü pis adamlar da onun üçün elə faşist kimi bir şey idi.

Bu da maraqlı idi ki, Nəzər o vaxtdan özünün əsl doğulduğu günün — mayın dördünün üstündən qələm çəkmişdi, yaralandığı günü — aprelin iyirmi yeddisini anadan olduğu gün hesab eləməyə başlamışdı. Həmin gün ölə də bilərdi. Ölməyib — demək, o gün anadan olub! Çoxdan, lap çoxdan arvadı da, uşaqları da, dostları da Nəzərin ad gününü aprelin iyirmi yeddisində keçirirdilər, əsl təvəllüd günü demək olar ki, hamının, bəlkə özünün də yadından çıxmışdı.

Bir də təəccüblü idi ki, hərəyə bir ayama qoymağa adət eləmiş Əskərabad camaatı Nəzərə «axsaq Nəzər» deməmişdi. Halbuki axsaqlığı buna gözəl imkan verirdi. Böyük də, kiçik də ona «Nəzər müəllim» deyirdi. Qorxmamışdılar, çəkinməmişdilər, Sadəcə hörmət eləmişdilər. Və bu hörməti o özü qazanmışdı, Lap cavanlığından ciddi, zabitəli, eyni zamanda uşaq kimi mehriban və həlim bir oğlan kimi tanımışdı camaat onu. Bu kənddən Bakıya ali məktəbə oxumağa birnci gedən də o olmuşdu. Səlminaz arvadın kirpikləri ilə od götürə-götürə, atasız böyütdüyü bu yetim oğlan ilk ali savadlı müəllim kimi qayıtmışdı kəndə. Sentyabrın birində ilk dərsini demişdi, ikisində cəbhəyə könüllü yola düşmüşdü. Yaşlı arvadlar, kişilər indi də onun necə əskər getdiyini yaxşı xatırlayırdılar.

Qırx birinci il sentyabrın birində sinifdən çıxan, dərs dediyi uşaqları yadında saxlamağa belə imkanı olmayan Nəzər, o sinfə bir də qırxbeşin sentyabrında, əynində əskər paltarı, əskər şineli, əlində jurnal qayıtmışdı. Sinəsində neçə orden-medal vardı — bunu kənd camaatı da, əksəriyyəti qadınlar olan müəllimlər də, məktəbdəki uşaqlar da görmüşdü. Bir də bunu görmüşdülər ki, Nəzər müəllim sol qıçını yüngülcə çəkir. Ancaq onlar sol qıçının lülə sümüyü içindəki o «faşist oğlu faşistin» qəlpəsini görə bilməmişdilər; görə də bilməzdilər. Nəzər elə o vaxtdan bu məktəbin — bu qədim, qırmızı kərpicdən tikilmiş və ona körə hamının «Qırmızı məktəb» adlandırdığı məktəbin dəyişməz müəllimi olmuşdu; şəvə saçları burada ağarmışdı, burada qocalmışdı, Özü də vaxtilə bu məktəbdə oxumuşdu; müəllimlərinin çoxu yox idi. Öləni, itəni vardı, qocalıb xanənişin olanı vardı. Nəzər öz ilk müəllimi Əli Nurlu ilə çiyin-çiyinə neçə illər işləmişdi. Həmişə də özünü onun — bu qamətli, üzü azca çil, iri alınlı müəllimin şagirdi hesab eləmişdi, öyrənmişdi, məsləhət almışdı. O, Əli müəllimlə dost olmuşdu, onu sadəcə müəllim yox, ağıllı, müdrik dost sanmışdı. Məktəb, Əli müəllim kimi, onun da ikinci evinə çevrilmişdi. O da eynən vaxtilə Əli müəllimin etdiyi kimi, səhərlər məktəbə gəlib dərslərini deyəndən sonra dəfə-darağını yığışdırıb dərhal evə qaçmamışdı, dərsi oldu, olmadı, bir də axşamçağı, axırıncı zəng çalınandan da iyirmi-iyirmi beş dəqiqə sonra qayıtmışdı. Evdə, həyət-bacada gəzəndə də, arvad-uşağı ilə danışanda da fikrən, xəyalən məktəbdə olardı, gah bu müəllimlə, gah o uşaqla, gah bu valideynlə qəlbində danışar, qəzəblənər, sevinər, gülümsünərdi. Adi müəllim olanda da belə olmuşdu, direktor olanda da belə olmuşdu. Dörd il idi ki, yenə adi müəllim idi — yenə beləydi Nəzər. Uşaqlarının anası Bikə xanım kişinin qəlbən, ruhən məktəbdə yaşadığını, evi-eşiyi də bəzən unutduğunu görəndə dözüb-dözüb axırda hirslənər, «sənin elə adın, kölgən burdadı kişi, ürəyin, fikrin-zikrin o məktəbdədi. Yorğan-döşəyini də aparıb orda yatsaydın, birdəfəlik biz də öz işimizi bilərdik, vallah!» — deyərdi, Nəzər müəllim belə hallarda mənalı-mənalı qımışar, qara müştüyünə bir «Avrora» keçirib yandırar, astadan, arxayın-arxayın: «Sən yəqin zarafat eləyirsən. Sən bunun ləzzətini bilməmiş olmazsan, arvad. Bax, sən o burnu fırtıqlı, o balaca uşaqlarından, bağça uşaqlarından ayırsalar, darıxmazsan? Vallah darıxarsan, billah darıxarsan! Balığı sudan çıxartdın, atdın qumun üstünə, öldürdün, Sədnikin qızı. Məktəb mənim üçün həyatdı, yaşamaqdı, arvad. Onsuz mən ölərəm, Sədnikin qızı!» — deyə cavab verərdi. «Ta belə yox də, Nəzər, Sən lap ağ eləmisən. Səndən də başqa bu kənddə müəllim var, bu rayonda müəllim var. Amma bircəciyi sənin kimi deyil,— deyərdi Bikə xanım. O ki qaldı mənə, mənciyəz o burnu fırtıqlı uşaqlardan elə bezmişəm ki, dilnən demək mümkün deyil. Axşamacan cığ-vığ, cığ-vığ!.. Yuxuda da uşaq səsi eşidib ayılıram, vallah!..» «Demək, sən də evdə olanda o uşaqların qayğısı ilə yaşayırsan, Sədnikin qızı...» Bikə xanımın hirsi soyuyub gülürdü: «Sən dildən pərgarsan, sənə söz çatdırmaq olmur. Düz deyirsən, kişi. Kolxozçular gəlib uşaqlarını aparandan, qayıdıb evə gələndən sonra da o uşaqların xəstəsi, öskürəni yadımdan çıxmır, yarı canım qalır yanlarında».

...Sabah sentyabrın biri idi. Hər il bu gün ərəfəsində, birinci dəfə sinfə girəcək cavan müəllim kimi, böyük həyəcan keçirirdi, bir yerdə rahat dayana bilmirdi; təzə köynəyini, kostyumunu şkafdan çıxarırdı, qalstuk bağlayırdı. Və sabahkı günü səbirsizliklə gözləyirdi, o gecə rahat yata bilmirdi. Yatağının içində çevrikə-çevrikə xəyalən ötən illərə uçurdu, müəllim yoldaşlarını xatırlayırdı, vaxtilə dərs dediyi, indi səsi-sorağı uzaqlardan gələn, adlı-sanlı şagirdlərindən tutmuş, yanında, gözünün qabağında işləyənlərəcən — az qala hamısını yadına salıb fərəhlənirdi. Yuxusu gözündən qaçan Nəzər, bir də görürdü ki, artıq səhərdi. Qalxırdı. Yorğun, yuxusuz yox, gümrah, şən...

O, bu kün də eyni həyəcan içində idi. Bikə xanım hələ işdən

– bağçadan gəlməmişdi. İyulda Bakıda — kiçik qızı Güllünün yanında olarkən aldığı təzə, boz rəngli fin kostyumunu şkafdan çıxarıb gətirmişdi, ağ köynəyini öz səliqəsi ilə ütüləmiş, stulun başına keçirmişdi. Xana-xana cib dəsmalı da ayırmışdı.

«Qırx il... Az deyil... Bir igidin ömrüdü. Bir il də işləyəcəyəm, sonra çıxacağam təqaüdə, Nə, təqaüd? — Bu sözdən bədəni üşənmişdi. — Yox, yox, nə təqaüd, ay kişi?! Mən hələ ən azı on il də dərs deyə bilərəm. Deyə bilərəm, əlbəttə, deyə bilərəm!» Belə düşünürdü Nəzər müəllim. Mizin arxasında əyləşmişdi, qabağında qırmızı papaqlı» çaynikdən süzdüyü xoruzquyruğu çay buğlanırdı, müştük də damarındaydı. Qara telefon lal-dinməz dayanıb susurdu. Balaca, qara radioqəbuledicidən konsert verirdilər, Kim isə Nəzərin çox sevdiyi «Sağ ol, əzizim» mahnısını oxuyurdu — səsi də gözəl idi, aydın-aşkar eşidilən sözləri də gözəl idi o mahnının və Nəzər ləzzət alırdı, Yüz dəfə dinləmişdi, ancaq doymaq bilmirdi, çünki elə bil ürəyinin sözləriydi o mahnıda deyilənlər və bütün ömrü boyu da eşitsəydi, yenə bezməyəcəyinə əmin idi. «Yaxşı sənət əsəri belədi, həyat kimi doyulmazdı! — deyirdi öz-özünə — həyat kimi şirindi!» Gözü stulun başından asdığı təzə kostyumuna, köynəyə, qalstuka sataşdı, bir anlığa özünü o qətəcər libasın içində gördü: yaxşı yaraşırdı, elə bil əyninə biçilmişdi. Fikrində gecə keçdi, səhər açıldı, beynindəmi, ürəyindəmi gizlənmiş o elektron cihazının əmrilə səkkizin yarısında yuxudan oyandı... Taxta körpüdən keçdi, məktəbə yollandı... həyət uşaqla dolu idi, səs-küydən qulaq tutulurdu. İlk zəng çalındı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, on altıncı fəsil

Aslanzadənin bağı Buzovnada, lap dənizin qırnağında idi. Yayda, qışda havalar küləkli olanda, dəniz yatağından oynayıb dalğalar şahə qalxanda ağ köpüklü sular ağ daşdan hörülmüş iki metr hündürlüyü olan hasarın dibinə qədər gələr, sarı kəhrəba kimi narın qumları yalayıb yenə geri qayıdardı. Belə hallarda ikimərtəbəli, ikiçeşməli, dörd tərəfi açıq eyvanlı evin içində suların uğultusu, gurultusu aydın eşidilər, nabələd adam olsaydı, canına vəlvələ düşərdi. Artıq Aslanzadə çox sevdiyi dənizin bu səs-küyünə, şıltaqlığına öyrənmişdi və bundan xüsusi bir ləzzət alırdı. Qırx beş il onunla ömür-gün sürmüş, ərinin nazını övladı kimi çəkmiş Kiçikxanım, otuz ildən çox bu bağa gəlib getsə də, dənizin belə köpürüb daşan çağlarına adət eləyə bilməmişdi və hər dəfə dalğaların şaqqıltısını, gurultusunu eşidəndə qəribə bir qorxu içində:– Ay kişi, vallah, bir gün bu dəniz bizi çəkib öz ağuşuna aparacaq, — deyirdi, — səsimizi-ünümüzü eşidən də olmayacaq.

21 dəq
İkinci hissə, birinci fəsil

Sakit hər gün, tənəffüs vaxtı, beşinci mərtəbədəki şöbəsindən hiss olunmadan çıxar, akademiyanın yaşıllıq içində göz oxşayan həyətində, akasiya ağaclarının altında tək-tənha gəzinər, ya da böyük hovuzun sağında, solunda — harda boş yer olsaydı — oturar, dincələr, düşünərdi. Otaqdakı söz söhbətlər, telefon danışıqları, gəl-get ona mane olmazdı — səhərdən, işə gələndən stolunun arxasına keçib oxuyar, yazar, bir dəqiqəsini boş keçirməzdi. Fasilə vaxtınacan əməllicə yorulardı, tələsik bufetə düşər, yüngülcə nahar edib gəzintiyə çıxardı. Bu, uzun illərin adətiydi. Sakit təkcə ətrafındakıları yox, bir psixoloq kimi, özünü də kənar adam gözü ilə müşahidə, təhlil etməyi xoşlardı. Çoxdan, yazı-pozuya meyl elədiyi tələbəlik illərindən bu şəhərdə Sakit adında, bir pasport altında iki adam yaşadığını duymuşdu, anlamışdı. Biri hamının — tələbə yoldaşlarının da, müəllimlərinin də, sonra akademiya həmkarlarının və daha sonra isə ailəsinin də tanıdığı, sadə geyinən, az dinib, az danışan, daha çox dinləməyə həvəs göstərən, aza qane, gözü-könlü tox, işləməkdən, mütaliədən əvəzsiz zövq alan Sakit idi. Bu, Sakitin zahiri idi, gözə görünən tərəfi idi və bunu hamı görürdü. Ancaq elə o Sakitin içərisində, o adda, o ünvanda yaşayan ikinci bir Sakit də vardı — bu Sakiti tək özü tanıyırdı, yaxşı cəhətini də, pis cəhətini də yaxşı bilirdi. Bu Sakit — düşünən Sakit idi, hər şeyin dərdini — özünə dəxli olmasa da, — çəkən Sakit idi və bu mənada onun boş, qayğısız, fikirsiz keçən bir dəqiqəsi də olmamışdı. Bu, haradasa onu bezdirirdi, usandırırdı, öz sənətinə hərdən nifrət eləyirdi — çünki əzablı sənət idi — kitab yazırdı, beynini, qəlbini düşündürən fikirləri kağız üzərinə töküb canlandırırdı, o kitabı oxuyanlar, bəyənənlər tərifli sözlər də deyirdilər. Lakin onlar yalnız bu kitabı görürdülər, onun dünyaya gəlməsi üçün çəkilən əzabları, içini — ürəyini yediyi anları görmürdülər, görə bilmirdilər. Əslində o, zahirən bu aləmdə yaşayırdı; işə gəlir, evə gedir, arvadı-uşağı ilə danışırdı, amma həqiqətdə isə o, yazdığı dünyada olurdu fikrən, adamlarla oturub-durur, dərdini-qayğısını çəkir, onlar xoşbəxt olanda o da xoşbəxt olur, öləndə o da ölürdü. Son əsərini on yeddi ilə yazmışdı. Akademiyaya gələndən azı — üç il sonra kənd həyatından qələmə almağa başladığı həmin əsər nədənsə yaman uzanmışdı, bütün bu illər ərzində o, fikrən qəhrəmanlarının yanında olmuşdu, onlarla yaşamışdı. Kitabın son fəsillərini uzun müddət yaza bilməmişdi, daha doğrusu, yazmaqdan qorxmuşdu — çünki sonuna nöqtə qoyandan sonra onlardan — düz on yeddi il qəlbində, xəyalında, yuxularında gəzdirdiyi o sadə, mehriban adamlardan ayrılacağından, uzaq düşəcəyindən qorxmuşdu. Aylar, illər keçmiş, sonra o, içində işlədiyi bu maraqlı aləmə qayıtmışdı və ətrafına baxdıqca yazmalı, deməli çox şey olduğunu anlamışdı: uzağa getmək lazım deyildi. Bax, elə günün səkkiz saatını bir yerdə işlədiyi bu adamların hərəsinin həyatı bir roman idi. Burda çox düşünmək, əhvalat axtarmaq, yaxud quraşdırmaq lazım deyildi. Bu adamlar onun gözünün qabağındaydı — xasiyyətləri, simaları, taleləri ilə. Və zahirdə hər kəsə, hər şeyə sakit, biganə baxışlarla nəzər salıb susan Sakitdən fərqli olaraq əsl Sakit, birinci Sakitin içərisində yaşayan ikinci Sakit bu kollektivin maraqlı, ziddiyyətli romanını gecə-gündüz beynində dolandırırdı. Bu Sakit Salman Qurbanzadənin, Nadirə xanımın elm aləmindəki mövqeyi, ailə həyatı, bu yaxınlarda evə soxulmuş oğrular tərəfindən vəhşicəsinə öldürülmüş cavan Ceyhun haqqında, ərini və sevgilisini dalbadal itirmiş Gülmirə barədə, hamının «Dombagöz» adlandırdığı gənc şair İltifat, Sarışın, təzə direktor olandan sonra buynuzları çıxan Nurəddin Osmanzadə, onun toruna düşüb təmiz adını ləkələyən qəşəng Şərifə xanım, qəlbi kobudcasına sındırılmış əziz müəllimi Aslan Aslanzadə və başqaları haqqında gecə-gündüz düşünür, yazacağı kitabı söz-söz, fəsil-fəsil beynində, qəlbindətikib qururdu. Gözünün qabağında gündə səkkiz saat gəzib işləyən, hər birinin öz xasiyyəti, dünyası olan bu adamlar artıq onun ürəyinə köçmüşdü — bunlara o, öz qəhrəmanları kimi baxırdı — yaxşı, mərdanə hərəkətlərini görəndə bir qayğıkeş ata kimi sevinirdi, pislik, nadanlıq, qəbahət, dosta xəyanət, ailəyə dönüklük görəndə, hiss eləyəndə pərt olur, dərd çəkirdi. İş vaxtı qurtarıb hərə öz evinə-eşiyinə çəkilib gedəndən, Sakit də axşam yazı masasının arxasına keçəndən sonra, yenə onlar barədə fikirləşirdi. İkiqat yaxın, ikiqat doğma olmuşdular ona bu adamlar; acığı gələnləri də vardı — ancaq onlar haqqında da qəlb ağrısı ilə düşünürdü Sakit. Bu idi ikinci Sakitin gözəgörünməz dərdi, qayğısı. Sanki kimsə, rəsmi surətdə yox, elə belə, möhürsüz, əmrsiz Sakiti bu kiçik kollektivin ağsaqqalı, böyüyü təyin eləmişdi. Makinaçılardan tutmuş lap direktorun özünə qədər hamı üçün cavabdeh hiss eləyirdi özünü. Fikrən, xəyalən onların hər birisinin həyatı, xasiyyəti, rəftarı, əxlaqı barədə, jurnalist və tədqiqatçı dostlarının dediyi kimi, o qədər «material» todlamışdı ki, əgər şirin yuxudan qaldırıb kiminsə haqqında məlumat və ya xasiyyətnamə istəsəydilər, Sakit tərəddüd etmədən, çətinlik çəkmədən, gözüyumulu deyərdi, yazıb verərdi — hətta onun «pərdə arxasındakı» həyatını da işıqlandırardı. Hətta adamın bir sirr kimi qəlbinin dərinliklərində gizləməyə çalışdığı, məhrəm fikirlərini də kağıza köçürərdi. Və buna o özü də heyrət etməyə bilmirdi. Çünki Sakitə filankəsin filankəsə fırlatdığı bir baxışı tutmaq kifayət idi ki, sevdiyini və yaxud nifrət elədiyini aydınlaşdırsın. Birinin köynəyinin yaxasını çirkli, düyməsini qırıq, dəsmalını əzik görmək bəs idi ki, onun arvadının səliqəsiz olmasını, əri ilə maraqlanmamasını qəti şəkildə söyləyə bilsin. Başqa birisinin müdirə rast gələn kimi, üz-gözünü iyrənc şəklə salan yaltaq təbəssümünü bircə dəfə görmək bəsi idi ki, o adamın şəxsiyyətinin heç-puç olması fikri beynində həmişəlik yurd salsın.

1 saat 40 dəq
İkinci hissə, ikinci fəsil

Qurbanzadələr ailəsinin başına gəlmiş gözlənilməz, ağlasığmaz o fəlakətli gündən altı aydan çox keçmişdisə də, nə ata-ana özünə gəlib, toxtamışdı, nə də milis orqanları.Şübhəsiz, itki böyük itki idi, Salmanın, Nadirənin belini sındırmışdı. Nadirənin o dəhşətli mənzərəni — döşəmənin üstündə donmuş qan gölməçəsinin içində üzüqoylu düşüb çoxdan canını tapşırmış madar balasının quruyub qaxaca dönmüş vücudunu görəndən sonra əsəbləri tamam pozulmuşdu; arvad nə dediyini, nə etdiyini bilmirdi. Elə hey ağlayırdı, öz-özünə danışırdı. Ancaq sözünün nə əvvəli vardı, nə axırı. Nə yas yerinə gələnlər, nə də Salman onun dediklərindən düz-əməlli bir şey anlayırdı. Salman dərdinin ağırlığına baxmayaraq, özünü dəyanətlə aparırdı. Onun ağladığını heç kəs görməmişdi. Görünür, göz yaşları qəlbinə axırdı. Lakin buna baxmayaraq, heç kəsin, heç nəyin əyə bilmədiyi, polad iradəsi və nikbinliyi ilə çoxlarının həsəd apardığı Salman özünün də xəbəri olmadan yaman düşmüşdü, qocalmışdı. Təbiətən oğulcanlı olan, «kişi qırığı» böyütmək istəyən, Ceyhunun oturuşu, duruşu, yaşına uyğun olmayan hərəkətləri ilə öyünən, ondan heç nə əsirgəməyən, «qoy ürəyi necə istəyir, elə yaşasın. Mən çox korluq, sıxıntı çəkmişəm, o, çəkməsin» — deyən Salman heç yatsaydı yuxusuna da girməzdi ki, onu belə tez itirə bilər, sevincdən, qürrədən, «düşmən çəpəri»ndən məhrum ola bilər. Arın-arxayın bağdan qayıdarkən «bu arvadın başını kitablar xarab eləyib, Ceyhuna nə ola bilər!» — deyərək Nadirənin yazdığı qısa kağızı cırıb avtobusun pəncərəsindən yelə verən Salman, evə gələndə gördüyü mənzərəni heç cür həqiqət hesab eləyə bilmirdi, bunu yuxu, yaxud nə isə bir qurğu sayırdı. Ancaq bu həqiqət idi və o, özünü nə qədər aldatmağa çalışsa da, həqiqətin buz kimi soyuq üzünü görməli, olub-keçənlərə inanmalı olurdu. Nadirəni ayaq üstə ölmüş görəndə isə kişi əməlli-başlı sarsılırdı; indi Nadirə elə haldaydı ki, onu tək buraxmaq olmazdı. Bu, Salmanı lap təntidirdi.

20 dəq
İkinci hissə, üçüncü fəsil

Başı nə qədər qarışıq, fikri nə qədər dağınıq olsa da, Nadirə xanım bir şöbə müdiri kimi son vaxtlar öz əməkdaşı Elviranın — Sarışının işdən tez-tez qaçdığını, bazarda-dükanda göründüyünü, ən ümdəsi isə çox pərt və pərişan olduğunu aydın hiss eləyirdi. Nadirə xanım Sarışına bacardıqca hörmət eləməyə çalışırdı— çünki onun anasını — hələ tələbəlik illərindən oxuduğu fakültənin baş laborantı olan, gözəl-köyçək Xəncər xanımı yaxşı tanıyırdı. Hətta bir zamanlar rəfiqəlik də eləmişdilər. Adı nə qədər qəribə olsa da, özü çox mülayim və mehriban idi, xəncərlikdən onda heç bir əsər-əlamət yox idi. Onda Xəncər xanım ərdə idi, deyəsən, əgər hafizəsi aldatmırdısa, əri şəhərdə hansı məktəbdəsə dərs deyirdi. Xəncər xanım fakültədə tez-tez ağlardı — rəfiqələrinə öz dərdini söylərdi. Sən demə, uşağı olmurmuş. Əri Usub da uşaq istəyən olduğundan, tez-tez Xəncər xanımı döyür, gah evdən qovur, gah boşamaqla hədələyirdi. Bir sözlə, Xəncərə göz verirdi, işıq vermirdi. Hətta bir dəfə ürəyini Nadirəyə də açmışdı. Nadirə onun sonsuz kədərlə dediyi sözləri dinlədikdən sonra: «Belə yaşamağın nə mənası var? Ayrıl, Xəncər. Sən hələ cavansan, təzədən ərə gedərsən, uşağın da olar. Yoxsa o, belə, sənin ömrünü göy əskiyə düyüb çürüdər» — deyə məsləhət də vermişdi. Ancaq Xəncər xanım, qətiyyətsiz qadın olduğundan, bu mühüm addımı ata bilməmişdi. Evdən soyumuşdu, evdə sevinc yox idi; səadət yox idi; Xəncər fakültəyə ürəkdən bağlanmışdı — bütün günü fakültədə olurdu, kollektivin arasında gərəkli-gərəksiz işlərlə başını qatmağa çalışırdı. Onda kafedra müdiri, məşhur dilçi alim, professor İbrahim Sultanzadə idi. İbrahim Sultanzadə Xəncər xanıma da dərs demişdi, qabiliyyətli olduğuna, gələcəkdə yaxşı tədqiqatçı olacağına inanan İbrahim müəllim, təhsil illəri başa çatdıqda, onu fakültədə hələlik baş laborant kimi saxlatdırdı. Xəncər, özündən iyirmi beş yaş böyük olan İbrahim müəllimə çox hörmətlə yanaşırdı. Bunun bir səbəbi İbrahimin ona yaxşılıq etməsiydisə, digər səbəbi də İbrahimin də övladsızlıq odunda gizli-gizli yanmasaydı.O vaxt danışırdılar ki, İbrahim öz arvadı Leyla xanımı çox sevir, ona görə ondan ayrılmaq, başqa qadınla evlənmək istəmir.

10 dəq

Başqa şairlərin şeirləri