Səhifə 1 / 3

Bakıdan ⎯ Güllügildən rayona dönərkən Nəzər avtobusda, saçları dümağ ağarmış bir qarı görüb qeyri-ixtiyari anasını xatırladı.

… Həyatın açılmamış sirlərindən biri də budu ki, insan bəzən öz ölümünü irəlicədən ⎯ bir saatmı, bir günmü qabaq ⎯ hiss eləyir, işlərini sahmana salır, sözünü deyir, yaxın, əziz adamları ilə vidalaşır və sonra arın-arxayın… dünyadan köçür. Belə ölüm ancaq əməli-saleh, qəlbi düz, xeyirxah və mələk-xislət adamlara nəsib olub deyirlər.

Kim gəlib söyləsəydi: «Mən ölürəm və ya öləcəyəm» ⎯ əlbəttə, Səlminaz arvad buna qətiyyən inanmazdı və düşünərdi ki, yazığın başına hava gəlib, ya da zarafat eləyir. Amma dünən axşamdan arvadın ürəyinə dammışdı ki, öləcək. Gecə səhərəcən çimir belə eləməyən Səlminaz bütün həyatını gözünün qabağına gətirib demək olar ki, o illəri təzədən bir gecənin içində yaşamışdı, bu qorxulu və müdhiş fikri özündən ha uzaqlaşdırmağa çalışmırdısa da, bacarmamışdı. Səhərə yaxın o ölüm qorxusu kütəlib yox olmuşdu: «Bir gün yaranan, bir gün də dünyadan getməlidi», ⎯ hökmüylə barışan Səlminaz indi ölümə adi bir şey kimi baxırdı.

Bu vaxta qədər xəstəlik nə olduğunu bilməmişdi. Bütün ömrü boyu ⎯ bir qarış uşaq vaxtından əvvəlcə öz həyət-bacarlarında, sonra Kərimə ərə gedəndən Canəli bəyin qapısında, daha sonra isə öz ev-eşiyində, kolxozda can-başla işləmiş, bir kərə də yorğunluqdan, can-baş ağrısından, bədbəxtliyindən şikayət eləməmişdi. Müharibənin ağır illərində evinin həm kişisi, həm də arvadı olmuş, taleyinin ağır zərbələrini uda-uda, ərinin Canəli bəyə qoşulub xaricə qaçmasından yana üstünə hər addımbaşı yağan tənələrə dözə-dözə, qapısının az qala dabanını çıxarıb qabağını kəsən elçiləri qaytara-qaytara madar balasını ⎯ Nəzərini ⎯ ata üzü görməyən «bu tifili» böyüdüb oxutmuş, evləndirmiş, oğul-uşaq sahibi eləmişdi. Bir üzü qız, bir üzü gəlin olan (Kərimlə doqquz ay beşcə gün yaşamışdı yazıq) Səlminaz, el-oba içində kişi kimi təmiz adla, insan kimi, qadın kimi könül dolusu sevinc görmədən ömür sürüb saçlarını ağartmışdı.

Xoşbəxtliyindən oğlu da, gəlini Bikə də qədirbilən çıxmışdı. Səlminaz bu evin, ailənin allahı, böyüyü idi onlar üçün. Heç kəs bircə dəfə də olsa, onun xətrinə dəyməmiş, «Burdan dur, orda otur» ⎯ deməmişdi. Və bu xanimanda ağbirçəyə olan bu məhəbbəti, ehtiramı görən nəvələr də Səlminaza o cür baxmışdılar, sevmişdilər, qulluğunda dayanmışdılar.

Ürəyində iki istəyi qalmışdı: Kərimdən bir xəbər eşidəydi və bir də nəvələrinin toyunu görəydi, vəssalam. Kərimin öldüsündənqaldısından söz-soraq yox idi, nəvələr də ki, hələ uşaq idilər, orta məktəbdə oxuyurdular. Dünən axşamacan, o müdhiş duyğu axıb qəlbinə dolanacan bu arzularına qovuşmayacağına inanmışdı: «Özü bilən məsləhətdi» ⎯ deyib taleyi ilə barışmışdı.

Həmişə hamıdan tez qalxan, toyuq-cücəyə dən-su verən, nəvələrini, oğlunu məktəbə, gəlinini işə yola salan Səlminaz bu gün yatağından qalxmadı: bir əzginlik hiss eləyirdi. Bu Nəzərin də, Bikənin də gözündən yayınmadı. Mehribanlığını, məhəbbətini lap ilk gündən, bu evə gəlin kimi qədəm basandan hiss eləmiş Bikə onu «Ana» ⎯ deyə çağırmışdı, indi də arvadın qalxmadığını görüb yastığının yanını oğlundan qabaq kəsdirib:

⎯ Nə olub, ay ana? Səndən çıxmayan iş?

⎯ Heç, ay qızım. Nəsə gecə pis yatmışam ⎯ deyə Səlminaz gülümsünməyə çalışıb cavab verdi. ⎯ Narahat olma, bir azdan duracağam.

Bikə qapıdan çıxanda Nəzərin anasının otağına təpilmək istədiyini görüb geri qaytardı:

⎯ Qoy yatsın.

Onlar işə gedəndən sonra Səlminaz arvad qalxdı, əl-üzünə su çırpıb yemək süfrəsi arxasına oturdusa da, iştahı olmadığını görüb durdu. Həyət-bacanı silib-süpürdü, vedrələri su ilə doldurub dəhlizin küncünə qoydu, sonra kəllayı otağa keçərək bəzəkli sandığı açdı, pal-paltarın altında gizlətdiyi balaca düyünçədə, güllü dəsmalın arasında beş dənə qızıl onluğa baxıb fikrə getdi. Uzun-uzun illər bundan qabaq, Canəli bəyin kasaya doldurub ətəyinə tökdüyü o qızıllardan elə bu beş qızıl qalmışdı ⎯ yaman günlük saxlamışdı Səlminaz. Çox çətinliklərə düşsə də, onlara əl vurmağa ürəyi gəlməmişdi. Qəribə idi ki, o beş qızıl o vaxt olduğu kimi, indi də arvadın gözlərini qamaşdırdı, yadına uzaq illərin arxasında qalmış o günləri saldı, Kərimə vurulduğu çağlar, toyları, Canəli bəyin mehribanlığı, Xanımcahan xanımın ona bir qulluqçu kimi yox, kiçik bacı kimi baxması, hər şey gəlib xəyalında canlandı və onu kövrəltdi. Kirpikləri tökülüb seyrəlmiş qəşəng gözlərinin yaşını əlinin dalı ilə silib sandığı bağladı, yorğan-döşəyi üstünə yığıb dəsmaldakı qızılları ovcunun içində bərk-bərk sıxaraq həyətə çıxdı, dörd tərəfə göz gəzdirdi. Hər şey ona nə isə çox hüznlü göründü: elə bil, o tut ağacı da, sarmaşıqlı hasar da, cırıltı ilə açılıb-örtülən o taxta darvaza da, hin də, yayın istisindən qorunmaq üçün taxta çarpayının altına çəkilib ləhləyən it də ona yazıq və kədərli təsir bağışladı və Səlminaz taqətsiz halda içəri dönərək köhnə xalçanı çıxarıb səkiyə sərdi, öz yorğan-döşəyini gətirib döşədi. Soyunub uzandı və tut ağacının yaşıl yarpaqlarına xeyli sakit-sakit tamaşa elədi. Yüngül meh əsirdi və beşbarmaq yaşıl ələ oxşayan o yarpaqlar asta-asta tərpənirdi. Fikir-xəyal arvadı uzaqlara çəkib aparmışdı ⎯ çayın qırağında bir kəhər at fınxırırdı, qabaq ayaqlarını şappıltı ilə suya vururdu, atın böyründə, suyun içində, şalvarının balaqlarını dizəcən çırmalamış Kərim dayanmışdı və gözucu Səlminaza həsrətlə baxırdı… Amma başı üstdə eşitdiyi səs düşüncələrinixatirələrini yarımçıq qoydu: Bikə idi, bağçada rahat otura bilməmişdi, arvaddan nigaran olduğunu söyləyib evə qaçmışdı:

⎯ Nə təhərsən, ay ana?

⎯ Sənsən? Yaxşı oldu gəldin, ay bala

⎯ Olmuya bir yerin-zadın ağrıyır?

⎯ Yox… heç yanım ağrımır, qızım. Sadəcə… ⎯ o susdu, ani fikirdən sonra davam elədi: ⎯ Sadəcə… ölürəm, bala. Ajalım çatıb. Dünyadan köç eləmək vaxtımdı ta.

Bikə qulaqlarına inanmaq istəmədi, yanını səkinin qırağına qoyub oturdu, hərarəti olub-olmadığını yoxlamaq istədi və təəccüb içində:

⎯ Nə danışdığındı, ay ana? Ölmək nədi? ⎯ söylədi.

⎯ Yox, ay bala. Mənə qulas as. Özüvüzü itirməyin, çaşıbqalmayın. Kəfənim-zadım hazırdı. Hər şeyi alıb qoymuşam, çarpayının altındakı çamadanımdadı.

⎯ Arvada bax ey, sən allah ⎯ Bikə doluxsundu.

⎯ Əgər bir damın altında yaşadığımız bu illərdə xətrinə-zada dəymişəmsə, məni bağışla, qızım.

⎯ Yuxarıda, adamın başının üstdə allah var, sən heç vaxt xətrimə dəyməmisən, güldən ağır bir söz eşitməmişəm sənin dilindən. Mən səni öz doğmaca anam bilmişəm həmişə.

⎯ Allah səndən razı olsun, qızım. Allah atanı-ananı rəhmət eləsin. Mən səndən də, oğlumdan da yerdən-göyəcən razıyam. Ba, sən ağlayırsan? Yox, bu olmadı, bala. Sən belə eləsən, mənim balam, nəvələrim özlərini öldürərlər. Yadında saxla: ölənlə ölmək olmaz, qalanla yaşamaq lazımdı. Sil gözünün yaşını qızım.

Bikə burnunu çəkib yaylığının ucuyla gözlərini sildi.

⎯ Hə, indi Nəzəri, mənim nəvələrimi çağır, görüm onları. Ancaq heç nə demə ha. Qorxallar uşaqlar. Zəng elə, qoy Nəzər uşaqları da götürüb gəlsin. Sonra da usta Ələsgərə xəbər elə, qoy o da gəlsin. ⎯ Bikənin donub qaldığını görüncə Səlminaz diliylə qurumuş dodaqlarını isladıb ərklə söylədi: ⎯ Di yubanma, qızım. Vaxt azdı…

Bikə bunların həqiqət ola biləcəyinə inanmaq istəmirdi, ona hardasa elə gəlirdi ki, qayınanası zarafat eləyir. Ancaq indiyə qədər ondan bir dənə şit, yersiz hərəkət görməmişdi deyə, bu da ağlına batmırdı. Səlminaz ikinci kərə təkid eləyəndə qalxıb getdi, məktəbə zəng çalıb Şakir müəllimdən xahiş elədi ki, Nəzəri tez evə yollasın. Uşaqları deməyi yadından çıxartdı. Nəzər məktəblə ev arasındakı yolu necə gəlmişdisə, nəfəsi çiyinlərindən çıxırdı, bərk tövşüyürdü.

Bikə xanım ərini darvaza ağzında qarşılayıb əhvalatı başa saldıqda Nəzər nəfəsini dərib:

⎯ Necə yəni ölürəm? Məgər adam nə vaxt istədi, onda da ölə bilər? ⎯ deyərək tez Səlminazın başının üstünü kəsdirdi. ⎯ Ay ana, qurban olum, sənə nə olub? Niyə bizi qorxuzursan? ⎯ Səlminaz arvad gözlərini açıb oğlunun avazımış sifətinə baxaraq ətrafa göz dolandırdı və nəvələrini axtardı. Onları görməyib yenə dili ilə dodaqlarını isladıb gəlinə sarı baxdı və sanki soruşdu: «Bə uşaqlar hanı?»

⎯ Niyaran olma, indicə gələrlər.

⎯ Sən get, Ələsgəri çağır! ⎯ deyə bayaqkı iltimasını bir də elədi və Bikə ərinə nəzər salıb heç nə demədən yola düzəldi.

⎯ Sən otur yanımda, oğul. ⎯ Nəzər səkinin qırağında əyləşdi. ⎯ Əlini ver mənə, can bala. ⎯ Nəzər əlini anasına tərəf uzatdı, onun iri, ətli əlini ovcuna alıb əyilərək dodaqlarına yaxınlaşdırdı. Titrək səslə:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, səkkizinci fəsil

Havanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:

3 dəq
İkinci hissə, doqquzuncu fəsil

Yaranmış vəziyyət elə idi ki, işi təxirə salmaq olmazdı. Həzrətgül Əfsanəni öz evinə aparmaq istəyirdi, fikri də məlum idi: Nazənin kişinin məqsədini Səbihəyə demişdi. Yusifin ölümündən bir ildən çox keçirdi. İndi işə başlamaq olardı.Bir yay axşamı ana oğlunu başa saldı:

5 dəq
Üçüncü hissə, birinci fəsil

Əfsanənin yoxa çıxması xəbəri ildırım sürətilə nəinki bütün Ədnan kəndinə, hətta ətrafdakı kəndlərə və yaxında olan köçəri obalarına da yayıldı. İlk günlər heç kəs, hətta Elməddin özü də «Əfsanə yoxa çıxıb» — deyə düşünmürdü, düşünmək istəmirdi. Uşaqlıböyüklü hamının beynində bir fikir gəzib dolaşırdı: «Əfsanə çaya düşüb boğulub!» Yaxud «özünü suya atıb həlak eləyib!» — Belə fikirləşməyə hamının haqqı vardı; çünki Əfsanənin səhəngi götürüb çaya getdiyini neçə adam görmüşdü; bundan əlavə ən tutarlı dəlil bu idi ki, onun səhəngi çayın qırağında qalmışdı.Ədnan camaatı bu atasız-anasız qızın taleyinə acıyırdı: «Qızın qaraçuxası yatıb, balam. Bədbəxtinki heç gətirmir. Yusifə ərə getdi – üstündən üç-dörd ay keçməmiş dul qaldı. İkinci toyu da qara gəldi. İkinci toyundan həftə yarım keçməmiş özü balıqlara yem oldu».

6 dəq
Üçüncü hissə, ikinci fəsil

Neçə müddət idi ki, obaları, kəndləri, irili-xırdalı şəhərləri cavan — sifəti gün altında yanıb-qaralmış, saqqallı bir oğlan gəzib dolaşırdı. Heç kəsdən heç nə soruşmurdu; söhbətlərə, danışıqlara qulaq asır, gözləri ilə itkin düşmüş adamını axtarırdı. Onun hər kənddə, obada, şəhərdə müraciət elədiyi bir şəxs, bir məqam vardı: qəryədar kənddə, polis idarəsi şəhərdə. Əhvalatı müxtəsərcə başa salırdı: qardaşının itkin düşmüş arvadını («öz arvadımı» — deməyə utanırdı) axtarır. Boyu bu, sifəti bu, yaşı bu. Bəlkə sizin kəndə gəlib çıxıb; bəlkə sizin şəhərdə polis bu barədə bir şey bilir.Qəryədarlar sadəcə olaraq cavab verirdilər ki, bizim kəndə, obaya belə adam gəlib çıxmayıb; gətirən də olmayıb. Şəhərlərdə isə Elməddindən gəlinin şəklini istəyirdilər. Şəkli isə yox idi. Elməddinin bildiyinə görə, Əfsanənin anadan olandan bu günə qədər heç bir dənə də şəkli olmamışdı. Əgər biçarə tələf olubsa, heç vaxt olmayacaq da!! Beləcə, kənddən-kəndə, şəhərdən-şəhərə adlayan Elməddin Əfsanədən heç bir iz-soraq tapa bilməyib məyuslaşırdı. Onu bir daha görə biləcəyinə ürəyində qəti inam qalmırdı. Vaxt ötüşdükcə bütün varlığını yandırıb-yaxan intiqam almaq hissi getdikcə korşalır, Elməddin kəndləri, şəhərləri gəzən bir dərvişə çevrilirdi. Ancaq buna baxmayaraq gözü həmişə soraqda idi. Yanından qadın keçəndə diqqətlə baxmamış sovuşub getmirdi. Qadınların çoxu isə çadra altında olurdu. Bilmirdi ki, çadra örtmüş bu qadın cavandı, yaxud yaşlıdı. Təkcə boyu-buxunu, bir də paltarının rənginə görə axtarırdı.

9 dəq

Başqa şairlərin şeirləri