İkinci hissə, birinci fəsil
Səhifə 1 / 2
Hava qaralmışdı, dörd bir yanına ağ daşdan hasar çəkilmiş, sırayla, səliqə ilə şam ağacları, çinarlar, akasiyalar, gül kolları əkilmiş yamyaşıl parkın o qədər də enli olmayan yeganə xiyabanının sağ-solunda basdırılmış beton dirəklərin kəlləsindəki çıraqlar işıq saçırdı. Yüngül meh əsirdi, sentyabr günəşinin ağacların kölgəliyində sığınıb qalmış istisini-hərarətini qovub bağdan çıxarır, harasa uzaqlara aparırdı. İns-cins yox idi parkda. Sağ əlini irəli uzadaraq sanki ardı-arası kəsilmədən «El bilir ki, sən mənimsən» söyləyən və elə bil bundan əsla yorulub usanmayan, üz-gözündən, qırımından, duruşundan gələcək nəsillərə, qərinələrə o sadə, məhəbbətdən yoğrulmuş sözləri deyəcəyindən yorulmayacağı oxunan şairin əzəmətli heykəlinin yaxınlığındakı oturacaqda əyləşmiş Nəzər müəllimdən başqa kimsə gözə dəymirdi. Nəzərin çox yaxşı tanıdığı və illər uzunu bu parka dədəsinin bağı kimi baxan, yay-qış, səhərin gözü açılandan şər qarışana qədər, bəzən də çatdıra bilməyəndə lap axşamlar, lampa işığı altında, əlində gah bel, gah qayçı buralarda hərlənən Şirəli kişi də, onun ürəyinin atlanmış bu vaxtında tərs kimi yox idi. O, şairin heykəlinə baxa-baxa nədənsə bir az əvvəl Əmiraslanovla elədiyi söhbəti yox, bu parkı saldıqları vaxtı xatırlayırdı. Bu, uzun illər bundan qabaq olmuşdu, rayona Ənvər adlı (heyf familini unutmuşdu) bir katib gəlmişdi və o Ənvər bu parkı salmaq təşəbbüsünü qaldırmışdı. Rayonun cavanlarını, müəllimlərini, hətta kənd yeniyetmələrini və ziyalılarını bir payız günü yığıb bura tökmüşdü, işlətmişdi. İnsafən özü də əlini belinə vurub ağa kimi kənarda dayanaraq göstəriş verməmişdi, bel götürüb camaatla deyə-gülə, zarafat eləyə-eləyə işləmişdi, ağac əkmişdi, yer şumlamışdı və ən azı bir aya görüləcək işi bir günün içində başa vurdurmuşdu. Nəzər müəllim də onda məktəbin komsomolçularından bir dəstəsi ilə burda çalışmışdı. Onda müharibə təzə qurtarmışdı. Ənvər müəllimin təklifi ilə o parka «Qələbə» adı vermişdilər. Ancaq bu ad rəsmi kağız-kuğuz üstə, qəzet səhifələrində belə qalmışdı; hamı nədənsə onu «Ənvər bağı» adlandırırdı. Ənvər çoxdan çıxıb getmişdi, bəlkə hardasa uzaq bir yerdə, ya Bakıda işləyirdi, bəlkə də, kim bilir, dünyadan köçmüşdü. Çox güman ki, belə idi, çünki elə o zaman Ənvərin əllidən yuxarıydı yaşı. O, indi burda, bəlkə dünyada da yox idi, amma «Ənvər bağı» yaşayırdı. Nəzərin yaxşı yadındaydı, o vaxt əkdikləri çinarların, şam ağaclarının çoxu indi qol-budaq atıb göylərə baş çəkirdi, ancaq bir çoxu da qocalmışdı, qurumuşdu, parkın qocaman bağbanı Şirəli kişinin iti mişarı, tiyəsi par-par parıldayan baltası onları kəsib yerə yıxmışdı. Qəribədi, ağaclar da adamlar kimi yaşayır, qocalır, ölürlər, fərq yalnız bundadı ki, onlar ölən kimi yaddan çıxır, ancaq insan unudulmur. Yaşayır, yaşayır və ölməzliyə qovuşur. Bax, o Ənvər kimi, bax, bu şair kimi. Nəzər müştüyünə siqaret keçirə-keçirə fikirləşirdi ki, gör o vaxtdan ⎯ Ənvər gedəndən sonra bu uzun müddətdə rayona neçə katib gəlib, saymaq istədi, hesabı itirdi; hə, ən azı on katib gəlib-gedib. Hərəsi, həmişə qalan bir iş görsəydi, nə yaxşı olardı?! Onda yəqin bu rayon cənnətə dönərdi, torpağımızın ən gözəl guşələrindən birinə çevrilərdi! Əlbəttə, çevrilərdi və baş ucalığı olardı, onların da, o adamların da adını yaşadardı!.. İlahi bu adi hikməti görəsən adamların bir çoxu niyə başa düşmür. Niyə başa düşmür, ilahi?! Hansına gedib anladasan, hansının qulağına pıçıldayasan, hansına hikmət dərsi keçəsən bu zavallıların?
Sualı cavabsız idi, əlbəttə. Fikirli-fikirli siqaretini yandırdı, sümürdü. Bədəninin hərarəti soyumuşdu; özündə qəribə, haçandı hiss eləmədiyi bir yüngüllük duyub sinə dolusu rahat nəfəs aldı. Bu, havadandımı, mehdəndimi? Əvvəlcə ayırd eləyə bilmədi. Birdən hər şeyi başa düşdü ⎯ bu, bir saat, saat yarım qabaqkı söhbətin ⎯ katiblə söhbətin yaratdığı xoş ovqat imiş, sən demə. Və buna təəccüb elədi ki, necə olub o, bu boyda məsələni unudub, Ənvər, Şirəli kişi, ağaclar, şair haqqında düşünüb? Bəlkə bu ona görə belə olmuşdu ki, gözləmirdi, yatsaydı, heç yuxusuna da girməzdi ki, Şakir Şakirzadənin rəhmsizcəsinə, ürəyini, çəkəcəyi əzabları bir insan kimi duymadan, çox asanlıqla adının üstündən qələm çəkdiyi, «min ilin ölüsünə qatdığı» bir vaxtda onu, Nəzər müəllimi yad edəcəklər, təzədən həyata (bəli, məhz həyata) qaytaracaqlar? Bu yuxuydumu, xəyalıydımı, ya həqiqət idi?.. Key kimi olmuşdu. İnanmaq istəməmişdi. Ancaq indi bədəni soyuyub ürəyi rahatlanandan, beyni neçə vaxtdan bəri getdikcə qalınlaşıb tutqunlaşan dumanlar içindən sıyrılıb çıxandan sonra bunun yuxu, xəyal yox, həqiqət olduğuna əmin olmuşdu. Və bu həqiqəti dərk edən andan yenə qəlbi həyəcanla çırpınmağa başladı. Sinəsi genişləndi elə bil, parkın təmiz havası sehrli bir yüngüllüklə ciyərlərinə doldu. Sanki o, indi çəkisizlik şəraitində, bu böyük, yaşıl və sakit parkın içində havada üzürdü. Heç bir sıxıntısı yox idi qəlbində, saçları da sanki ağarmamışdı, qıçını da çəkdiyi bilinmirdi, dizinin altında illərlə yatıb qalmış qəlpə qırığı da yox idi elə bil, əriyib qana, iliyə qarışmışdı. Yox, bu boyda zarafat olmazdı, bu söhbət olan o binada belə zarafatlar ola bilməz, ola bilməz! Çünki ağlı kəsəndən, gözünü açandan bəri o binada deyilən sözlərin həqiqət olduğuna, həqiqət olacağına qəlbən, sidqi-dildən inanmağa adət eləmişdi. Ordan çıxan, qanun libası geyən və idarələrə, kəndlərə, ayrı-ayrı evlərə, adamların beyninə, ürəyinə yol alan o qəbil sözlərin bəzən düz çıxmadığını belə görəndə də, hiss eləyəndə də Nəzər o binaya inamını itirməmişdi, günahı o binada yox, o sözü deyəndə görmüşdü, heyifsilənmişdi. Fikri bu məqama, bu nöqtəyə çatanda qeyri-ixtiyari dönüb yaşıl xiyabanın o başında, parkın çox vaxt açıq olan dəmir darvazasının üstündə ⎯ neçə addım aralıda, ikimərtəbəli binanın ikinci mərtəbəsində yanan o gur işıqlara baxdı və özünün bir az qabaq o kabinetdə, o çilçıraq altında oturduğu dəqəqələri saniyələrinəcən xəyalında canlandırdı, düşündü ki, yəqin yoldaş Əmiraslanov indi də Nəzər kimi qəlbi sındırılmış, əqidəsinə, məsləkinə rəhmsizcəsinə zərbə vurulmuş kimisə qarşısında əyləşdirib, yarızarafat, yarıciddi könlünü alır, kiminsə, hansı nadanınsa buraxdığı səhvi düzəldir, ürəyinə işıq səpir, məsləkinə dayaq olur… Görəsən kim idi o adam, hansı qəlbiqırıq idi? Bir anlığa Nəzərin ürəyində ayağa qalxıb, gedib o adamın ⎯ xəyalında uydurduğu o adamın gözlərinə baxmaq arzusu oyandı, qayibanə hissin təsirilə durmaq istəyəndə birdən yadına düşdü ki, Əmiraslanov harasa tələsirdi, kimsə onu gözləyirdi, yəqin indi getmiş olar! Əgər gedibsə, gərək işığı söndürəydi Əmiraslanov. Boş-boşuna niyə yansın axı o işıq? Bu sual qəlbindən qopdu Nəzərin, ancaq elə o an da o sualın qayibanə gələn cavabını eşitdi: «Yox, qoy yansın o işıq. Harda sönsə də, orda sönməməlidi. Yolunu azan, ümidini itirən, oğurluğa, əyriliyə, cinayətə əl atmağa məcbur olmamış, o işığa gələ bilər, o işıqdan nicat, kömək istəyə bilər. Yox, harda qənaət eləyirsiz eləyin, burda o qənaəti eləməyin, siz allah. Qoyun işıq yansın!..»
Nəzər ürəyindən gələn bu səssiz-səmirsiz sözləri eşidib gözlərini yana döndərdi, şairin heykəlinin ayağı altındakı güllərə baxdı, sonra baxışlarını qaldırıb onun heykəltəraş tərəfindən çox məharətlə yonulmuş işıq, məhəbbət, hardasa da bir az nigaranlıq və intizar oxunan gözlərinə tamaşa elədi. Nəzər şəxsən gördüyü o şairin sənət aləmində bir möcüzə olduğuna çoxdan, lap öz sağlığında inanmışdı, ömründə ilk dəfə olaraq onda ⎯ o unudulmaz görüş axşamında sənətin, sözün, şerin doğrudan da izahedilməz bir sehr olduğunu anlamışdı və birinci dəfəydi ki, ürəyində soruşmuşdu: «Bu qarayanız, ucaboy, dalğalı saçları Qoşqar qarı, Savalan qarı kimi ağarmış, gər səsli, dalğın, o xınayı tribunaya qartal kimi sinə gərib sakitcə haysız-küysüz danışan o kişini mən, bax, bu salon dolu gəncliyimiz niyə belə sevirik, hə? Niyə sevirik?» O vaxt, vaxtsız doğulan, vədəsiz verilən bir çox suallar kimi, Nəzərin bu sualı da cavabsız qalmışdı. İllər keçmişdi, o şair dünyadan köçmüşdü, neçə vaxtdan sonra heykələ dönüb bura gəlmişdi, ancaq Nəzər o sualın cavabını indicə tapmışdı: Sən demə, o kişinin böyüklüyü, sehri, əfsunu, bax indi də o daşa dönmüş dodaqlarından axıb süzülən «El bilir ki, sən mənimsən!» sözlərində imiş, ilahi! Bu, əslində, adi sözlər idi, hər kəs deyə bilərdi. Ancaq o, bu sadə sözləri elə ürəklə, elə qeyrətlə demişdi ki, hamının ürəyini ifadə eləmişdi, hamının sözünü söyləmişdi və bu sözləri dostuna, yoldaşına, dörd divar arasında deməmişdi, kağıza demişdi və deməli, bütün dünyaya demişdi. Və indicə kəşf elədiyi bu həqiqəti dərk eləyəndən sonra Nəzər uşaq kimi gülümsünə-gülümsünə, yenə ürəyində öz-özünə söyləmişdi: «Sən belə deyəndən sonra bu torpağa kim göz dikə bilər, ay el oğlu, ay vüqarına qurban olum! Heç kəs göz dikə bilməz. Çünki bu sözləri sən, hamımızın dilindən, bütün xalqımızın dilindən demisən, dilinə qurban olum!»
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Elməddin evdə tək-tənha oturmuşdu. İki saatdan çox idi ki, o, Rəhgüzərgildən gəlmişdi, ancaq orada olan söhbətlərin və qanıqaralığın təsirindən hələ də qurtara bilməmişdi. Saat on ikiyə işləyirdi; hər gün o, bu vədə yatağına uzanır, dağı arana, aranı dağa köçürəköçürə yuxuya gedirdi. Lakin bu gün yuxusu ərşə çəkilmişdi. Rəhgüzər onun gözlərinin qabağından çəkilib getmirdi. Canlı-cüssəli, sağlam, gümrah Məhəmməd Şəfi, Əli Tüğyanın həmləsindən sonra qaralıb tutulmuşdu, tez-tez fikrə gedir, iri, qara gözləri yol çəkirdi. Hərdən qızışıb yana-yana danışır, hərdən də susub durur, beynində nəyisə ölçüb-biçirdi, Məleykə özünü şad göstərməyə və beləliklə də, ərinə ürək-dirək verməyə çalışırdısa da, bu, çox vaxt süni təsir bağışlayırdı. Bunu o özü də hiss etdiyindəndi ki, tez-tez tutulur, sinədolusu ah çəkirdi. Bu gecəki bütün söhbətlər ancaq və ancaq Əli Tüğyanın ətrafında hərlənirdi. Ər də, arvad da onun nəmək-bəharamlığından, dönük və əqidəsiz adam olduğundan danışırdı. Məlum olurdu ki, o da bir vaxt, kasıb və işsiz olanda bu evin açıq süfrəsi başında çox oturmuş, dərdi-dil eləmiş, Rəhgüzərdən yazıları barədə məsləhət almış və onun yaxşılıqlarını heç zaman unutmayacağına söz vermişdi. Rəhgüzərin fikir və görüşlərinə şərik olduğunu bildirmiş, vətəni və bədbəxt milləti barədə çox yanıqlı sözlər demişdi.Hərdən Elməddinə elə gəlirdi ki, onlar — Şəfi və Məleykə Əli Tüğyan haqqında dedikləri sözləri ona eşitdirmək istəyirdilər; axı o da onların ev adamı olmuşdu, Əli Tüğyan kimi. O da şerlərini, hekayələrini əvvəl Rəhgüzərə oxuyur və məsləhət alırdı. Rəhgüzərin onun boynunda haqq-sayı çox idi. O, demək olar ki, Elməddini uçurumun lap qırağından çəkib gətirmiş, işlə, çörəklə təmin etmişdi. Əslində o, Rəhgüzərin çörəyini yeyirdi. Elməddin düşünürdü ki, bu sözlər ona deyilir: «Qızım, sənə deyirəm, gəlinim, sən eşit...». Axı bir çox cəhətdən indi Elməddinin getdiyi yol da Əli Tüğyanın getdiyi yola bənzəyirdi. Əli Tüğyan milyoner Mumtazın — qəryədar Qulamın qardaşının, Ətiqullanın atasının kölgəsi altına sığınmışdısa və duz-çörək kəsdiyi, ustad adlandırdığı Rəhgüzərlə üzbəüz dayanıb onun məfkurəsinə, özünə atəş açırdısa, o da ağayi Nəcməddinin qanadı altına girmişdi; milyoner Mümtazla Nəcməddinin arasında əslində heç bir fərq yox idi və sanki onlar bir alma idi, yarı bölünmüşdü. Elməddin də Əli Tüğyan ola bilərdimi? Onun kimi üzüdönük çıxıb Rəhgüzərlə əlbəyaxa ola bilərdimi? «Yox, heç vaxt»,— deyə o özünün bu fikrindən dəhşətə gəlmiş kimi bərkdən səsləndi və həyəcanını boğmaq üçün papiros yandırıb sümürdü, — «heç vaxt, ustad. Mən sənin, sənin təmsil etdiyin adamların — yoxsulların, binəsiblərin əleyhinə çıxmaram, ustad. Çünki sənin işin haqdı və mən haqq üçün, heç bir şeyimi, hətta canımı da əsirgəmərəm. Əgər siz mənim haqqımda belə düşünsəniz, məni təhqir etmiş olarsınız».
Üçüncü hissə, on doqquzuncu fəsilElməddinin sürücüsü yaşı əllini adlamış, olduqca arıq, uzun boğazlı, iri hülqumlu bir kişi idi. Ancaq başı yamanca ağarmışdı, elə ağarmışdı ki, dərdə dərman üçün bir dənə də qara tük tapmazdın. Üzündə iri, uzun qırışlar vardı. Uzaqdan baxanda bıçaq şırımlarına oxşayırdı. Əynindəki rəngini itirmiş nimdaş kostyumu neçə il geydiyini təyin etmək mümkün deyildi.Dindirsən dinərdi, dindirməsən ağzına su alıb susardı. İlk baxışda adama elə gəlirdi ki, onun sürdüyü qara «Mersedes»dən və getdiyi yoldan başqa fikri-zikri yoxdu. Maşını özününkü imiş təki gündə üç dəfə yaxşıca silib təmizlərdi: səhər qarajdan çıxanda, günorta idarənin qabağında və axşam...
Üçüncü hissə, iyirminci fəsilRəhgüzər «Pərçəm»in redaksiyasına gəlmiş məktubları nəzərdən keçirirdi. Kefi kök idi. Əli Tüğyana vaxtında və həm də tutarlı cavab vermişdi. «Tarixi, mədəniyyəti, ədəbiyyatı qədim olan, təmizliyi, mərdliyi ilə şöhrət tapmış vətənimizə, xalqımıza arxa çevirən, şərafətinə dodaq büzən, mənafeyinə xəyanət edən hər kəsə — hətta əlahəzrətin özünə də tutarlı zərbə endirməliyik. Qoy bilsinlər, hiss etsinlər ki, bu millətin oğulları yatmayıb», — deyə düşünən Rəhgüzər gələn oxucu məktublarını, şerləri, məqalələri seçib ayırır, bəzilərini gözucu nəzərdən keçirir, ciddi və mühüm məsələlərə toxunan məktubları seçib bir kənara qoyurdu. Elməddinin rəssam olması Rəhgüzəri xüsusilə sevindirmişdi. Qəzetə yaxşı bir rəssam lazım olduğunu elə onun birinci nömrəsi çıxanda dərk etmişdi — amma bir etibarlı, münasib adam tapmamışdı. Təkəm-seyrək çıxan şəkilləri o, tanış bir rəsm həvəskarına çəkdirirdi ki, bunların da keyfiyyəti onu təmin etmirdi. Bundan əlavə, o adamın bunlarla həmkarlıq etməyə heç həvəsi yox idi. Qorxurdu. Bir dəfə açıqca Rəhgüzərə demişdi: «Sizin ağzınızdan qan iyi gəlir, qardaş! Mən özümü, gözüm baxa-baxa odun-alovun içinə ata bilmərəm!»Rəhgüzər isə qəzetin hər nömrəsində şəkil, karikatura vermək və bununla da qəzetini oxunaqlı etmək istəyirdi. Elməddinin şəxsində, indi belə bir imkan tapmışdı.
Üçüncü hissə, iyirmi birinci fəsilKülək pəncərələri tərpədir, həyət-bacada fit çala-çala cövlan eləyirdi. Elməddin içəridə, mizin arxasında oturub yazı yazsa da, fikrinin gözü ilə görürdü ki, sərsəri külək artıq çılpaqlaşmaqda olan ağacların son yarpaqlarını necə də yoluşdurub qabağına qataraq aparır. Səhər həyətdə bir yığın xəzəl görəcəyinə heç şübhə etmirdi. Belə havalarda o həmişə darıxardı. Nəhayətsiz bir qəm ürəyini sarır, fikri bir yerdə qərar tutub qala bilmirdi. Gah qardaşının ölüm səhnəsi, gah kimsəsiz, dörd divar arasında qoyub gəldiyi və bir də heç vaxt üzünü görməyəcəyi anası, gah da əsrarəngiz bir halda yoxa çıxmış Əfsanə yadına düşürdü; şəhərə gəldiyi ilk günlər, çətinliklər, iş tapandan və yazılarını dərc etməyə imkan əldə edəndən sonra duyduğu sevinclər xəyalında canlanırdı. Və sevinclər kənd xatirələrinin üstünə kölgə salır, onun ürəyində inam və ötəri qürur hissi doğururdu. İndi o, əsl yola çıxmışdı. Bu yolda tək deyildi, Rəhgüzər kimi yoldaşı var idi. Bu yolu axıracan başa vurmaq, özü də şərəflə başa vurmaq onun özündən asılı idi. «Yox, tək özümdən asılı deyil, — deyə özü-özünə etiraz edirdi, — təəssüf ki, bizim mühitimizdə insan həyatı daha çox təsadüflərdən asılıdır. Yatıram, bilmirəm ki, sabah nə olacaq, başıma nələr gələcək?!»Fikrini telefonun cingiltisi qırdı. Tənbəl-tənbəl əlini uzadıb dəstəyi götürdü:
Başqa şairlərin şeirləri
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
Tibb dünyasınaSağlam vücudda sağlam beyin, sinir bulunur,Sağlam beyində sağlam ağıl, fıkir bulunur,
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,