Şam eləmişdilər, indi də çay içirdilər. Hava sərin idi, yüngül meh əsirdi, tut ağacının yaşıl yarpaqları gecə mahnısı oxuyurdu. Başının üstdəki yaşıl budaqdan yarısı saralmış bir yarpaq saplağından üzülərək ləngərli uçuşla düz Nəzərin qabağına düşdü. Nəzər əlini uzadıb yarpağı götürdü, baxdı:

⎯ Şeh var ha… ⎯ Xırda, zərif, civə zərrələrinə oxşayan şeh damcılarını Bikə xanıma göstərdi. ⎯ Payız gəlir yavaş-yavaş!..

⎯ Hə, ⎯ dedi Bikə xanım, ⎯ gəlir! Bir azdan yağışlar başlayacaq. Kəllə otaq da damır, bu il də düzəldə bilmədik.

⎯ Darıxma, arvad. Düzəldəcəyəm. Bekar adamam. Düzəldəcəyəm. Bu illik birtəhər keçinərik. Gələn il, ağzı yaza dönəndə həyətdə sənin üçün bir imarət qaldıracağam ki, padşah imarətinə oxşayacaq.

Bikə xanım bic-bic güldü:

⎯ Deyəsən hələ də Qurbanın sözlərinin qanadında göylərdə uçursan, kişi. Uşaq kimisən ey, vallah. Hər deyilən sözə inanırsan. ⎯ Yox, Qurban dediyini eləyəndi, arvad. İki gündü onunla söhbət eləmişəm, doğrudan da, göylərdəyəm. Çox yaxşı, işıqlı fikirlərlə yaşayır. Kaş, bütün adamlarımız Qurban kimi olaydı, Sədnikin qızı. Onda işlərimiz yaxşı gedərdi, çox yaxşı gedərdi…

⎯ Cücəni payızda sayarlar, kişi!

Nəzərin sözü ağzında qaldı ⎯ telefon haray-həşir qopardı. O, dəstəyi qaldırdı:

⎯ Eşidirəm.

Danışan bir qız idi:

⎯ Bura Nəzər müəllimin evidi?

⎯ Bəli.

⎯ Sizi raykomdan narahat eləyirəm.

«Raykom» sözünü eşidən kimi, Nəzər qaşlarını qaldırıb, Bikə xanıma baxaraq:

⎯ Buyur, qızım, ⎯ söylədi.

⎯ Yoldaş Həmidov deyir ki, sabah saat altıda onun yanında olasız. Gözləyəcək sizi.

⎯ Baş üstə, qızım.

Qız salam vermədiyi kimi, «xudahafiz» ya da «sağ olun» da deməmiş dəstəyi yerinə qoydu. Və bu incə nöqtə ⎯ qızın nəzakətsizliyi Nəzərin diqqətindən yayınmadı. Dəstək xeyli əlində qaldı. Ancaq arvadının nigaran-nigaran gözünü onun ağzına dikdiyini görüb dəstəyi asdı və:

⎯ Süleyman çağırtdırır! ⎯ dedi.

Bikə xanım dikəldi:

⎯ Hə? Xeyir ola? Gün hayandan çıxıb ki, Süleymanın yadına düşübsən, kişi?

Nəzər fikirli-fikirli başını qaşıdı:

⎯ Nə bilim, arvad… ⎯ Bir az susub dedi: ⎯ Yəqin pensiyaya çıxdığımı eşidib! Olsun ki, onunçun çağırır.

⎯ Yəni deyirsən, qaytararlar səni öz yerinə?..

⎯ …

⎯ Doğrudan, qaytarsa, gedərsən, Nəzər?

⎯ Yox, Sədnikin qızı!.. Getmərəm… Şakirin yanına qayıtmaram bir də. Qəlbim yaman sınıb ondan. Bilirsən ki, mənim də qəlbim bir adamdan sınmasın. Sonra heç cür barışa bilmirəm…

⎯ Hə, yaman kinlisən… Bunu bilirəm…

Nəzər tərs-tərs arvadını süzdü, ancaq acılamadı. Ayrı söz dedi:

⎯ Nəhayət, yadına düşdüm Süleymanın! ⎯ Ani sükutdan sonra asta-asta əlavə elədi: ⎯ Görünür, doğrudan qocalmışam, arvad. Qəribə olmuşam. Hardansa beynimə yerləşib ki, Süleyman bura katib gələn kimi, gərək məni axtarıb tapaydı, kefimi-əhvalımı soruşaydı. Niyə? Ona görə ki, mən haçansa onun müəllimi olmuşam? Heç dəxli var? Mənim minlərlə şagirdim olub, biri də o!.. Yalan olmasın, otuz ildi görmür məni. Bəlkə də yadından çıxmışam. Bəlkə də küçədə görüşsək, bir-birimizi tanımarıq da. Bəlkə heç öldüyümü-qaldığımı da bilmir.

⎯ Ta ağ eləmə, qaldığını bilməmiş olsaydı, səni yanına çağırtdırmazdı…

⎯ Hə, yəqin yanında sözüm-söhbətim olub, ona görə yadına düşmüşəm.

⎯ Heylə olar.

… Nəzər düz deyilən vaxtda katibin kabinetinin qapısındaydı. Həyəcanlıydı. Gecəni səhərəcən yatmamışdı. Gözləri qızarmışdı, sir-sifətindən yorğunluq tökülürdü. «… Görəsən məni neyniyir?» fikrindən çox, Süleymanla görüşü həyəcanlandırırdı onu. Öz şagirdi ilə uzun-uzun illərdən sonra görüşü necə olacaqdı? Həm maraqlıydı, həm də düşündürücüydü. Süleyman rayona gələndən bircə dəfə də, heç olmasa uzaqdan da olsa, onu görə bilməmişdi. Rast gəlməmişdilər. O, Nəzərin xatirində arıq, çəlimsiz, sarışın bir oğlan kimi qalmışdı. İmranın yanında utancaq və ürkək baxışlı, ayağı çarıqlı bir oğlan idi o vaxt Nəzərin məktəbinə gələndə. Ali məktəbi qurtaranda deyəsən bir dəfə ötəri görmüşdü. Sonra o, Moskvada oxuyanda bircə kərə də məktub yazmışdı. Onda Nəzər, Süleymanı o böyük şəhərdə, küçədə, dərs otağında təsəvvüründə canlandırmaq istəmişdi, ancaq heç nə alınmamışdı. İndi… Qapısının qabağında, sağ tərəfdəki mizin arxasında oturan qızı görən kimi, axşamkı telefon söhbətini xatırladı:

«Mənimlə danışan qız budu!»

⎯ Salam qızım!

Qız başını yuxarı qaldırdı:

⎯ Salam!..

⎯ Axşam mənə siz zəng eləmişdiz?

Qız ötkəm cavab verdi:

⎯ Axşam mən çox adama zəng eləmişəm.

⎯ Mən Nəzər müəlliməm.

Pırpız saçlı, üz-gözü rənglənmiş qızın sifətində heç bir dəyişiklik əmələ gəlmədi:

⎯ Hə. Mən zəng eləmişdim.

⎯ Katibə deyin ki, Nəzər müəllim gəlib!

Qız kəskin bir hərəkətlə döndü:

⎯ Katib burda yoxdu. Bakıya gedib!..

Nəzər təəccübləndi:

⎯ Necə yəni Bakıya gedib?

⎯ Oçen prosta! Mərkəzi Komitəyə çağırdılar, təcili getdi.

⎯ Bəs məni…

⎯ Sizi ikinci katib qəbul edəcək. Özü tapşırıb ki, siz yoldaş Əmiraslanovun yanına gedəsiz…

Nəzər bu gözlənilməz dönüşdən çaşırdı, nə edəcəyini bilmədi, mat-mat qızın üzünə baxıb durdu. Handan-hana fikrini cəmləyib:

⎯ Təkdi? ⎯ deyə müqabil tərəfdəki qapıya işarə ilə qıza məcburən müraciət etdi.

⎯ Hə. Keçin yanına!..

… Əmiraslanov Nəzəri tanıyırdı. Onu mehriban qarşıladı, yer göstərdi. Nəzər oturandan sonra katib, yerini rahatlayıb dedi:

⎯ Pensiyaya çıxırsız, Nəzər müəllim, heç bizim xəbərimiz olmur. Biz dünən bilmişik…

⎯ Yaxşı ki, heç olmasa dünən bilmisiz. Buna da sevinmək lazımdır. Heç bilməyə də bilərdiz. ⎯ Cavab verdi Nəzər və sərt dediyini o dəqiqə başa düşdü. Ancaq peşimanlıq hissi duymadı ürəyində. Əmiraslanov Nəzərin səsindəki əsəbi tonu duyub, yumşaq danışdı:

⎯ Bu Muradzadə özbaşına işlər tutmaqdan əl çəkmir ki, çəkmir. Neçə dəfə demişik, gərək onunla ciddi danışaq.

⎯ …

⎯ Bizə dünən Baba deyib?

⎯ Baba kimdi?

⎯ Baba da! Ordenli Baba. İstehsalat idarəsinin rəisi. Sizin keçmiş şagirdiniz…

⎯ Hə… hə… Yaxşı oğuldu o!

⎯ Süleyman müəllim eşidəndə bərk əsəbiləşdi.

⎯ Eh, əsəbiləşməli bir şey yoxdu burda əslində. Sadəcə pensiyaya çıxmışam, vəssalam…

Kimsə zəng elədi. Nəsə dedi Əmiraslanova. «Yaxşı!» ⎯ söylədi, ⎯ indi gəlirəm…» Sonra üzünü Nəzər müəllimə tutdu, hiss olunurdu ki, harasa tələsir, odur ki, birbaşa mətləb üstünə gəldi:

⎯ Bilirsiz, sizi bura niyə çağırmışıq, Nəzər müəllim?

⎯ Deyərsiz, bilərəm.

⎯ Bu, Süleyman müəllimin tapşırığı və xahişidi.

⎯ Nədi o elə?

⎯ Bizim Xalq nəzarəti komitəsinin sədri etimadımızı doğrultmadı, Nəzər müəllim. İşləyə bilmədi. Bilirsiz, bu, çox mühüm, məsuliyyətli sahədi. Burda gərək ciddi, prinsipial adam olsun. Arif isə… tamahkar və məsuliyyətsiz adam imiş… Bir sözlə, o getdi bu vəzifədən. İndi rayon partiya komitəsinin, şəxsən yoldaş Həmidovun, elə mənim özümün də fikrimiz belədi ki, əgər etiraz eləmirsinizsə, ⎯ güman eləyirik ki, eləməzsiz ⎯ bu işi boynunuza götürəsiz və bizə kömək edəsiz… Biz dünən çox götür-qoy elədik, sizdən yaxşı bir namizəd ağlımıza gəlmədi. Necə baxırsız bu məsələyə, Nəzər müəllim?

⎯ …

⎯ Siz təcrübəlisiz, çoxlu müəllimlik stajınız var, rayonda hörmətiniz çoxdu, hamı da sizi yaxşı, ciddi bir adam kimi tanıyır. Elə bilirəm, siz… razı olarsız, elə deyilmi?

Nəzərin qulaqları guruldayırdı. Əmiraslanovun üzünə baxırdı, ürəyində isə… götür-qoyda idi. Gözlənilməz təklif idi.

⎯ Nə fikrə getdiz, ay Nəzər müəllim?

Nəzər yerində qurcalandı:

⎯ Nə deyim… Mənim üçün çətin olmazmı? Qoca kişiyəm… ⎯ Elə bu vəzifəyə bir az «salidni» adam lazımdı, Nəzər müəllim. Sizin kimi adam lazımdı… Süleyman müəllim gedəndə xahiş elədi ki, şəxsən onun adından xahiş eləyim sizdən… Bakıda Respublika Xalq Nəzarəti komitəsi ilə danışacaq şəxsən Süleyman müəllim…

Anlar keçdikcə Nəzərin fikri durulurdu. Və bunun çox böyük etimad olduğunu, ağır, məsuliyyətli bir iş tapşırıldığını başa düşür və qəlbində özünün də hələ tam dərk edə bilmədiyi qəribə bir qürur hissinin baş qaldırdığını duyurdu. «Deməli, hələ hər şey qurtarmayıb! Deməli, mən hələ lazımam. Mən hələ qoca deyiləm…»

⎯ Fikirləşməyə vaxt vermirsiz?

Əmiraslanovun qətiyyətli, bir az da ərkyana səsini eşitdi:

⎯ Yox, Nəzər müəllim!.. Gələn həftədən biz sizi işdə hesab eləyirik!.. ⎯ deyib ayağa qalxdı. ⎯ Aydındır?

Nəzər də durdu; gözləri də, sifəti də işıqlanmışdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, dördüncü fəsil

İki gün idi ki, Dünya xanımı «Şahənşahi» doğum evinə aparmışdılar. Hələ azad olmamışdı. Nəcməddin tez-tez zəng eləyir, tikan üstündə oturmuş kimi rahat ola bilmirdi. Gecələr yatanda da telefonu yanına qoyurdu. Ancaq bir səs-soraq yox idi. Nəhayət, üçüncü gün gündüz saat 12-də doğum evindən şad xəbər verdilər: Dünyanın oğlu olmuşdu. Baş həkim özü zəng eləmişdi. Nəcməddini muştuluqlamışdı. «Oğlan» sözünü eşidən kimi elə bil kişinin qulaqları batmış, beyni uğuldamışdı. Həkimə «muştuluğun məndə!» — deyib tələsik dəstəyi asmış, Əbdülü səsləmişdi, sevindiyindən onu bağrına basıb üzündən öpmüşdü və demişdi:– Oğlum olub, Əbdül. Məni təbrik elə, Əbdül. Oğlum olub, oğlum olub! — Nəcməddin Əbdülü buraxıb qol qaldıraraq süzmüşdü.

10 dəq
Üçüncü hissə, beşinci fəsil

Həyətə üç nəfər yad adamın — ikisi mülki paltarda, biri hərbi libasda — girdiyini görən kimi hovuzun dibində qab-qaşıq yuyan Məleykə xanımın dalağı sancdı, bədəninə soyuq tər gəldi, əlləri süstəldi, nazik stəkan daşın üstünə düşüb çilikləndi. O, çömbəltmə oturmuşdu, yad kişilərin gəldiyini görüb ayağa qalxmaq istədi, ancaq bacarmadı. Dursa yıxılacağını hiss elədi. Ona görə yerindən tərpənmədən geniş açılmış gözlərini daş döşəməni tıqqıldada-tıqqıldada ona sarı gələnlərin ayağına dikib qorxu içində gözlədi. Tanış deyildilər, bu evə gəlib-gedənlərə oxşamırdılar. Beş il bundan qabaq da belə adamlar gəlmişdilər, müxtəsər bir söhbətdən sonra Şəfini qabaqlarına qatıb aparmışdılar. Kişi o gedən getmişdi və düz bir ildən sonra üzülmüş, arıqlamış, saçları ağarmış halda qayıdıb gəlmişdi. Bir ilin ayrılığı, həbsxananın ağır şəraiti və həsrət öz işini görmüşdü. Şəfinin ürəyi ağrımağa başlamışdı — hələ də ağrıyırdı, əzablı ağrılar o boyda kişini yumağa döndərirdi. İndi də gəliblər... Məleykə səksəkə ilə qabağında dayanan ucaboy kişiyə baxdı. Kişi salam verdi və arvadın cavabını almadan soruşdu:– Ağayi Rəhgüzər evdədirmi, xanım?

13 dəq
Üçüncü hissə, altıncı fəsil

Sən demə, bu cah-calallı imarətdə, gül-çiçəkli həyətdə bir gizli məhəbbət də yaşayırmış. Sən demə, zər-ziba içində süslənən, gözəlliyi ürəklər sızıldadan, gözlərinin dərinliyində bir günahsız körpə məsumluğu gizlənən Dünya etibarsız imiş, vəfasız imiş. Sən demə, həyatda qul kimi yaşamaq üçün yarananlar, məhəbbətdə hakim ola bilməzmişlər, eləcə qul olarmışlar... Sən demə......Nəcməddinin maşını tini burulub səsi eşidilməz olan kimi Dünya xanım eyvana çıxdı, əvvəl hasarın o tərəfindəki xanimana gözucu baxdı, kürən oğlanı görməyib öz həyətlərinə boylandı. Əbdül darvazanı içəridən bağlayırdı. Çönəndə onu elə bil ildırım vurdu: Dünya xanım eyvanın sütununa söykənmişdi. Heykələ oxşayırdı: ağ mərmərdən yonulmuş heykələ. Uzun saçının birini sol çiyni üstündən aşağı salmışdı, yaraşıqlı sifəti ağ paltarından seçilmirdi. Hərəkətsiz halda dayanıb Əbdülə tamaşa eləyirdi. - Əbdül onu şəfaxanadan çıxandan bəri, bu ay yarım ərzində hələ belə ağıllı-başlı görməmişdi. İmkan olmamışdı, çünki Nəcməddin evdən çıxmamışdı, dayə kimi arvadına, uşağına qulluq eləmişdi. Həsrət, gözəl Dünya ilə kəlmə kəsmək, onun məlahətli səsini doyunca eşitmək arzusu Əbdülün ürəyini titrədirdi; o, itiyi itmiş adam kimi, divanə kimi həyət-bacada gəzir, boğazından çörək ötmür, gözlərinə yuxu gəlmirdi. Gecələr, ərarvad öz otaqlarına çəkilib yatandan sonra o da öz hücrəsinə girib yatmaq əvəzinə, arxa hasarın dibinə çəkilir, tül pərdə çəkilmiş pəncərə dalında Dünyanın kölgəsini belə görmək ümidilə saatlarla oturub nəzərlərini o işıqlı pəncərədən ayırmırdı. Açıq havada olmasına baxmayaraq boğulub təngnəfəs olurdu; ürəyi az qalırdı partlasın. Elə əzabla yaşayırdı ki, ölmək bundan yaxşıdır. Qabaqlar, hələ Nəcməddinin evində işləməyə gəlməmişdən qabaq, ac qaldığı, soyuğa düşdüyü, ölümlə pəncələşdiyi vaxtlar az olmamışdı. Ancaq o əzablar bunun yanında toy-bayram imiş, heç əzab da deyilmiş. Görəsən, Dünya xanım da onun üçün belə darıxırdımı? Oxşamırdı, çünki o, heç bir təlaş keçirmir, sanki Əbdülü heç görmürdü. Elə bil o, heç bu həyətdə yox idi, yaşamırdı burda. Bircə dəfə də olsun onun halını soruşmağa, bir xoş söz deməyə can atmamışdı Dünya xanım. «O məndən çox-çox ağıllıdı, yəqin belə lazımdı» — deyə özünə günlərlə, həftələrlə təskinlik verən Əbdülün bu gün lap səbir kasası dolmuşdu, hövsələsi bir tikə olmuşdu.

14 dəq
Üçüncü hissə, yeddinci fəsil

Bir-birinin vüsalından sehrlənib məst olandan, Dünya xanım öz yatağında, Əbdül isə öz hücrəsində ikilikdə keçirdikləri o xoş anların xəyalatına dalandan sonra bütün həyətdə qəribə bir səssizlik yarandı. Hər şey — hərdən hürən it də, aramsız quruldaşan köyərçinlər də, ara-sıra qaqqıldaşan toyuq-xoruz da, qəfəsdəki dil-boğaza qoymayan bülbül də bu iki bəxtəvər adamın düşüncələrini, xəyallarını dağıtmamaq, pərən-pərən salmamaq üçün sanki qəsdən susmuşdu. Dünya xanım da, Əbdül də azca əvvəl yaşadıqları o sehrli, şeriyyət dolu aləmin gözəlliyinə dalıb bir-biri haqqında düşünürdü. Və bu düşüncələr gah təmiz niyyətlə sevən ürəyin çırpıntıları kimi səmimi, şirin olurdu, gah da hiylə və məkr donuna, qısqanclıq alovlarına bürünub əfi ilana dönür, gözəl duyğular üstündə qərar tutmuş bu məhəbbəti zəhərləyib boğmaq istəyirdi.Səmimiyyət olmayan yerdə məhəbbət yaşaya bilmir. Səmimiyyət məhəbbətə inam, qol-qanad verir, onu böyüdur, ülviləşdirir. Bu həqiqəti Dünya xanım, cavan olsa da, qadınlıq sövq-təbiisi ilə anlayırdı və bu hisslərini indiki yarıbihuş, yarıayıq halında götür-qoy edərək bu qənaətə gəlirdi ki, Əbdül onun üçün əzizdi, şirindi, ləzzətlidi. Ancaq nə olsun? İkisi də keçmişləri etibarilə eyni olsalar da, indi aralarında Nəcməddinin sayəsində dərin bir uçurum var. Dünya uca bir dağın başında dayanıb, Əbdül isə ətəyində. Əbdül hamının gözü qabağında öz ləyaqətilə, zəhmətilə, Dünyasının qərar tutduğu o dağın başına, sevgilisinin vüsalına qovuşmaq üçün çıxa bilməz — bu, onun imkanı xaricindədi. Əbdül ancaq gizlicə, oğrun-oğrun oraya dırmaşa bilər, qısamüddətli, qorxulu-təhlükəli bir görüşdən sonra, yenə gizlicə, heç kəs görməsin deyə sürünə-sürünə aşağılara, öz hücrəsinə qayıda bilər. Dünya milyoner xanımıdı, Əbdül nökərdi, quldu. Dünya xanım camaatın gözü qabağında, zahirdə onunla ancaq bir nökər kimi rəftar etməliydi. Əbdül də həmçinin — ona, onsuz da taleyin qəribə hökmü ilə qul olduğu Dünya xanıma ağa xanımı kimi baxmalıdı, ehtiramını saxlamalıdı. Ona açıq-aşkar bir sevgili kimi baxa bilməz, bu onun həyatı bahasına başa gələr.

16 dəq

Başqa şairlərin şeirləri