İkinci hissə, on dördüncü fəsil
Səhifə 4 / 5 · 60%
Nəzər qımışa-qımışa, özündən razı halda Balamirzəyə baxıb gülümsündü.
Balamirzə içəri girib qapını çəkdi:
⎯ Deyəsən arvadağaya hesabat verirdin, hə?
⎯ Hə də. Mən bu rayonun narodnı kontroluyam, Sədnikin qızı da mənim. Neyləyim. Gərək ona hesabat verəm.
Balamirzə bic-bic güldü.
⎯ Nəyə gülürsən, Balamirzə? ⎯ Nəzər şübhəli-şübhəli soruşdu. ⎯ Oformit elədin? Ə, nəyə gülürsən? Ə, yoxsa açıb buraxdın bu faşist uşağını?
Balamirzə stul çəkib əyləşdi:
⎯ Nəzər müəllim, iş ayrı cürdü.
⎯ Necə yəni ayrı cürdü?
⎯ Heç bilirsən tutduğun kimdi?
⎯ Kimdi?
⎯ Süleyman müəllimin qohumu…
Nəzərin sifəti dartıldı, üzünə bir təəccüb ifadəsi qondu, ağ pırpız qaşları qalxıb alnının ortasına gəldi.
⎯ Elə şey olmaz.
⎯ Vallah.
⎯ Nə danışdığındı, ay Balamirzə?
⎯ Elədi, Nəzər müəllim. Yanımda götürdü zəng elədi. Birevli kimidilər. Bəli. Hələ evə də dəvət elədi, gedə razı olmadı.
⎯ Nə dedi bəs?
⎯ Dedi, Nəzər müəllim indi də mənim adamlarıma sataşır? Dedi, aç burax, getsin. Dedi hələ Nəzəri də tap, qoy özü yoluzaq eləsin onu. Hə, həl-həlbət tap dedi.
Nəzər qalxdı. İşimiz var da, ⎯ söylədi və iki addım da atıb: ⎯ Ə, bəs demədin bu faşist uşağı faşistin alnına yazılmayıb ha, kimin qohumudu, nəyidi, ⎯ deyib sanki cavab gözlədi.
⎯ Yox, demədim, Nəzər müəllim.
⎯ Belə olur da. Amma belə olmamalıdı, Balamirzə. Vallah belə olmamalıdı, billah, belə olmamalıdı.
Balamirzə lal-dinməz dəhlizə çıxdı. Nəzər də onun dalınca. İbad dayanıb gözləyirdi. Nəzərə qəzəblə baxdı, ancaq sonra gülə-gülə:
⎯ Hə, Nəzər day-day, ⎯ dedi. ⎯ Belənçik-belənçik işlər.
Nəzər dillənmədi.
İbad kapitandan soruşdu:
⎯ Süleyman müəllimin tapşırığını Nəzər day-daya başa saldın?
⎯ Mən sizi aparıb ötürməyəcəm, ⎯ Nəzər qapqara boğulub qəzəblə söhbətin nə barədə olduğunu başa düşdüyünü oğlana bildirdi.
İbad sakit, soyuqqanlı bir tərzdə:
⎯ Süleyman müəllim tapşırıb, ⎯ dedi. ⎯ Sən mənim canım, elə demədi katib, yoldaş kapitan?
Balamirzə oğlana cavab verməyib üzünü Nəzərə çevirdi:
⎯ Mən özüm aparardım, Nəzər müəllim. Ancaq idarədə heç kəs yoxdu, mən dejurnayam. İndi ta keçib, bu «Yaxşı yol»acan ötür uşaqları, sonra özləri gedərlər. Həm də birdən bizimkilərə rast gəlsələr, başa sal, işləri olmasın. Yoxsa elə səhərəcən siz tutub gətirəcək-siz, biz buraxacağıq.
Nəzərin dişi bağırsaqlarını kəssə də, Süleymanın dalınca ürəyində deyinsə də, çarəsiz halda, qabağa düşüb həyətə yendi. Bir az sonra… maşın milis idarəsinin həyətindən çıxdı.
… Yenə kabinədə üçü oturmuşdu. Ancaq indi Nəzər müəllimi İbad sürücü ilə öz arasına salmışdı. Küsülü adam kimi heç biri danışmırdı. Sürücü onsuz da lal idi. Nəzər isə hirsindən dinmirdi. İbad, kefi kök idi deyə, fit çalırdı və qəsdən Nəzəri cırnatmağa çalışırdı.
«Yaxşı yol» restoranının tuşuna çatanda Nəzər dilləndi:
⎯ Hə, burdan o yana yol rahatdı. Elə düz gedərsiz. İndi saxla, mən düşüm.
Sürücü ayağını qazdan çəkəndə İbad onun böyrünü dümsüklədi və Nəzərə:
⎯ Yox, day-day, ⎯ dedi. ⎯ Bizi lap o aşırımacan aparacaqsan, həri, Süleyman əmim deyib.
⎯ Ə, saxla sənə deyirəm.
Sürücü maşının sürətini artırdı. O da çəkdiyi qorxunun acığını bununla çıxırdı.
⎯ Yox, gedəcəyik. Hələ ora xeyli yol var. Bir də, indi sən düşüb qayıdacaqsan, yenə bizi sizin uşaqlar tutacaqlar. Mən deyəcəm katibin adamıyam, onlar inanmayacaqlar. Həri, sən yaxçı bilirsən ki, onlar adama, adamın sözünə inanmırlar. Həri, yaxçı bilirsən. Özün dünya görmüş adamsan, day-day. Amma, acığıva gəlməsin, sən yaxçı adam deyilsən, day-day. Adam kişi olar, həri, kişi.
⎯ Ə, sən kişilik nəyə deyirsən? ⎯ Nəzər hirsindən fıs-fıs fısıldadı.
⎯ Kişilik? Kişilik bilirsən nədi, alə? Bu yaşa gəlmisən, saç-saqqal ağartmısan, hələ də bilmirsən kişilik nədi? Kişilik odu ki, adamın qolundan tutub düz yola çıxardasan. Ta sənin kimi, azanı düz yola çıxarmaq əvəzinə aldadıb birbaş milisə gətirmək kişilik deyil, day-day.
⎯ Başa düşən olsaydın, bilərdin ki, mən səni elə düz yola çıxarırdım, bala. Amma qanmadın. Eybi yox. Get, amma bil ki, bu yol ki, sən tutmusan, uzağa gedəmmiyəssən, axırı ilişib bədbəxt olassan. Vallah olassan, billah, olassan. Bax, indi getdiyin bu yolun ucu bilirsən harda qurtarır?
⎯ Harda qurtarır?
⎯ Düz ağzıbirin qapısında, bala.
⎯ Ağzıbir nədi, kişi?
⎯ Ağzıbir bilirsən nədi? Qazamat, türmə, bala. Başa düşdün? Ya yenə sayım?
⎯ Ged, alə, ged. Yox bir hamam.
⎯ Bir sözdü dedim. Vaxt gələr, ağzın yananda, qanarsan. Ancaq onda gec olacaq, vallah, gec olacaq, billah, gec olacaq.
İbad iki saatdan bəri çəkdiyi ağrını, acını tikanlı sözlərilə azaltmaq istəyirdi:
⎯ Sənin saçın-saqqalın ağarıb, ancaq ağlın ağarmayıb, day-day. Sən bu qədər yaşamısan, görəsən elə-belə, bu cür yaşamısan? Həri? Bu cür də yaşayacaqsan? Eləsə vay sənin arvadının, uşağının halına. Sən bu dünya deyilən şeydən heç nə qanmamısan. Bilmirsən ki, insan dünyaya bir dəfə gəlir, sonra… daha heç nə yoxdu. Odur ki, yaxçı yaşamalıdı insan. Yeməlidi, içməlidi, kef çəkməlidi, ürəyi nə istəyir, onu da dadmalıdı. Bunun üçün isə nə lazımdı? Pul. Həri, pul, day-day. Pulun var, kişisən. Yoxdu, füüü ⎯ o, dodaqlarını irəli uzadıb uzun-uzadı üfürdü ⎯ vozdux. Bildin, voxdux. Pul isə öz-özünə gəlib girmir adamın cibinə, day-day. Gərək əlləşəsən, vuruşasan, özünü oda-közə vurasan, onda pul gələr. Yoxsa, zaraza, gəlmir, gəlmək istəmir!
⎯ İşlə də!.. İşləsən…
⎯ Hm… ⎯ İbad onun sözünü göydə kəsdi. ⎯ Fu! İşlə. Söz tapıbsız… işlə. Alə, işləyənə nə verirsüz? Bax, bu oğlan, ⎯ deyə o, sürücünü göstərdi ⎯ helə bilirsən işdəmir? İşdiyir. Özü də canidilnən işdiyir. On il avtobusnan stroykanın fəhlələrini şəhərdən yığıb Mərdəkana aparıb, Mərdəkandan şəhərə qaytarıb. Ayda yüz iyirmi manat pul veriblər. Nədi, alə, yüz iyirmi manat, heç nə. Üç uşağı var, arvadı da işləmir ⎯ canı nasazdı. Bu beş başa yüz iyirmini böl, çatdır, xərclə görüm necə xərcləyirsən. Özü də şəkil kimi oğlandı. Yaxçı geyinib-keçinib şəhərə çıxsa, mən ölüm, heç kəs bilməz ki, bu şoferdi, elə bilərlər ki, görəsən hansı zamministirdi, ya ministirdi. Həri! Elə bilərlər. İndi bu təzə maşını götürüb ⎯ bandabazadan! İndi deyəcəksən bandabaza nədi? Deyəcəksən ki, alə, bizim zamanada bandabaza olar? Həri, olar. Həri, var. Orda işləsən, bilərsən, var bandabaza və bilərsən nə deməkdi bandabaza. Üç min verib bu maşina. Həri, düz üç min. Hökumət bu maşını verir bazaya, qanunnan o maşın bazada işləyənnərə verilməlidi. Özü də növbəynən. Ancaq növbə gözləyən kimdi? Heç kəs. Kimin pulu var, odu birinci. On il işlə, maşının sökülüb dağılsın, atılmalı olsun, əgər pul verməsən müdirə sənin canın elə o maşında çıxacaq. Amma mən, dünən gələni sabah aparıb nəçənniyin qabağına üç min manat qoyum, elə həmin gün bir təzə maşın götürüm, həri, bu ölsün, ⎯ o, üzünə bir şapalaq çəkdi, ⎯ həri. Ya elə mənim özüm, uzağa nöş gedirik? Mən…
Nəzər hikkəsindən heç qulaq da asmırdı. Fikrinə gəlirdi ki, bu cavan oğlanın niyyəti ayrıdı deyəsən. Odur ki, birtəhər maşından düşüb canını qurtarmaq haqda düşünürdü. Ancaq bəhanə tapa bilmirdi.
⎯ A bala, saxla görək bu drandaletini.
İbad yenə sürücünün böyrünü basdı və:
⎯ Hara tələsirsən ey, söybət eləyirik özümüzçün. Sən demiş, yola körpü salmaq lazımdı, ya yox? Həri, həri, lazımdı, ⎯ dedi.
Nəzərin açıq-aşkar narahat olduğunu görsə də, özünü o yerə qoymayıb ləzzət ala-ala davam elədi:
⎯ Mən pis oğlanam? Yox, sən mənim canım, düzünü de, mən pis oğlanam? Yox, gül kimi oğlanam, day-day. Mən indi xərcləmək, yaşamaq istəyirəm. Onunçun isə pul lazımdı. Düzdü, maxan mənə korluq vermir və Süleyman əminin də bir əli bizim üstümüzdədi. Pal-paltarımızı vərir, xərcliyimizi vərir. Ancaq yenə azdı, çatmır. ⎯ Sözü bura çatanda İbad birdən alnına vurdu, yersiz danışdığını başa düşüb xırp susdu və bu sükutun şübhə doğura biləcəyini də anlayıb:
⎯ Kişilik deyirsən. Nə kişilik, alə? ⎯ dedi. ⎯ Pulsuz nə kişilik?
Amma Nəzər onun axırıncı sözlərini yaxşıca tutmuşdu və Süleymanın bu oğlana, Fatma xanıma, anasına nə yolla, hansı tellə bağlı olduğunu dumanlı şəkildə olsa da başa düşmüşdü, oğlanın birdən-birə susmağının da səbəbini anlamışdı. Bayaqdan bəri onun əlindən yığdığını iki kəlmə acı sözə qatıb oğlana yedirtməyin əsl məqamı çatdığını hiss eləyib:
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-on-dorduncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.
Üçüncü hissə, ikinci fəsilDünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.
Üçüncü hissə, üçüncü fəsilElməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.
Üçüncü hissə, dördüncü fəsilHökm oxunan günü, axşam Elməddini, Əhədulla bir dəst yorğan-döşək gətirəndən sonra şəhər həbsxanasından Poli-çərxi həbsxanasına gətirmişdilər. Bu həbsxana ona tanış idi, iki-üç il əvvəl də burada yatmışdı. Onu təkadamlıq kamerada saxlayırdılar. Kiçik, hündür divarlı, əl çatmayan yerdə bir dənə dairəvi pəncərəsi olan bir otaq idi — qapısı dəmir idi. İçərinin döşəməsi sement idi. Ancaq taxt qoyulmuşdu divarın dibinə. Yanında taxtadan düzəldilmiş, əl vuranda cır-cır cırıldayan stol vardı. Divarlar kömürlə, mıxla yazıq-yazıq idi. Burada vaxtilə yatanlar adlarını, həbs olunma və çıxma tarixlərini yazmışdılar. Eləsi var idi ki, bu otağa düşmə tarixini yazmışdı, çıxma tarixini yox. Elməddin əyri-üyrü xətlərə göz gəzdirə-gəzdirə düşünürdü ki, yəqin buraxıldığını eşidib sevincək olublar belələri, ya da... Ya da gözlənilmədən çıxarılıblar, bir daha bura qayıtmayıblar! Hərəsi bir insan taleyi idi, təklik, əzab-əziyyət tarixi idi bu yazıların.Poli-çərxi həbsxanasında, demək olar ki, bu illər ərzində Heç bir dəyişiklik olmamışdı. Amirsahib və Şəfini rəhmsizcəsinə döyüb dırnaqlarını çıxaran Dostməmməd hələ burada idi. Onlar Elməddini görən kimi tanımışdılar. Müşayiətçi zabitin təqdim etdiyi sənədləri oxuyan həbsxana amiri yanındakı zabitə müraciətlə:
Başqa şairlərin şeirləri
Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degül,Gün yüzün şəmi önündə ta gülə gülşəndə gül.
عشق را از دل سودازده ما ننگ استاین پلنگی که با سایه خود در جنگ است
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə