İkinci hissə, on yeddinci fəsil
Səhifə 2 / 2 · 50%
⎯ Düz deyirsiz, Nəzər müəllim. Mən fikir verirəm, bizim bu kəndin adamları demək olar ki, uşaq tərbiyəsi ilə məşğul olmurlar. Daha doğrusu, məşğul olmağa vaxt tapmırlar.
⎯ Hardan tapacaqlar yazıqlar. Səhər gedib bir də axşam qayıdırlar. Bağçada, məktəbdə nə gördülər, nə götürdülər ⎯ budu uşaqlarınkı. Axşam valideyn işdən gəlir ⎯ azyaşlılar yatmış olur onda, bir az böyüklər də yorğun-arğın, yarıyuxulu olurlar. Səhər də onlar durmamış çıxıb gedirlər. Uşaq, demək olar ki, doyunca valideyn üzü görmür. Nə kolxoz sədrimiz, nə kənd soveti sədrimiz bu barədə düşünür. Onları ancaq iş, plan maraqlandırır. Vəssalam, fikirləşmirlər ki, bu uşaqlar bizim gələcəyimizdi, bu uşaqlar sabah bu kənddə səni, məni əvəz eləyəcək adamlardı. Onlar göz açıb burda yaşadığı on beş, iyirmi il ərzində atalarını, analarını səhər çölə, tarlaya işə gedən görürlər. İnsan da istirahətsiz yaşaya bilərmi? Axı insanın fiziki imkanı tükənməz deyil! Müharibədən qabaq, hələ kolxozlar təşkil olunan vaxtlar, cümə günləri camaat işə çıxmazdı, dincələrdi, evinə, uşağına, həyət-bacasına baxardı, bazarına-dükanına gedərdi, qonaq gedərdi, qonaq qəbul eləyərdi. Qulluqçu kimiydi kolxozçu. Səkkiz-doqquz saatını işlərdi, gələrdi.
⎯ Bəs niyə ləğv elədilər bunu, Nəzər müəllim?
⎯ Hm. Ləğv elədilər! Kim ləğv elədi? Sən elə bilirsən, Şura hökuməti əmr verib bunu aradan götürdü? Yox, qızım. Biz özümüz eləmişik bunu. Bizim sədrlərimiz, katiblərimiz qeyri-qanuni ləğv eləyiblər. Hansı respublikaya gedirsən, get, məsələn, Rusiyanın hansı kolxozuna gedirsən get ⎯ bazar günü işləyən bir kolxozçu tapa bilməzsən, qızım. Hamı o günü eynən qulluqçular kimi istirahət eləyir. Və bir kişi də gəlib deyə bilməz ki, İvan Fedoroviç ya Mariya İvanovna, sən bu gün niyə işə çıxmamısan? Bilir ki, belə deməyə haqqı yoxdu, ona görə də demir.
Niyə sənin sədrin belə şərait yaratmır? İmkanımız yoxdu, adamımız, şəraitimiz yoxdu? Var, hər şeyimiz var, qızım. Təkcə bir vicdan lazımdı, canıyananlıq lazımdı, vəssalam. Baxmayıblar, düşünməyiblər, indi kəndlər boşalıb xarabaya dönüb ⎯ cavanlar çıxdımı, daha geri qayıtmaq istəmir. Çünki görüblər laqeydliyi, çətinliyi, biganəliyi. Qayıtmazlar da! Özümüzük günahkar. Uşaq dünyaya göz açandan, ağlı kəsəndən gərək bağça da, valideyn də, məktəb də ⎯ hamı ona təlqin eləsin ki, bu torpaq onundu ⎯ bura onun doğulduğu yerdi, onun əcdadının qəbri burdadı. Bura, sənin üçün müqəddəsdi. Bax, bunu təlqin eləyə bilmirik.
Nəzər danışdıqca Zakirə xanım fikirləşirdi ki, bu kişinin nə böyük ürəyi, nə böyük vətəndaşlıq qeyrəti var! Yaşına baxmayaraq, Şakirin ona elədiyi haqsızlığa baxmayaraq həvəsdən düşməyib. Yenə əvvəlki Nəzər müəllimdi, yenə odlu, alovludu. Onun kimi bir kişinin tələbəsi olduğuna görə ürəyi fərəh hissilə dolub daşırdı və hər dəfə bu barədə düşünəndə taleyindən razılıq eləyirdi.
⎯ Qoy sənin üçün bir stəkan çay süzüm, Zakirə! ⎯ dedi Nəzər birdən sözünə ara verib böyründəki çaydana əl atanda Zakirə ondan cəld tərpəndi və ona da, özünə də çay süzdü. ⎯ Çənəm qızışıb, elə hey danışıram, sənə çay vermək yadımdan çıxıb!
⎯ Eybi yoxdu, Nəzər müəllim. Sizin söhbətləriniz elə xoş, elə şirin olur ki, sizə hər qulaq asanda deyirəm, nə olaydı, təzədən dönüb uşaq olaydım, siz də sinfə girib təzədən bizə dərs deyəydiz, Nəzər müəllim.
⎯ Elə möcüzələr olmur, qızım. Qədim yunan filosofu düz deyib ⎯ bir suda iki dəfə çimə bilməzsən ⎯ o suları zaman qabağına qatıb gedər-gəlməzə apardı, qızım.
Nəzər mənalı-mənalı başını tərpədib çaydan bir qurtum içdi:
⎯ İç çayını, deyəsən soyuyub! ⎯ Zakirə balaca, ağ əlini irəli uzadıb stəkanı qaldırdı, daddı:
⎯ İçməlidi, ⎯ dedi.
⎯ Yaxşı, danış görək məktəbdə nə var, nə yox? İşləriniz necə gedir?
Zakirə stəkanı yerə qoyub gülə-gülə söylədi:
⎯ Mənim yeznəm var, Firdovsi, soruşanda ki, işlərin necə gedir? Deyir: «Baldız ağa, işlərimizi elə qurublar ki, elə öz-özünə gedir!» İndi onun sözü olmasın, Nəzər müəllim, işlərimizi doğrudan da elə qurublar ki, öz-özünə gedir.
⎯Öz-özünə gedən iş yoxdur, Zakirə. Öz-özünə gedən iş mexaniki işdi ⎯ bizim, daha doğrusu, sizin sənətinizdə isə mexaniki iş üsulu qətiyyən yaramaz. Qaynar psixoloji çeviklik, bütün ürəyini, varlığını vermək, səbir, təmkin və bir də hər uşağın öz dünyasını, aləmini başa düşüb ona fərdi yanaşmaq ⎯ budu sizin sənətin başlıca keyfiyyətləri. Bu isə öz-özünə irəli gedə bilməz, gərək ürəyini günəş edib yandırasan ki, hər ürəkdə bir şam alışdıra biləsən.
⎯ Elədi, Nəzər müəllim. Siz hər şeyə elə yaxşı təhlil verirsiz ki… Hər dəfə sizə qulaq asanda öz-özünə deyirəm ki, Nəzər müəllim nə olaydı, bu dediklərinin hamısını yazaydı. Gözəl pedaqoji-əxlaqitərbiyəvi fikirlərdi; deyirsiz, bir adam, iki adam eşidir, vəssalam. Onlardan istifadə eləyən eləyir, eləyə bilməyən eləmir, bu qulağından alıb o biri qulağına verir. Amma yazsanız, qalar, Nəzər müəllim, hamı istifadə eləyər, gələcək nəsillər də istifadə eləyər. Bizim belə adamların təcrübəsinə, sözünə, kəlamına ehtiyacımız çoxdu, müəllim. Niyə, məsələn, rusların Suxomlinskisi var, bizim yoxdu? Suxomlinski ⎯ o böyük müəllim və gözəl insan ⎯ gördüklərini, düşündüklərini, müşahidələrini və məsləhətlərini yazıb, qoyub gedib. O, Makarenkodan sonra, indi ən böyük pedaqoqdu. Bəs hanı bizim bu günlərin Suxomlinskisi? Hanı bizim Nəzər müəllimimiz? Hayıfdı bu təcrübə, Nəzər müəllim. Yazın, çap etdirin, hayıfdı… Hər dəfə istəyirəm bunu sizə deyəm, necə olursa, yadımdan çıxır.
Nəzər müəllimin elə bil yaralı yerinə toxundular. Sanki bütün vücudunu bir ağrı gəzib dolaşdı. Bu ağrı sol qıçının diz qapağı altından ⎯ qəlpənin gizləndiyi yerdən başlamadı, yox, ürəyindən başladı. O, bircəciyi də düşməmiş ağappaq dişlərini bir-birinə sıxıb xırçıldatdı:
⎯ Bu ayrı dərddi, qızım. Ümumən bizim ziyalı tayfasının işi müsibətdi. Bizdə sən dediyin o yüksək intellektual səviyyə çatmır, qızım. Təəssüf eləyirəm buna həmişə. Biz, bir-birimizin qədrini bilmirik. Hər kəs özünü «dahi», «əvəzedilməz» hesab eləyir. Əgər sən məndən ağıllısan, məndən biliklisən, məndən hörmətlisən ⎯ bunu mənim gözüm götürmür, nə vasitə ilə olursa-olsun, səni aradan qaldırmağa, ləkələməyə, hörmətdən salmağa çalışıram, çünki sən məni kölgədə qoyursan. Halbuki mən səninlə fəxr etməliyəm, səndən öyrənməliyəm, başa düşməliyəm ki, sən bizim hamımıza lazımsan, məktəbimizə, maarifimizə lazımsan. Ləyaqət yaxşı şeydi, qızım. Hər kəs gərək öz ləyaqətini qorusun, mövqeyini, məqamını başa düşsün, özünü qiymətləndirə bilsin. Bizdə bu yoxdur, demək olar ki, yoxdur. Vallah, hər kəs öz yerini bilsə, hər şey yerində olar, bu qədər dedi-qodu, çəkişmə, intriqa, qanqaralığı, haqsızlıq olmaz, qızım. Məsələn, səhər gəlib mənə desələr ki, Nəzər müəllim, biz səni pambıq zavodunun direktoru qoyuruq, gərək mən getməyəm, razı olmayam, çünki bu işi, onun texnologiyasını, nə bilim nəyini bilmirəm. Əgər vicdanım varsa, gərək belə deyəm, qızım. «Getmirəm!» Amma, min təəssüf, mən belə demirəm, gedirəm və işləri baş-ayaq eləyirəm. Nəticəsi isə pis olur, qızım, çox pis olur. Həm özüm rüsvay oluram, həm işimiz əyilir ⎯ xalq, dövlət çox ziyan çəkir.
Zakirə xanım eynəyini düzəldib:
⎯ Gərək Şakir deyəydi ki, mən hələ cavanam, o boyda məktəbi idarə eləməyə gücüm çatmaz, ⎯ söylədi. ⎯ Amma demədi.
⎯ Nəinki demədi, hətta buna çox çalışdı da. Murada dedi, nazirlikdəki qohumlarına çatdırdı. Nəhayət, direktor oldu ⎯ sən məni başa düşürsən, qızım. Mən bu sözləri ona görə demirəm ki, məni direktorluqdan çıxartdılar, onu qoydular. Yox, mən belə xırda hisslərdən uzağam. Mən prinsip etibarilə deyirəm. Sözümün canı odu ki, hər kəs öz bacardığı işin qulpundan yapışmalıdır.
⎯ Bu ilki avqust müşavirəsində bizim Məhər müəllim Şakirə yaman çəkdi, elə qədirbilmək məsələsini də dedi. Sizin haqqınızda da xüsusi danışdı.
⎯ Sağ olsun. Eşitmişəm.
⎯ Müəllim kollektivi yaman dirənib üzünə Şakirin. Siz məktəbdən gedəndən sonra elə bil məktəb yetimləşib, Nəzər müəllim. Neyniyirik, sizin yeriniz görünür. Və uşaq da, böyük də bunun günahını Şakir də bilir. O sizə o cür münasibət bəsləməklə özünü hörmətdən saldı. Məhər deyirdi ki, Nəzər kimi bir müəllimə hörmət bəsləməyən, bizə nə hörmət qoyacaq. Düz də deyir.
⎯ Mən, necə deyərlər, qarnım üçün demirəm, qızım, qədrim üçün deyirəm. Mənim davam odur ki, bu, məndən sonra gələn cavan müəllimlərə ⎯ lap elə sizə ⎯ çox pis təsir eləyə bilər. Siz mənə baxıb öz qocalığınızı göz qabağına gətirər və «budu can yandırmağın, özünü həlak eləməyin axırı?» ⎯ deyib həvəsdən düşərsiniz. İnsanın isə həvəsini, inamını öldürdün, elə bil özünü öldürdün ⎯ heç fərqi yoxdu, bala! Bax, burdan yaranır biganəlik, bax, burdan yaranır laqeydlik! Bu isə çox böyük bəladır!
⎯ Elə Məhər də bunu deyirdi, Nəzər müəllim. Eynən belə deyirdi. Murad yerindən söz atdı ki, yəni deyirsən, öz əlilə ərizə verib təqaüdə çıxan adamı biz təzədən məktəbə qaytaraq?! Bu, mümkün olan şey deyil, Məhər müəllim! Onda Məhər cavab verdi ki, mənim sözlərimi təhrif eləməyin, xahiş eləyirəm. Mən insana, kadra münasibətdən danışıram, Murad müəllim. Və sizin bu cür irad tutmağınız mənə çox qəribə gəlir, çünki ola bilər burda oturan yoldaşların çoxu bilməsin, ancaq siz yaxşı bilirsiz ki, Nəzər heç də öz xoşuna ərizə yazmayıb ⎯ onu Şakirin o qocaman müəllimə bəslədiyi buz kimi soyuq münasibəti, özbaşına hərəkətləri yazdırıb. Kollektivdə sağlam atmosfer olmayanda adam istəyir pensiya yaşı çatmamış ərizə verib getsin. Görün, yoldaşlar, iş nə yerə çatıb ki, məsələn, şəxsən mən tez qocalmaq istəyirəm, tez pensiyaya çıxım deyə. Şakir Şakirzadə bizim məktəbdə dözülməz atmosfer yaratmışdır, daha belə işləmək mümkün deyil. Mən, yoldaş Murad Muradzadə, kollektiv adından xahiş edirəm ki… Şakir heç qoymadı Məhər sözünü bitirsin, yerindən çımxırdı: «⎯ Sən kollektiv deyilsən, kollektivin adından danışa bilməzsən». Mən də yerimdən qalxıb onun sözünə qüvvət verdim. «Məhər müəllim düz deyir, bu, bütün kollektivin əksəriyyətinin fikridi, yoldaş Muradzadə». Onda Şakir xoruz kimi qızarmış halda: «Sizi Nəzər müəllim öyrədir!» ⎯ söylədi. Salona bir qeylü-qal düşdü ki, ağız deyəni qulaq eşitmədi. Müəllimlər sizi necə də çox istəyirmiş, Nəzər müəllim! Kaş orda olaydız, özünüz gözünüzlə görəydiz.
⎯ Məni kövrəltmə, qızım. Bəsdi, sən allah. ⎯ Nəzər doğrudan da kövrəlmişdi. ⎯ Nəzər də bir Nəzər idi, gəldi, getdi, qızım. Mən indi bir şeyə çox sevinirəm, Zakirə. O da budu ki, adamlar dünənki, srağagünkü kimi müti deyillər. Yavaş-yavaş ayılma prosesi gedir. Bunu gücləndirmək lazımdı. Uşaqları da, cavanları da belə tərbiyə eləmək lazımdı. İnandırım səni, hamı ayıq-sayıq olsa, hamı bir-birinə göz olsa, əlbir-dilbir olsa, aramızda nə oğru olar, nə qanunsuz iş tutan olar, nə rüşvət alan olar. Olmaz, vallah, olmaz, billah olmaz!
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-on-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ağayi Nəcməddin Elməddinlə görüşəndən sonra dirçəlmişdi. Ayağa qalxmışdı. İlk sarsıntılar sovuşub keçmişdi. Bu sarsıntılar tufan kimi gəlmişdi, dağ kimi kişini vurub ayaqdan salmışdı; indi isə ağrıları qalmışdı. O, özündə səbir, dözüm tapıb gözləməyi qərara almışdı. Burda da — namus kimi ciddi məsələdə də o, tələsməməyi, hər şeyi ölçüb-biçməyi, dönə-dönə yoxlamağı üstün tutmuşdu. Düzdü, indi artıq gəzirdi, işə çıxırdı, deyib-gülürdü də bəzən. Ancaq heç kəs bilməsə də, o özü yaxşı bilirdi ki, bütün bunlar zahiri parıltılardı. Əslində, içində nə isə qırılmışdı, səadəti harasa uçub getmişdi, qüruru sınmışdı. Kölgə kimi gəzib-dolanırdı.Elməddin nə qədər israr eləmişdisə də, heç nə deməmişdi. «Əlahəzrətlə bir az aramız sərinləyib!» — söyləmişdi və bu sözləri Dünyanın yanında dilinə gətirmişdi. Və bununla da hər ikisinin ağzını yan salmışdı.
Dördüncü hissə, on birinci fəsilDarvazanın qabağında bir taksi dayandı. Arxa tərəfdən Məhəmməd Şəfi düşdü. Zəif, xırıltılı səslə sürücüyə sözləri fışıldada-fışıldada söylədi:– Beş dəqiqə gözlə, pulunu gətirim, qardaş. Yanımda pulum yoxdu.
Dördüncü hissə, on ikinci fəsilO gün Dünya xanıma Vəlixanın başına gələn əhvalat barədə danışandan və qadının o qəribə rəftarından sonra kişi qocalmış, demək olar ki, sərxoş halda evdən çıxmış, bütün vaxtını sükan arxasında keçirmiş, maşını məqsədsiz-filansız sürmüş, heç yerdə qərar tuta bilməmişdi. Lap yaxın adamların yanına getməmişdi, çünki halında, vəziyyətində yaranan dəyişiklik o qədər çox və güclü idi ki, bunu heç cür heç kəsdən gizlətmək mümkün deyildi. O, demək olar ki, dəli vəziyyətində idi, öz-özünə danışır, bəzən hətta ağlayırdı da. Siqaret çəkməkdən ağzı siqaret dadırdı. Axşamacan belə, dəlisayağı şəhərin keçmədiyi küçəsini qoymadı, fır-fır fırlandı, yenə aram ola bilmədi. Hiss eləyirdi ki, axırı yaxınlaşıb. İndiyəcən, yetmişillik ömrünü arxayın-asudə yaşamışdı, həyatında çox hadisələrlə qarşılaşmışdı, sarsıntılar keçirdiyi anlar da az olmamışdı. Ancaq belə hala düşdüyü, belə sarsıldığı, belə əzab çəkdiyi yadına gəlmirdi. Yox, bu əzabı heç nəylə müqayisə etmək mümkün deyildi. Elə bil onu dilim-dilim alovları ərşə dayanan böyük bir tonqalın içinə atmışdılar. Yanırdı — vücudu yanırdı, yanıb qurtarmaq bilmirdi. O tonqala atılan dəmir olsaydı, polad olsaydı belə indi əriyib torpağa, külə qarışmışdı. İlahi, bu necə atəş idi, yandırırdı, ancaq əridib məhv eləmirdi. Qəlbinə baxırdı. Dünyaya bəslədiyi o böyük, ölçüyə-biçiyə gəlməz məhəbbətdən heç nə qalmamışdı, heç nə qalmamışdı. Onun yerini qəzəb qılınclı, zəhər kəsərli bir nifrət doldurmuşdu indi. O nifrət o qədər küclü və qarşısıalınmaz idi ki, kişi özü də buna təəccüb eləyirdi. O, bir vaxtlar, Dünyanı sevəndə də təəccüb eləmişdi. Çünki ona qədər heç kəsi belə məhəbbətlə sevməmişdi. Və indi bunu da anlayırdı ki, heç kəsə də belə nifrət bəsləməmişdir, — bütün ömrü boyu müxtəlif adamlara bu və ya digər münasibətlərlə bəslədiyi nifrətlərin hamısını bir-birinin üstünə yığsan, dağ yanında balaca bir təpə kimi görünərdi.Axşam beyninin dumanı bir az ayazıdı. Suda boğulan saman çöpündən yapışan kimi, özünə təskinlik verməyə çalışdı. Bəlkə səhv eşidib? Bəlkə Dünya heç belə demədi axı deyəsən. Lap elə Əbdül də səhv deyə bilər — sərxoş idi, çox içmişdi, elə mən özüm də çox içmişdim. Yox, hamısı düzdü. Öz qulaqlarımla eşitmişəm. Vəlixanın başına gələn müsibət Dünyanı sarsıtdı. Bunu öz gözlərimlə gördüm. Rəngi dəyişdi, gözlərini yana döndərib ani olaraq fikrə getdi, bəbəklərində qısqanclıq qığılcımları parladı. — İndi Nəcməddin bu söhbətin dalını gözləməli idi. Əgər həqiqətən onların arasında bir şey varsa, Dünya o kürən köpəkoğluna üz göstəribsə, Əbdülün öldürməyə hazırlaşdığı o telefon yenə səslənəcək; onlar danışacaqlar. Danışıqlar və səsləri maqnitofon lentinə yazılacaq. Belə olsa, hər şey bitdi. Aman allah, olmasın. Qoy Dünya danışmasın, qoy bunların hamısı yalan olsun, yalan olsun. Sonra fikirləşdi ki, bu gecə evə getməyəcək. Daha doğrusu, zəng edib Dünyaya deyəcək ki, gəlməyəcəyəm. Bu da bir sınaqdır...
Dördüncü hissə, on üçüncü fəsilƏbdül bu gözlənilməz mənzərədən nə qədər çaşsa da uşağı beşiyinə qoymağı unutmadı. Sonra addım-addım irəli gəldi. Dünyanın tavana zillənmiş açıq gözlərinə heyrət içində bircə anlığına baxdı və Nəcməddinə sarı çevrildi:– Sən neylədin, ağa?
Başqa şairlərin şeirləri
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Dodaqdəyməz dördlükArtıq nə danışaq indi səninlə,Çətindi alışaq indi səninlə.
Yoxdur aləmdə bir aşiq kim, ola kami rəvaYoxdur aləmdə bir aşiq kim, ola kami rəva,Gər olub, aşiq degil, aşiqdir kami narəva.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,