İkinci hissə, yeddinci fəsil
Səhifə 2 / 2 · 50%
⎯ Düz deyirsən, oğul, ⎯ söylədi. ⎯ Ancaq bil və inan ki, bunlar belə olmamalıdı, şura hökuməti belə deməyib, vallah, belə deməyib, billah, belə deməyib, oğul. Bir dana, bir də görürsən, bir naxırın adını batırır, bunlar da heylə, bala. Onlara baxıb adam gərək öz vicdanının əleyhinə hərəkət eləməsin, öz təmiz adını, mənliyini qorusun. Yoxsa sən də qoşuldun onlara, oldun onların tayı. Amanın bir günüdü, belə eləmə. Mən görürəm, başın yaxşı işdiyir. Amma hayıf, oxumadın, bu başnan sən çox uzağa gedərdin, qırışmal.
⎯ Sən oxuyubsan da, axırını gördük. Qədirağacı basdırdılar adına məktəbin qabağında, səhər də heykəl qoyacaqlar.
⎯ Mənim heykəlim camaatımızın ürəyindədi, bala. Tuncdan, qranitdən qoyulmuş heykəllər görmüşəm ki, sahibi ölən kimi, başına ip salıblar, çəkib yerə yıxıblar, traktorun quyruğuna bağlayıb harasa aparıblar. Ən yaxşı, ən davamlı heykəl ürəklərdə qoyulanıdı, oğul. Onu heç kəs uçura bilmir. Mənim o dediyim heykəlimi hətta şakirlərin də uçurmağa gücü çatmaz, oğul. Bircə təmənnam var səndən: çalış, sən uçurma o heykəli. Sən uçurmaq qəsdinə dursan, mən tez uçularam, çünki sən mənim övladımsan, övlad və arvad uçuranı fələk də dikəldə bilməz.
Nəzər susub oğluna baxdı: Qərib öz sözünü söyləyib ürəyini boşaltmışdı deyə, atasının nə dediyini yaxşı-yaxşı başa düşərək gülümsündü. Bu, Nəzərin də sifətini durultdu, siqaretini yandırıb dərin bir qullab vurandan sonra:
⎯ Hər halda, sən bu sözümü yaxşı yadında saxla, oğul: əlində bir haram çöp, ürəyində, dilində bir yalan olsa, bu evə, bu həyətə gəlmə, bala. Heç vaxt unutma ki, bu ev Nəzər müəllimin evidi və sən də Nəzər müəllimin oğlusan. Sənin adının, başının üstündə, dünyanın harasına çıxıb getsən də, mənim adım var, bala.
Qərib qulaq asırdı, daha kişinin sözünü övürüb-çevirmək istəmirdi, ürəyində yalnız buna təəssüf eləyirdi ki, adı-sanı bütün rayonu tutan, hamının doğrudan da dərindən hörmət edib peyğəmbər sandığı bu kişi, bu qədər elmi, biliyi olmağına baxmayaraq, niyə belə avamdı. İşi düz gətirəndə, bir kimsə ona, Nəzərin oğlu olduğuna görə hörmət göstərəndə, gizlincə, ürəyindəcə atasıyla fəxr eləyirdi, ürəyi dağa dönüb atlanırdı və dünyada təmiz adlı, mərd, hamının sevdiyi bir adamın oğlu, övladı olmaqdan böyük səadət təsəvvür eləmirdi. Ancaq bu hiss ötəri olurdu, tez keçib gedirdi, mənəviyyat aləmində ⎯ o gözəl, o işıqlı aləmdən qopub ayrılınca, həyatın özünə, gəlib bu günün içinə düşüncə, qonşularına, dostlarına baxıb onları özü ilə, ailəsi ilə, atasıyla müqayisə edincə, Qəribin ovqatı pozulurdu, məyuslaşırdı, qəlbi sıxılırdı. Onda Qərib ad-sana da, şöhrətə də nifrət edirdi, çünki Nəzərin adı-sanı onu qutuya salmışdı elə bil, tərpənməyə qoymurdu. Onu eləmə ⎯ olmaz, çünki sən Nəzər müəllimin oğlusan. Bunu belə eləmə ⎯ olmaz, çünki sən Nəzər müəllimin oğlusan… Və bu, onu daha da inada salırdı, elə işlər eləmək istəyirdi ki, adi bir fəhlənin, kəndlinin övladı olsaydı, bunları qətiyyən ağlına gətirməzdi. İnada düşüb eləyirdi və onda da Qərib pis uşaq olurdu, pis oğlan olurdu. «İçmə» ⎯ demişdilər, içmişdi, «oxu» demişdilər, oxumamışdı, «siqaret çəkmə» ⎯ demişdilər, çəkmişdi və qəribəydi, özü də başa düşmüşdü ki, düz eləmir. Ancaq bacara bilməmişdi, eləmişdi. Cavan olsaydı da, dərrakəliydi. Özünün, anasının güzəranına baxmışdı, kolxoz sədri Mikayılın, arvadının, uşaqlarının geyiminə-keçiminə fikir vermişdi və oğlanı fikir götürmüşdü; hələ bir dəfə tənbəllik eləməyib, Mikayılın da, Nəzərin də aylıq gəlirini hesablamışdı, məlum olmuşdu ki, Nəzərin, Bikənin ikisinin maaşı, tək canına işləyən Mikayılın maaşından üç-dörd dəfə çoxdu. Amma di gəl ki, onun evinə-eşiyinə, ailəsinin, uşaqlarının geyiminə-keçiminə tamaşa elə, Nəzərin ailəsinin evinə-eşiyinə, geyiminə-keçiminə bax. Yernən göy qədər fərq var arada. Bu niyə belədi? Niyə onun anasının Mikayılın arvadınınkı kimi qızıl-gümüşü, bahalı üzükləri, sırğaları, dəst-dəst paltarları yoxdu, niyə Mikayıl yaxşı ev tikdirə bilib, amma Nəzər yox. Niyə Mikayılın oğlu hələ institutda oxuyanda atası ona «Jiquli» maşını almışdı. Nəzər isə Qəribə ayda əlli manat pul güclə göndərirdi? Niyə on beş il oxuyan Nəzər beləydi, cəmisi səkkizillik təhsili olan Mikayıl elə? Qərib təkcə bunun cavabını o vaxt tapa bilməmişdi. Amma o zamandan gör nə qədər keçib ⎯ Mikayıl tutulub aparılanda Qərib bu sualın cavabını tapmışdı. Mikayıl indi allah bilir hardadı. Arvadı, uşaqları quru yurdda qalmışdı o gedəndə; dörd divar və bir də üst-başlarındakı pal-paltar. Demək, Mikayıl oğru imiş, demək o, bu «Sülh» kolxozunun zəhmət adamlarının alın təriylə qazandıqlarını çalıb-çapıb aparırmış. Bir əliylə dövlətə verirmiş, o biri əliylə dövlətin cibindən çıxarırmış. Və ona görə də elə harın-harın gəzibdolanırmış və Nəzər müəllim kimilərə də yuxarıdan aşağı baxırmış. Qərib onda yenə bir şeyi də başa düşə bilməmişdi: necə olmuşdu ki, bu oğruya, bu şərəfsizə «Şərəf nişanı» ordeni vermişdilər ⎯ bax, bircə bunu heç cür ağlına sığışdıra bilmirdi. Kim bilir, bəlkə vaxt gələcək, o, bu sualın da cavabını tapacaqdı.
Kisələrə gözü sataşanda fikirləşmişdi ki, onları indi təzədən tikintiyə necə aparacaqdı ⎯ bu şübhəsiz idi ki, aparmalıdı ⎯ bir gətirməkdə səhv eləmişdi, bir də gətirib gizləməməkdə səhvə yol vermişdi ⎯ Xuduşa nə deyəcəkdi? Kişinin oğlu hörmət eləyib sement vermişdi, pulsuz-parasız, indi apar at üstünə, denən dədəm qoymur.
Bu, ona çox zülmlü bir iş kimi görünürdü. Qəlbindən keçirirdi: «bu kişi bizi qoymur da ürəyimiz istəyən kimi yaşayaq. Belə müsibət olmaz ki, o, bizə çəkdirir». Yox, Qərib qəlbində heç cür barışa bilmirdi atasıyla ⎯ kişi danışanda onu inandırırdı, oğlan atasının düz dediyini, doğru yol tutduğunu qəbul eləyirdi, ancaq susan kimi, durub gedən kimi, Qərib öz düşüncələri ilə tək-tənha qalan kimi, unudulurdu o sözlər, o yol, o hikmətlər. Bir zamanlar, iyirmi il, otuz il, bir az da qabaqkı çağlarda bəlkə də dünya, insanlar Nəzər deyən kimi olub; ancaq yavaş-yavaş hər şey dəyişdiyi kimi, dünya da, insanlar da, onların əqidəyə, məsləkə, bir-birinə münasibəti də, «el malı», «xalq malı» deyilən, adı hamının, əslində, özü heç kəsin olmayan, daha doğrusu, beş-üç nəfər vicdansızın, əliəyrinin, oğrunun əlinə tapşırılan bu var-dövlətə münasibət də dəyişib. Qabaq qorxu vardı, qabaq inam vardı; qabaq həbsxanalardan, partiya biletinin əlindən alınacağından, ləkələnəcəyindən qorxurdu adamlar; qabaq inanırdılar məfkurəyə, birliyə, təmizliyə, amma indi qorxmurlar və inanmırlar. Əlbəttə, Qərib yaxşı başa düşürdü ki, hamı belə deyil, hamı o cür düşünmür və o cür yaşamır. Amma axı bu həqiqət idi ki, belə düşünənlər, belə hərəkət eləyənlər, belə yaşayanlar var və gərək kor olasan, ağılsız olasan, bunları görməyəsən, bunları düşünməyəsən.
Nəzər doğrudanmı bunları görmürdü, başa düşmürdü, ya…?
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Öz iş otağına çəkilib Orxanın əlyazmalarını vərəqləyən, ona məlum çap olunmuş əsərlərini və işıq üzü görməmiş məqalələrini açıb bir yana yığan Salman o arıq, çəlimsiz vücudda nə qədər böyük qüvvə, qüdrət, tükənməz həvəs və şövq olduğunu sanki bu günlər başa düşür, möcüzə qarşısında dayanmış adam təki heyrətlənirdi. Elə bil, Orxan illərlə onun tələbəsi olmamışdı, illərlə onun şöbəsində gözünün qabağında işləməmişdi. Sanki Salman Orxanı təzədən — sağlığında yox, öləndən sonra tanımağa başlayırdı. Sağlığında o nə qədər sakit, az deyib, az danışan bir adam idi. Başqalarından nə gülüşü, nə danışığı, nə yerişi ilə seçilən, kölgə kimi gəzib dolanan Orxanın, sən demə, ürəyində od-alov varmış. Elə ona görə də ürəyindən ölmədimi?!Salman səliqə və səbirlə yazılıb nömrələnmiş, ayrı-ayrı qovluqlara yığılmış məqalələri, əsərləri heç bir çətinlik çəkmədən sahmana salırdı. Düşünə-düşünə, öz-özünə danışa-danışa. Salman etiraf eləyirdi ki, cavan olsa da, Orxanda öyrənməli şeylər çoxdu: hər gün işləmək, əlyazmasına məsuliyyət hissi ilə yanaşmaq, onu dönə-dönə köçürmək, tamam «bişiriləndən» sonra oxucunun hüzuruna çıxarmaq! Bunlar elə keyfiyyətlərdi ki, təkcə indi elm aləmində çalışan cavanların çoxunda deyil, hətta yaşlı, təcrübəli elm adamlarının da çoxunda yox idi.
Üçüncü hissə, səkkizinci fəsilAradakı incikliyi, giley-güzarı unudan Salman otağa girən kimi təzə xəbəri Nadirəyə birnəfəsə söylədi. Nadirə əlindəki qələmi yerə qoyub qulaqlarına inanmırmış təki Salmanın üzünə baxdı.– Heç nə başa düşmürəm, — dedi. Salman Orxanın gündəliyini Nadirəyə sarı uzatdı, vərəqləyib son səhifəsini açdı:
Üçüncü hissə, doqquzuncu fəsilNeçə ay bundan əvvəl Müseyib kişinin Gəncədən üzülüşüb Bakıya gəlməsi Sədəfin sakit, səssiz-küysüz hücrəsində yeni, mənalı bir canlanmaya səbəb olmuşdu. Sükut bu evdə yoxa çıxmışdı. Bunu hamıdan çox Rəhim hiss eləyirdi. O, babasının gəlişiylə sanki canlanmış, gümrahlaşmışdı. Anası ilə danışmağa söz tapmayan, fikrini-zikrini ancaq kitablara verən Rəhimin indi dili açılmışdı. Babası ilə hər barədə söhbətə girişir, daha doğrusu, çoxlu suallar verir, bu və ya digər məsələ haqqında onun fikrini soruşurdu. İlk günlər o fikirləşirdi ki, Müseyib kişi adi bir hambaldı, onunla nə barədə danışmaq olar?! Yanıldığını, mülahizəsinin yanlış olduğunu tezliklə başa düşdü. Müseyib kişi yaşının ötməsinə baxmayaraq, gümrah qalmışdı, sözündə və hərəkətlərində yük altında əyilib düzəlmiş adamdan çox, müdrik adama oxşayırdı. Söhbətləri elə şirin, elə məntiqli olurdu ki, Rəhim bəzən saatlarla qulaq assa da, yoruldum demirdi. Xasiyyətindəki tündlük Rəhimin o qədər xoşuna gəlmirdi. Məsələn, xalasına dediyi sözlər, Rəhimin fikrincə, lazım olduğundan sərt idi. Elə şeylər var ki, onları açıb-ağartmaq, üzə vurmaq lazım deyil. Bir soyuq münasibət sənin bu fikrini dediyin acı və sərt sözlərdən daha yaxşı çatdırmırmı sahibinə? Rəhim belə düşünürdü. Amma Müseyib Rəhim deyildi, o, dünya görmüşdü; o, isti-soyuq dadmışdı. Sərt və ağır günlər yaşamışdı. Bəlkə xasiyyətindəki sərtlik də elə bundandı? Ömrü boyu ürəyindəki dilində olmuşdu. Heç nədən, heç kəsdən qorxmamışdı. Bu dəfə Rəhimlə qabaq-qənşər oturub söhbət eləyəndə Müseyib kişi danışdı:– Mən sözü adamın düz gözünün içinə deməyi xoşlayıram. Kimdən, kimsədən qorxum yoxdur, balası. Stol, vəzifə, bir də arvad-uşaq adamı qorxaq eləyir. Bu üç şeyi düşünən adam qorxaqlıqdan əlavə, bəzən yaltaqlığı da boynuna götürür, sözün düzün demir, həqiqəti ört-basdır eləyir, arada isə sənin-mənim halalca haqqım tapdanır. Qorxur ki, stolu, vəzifəsi əlindən çıxar, arvad-uşağını ürəyi istəyən kimi dolandıra bilməz. Mənim belə adamlarnan salam-əleykümüm olmayıb. Bir də, — o susub əlavə eləmişdi, — mən nədən qorxacam ey! Palanımı alacaqdılar əlimdən? Amma sənə deyim ki, elə adamlar olub ki, mənim palanımı da əlimdən almaq istəyib. Elə bilirsən, özü üçün? Yox sözün düzünü dediyimə görə mənim palanımı alıb çaya, qatarın altına atmaq, mənim bir tikə çörəyimə bais olmaq istəyib. Ancaq mən yenə qorxmamışam. Mənim qorxduğum yeganə şey varsa, o da vicdan əzabıdı, bala. Mən belə qocalmazdım, mən ağır gün, ağır yük altında qocalmazdım, əgər vicdan əzabı olmasaydı.
Üçüncü hissə, onuncu fəsil...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.
Başqa şairlərin şeirləri
Ey dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.