Səhifə 1 / 5

Uzun,üstünə bəzəkli müşənbə salınmış stolun arxasında qabaq-qənşər iki adam oturmuşdu. Ev yiyəsi Müseyib idi ⎯ başının sarı saçları seyrəlib tökülmüşdü, kipgirdə ətli sifəti, qonur, qaynar gözləri qəribə bir parıltı ilə yanırdı. Qonağı ⎯ Nəzər müəllimdi. Gözlənilməz qonaq idi. Müseyib küçə qapısında təsadüfən rast gəlmiş, belə fürsəti çoxdan gözləyən adam kimi, hədsiz sevinc içində onun qoluna girmiş, demək olar ki, kişini zorla çəkib həyətə salmışdı. Nəzərin ilk anlardakı çaşqınlığı az sonra keçib getmiş, qırışığı açılıb sərbəstləşmişdi. Yanıyca yan basa-basa yeriyən ev sahibi darvaza arxalarınca öz-özünə çırpılan təki gövdəsinə qətiyyən yaraşmayan cır səslə üzünü eyvan tərəf tutub hay-küylə demişdi:

⎯ Ay uşaq, ay Simuzər, gör bizə kim gəlib! Elimizin ağsaqqalı, bizim Qəribin atası.

Birinci mərtəbənin pillələri qabağında bəstəboylu, yaraşıqlı, xurmayı hörüklərindən birini sol sinəsi üstə atmış Simuzər ürkək və nigaran baxışlarla gələn qonağa baxıb ədəb-ərkanla salam vermişdi:

⎯ Xoş gəlmisiz, Nəzər müəllim!

⎯ Oho, sən Nəzər müəllimi tanıyırsan, qız?

⎯ Niyə tanımıram? Onu rayonda tanımayan var ki? Bizim xəstəxanaya da gəlmişdi… Ancaq… deyəsən narazı getmişdi. Hə, Nəzər müəllim?

⎯ Düzü, hə, qızım. O xəstəxananı nümunəvi eliyə bilərsiz. O boyda kollektivin var. Sən bir az möhkəm olsan, yaxşıdı. Sənin özünə də dedim: ordakı alveri yığışdırmaq lazımdı. Amma elə çıxır ki, yalandı. Pulludu. Cərrah xəstədən pul alır? Alır! Can həkimi alır? Alır! Pul verməsən, sənin xadimələrin mələfəni, dəsmalı dəyişmir! Ta bunun nəyi pulsuz oldu, qızım?

⎯ Mənciyəz hələ indiyəcən bir kəsdən bir manat da almamışam.

⎯ Sən almamısan, ancaq sənin işçilərin alıb, indi də alır, qızım. Elə bil, bu, yazılmamış qanundu. Həkim xəstənin əlinə baxır. Xəstələr də öyrəşiblər. Verməsələr, yaxşı müalicə olunacaqlarına inanmırlar sanki.

⎯ Düzdü, Nəzər müəllim. Onun səbəbi var.

⎯ Bilirəm.

⎯ O dəfə, bizim xəstəxanada olanda mən sizə izah elədim ⎯ maaş azdı, həkim dolana bilmir. Ona görə almağa məcburdu.

⎯ Sən də mən deyəni deyirsən, qızım. Bunu hamı başa düşür. Bircə yuxarıda oturanlarımızdan başqa. O irəli katibə deyirəm. O da deyir doğru deyirsən. Ancaq neyləmək olar? Maaşı mən təyin eləmirəm ki!

Simuzər xəyalında Qəriblə atasını müqayisə eləmişdi: «Necə də oxşayırlar bir-birinə!»

Oğlunun ürəyindən, arzularından, indi qarşısında dayanıb danışan Simuzərlə tanışlığından xəbərsiz olan Nəzər isə özlüyündə «Ölmüş qəşəngdi, ancaq hayıf ki, baxtı yoxdu. Zeynal bu qız haqqında deyirdi də. Müseyibin nazirinin adamıdı. Atası özü də bilir. Öz əliylə aparıb təslim eləyib qızını! Pay atonnan. Gör nə qəribə işlər olur ey! Vəzifə, pul hərisliyi gör insanı necə miskin hala salır. Kim bilir, bəlkə Zeynal böhtan deyir? Axı nazir onu çıxartdı, yerinə Müseyibi qoydu. Acıqcan deyir bəlkə Zeynal! Olmazmı?» Amma sonralar da fikir vermişdi: Müseyib Ələmdarla birevli kimiydi. Bunlar onlarda, onlar bunlarda. Bunu başqalarından da eşitmişdi Nəzər. Rayonda gözə görünməz, üzə vurulmaz bir kölgə gəzirdi bu qəşəng qızın adının üstündə.

⎯ Eh, nə isə… ⎯ Nəzər qız barədəki düşüncələrinə, həm də o maaş məsələsinə xitam vermək üçün dillənəndə Müseyibin də ürəyincə oldu:

⎯ Əşi, biz balaca adamlarıq, ⎯ dedi. ⎯ Dünyanın dərdi bizə qalmayıb ki!.. Mən çox fikir vermişəm, hara gedirsən, hamı işdən, idarədən danışır. Adam lap bezib. İdarədə iş, qonaqlıqda iş, iclasda iş! Başını götürüb qaçırsan evə ki, bir az qulağın o söz-söhbətdən uzaq olsun, beynin dincəlsin, heç özün də bilmirsən havaxt genə bu iş zəhirmar gəlib düşür ortalığa. Deyirəm, yəqin bu da bir xəstəlikdi də. Ta buna başqa nə ad vermək olar!

Nəzər dillənmədi.

Simuzər isə ayrı şey fikirləşirdi: «Yəqin Nəzər bizi öyrənməyə gəlib, tanış olmağa gəlib! Qərib göndərib yəqin. Amma elə bir məsələ olsaydı, mənə deyərdi də! Bəlkə heç kişi oğluna bir söz deməmiş durub gəlib! Olar da! Nə isə… Qərib bərk yapışıb məndən». Elə bu düşüncədən qızın canı isindi. Həyət-bacaya göz gəzdirdi. Yox, səliqəsizlik, sahmansızlıq yox idi, hər şey yerində idi. Və bundan sevindi Simuzər.

Müseyib üzünü qızına tutaraq.

⎯ Sən belə elə, qızım, ⎯ dedi. ⎯ Bir yaxşı süfrə hazırla. Nəzər əminlə başımızı açaq, bir əməllicə oturaq. Nəzər əmin hər dəqiqə bu qapıdan içəri girən adam deyil. Demişdim hovuzdan balıq çıxartsın gədə. Çıxardıb?

⎯ Hə.

⎯ Heç nə lazım deyil, ay Müseyib. Bir stəkan çay içərəm.

⎯ Əşi, heylə şey olar? Buraxmaram, başın haqqı, ⎯ deyən Müseyib sonra evin kəllə tərəfinə boylanıb çağırmışdı:

⎯ A Bəhram, a Bəhram.

Əlində bel olan ucaboylu, qara bığlı bir cavan qarajın böyründən çıxmış, mat-mat Müseyibin üzünə baxmışdı.

⎯ Ə, o manqala od sal, bir yaxşı balıq kababı hazırla bizə!..

Oğlan Nəzərə bir baxış fırladıb heç nə deməmiş, beli qarajın qapısına söykəyib getmişdi. Müseyib pencəyinin cibindən «Kent» siqaretini çıxarmış, birini damağına qoyub yandırmış və Nəzərə sarı dönmüşdü:

⎯ Arvadağa Bakıdadı, uşaqların yanındadı. Bir az ət-mət aparıb. Köpəy uşağının mənim kimi əlindən heç nə gəlmir. Ayda bir-iki dəfə gərək yazıq arvad baş çəksin onlara. Yoxsa acından öləllər. Əşi, bunlarınkı tələbəlik döyül ki.

⎯ Sənin gərək ki, iki oğlun Bakıdadı da? ⎯ Nəzər də «Avrora»sını yandırmışdı.

⎯ Hə, əmisi. Biri tibb institutundadı, o biri də hüquqda.

⎯ Bəs bu oğlan kimdi, ay Müseyib?

⎯ Qohumdu. Xalauşağıdı… Bir az xəstə kimidi, yəni lazıqdı, sənəti-zadı yoxdu. Gətirmişəm, uşaqlara əl-ayaqda kömək eləyir!

Müseyib havaya üfürdüyü tüstünün arxasından Nəzərə gözucu diqqət yetirmiş və birdən-birə əhvalı dəyişmişdi. Yadına Süleymanın stolu üstə gördüyü siyahı düşmüşdü. «Rayonun böyük talançıları». «Yoxlamağa gəlib mərdimazar köpək oğlu. Ay sən öləsən!.. Bax, yan-yaxıl, çatla! Elə bilirsən hər başına papaq qoyub… şalvar geyən kişidi? Bax, gör necə kişilər var dünyada! Sən niyə kişi olursan, ə? Özü də siyahidə ikinci mənim adımı yazıb!»

Nəzərin fikri həyət-bacadaydı deyə Müseyibin bir anda qaralıb sıxıldığını duymamışdı. Cah-cəlalı, yaraşığı, səliqə-sahmanı, fəvvarəli, balıqlı hovuzu camaat arasında nağıl kimi danışılan bu xanimanı öz gözləri ilə görmək çoxdankı arzusu olsa da, bunun belə asanlıqla və belə gözlənilmədən baş tutacağını ağlına da gətirə bilməzdi. İndi, həyətdə gəzdikcə, inanırdı ki, camaat düz deyirmiş. Bura doğrudan da cənnətin bir parçasıydı. Yaşıllıq göz oxşayırdı. İki mərtəbəli eyvanlı-şüşəbəndli, üstü şiferli evin içindən xəbəri olmasa da, zahiri əzəmətli bir saray təsiri bağışlayırdı. Hava çoxdan qaralıb axşam düşmüşdü, ancaq həyətdə hələ də gündüz idi ⎯ neon işıqları yanırdı. İri-iri qırmızı narlar, meynələrdən sallanan kəhrəba üzüm salxımları o işıqların altında daha da gözəl görünürdü. Dörd yanı həmişəyaşıl liqüstr kolları ilə gömgöy hasara alınmış köşkün o böyründəki hovuzun suları qara lay şüşəyə bənzəyirdi.

Nəzər məftunluqla hovuzun başına dolanmışdı və birdən göyə millənən ağ, qırmızı, yaşıl, sarı su sütunlarını görüb uşaq kimi sevinmişdi. Xırda, zərrin damcılar üzünə, saçlarına dəydikcə bədənində bir sərinlik, yüngüllük duymuş və sadəcə olaraq, hər şeyi unudaraq, gözəllikdən həzz almışdı.

Bir məftunluqla:

⎯ Oxqay, nə gözəldi! ⎯ demişdi. Müseyib onun bayaqdan susduğunu, bir dəfə də olsa «sağlığına qismət. Gözəl şərait yaradıbsan!» ⎯ deməməsini özünə yamanca dərd eləmişdi. Çünki bu həyətə ayaq basan hər kəs ⎯ nazirdən tutmuş adicə müfəttişə qədər hamı ağız dolusu tərif-səna demişdi həmişə. Müseyib fikirləşmişdi ki, onlar paxıl deyildilər, ürəkləri böyük idi, necə deyərlər, qonşularını iki inəkli istəyənlər idilər ki, bəlkə özləri də bir inəkli olsunlar. Amma Nəzər Nəzər yox! «Paxıl, dargöz!..»

⎯ Bizim Tapdıq da buna bənzər bir hovuz düzəldib!

⎯ Tapdıq kimdi?

⎯ Bizim kürəkən. Ancaq onunku şüşədəndi.

⎯ Necə yəni şüşədən? Şüşədən də hovuz olar?

⎯ Olar, Müseyib. Boş su, araq, şampan şüşələrindən qayırıb.

⎯ Gözəldi?

⎯ Çox. İki göz istəyir tamaşa eləsin!

Müseyibin gözləri parıldadı:

⎯ Sən belə elə, Nəzər müəllim. O Tapdıqdan ⎯ kürəkənindən soruş, gör onu hansı usta düzəldib! Mən də elə bir hovuz istərdim.

⎯ Onu Tapdıq özü düzəldib!

⎯ Özü?

⎯ Hə. Beş-altı il fağır oğlan zəhmət çəkib!

Müseyib susdu və Nəzərin bu «özü!» sözünə xüsusi məna verdi: «Hərif demək istəyir ki, Tapdıq öz halal zəhmətiylə düzəldib, amma sən bir ətək pul verib qayıtdırmısan bu hovuzu».

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, doqquzuncu fəsil

Neçə ay bundan əvvəl Müseyib kişinin Gəncədən üzülüşüb Bakıya gəlməsi Sədəfin sakit, səssiz-küysüz hücrəsində yeni, mənalı bir canlanmaya səbəb olmuşdu. Sükut bu evdə yoxa çıxmışdı. Bunu hamıdan çox Rəhim hiss eləyirdi. O, babasının gəlişiylə sanki canlanmış, gümrahlaşmışdı. Anası ilə danışmağa söz tapmayan, fikrini-zikrini ancaq kitablara verən Rəhimin indi dili açılmışdı. Babası ilə hər barədə söhbətə girişir, daha doğrusu, çoxlu suallar verir, bu və ya digər məsələ haqqında onun fikrini soruşurdu. İlk günlər o fikirləşirdi ki, Müseyib kişi adi bir hambaldı, onunla nə barədə danışmaq olar?! Yanıldığını, mülahizəsinin yanlış olduğunu tezliklə başa düşdü. Müseyib kişi yaşının ötməsinə baxmayaraq, gümrah qalmışdı, sözündə və hərəkətlərində yük altında əyilib düzəlmiş adamdan çox, müdrik adama oxşayırdı. Söhbətləri elə şirin, elə məntiqli olurdu ki, Rəhim bəzən saatlarla qulaq assa da, yoruldum demirdi. Xasiyyətindəki tündlük Rəhimin o qədər xoşuna gəlmirdi. Məsələn, xalasına dediyi sözlər, Rəhimin fikrincə, lazım olduğundan sərt idi. Elə şeylər var ki, onları açıb-ağartmaq, üzə vurmaq lazım deyil. Bir soyuq münasibət sənin bu fikrini dediyin acı və sərt sözlərdən daha yaxşı çatdırmırmı sahibinə? Rəhim belə düşünürdü. Amma Müseyib Rəhim deyildi, o, dünya görmüşdü; o, isti-soyuq dadmışdı. Sərt və ağır günlər yaşamışdı. Bəlkə xasiyyətindəki sərtlik də elə bundandı? Ömrü boyu ürəyindəki dilində olmuşdu. Heç nədən, heç kəsdən qorxmamışdı. Bu dəfə Rəhimlə qabaq-qənşər oturub söhbət eləyəndə Müseyib kişi danışdı:– Mən sözü adamın düz gözünün içinə deməyi xoşlayıram. Kimdən, kimsədən qorxum yoxdur, balası. Stol, vəzifə, bir də arvad-uşaq adamı qorxaq eləyir. Bu üç şeyi düşünən adam qorxaqlıqdan əlavə, bəzən yaltaqlığı da boynuna götürür, sözün düzün demir, həqiqəti ört-basdır eləyir, arada isə sənin-mənim halalca haqqım tapdanır. Qorxur ki, stolu, vəzifəsi əlindən çıxar, arvad-uşağını ürəyi istəyən kimi dolandıra bilməz. Mənim belə adamlarnan salam-əleykümüm olmayıb. Bir də, — o susub əlavə eləmişdi, — mən nədən qorxacam ey! Palanımı alacaqdılar əlimdən? Amma sənə deyim ki, elə adamlar olub ki, mənim palanımı da əlimdən almaq istəyib. Elə bilirsən, özü üçün? Yox sözün düzünü dediyimə görə mənim palanımı alıb çaya, qatarın altına atmaq, mənim bir tikə çörəyimə bais olmaq istəyib. Ancaq mən yenə qorxmamışam. Mənim qorxduğum yeganə şey varsa, o da vicdan əzabıdı, bala. Mən belə qocalmazdım, mən ağır gün, ağır yük altında qocalmazdım, əgər vicdan əzabı olmasaydı.

6 dəq
Üçüncü hissə, onuncu fəsil

...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.

7 dəq
Üçüncü hissə, on birinci fəsil

Yeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»

4 dəq
Üçüncü hissə, on ikinci fəsil

Kitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.

2 dəq

Başqa şairlərin şeirləri