Üçüncü hissə, on birinci fəsil
Yeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.
Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»
Bu da onun oxuduğu kitablardı.
Kitabları vərəqlədi. Arasında heç nə yox idi.
Gözünə dəftər dəydi. Vərəqlədi. İlk səhifəsində oxuduğu sözlər onu çaşdırdı: «Orxan Əlizadənin gündəliyi». Bu nə idi? Yuxumu görürdü? Orxanın gündəliyi Əqdəmin əlinə haradan düşübmüş? Belə gündəliyin varlığından Gülmirənin özünün xəbəri yox idi. Odur ki, Gülmirə elə dizlərini yerə vurduğu halda Orxanın gündəliyini oxumağa başladı. Hər sözü, kəlməsi Orxanı onun gözünün qabağında canlandırırdı. Onun həyatının müəyyən anları, bu anlardakı düşüncələri, fikirləri, qəzəbi və məhəbbəti burada öz əksini tapmışdı, xüsusilə Gülmirənin özü ilə bağlı olan səhifələr...
Gülmirə üçün yazılmış şerləri də oxudu. Orxanın təmiz, saf məhəbbətindən bəhs edən səhifələri də. Oxuduqca səssizcə ağlayırdı. Bilmirdi ki, nəyə ağlayır, ərinəmi, Orxanamı, öz taleyinəmi?
Orxan necə də namuslu adam imiş! Onun bu səmimi etirafı — Gülmirənin sədaqəti haqqında yazdığı sətirlər Əqdəmin qara şübhələrini alt-üst edib dağıda bilərdi. Bilərdi? Ya bildi? Heyf ki, indi Əqdəm sağ deyil yoxsa Gülmirə bu gündəliklə onun qabağında dayanar: «İnanmırdın, al, oxu, gör Orxanla mənim aramda nə olub»,— deyərdi. Amma bu, mümkün deyildi. Görəsən, Əqdəm bunu oxuyanda nə fikirləşib?
Orxan öləndən sonra da Gülmirəni müdafiə edir, əlindən tuturdu, yıxılmağa, ləkələnməyə qoymurdu.
«Orxanın gündəliyi Əqdəmin əlinə haradan keçmişdi».
İki gün sonra sirr açıldı, Nadirə dəftərin sorağına gələndə.
—Əqdəmin şey-şüyünün arasına baxmısan?— deyə xeyli dərdi-dil eləyəndən sonra Nadirə soruşmuşdu.
– Hə.
– Oradan dəftər tapmadın ki?
– Tapdım,— deyə astaca cavab verdi və o dəqiqə solğun üzünə qızartı çökdü. Bədəni isindi. İndiyəcən ona elə gəlirdi ki, Əqdəmlə, Orxanla əlaqədar hadisələri heç kəs bilmir. Lakin indi başa düşdü ki, yanılıb.
– Onu Əqdəmə sən göndərmişdin?— zəif, taqətsiz halda Gülmirə ayağa qalxıb dəftəri gətirərək onun qabağına qoydu.
– Hə... Mən hər şeydən xəbərdar idim, Gülmirə. Əqdəmin sənə yazdığı məktubdan da, çıxıb getməsindən də.
– Haradan bilirdin?
—Əqdəmlə barda rastlaşmışdım, o mənə demişdi.
– Denən mən rüsvay olmuşam də.
– Yox, bunu Salman əmindən və məndən başqa heç kəs bilmir. Bu gündəliyi də Salman əmin Orxanın arxivindən tapıb. Belə fikirləşdik ki, sənə kömək eləyək, Əqdəmi evə qaytaraq, ailənizin dağılmasına yol verməyək. Odur ki, gyndəliyi eynilə Əqdəmə göndərdik, üç ay bundan qabaq. Oxusun, həqiqəti bilsin, şübhələri özündən kənar eləsin. Amma görünür, qayıtmaq istəmədi.
Gülmirə köksünü ötürdü:
– Qayıtdı, ancaq belə qayıtdı, Nadirə xanım. Söz tapmırmış təki başlarını aşağı salıb susdular. Nəhayət, Gülmirə ağır-ağır dilləndi:
– Meyidini gözümlə görmədim deyə, elə bilirəm, heç ölməyib. Elə bilirəm, bu saat haradasa uçur, elə bilirəm günlərin birində qapını açıb içəri girəcək; yuxuda gördüyüm təki...
– Kaş elə olaydı.
Ertəsi gün gözlənilməz, ağlasığmaz bir hadisə baş verdi: işdən sonra, Gülmirə çörəyini yenicə yemişdi, süfrəni yığışdırmağa da imkan tapmamışdı ki, telefon səsləndi, Gülmirə könülsüz dəstəyi götürdü.
– Mənəm, Gülmirədi,— dedi.
– Salam, Gülmirə, mənəm, Əqdəməm!
—Əqdəəmm?!. — deyə o qışqırdı. Əqdəm onun qışqırığına, fəryadına əhəmiyyət vermədi. Səsinin ahəngini də dəyişmədən əlavə etdi:
– Necəsən, qadası?.. Mən yaxşıyam, Gülü! Məni bağışla, bağışla! Mayın axırında gələcəyəm. Öpürəm səni... xudahafiz!..
Gülmirənin ürəyi qısıldı və o, tappıltı ilə yerə sərildi. Çoxmu belə qalmışdı, azmı belə qalmışdı, bilmirdi. Ayılanda telefon dəstəyini bərk-bərk əlində sıxdığını gördü. Nə olduğunu birdən-birə dərk eləmədi. Qorxu içərisində düşündü ki, deyəsən, başıma hava gəlir, deyəsən, dəli oluram. Əqdəm sağdı. Əqdəm ölməyib! Ürəyim məni aldatmırdı. Mən bilirdim ki, o tabut boşdu, Əqdəm orda yoxdu. Yoxdu Əqdəm tabutda! Əqdəm ölməyib. Əqdəm indicə zəng eləmişdi, mayın axırında gələcək.
Beynində dolanan bu fikirlərlə o sıçrayıb qalxdı, özünü bayıra atıb «Əqdəm ölməyib» — deyə qışqırmaq istəyirdi ki, telefon yenidən səsləndi.
– Bəli, Əqdəm, sənsən?!.
– Eto ni Aqdam, druq eqo — Valeri, — deyə telefondan tanış olmayan səs cavab verdi. — Evdəsinizmi, mən sizin yanınıza gəlmək istəyirəm.
– Gəlin, — dedi.
On dəqiqədən sonra Əqdəmin təyyarəçi dostu, bir yerdə şəkil çəkdirdikləri Valeri Gülmirəgildə oturmuşdu. Valeri şad idi. Əlindəki balaca qara qutunu stolun üstünə qoyub gülümsünə-gülümsünə danışırdı.
—Əqdəmin yanından gəlmişəm. Kefi kök, damağı çağdı. Bizdə oturmuşduq. Dedi, Bakıya kedəcəksən, bir-iki kəlmə deyim. Gülmirəyə yetirərsən. Səsini telefonda eşitdin? Telefonda yaxşı eşidilməzdi. Elə deyilmi?
O, qutunu açdı, qara, yaraşıqlı bir maqnitofon Gülmirənin gözlərini qamaşdırdı. Düyməsini basdı, Əqdəm danışmağa başladı, Eynilə telefonda dediyi sözlərdi.
– Nə deyir, bilmirəm. Mən sizin dili başa düşmürəm,—deyə Valeri cibini qurdalayıb bir kağız da çıxartdı. Ona lal adamlar təki qulaq asan Gülmirə axırı soruşdu:
– Siz nə vaxt gəlmisiniz Əqdəmin yanından?
– İyirmi gündü. İstirahətə çıxmışdım, getdim bir az ata-anamın yanında qaldım, indi sizin Xəzərin sahilində dincəlmək istəyirəm.
– Siz,— deyə Gülmirə udqundu,— gecikmisiniz, Valeri! Əqdəm bu gün on gündü... artıq yoxdu...
– Nə?! — Valerini heyrət bürüdü. — Nə?! Ayağa qalxanda gözləri divardan asılmış qara çərçivədəki şəklə sataşdı. Sarsılmış halda:
—Əqdəm!.. — deyə bildi. Başı sinəsinə endi.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-ucuncu-hisse-on-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dağüstü parkda, «Dostluq» restoranının dənizə baxan yay zallarının birinin qabağına xeyli adam toplaşmışdı. Stollar açılmış, naz-nemətlər ortaya düzülmüş, iri güldanlara tər-təzə çiçək dəstələri qoyulmuşdu. Nizaməddin doktorluq müdafiə eləmişdi. İndi o, dostlarını, qələm yoldaşlarını, qohumlarını buraya dəvət edib ziyafət verirdi. Salmanla Nadirə də Nizaməddinin əziz qonaqlarından idi.Salmanın məclisdə, stol başında sakit, ağzına su alıb oturmaq adəti deyildi. O, mütləq danışmalı, yaxşı bir sağlıq deməli idi. Ancaq bu axşam susurdu.
İkinci hissə, birinci fəsilOrxan lap çoxdan — universitet skamyası arxasında oturduğu illərdən Mirzə Cəlilin böyüklüyünə, əzəmətinə, qələminin təkraredilməz şirinliyinə valeh olmuşdu. Onda bu gözəl sənətkara qarşı sönməz bir maraq oyanmışdı. Mirzə Cəlilin əsərləri Orxanın stolüstü kitabı idi. Elə bil, Orxan özü üçün yeni bir aləm, yeni bir qitə kəşf eləmişdi. Gəzdikcə, dərinlərə getdikcə onda yeni-yeni keyfiyyətlər tapır, heyrət və qibtə ilə düşünürdü: «Mirzə Cəlilin yazılarında bir gurultulu cümlə, boğazdan yuxarı deyilmiş bir söz tapa bilməzsən. Yazdıqlarının hamısı sadə, aydın həqiqətlərdi. Amma di gəl, onun kiçicik, lap yarım səhifəlik hekayəsini aç, izah elə... Gör nələr deyib, hansı nəticələrə əl atıb, bu sakitlik və sadəlik altında gör necə sönməz, yaxıcı bir atəş var!..Bəli, Mirzə Cəlilin hər əsəri haqqında kitab yazmaq olar. Neçə ildir yazırlar, cəmi üç cild əsəri haqqında onlarca kitablar yazılıb. Ancaq o dəryanın bütün inciləri hələ üzə çıxarılmayıb, kəşf edilməyib...»
İkinci hissə, ikinci fəsilSalman Qurbanzadə papirosun kötüyünü külqabıya basıb söndürmüşdü ki, telefon haray-həşir qopardı. Professor ciyərlərinə sümürdüyü tüstünü havaya üfürüb dəstəyi götürdü:– Bəli, eşidirəm... Mənəm, Salmandı...
İkinci hissə, üçüncü fəsil«15 avqust 196...-cı il»Kənardan baxanların hamısı məni xoşbəxt sayır. Buna haqları da var. Mənim indi zahirən bir xoşbəxt qadın üçün lazım olan hər şeyim var. Evim, eşiyim, uşağım... Pul dərdi çəkmirəm, yemək, paltar dərdi çəkmirəm. Ancaq mən xoşbəxtəmmi? Son vaxtlara qədər bu suala: «hə, mən xoşbəxtəm!» — deyə ürəkdən cavab verərdim. Bu xoşbəxtlik mənim gülüşümdə də, rəftarımda da hiss olunurdu. Buna mənim özümdən daha çox bacım Sədəf sevinirdi. Axı, o mənim tək bacım yox, həm də anam olub. Mənim üstümdə çox əzab-əziyyət çəkib. Anamızın vəfatından sonra mən olmasaydım, kim bilir, bəlkə Sədəf də oxuyub bir yana çıxmışdı. Ancaq o, təhsilini də, xoşbəxtliyini də mənə qurban verdi. Ovcumun içi kimi bilirəm ki, Sədəf mənim xoşbəxtliyimə ana təki fərəhlənir. Əgər anam sağ olsaydı, yəqin, o da eynən Sədəf bacım kimi sevinərdi.
Başqa şairlərin şeirləri
Fəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Yaxşidur (Bir məclisə varanda...)Bir məclisə varanda özüni ögməŞeytana can verib yoxsuli döqmə,
Bulvar hara, məktəb hara(Yay tətilindən sonra məktəbə getməyə məcbur olanuxajor mütəəllimlərin naləsi)
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar olaYoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.