İkinci hissə, ikinci fəsil
Salman Qurbanzadə papirosun kötüyünü külqabıya basıb söndürmüşdü ki, telefon haray-həşir qopardı. Professor ciyərlərinə sümürdüyü tüstünü havaya üfürüb dəstəyi götürdü:
– Bəli, eşidirəm... Mənəm, Salmandı...
– Ya Allah, Salman, necəsən ay kişi? — deyən, yorğun səsi Salman «ay kişi» sözündən o saat tanıdı. Bu, yaradıcılıq təşkilatının katibi Biləndər idi. Tay-tuş idilər, bir zamanlar yoldaşlıq da eləmişdilər.
– Sağ ol, yaxşıyam, ay Biləndər. Sənin kefin, halın, işin, gücün?
– Lap əla, Salman. Uşaqlar-zad necədir?
– Yaxşıdırlar. Səndən nə əcəb, ay Biləndər?
– Bilirsən, Salman, mənə sizin o Orxan lazımdı.
– Orxan? — Professor qeyri-iradi olaraq «Orxan» sözünü elə tələffüz elədi ki, eşidən təəccüblənməyə bilməzdi.
– O, gərək ki, sənin şöbəndədi, eləmi?
– Hə, mənim tələbəmdi, necə məgər?
– Bilirsən, bizim bu yaxınlarda plenumumuz olacaq, yoldaşlarnan belə məsləhət eləmişik ki, dramaturgiya haqqında məruzəni ona tapşıraq. O oğlan mənim çox xoşuma gəlir. Yazılarını izləyirəm. Ağıllı, müstəqil fikirləri məni valeh edir.
– Ona mən etiraz eləmirəm, ancaq daha yaxşı olmazdı ki, bu məruzəni təcrübəli, bişmiş, görüb-götürmüş bir adama tapşıraydınız?..
– Həmişə belə eləmişik, Salman. Bu dəfə istəyirik sözü gənclərə verək. Görək onlar nə deyirlər, onlar necə düşünürlər?
Salman ağlına gəlmiş fikrin parıltısı ilə gümrahlaşdı:
– Bir məsələ var ki, Orxan elmi ezamiyyətə gedir.
– Elmi ezamiyyətə? Sonra gedəndə nə olar, canım?
– Yox, bu elə işdi ki, təxirə salmaq olmaz, Biləndər. Bizim şöbənin işi elədir ki, o bu səfərə getməsə... çətin olar, çox çətin!.. — Salman ağlına gələn bu fikirdən möhkəm yapışıb vəziyyəti elə təsvir edirdi ki, guya şöbənin bütün işi Orxanın bu səfərindən asılıdır. Mən çox təəssüf edirəm ki, pis vaxta düşüb... yoxsa Orxan bu işin öhdəsindən, cavan olmasına baxmayaraq, çox yaxşı gələ bilərdi. Tələbə mənimdir, işçi mənimdir, qabiliyyətinə bələdəm, heyif!..
Biləndər məyus olmuşdu:
– Bəlkə, ay Salman, bir az bu ezamiyyəti təxirə salasan?
– Canım üçün əgər mümkün olsaydı, müzayiqə eləməzdim. Kişi lap yol üstədir.
– Daha neyləyək, onda gərək başqasına tapşıraq.
Biləndər: «Sağ ol!» — deyib xudahafizləşdi. Salman sol əlini irəli uzadıb barmağını telefonun düyməsinə basdı, dəstəyi bir xeyli qulağının dibində saxladıqdan sonra şaqqıltı ilə yerinə çırpdı:
«Ağzından süd iyi gələn uşağa plenumda məruzə tapşırmaq istəyirlər. Bunlar da qəribə olublar. Yekə-yekə alimlər, professorlar, yazıçılar qalıb bir yana, yumurtadan dünən çıxan cücəyə başqalarına cip-cip öyrətməyi tapşırırlar. Zəmanə xarab olur gedir. Cavanlar, hər yerdə cavanlar. Balam, bəs biz gedək özümüzü öldürək ki, cavanlar var?! Hələ onların bilmədikləri, öyrənməli olduqları şey çoxdur, çox-çoxdur!.. — Salman bir müddət beləcə fikirləşdi, yaxşı bir yalan uydurduğuna görə özündən razı halda gülümsədi: — O, plenumda məruzə eləyəndən sonra gəl indi dayan qabağında görüm, necə dayanırsan? Zarafat deyil o plenumda məruzə eləmək. Neçə ildir mən bu ədəbiyyatın yolunda sümük sındırıram, bir kişi olmayıb ki, gəlib desin, ay Salman, gəl sən bizim plenumda filan şey barədə məruzə elə. Deyən olmayıb. Adamı bu ağrıdır. Qarnım üçün deyiləm ey, qədrim üçünəm».
Bir azdan Salmanın beyni aydınlaşdı və o, dediyi yalandan özü də xoflanıb ayağa qalxdı. Otaqda var-gəl eləməyə başladı: «Bəs necə olsun? Gərək Orxan bir yana çıxıb getsin, yoxsa mənim yalanım çıxa bilər. Orxan özü bilsə, onda nə fikirləşər mənim haqqımda? Yox, Orxan getməlidir! Mütləq harasa, ezamiyyətə getməlidir!..»
Professor bir papiros yandırdı: «Bu, asandır. Sabah bir ezamiyyət vərəqəsi, bir əmrdir onun canı. Qoy getsin Moskvaya, Leninqrada... yaxud özü hara istəyir, ora. Bəlkə heç getmək istəmədi? Şöbənin tapşırığıdır, vəssalam! Nə deyib getməz?! Ancaq tez, lap tez həll etmək lazımdır bunu!..»
Kabinetin qapısı aralandı. Qapının ağzında Orxan göründü:
– Gəl içəri, gəl, — deyə professor əlinin işarəsi ilə onu çağırdı.
– Otur.
Orxan keçib əyləşdi. Salman Qurbanzadə mehribanlıq göstərdi:
– Hə, de görək işin necədir, Orxan?
– Yaxşıdır, professor.
– Olsun, olsun. Mən həmişə istəmişəm ki, sənin işin yaxşı olsun.
– Çox sağ ol, professor. Mən də çalışmışam və ömrüm boyu da çalışacağam ki, sizin başınızı uca eləyim.
Professorun ürəyi:
«Yalansa çəkdiyim zəhmətlər burnundan gəlsin. Sən mənim başımı uca eləmək yox, yerə salmaq istəyirsən!»
Professorun dili:
– Çox sağ ol, Orxan. Orxan:
– Mən istəyirəm sizi sevindirəm, professor, — deyə bu açıq, səmimi söhbətdən ürəklənib əsl mətləbin üstünə gəldi.
Professor pırpız qaşlarını yuxarı dartdı:
– Nəynən?
– Professor, — deyə Orxan izah elədi, — mən iki ildir ki, Mirzə Cəlil haqqında bir şey yazıram. — Həmişəki adəti üzrə Orxan öz yazdığına yenə «əsər» demədi.
– Mirzə Cəlildən? — Professor fikrə getdi və gözlərini qıyıb Orxanın iri alnına, çatma qaşları altında qaynar bir gənclik atəşi ilə parlayan gözlərinə diqqətlə baxdı: «Od-alovdur bu gədə».
– Bəli, Mirzə Cəlildən, professor. Mən onu çox sevirəm.
Professor bir papiros da yandırdı:
– Ancaq zor işə girişmisən ha!..
– Bilirəm. Amma ləzzət ala-ala yazmışam, professor.
Professor durub gəzindi. Pəncərənin ağzına gəlib İçərişəhərin diş-diş hasarına baxdı. Daşın üstünə bir ağ göyərçin qonub qanadının altını dimdikləyir, özünü günə verirdi. Salmanın gözləri qarşısında acılan mənzərə onun düşüncəsinə bir işıq gətirdi. Elə bil o, bayaq dolaşdırdığı düyünü açmağın çəmini tapdı. Sevincək geri döndü:
– Səni təbrik eləyirəm! Yazmısan, əcəb eləmisən, mübarəkdi! Bizdən qalan ancaq əsər olacaq. Şair yaxşı deyib:
«Dünyada hər zaman yaradan qalır!..»
—Əsəri qurtarmışam. Özü də yerinə düşəcək, professor. Mirzə Cəlilin yubileyi gəlir. Ona bizim institun hədiyyəsi ola bilər.
– Bəli, çox yerinə düşər. — Professor ağır-ağır əlavə etdi: — Kaş, bizim işçilərin hamısı sənin kimi eləyəydi. Gətirib stolun üstünə əsər qoyaydılar, deyəydilər, bax, yazmışıq, buyur, professor, çap elətdir.
Orxan sevinc içində idi. Professor cavan oğlanın fərəhdən alışıb-yanan çöhrəsinə fikir verib onu bir az da şadlandırmaq istədi:
– Sən məni sevindirdin, Orxan. İndi icazə ver, mən də səni muştuluqlayım. Orxan dikəldi.
– Bəli, muştuluqlayım, — deyə Salman təkrar etdi.
– Dünən mənim Tiflisdəki dostlarımdan biri zəng eləmişdi bura. Sən yaxşı bilirsən ki, Mirzə Cəlilin fəaliyyətinin ilk dövrü Tiflis mühiti ilə bağlı olub. Bəli, Gürcüstanın arxivlərində Cəlil Məmmədquluzadənin haqqında çoxlu materiallar var.
– Onları bilirəm.
Professor Orxanın bu sözlərindən alındısa da, arxasını yerə qoymadı:
– Yox, mən deyənlərdən xəbərin yoxdur, Orxan. Bunlar hamısı təzə sənədlərdir, təzə tapılıb. Gürcü dostum mənə deyəndə elə sevinmişəm ki, telefonda demişəm: öpürəm səni, qatso! Fikirləşirdim ki, kimi göndərim gedib o xəzinənin üzünü çıxarıb gətirsin. Bilirsən o sənədlər nə qədər qaranlıq mətləbi aydınlaşdıracaq?!
Tədqiqat işində sənədin nə qədər böyük əhəmiyyətə malik olduğunu yaxşı bilən Orxan professorun bu xəbərindən doğrudan da sevindi:
– Mən gedərəm, professor! — deyib ayağa qalxdı.
—«Mən gedərəm» uzaqdır, sən sabah çıxmalısan, Orxan! Madam ki, Mirzə Cəlildən əsər yazmısan, o sənədlərsiz sənin əsərin o qədər də faydalı olmaz. Get, gətir, deyim, hə! Yoxsa məlum şeyləri çeynəmək, təzədən yazmaq kimə və nəyə lazımdır axı?!
Orxan yenə istədi ki, etiraz eləsin. İstədi desin ki, mənim yazımda təzə məlumatlar çoxdur. Ancaq nədənsə bu fikirdən vaz keçdi. Yalnız bir sözlə kifayətləndi:
– Elədir.
– Bu saat elə vaxt itirmədən ərizə yaz, sənə bir aylıq ezamiyyət verək, get Tiflisə.
– Bir ay çox olar, professor. Yubileyə az qalır, onacan kitabı çap elətdirmək lazımdır. Yoxsa toydan sonra nağara məsələsi kimi... ləzzəti olmaz.
– Sən işində ol. Onun çapı mənim boynuma.
– Sağ ol, professor. Onda mən hazırlaşım?
– Bəli, əlbəttə!..
Orxan kabinetdən çıxanda professor üstündən dağ getürülmüş təki dərindən nəfəs aldı.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-ikinci-hisse-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.
Üçüncü hissə, üçüncü fəsilElməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.
Üçüncü hissə, dördüncü fəsilHökm oxunan günü, axşam Elməddini, Əhədulla bir dəst yorğan-döşək gətirəndən sonra şəhər həbsxanasından Poli-çərxi həbsxanasına gətirmişdilər. Bu həbsxana ona tanış idi, iki-üç il əvvəl də burada yatmışdı. Onu təkadamlıq kamerada saxlayırdılar. Kiçik, hündür divarlı, əl çatmayan yerdə bir dənə dairəvi pəncərəsi olan bir otaq idi — qapısı dəmir idi. İçərinin döşəməsi sement idi. Ancaq taxt qoyulmuşdu divarın dibinə. Yanında taxtadan düzəldilmiş, əl vuranda cır-cır cırıldayan stol vardı. Divarlar kömürlə, mıxla yazıq-yazıq idi. Burada vaxtilə yatanlar adlarını, həbs olunma və çıxma tarixlərini yazmışdılar. Eləsi var idi ki, bu otağa düşmə tarixini yazmışdı, çıxma tarixini yox. Elməddin əyri-üyrü xətlərə göz gəzdirə-gəzdirə düşünürdü ki, yəqin buraxıldığını eşidib sevincək olublar belələri, ya da... Ya da gözlənilmədən çıxarılıblar, bir daha bura qayıtmayıblar! Hərəsi bir insan taleyi idi, təklik, əzab-əziyyət tarixi idi bu yazıların.Poli-çərxi həbsxanasında, demək olar ki, bu illər ərzində Heç bir dəyişiklik olmamışdı. Amirsahib və Şəfini rəhmsizcəsinə döyüb dırnaqlarını çıxaran Dostməmməd hələ burada idi. Onlar Elməddini görən kimi tanımışdılar. Müşayiətçi zabitin təqdim etdiyi sənədləri oxuyan həbsxana amiri yanındakı zabitə müraciətlə:
Üçüncü hissə, beşinci fəsilHəmin gün Elməddinin yeməyini vermədilər, havaya da çıxartmadılar. Evdən gələn xörəkdən soyuyub qaxaca dönmüş tikə kababdan, qurumuş təndir çörəyindən bir az yedi — candərdi yedi. İştahası yox idi. Qarın nayihəsini dolaşan sancı çəkilib getmirdi. Elə bil, içərisinə zəhər tökmüşdülər — yandırırdı, doğrayırdı. Ağrıdan bir yerdə qərar tutub dayana bilmirdi. Gah uzanırdı, gah gəzinirdi. Fikirləşməkdən başı şişmişdi. Yaranmış vəziyyəti götür-qoy edir, ancaq axırını bir yana çıxartmağa müvəffəq olmurdu. Həbs olunmağının səbəbi elə orda — məhkəmədə məlum olmuşdu — «Xurma çərdəyi»nin qurbanı idi, həbsxanada təkadamlıqda da elə buna görə yatırdırdılar. Bəs bu şer, ruznamə nə məsələ idi? — bununla neyləmək istəyirdilər? Bəlkə bu yolla onun həbs müddətini uzatmaq, onu illər uzunu dörd divar arasında saxlayıb çürütmək istəyirdilər? Bəlkə tək dustaqlardan deyil, şəhərdən, cəmiyyətdən, dostlarından, ailəsindən ayırmaq, uzaqlaşdırmaq istəyirdilər?!Bu qayğılar, cavabsız suallar saatlar keçdikcə onu yorub əldən salır, namüəyyən hisslər məngənəsində çırpınan ürəyi az qala partlamaq dərəcəsinə gəlirdi. Qəzəbdən dodağını çeynəyirdi. Ancaq çarəsizlik, gücsüzlük önündə aciz olduğunu dərk etdikdə süstəlir, dözmək, səbir etmək, bu oyunun axırının nə ilə bitəcəyini gözləməkdən başqa çıxış yolu olmadığını anlayıb taleyi ilə barışırdı.
Başqa şairlərin şeirləri
Başına döndüyüm, ey nazlı dilbər,Gəlirmi guşuna sədalar məndən
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Ey qoyan könlümə qan, oldumu hüsnün faniEy qoyan könlümə qan, oldumu hüsnün fani,Tapdımı xarü xəsi-xüşk o tər bostani?
ƏyriBu gün mən bir pəri gördüm: yerir, yürür, gəzir əyri.Tut yükünü, al bacını, qurma mənnən bazar əyri.