«15 avqust 196...-cı il»

Kənardan baxanların hamısı məni xoşbəxt sayır. Buna haqları da var. Mənim indi zahirən bir xoşbəxt qadın üçün lazım olan hər şeyim var. Evim, eşiyim, uşağım... Pul dərdi çəkmirəm, yemək, paltar dərdi çəkmirəm. Ancaq mən xoşbəxtəmmi? Son vaxtlara qədər bu suala: «hə, mən xoşbəxtəm!» — deyə ürəkdən cavab verərdim. Bu xoşbəxtlik mənim gülüşümdə də, rəftarımda da hiss olunurdu. Buna mənim özümdən daha çox bacım Sədəf sevinirdi. Axı, o mənim tək bacım yox, həm də anam olub. Mənim üstümdə çox əzab-əziyyət çəkib. Anamızın vəfatından sonra mən olmasaydım, kim bilir, bəlkə Sədəf də oxuyub bir yana çıxmışdı. Ancaq o, təhsilini də, xoşbəxtliyini də mənə qurban verdi. Ovcumun içi kimi bilirəm ki, Sədəf mənim xoşbəxtliyimə ana təki fərəhlənir. Əgər anam sağ olsaydı, yəqin, o da eynən Sədəf bacım kimi sevinərdi.

Lakin indi... indi mənim özümə xoşbəxt deməyə dilim gəlmir. Nəsə o xoşbəxtliyin üstünü qara, xoşagəlməz, ürəksıxan bir kölgə almaqdadır. O kölgə məni qorxudur, yayın bu istisində üşüdür, özümü çox pis hiss eləyirəm.

Mən təhqir olunmuşam. Qonaqlıqdan qayıdanda, gecənin qaranlığında Salmanın rişxəndlə dediyi: «Padumayeş, böyük adamdır sənin atan, kakoy-nibud nesçastnıy hambal!..» sözləri heç yadımdan çıxmır, elə hey qulaqlarımda səslənib ürəyimi məngənə kimi sıxır, sıxır. Bəlkə kefli idi, elə dedi? Bəlkə o mürtəd oğlu Ağəli Şahdağlının adamların yanında: «Sənin qaynatan hambaldır» deməsi Salmanın şəstinə dəyib?. Axı, burada nə qəbahət var? Hamı alim, müəllim olmaz ki? Necə olur Salman belə adi şeyləri düşünmür? Bəlkə Salman mənim atamı daha özünə, öz ad-sanına yaraşdırmır?

Üç gün onu dindirmədim. Ürəyim elə sınmışdı ki. Heç bir şey olmayıbmış kimi, soruşdu ki, sənə nə olub, niyə qanın qaradır?

– Niyə də olmasın? —dedim, — Hambal atamın dərdini çəkirəm də. Güldü.

– Mən sənin yerinə xəcalət çəkirəm, Salman! — dedim.

– Sən isə gülürsən.

Ciddiləşdi:

– Mənim hirslənməyə haqqım var, Nadirə, — dedi. — Axı ona nə vacib düşüb ki, hər itə-qurda: «Professor filankəs mənim qohumumdur» deyir. Öz aramızdır, kişi şöhrətpərəstlik eləyir, deyəsən.

– O yazıq nə bilsin ki, sənin o demaqoqla aran yoxdur. Salam göndərib də...

– Salamı bir barmaq kağızla göndərsəydi, daha yaxşı düşərdi.

– Mən elə bilirəm, burda söhbət qayınatanın hambal olması üstündədir, Salman. Açıq danışaq, bunun üstündədir.

Sükut.

– O, əvvəl də yükçü idi. Onu sən elə o vədə bilirdin. Atamın yükçü olduğunu bildiyin vaxt dediyin sözlər yadından çıxıb? İndi professor olmusan, ad-san qazanmısan.

– Sən hələ məni başa düşməzsən, Nadirə, — deyə o, sakitcə ah çəkdi. — Elə bir gün gələcək ki, sən özün atanın yükçü olduğundan xəcalət çəkəcəksən.

Mən o biri otağa keçdim və üzüstə çarpayıya düşüb hönkür-hönkür ağladım. O isə:

– Ağla, ürəyin boşalsın! — deyib getdi. O ki var, ağladım.

Sədəf gələndə gözlərimi qızarmış görüb təəccübləndi:

– Sənə nə olub, bacı? Niyə ağlamısan?

Əlbəttə, mən ona hər şeyi açıb deyə bilərdim. Ancaq bunu eləmədim. Onun dərdinin üstünə dərd qoymağın nə mənası var?! Sədəf bacım bu məsələni bəlkə heç bir dəfə də olsa ürəyinə gətirməyib? Nə üçün ürəyinə xal salım, axı?

Mən Sədəfin yalvarışlarına, and-aman verməyinə baxmayaraq, əsl mətləbi demədim. Ayrı, işimlə əlaqədar bir şey uydurub onu sakitləşdirdim.

Ay mənim ürəyi təmiz bacım, hər şey sənin düşündüyün kimi sadə deyil. Mən indi səni necə başa salım ki, bir damın altında uyuşmaz, barışmaz iki dünya yaşayır. Necə başa salım, bacım?».

Nadirə qələmi yerə qoydu, özündə bir yüngüllük duydu, ürəyinin yükünü, dərdini gündəliyinin sinəsinə boşaltmışdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, on yeddinci fəsil

Kitabı çantasına qoyan Ceyhun asılqanın qabağında dayanıb atasının kabinetinə, anasının iş otağının qapısına baxdı. Səs-səmir yoxdu: ikisi də bayaqdan işləyirdi. Ceyhunun əli atasının mil-mil pencəyinin cibinə uzandı. Soyuq, ilan gözü kimi xırda həlqəli zəncir əlinə toxunanda o sevindiyindən nə edəcəyini bilmədi. Maşının açarını tapmışdı. Çıxartdı, yavaşca şalvar cibinə qoydu. Ürəyi şiddətlə döyünürdü. Əgər atası bir dəqiqə otaqdan çıxsa, ya anası gəlsə, o heç yerə gedə bilməzdi və niyyəti alt-üst olardı. Arakəsmənin qapısını ehmalca örtdü.Ağ dəstəkli telefona yanaşıb səs salmamağa çalışaraq əzbər bildiyi nömrəni yığdı və demək olar ki, pıçıltı ilə danışmağa başladı:

3 dəq
İkinci hissə, on səkkizinci fəsil

Elə bu zaman professor otağından çıxdı. Böyük evdə heç kəs yox idi. Ümumiyyətlə, son vaxtlar onların evi çox sakit və demək olar ki, cansıxıcı olmuşdu. Küsülü kimi gəzib dolanırdılar. Adətən, ən əziz və doğma bir adamı dəfn edəndən sonra evdə belə qərib səssizlik hökm sürür. Yaxşı ki, kitablar varmış, yaxşı ki, yazı-pozu varmış!..Professor da, Nadirə də elə hey işləyir, yazıb-pozurdular və sanki bununla evdəki boşluğu doldurmaq, ürəklərindəki qüssəni qovmaq, yüngülləşdirmək istəyirdilər. Ancaq onları bu da bezdirirdi, bu da usandırırdı.

6 dəq
İkinci hissə, on doqquzuncu fəsil

Söz verdiyi vaxt çoxdan tamam olmuşdu, ancaq Əqdəm hələ də gəlib çıxmamışdı. Gülmirə nigarançılıq içində çırpınırdı, hər gün işdən gələndə onu evdə görəcəyini, yenə dindirməyəcəyini düşünürdü: «Qoy lap yalvarsın, qoy lap ağlasın!» — deyirdi. Daha səbri tükənmişdi. Əqdəmin yoxluğu fikri onun beyninə, ürəyinə hakim kəsilməyə başlayırdı. Əqdəm hərdən çox gec-gec gəlib tez də çıxıb gedən qonağa bənzəyirdi, halbuki o bu evin kişisi, bu ailənin başçısı idi.Son vaxtlar Gülmirə işinə möhkəm girişmişdi. Öz təkliyini, qüssəsini ancaq işləməklə, yazıb-pozmaqla, mütaliə etməklə unutmağa çalışırdı. Çalışırdı, ancaq bu ona çox baha başa gəlirdi. Əsəbləri gərilir, fikri çətinliklə bir yerdə qərar tuta bilirdi. Getdiyi yer idarə, anasıgil idi. Anası da axır vaxtlar bir az həlimləşmiş, onu danlayıbdansamaqdan əl çəkmişdi. Çünki arvad hiss eləyirdi ki, indi onun səhv elədiyini təkrar-təkrar üzünə çəkmək nəinki bir fayda vermir, hətta qızı əsəbiləşdirir. O, göz yaşı axıda-axıda ağlayırdı. Buna isə anası tablaya bilmirdi. Qızı onlara gələndə könlünü açır, darıxmağa qoymurdu.

5 dəq
İkinci hissə, iyirminci fəsil

Orxan ev-eşiyə sığışmırdı. Gah çarpayıya uzanır, gah durub oturur, gah da eyvana çıxıb dənizə tamaşa eləmək istəyir, ancaq bacarmırdı. Papirosu papirosun oduna yandırır, öz-özünə danışır, əsəblərinin möhkəm gərildiyini hiss eləyib, özünü toxtatmaq istəyirdi.Bu gün qəribə gün idi. O, günün çoxunu sevimli Gülmirə ilə bir yerdə olmuş, Sabunçuya getmişdi, kinoya baxmışdılar. Orxan ondan xoş və şirin arzularla ayrılmışdı. Kaş o, gün əyiləndən sonra dəniz qırağına getməyəydi. Kaş Biləndərə rast gəlməyəydi.

5 dəq

Başqa şairlərin şeirləri