İkinci hissə, on doqquzuncu fəsil
Söz verdiyi vaxt çoxdan tamam olmuşdu, ancaq Əqdəm hələ də gəlib çıxmamışdı. Gülmirə nigarançılıq içində çırpınırdı, hər gün işdən gələndə onu evdə görəcəyini, yenə dindirməyəcəyini düşünürdü: «Qoy lap yalvarsın, qoy lap ağlasın!» — deyirdi. Daha səbri tükənmişdi. Əqdəmin yoxluğu fikri onun beyninə, ürəyinə hakim kəsilməyə başlayırdı. Əqdəm hərdən çox gec-gec gəlib tez də çıxıb gedən qonağa bənzəyirdi, halbuki o bu evin kişisi, bu ailənin başçısı idi.
Son vaxtlar Gülmirə işinə möhkəm girişmişdi. Öz təkliyini, qüssəsini ancaq işləməklə, yazıb-pozmaqla, mütaliə etməklə unutmağa çalışırdı. Çalışırdı, ancaq bu ona çox baha başa gəlirdi. Əsəbləri gərilir, fikri çətinliklə bir yerdə qərar tuta bilirdi. Getdiyi yer idarə, anasıgil idi. Anası da axır vaxtlar bir az həlimləşmiş, onu danlayıbdansamaqdan əl çəkmişdi. Çünki arvad hiss eləyirdi ki, indi onun səhv elədiyini təkrar-təkrar üzünə çəkmək nəinki bir fayda vermir, hətta qızı əsəbiləşdirir. O, göz yaşı axıda-axıda ağlayırdı. Buna isə anası tablaya bilmirdi. Qızı onlara gələndə könlünü açır, darıxmağa qoymurdu.
– Mənə demişdi, gedib, işdən çıxıb gələcəyəm, tamam gələcəyəm. Hanı bəs? Yaman gəldi. Gör neçə ay keçir? — deyə anasının heç bir şey xəbər almadığını görəndə özü söhbəti dolandırıb Əqdəmin üstünə gətirirdi. — Yalançı imiş. — O, köks ötürə-ötürə danışırdı. — Bir evdə ki bir-birini aldatmaq oldu, daha o nə evdi? Dağılsın, xaraba qalsın elə ev, elə ailə!..
– Bəs, Gülü, kinoya-zada niyə getmirsən? — deyirdi. — Başın qarışar heç olmasa...
– Eh, tək ürəyim gəlmir gedəm, ana.
– Tək getmə, rəfiqələrinnən get.
– Mənim rəfiqələrim öz ərləri, öz adamları ilə kinoya gedirlər. Mən onlara necə qoşulum?
– Dur, onda ikimiz gedək.
– Mənim həvəsim yoxdu, ana. — Gülmirə belə deyib evə qayıdır, bir az dincəlib sonra yenə işə girişirdi.
O, miz arxasına keçdimi, Orxanı yanında hiss eləyirdi. Orxanın xəyalı onu tək buraxmırdı. Qətiyyətli səsini eşidirdi: «İşlə, Gülü, qorxma!» Orxanın qaynar, bir az da qüssəli görünən gözlərinə tamaşa edib, o gözlərdə özünə qarşı gizli bir duyğunun alışıb-yandığını düşündükcə Gülmirə həyatındakı, qəlbindəki boşluğun yavaş-yavaş dolduğunu hiss eləyir, bu onun qəmli, tutqun könlünə bir işıq salır, onu isindirirdi. Orxanın gətirdiyi güllər, elədiyi kömək Gülmirənin həyatına yavaş-yavaş rövnəq verir, ürəyinə girirdi. Gülmirə başa düşürdü ki, Orxan onun üçün getdikcə əziz bir adama çevrilməyə başlayır. O bu hissdən yaxa qurtarmaq, qaçmaq istəyirdi, ancaq mümkün deyildi; çünki Orxan hər dəqiqə, hər saniyə fikrən, ruhən onun yanında, ürəyində, düşüncəsində idi.
Ceyhunun qəzaya düşməsi xəbəri institutda yayılandan sonra işçilər bir-bir, iki-iki Sabunçuya, xəstəxanaya gedir, uşağa dəyirdilər. Professorun, Nadirənin halı çox pərişan idi. Bunu Orxan da, Gülmirə də yaxşı görürdü. Zarafat deyil, madar övlad, o da elə...
Orxan günortaüstü Gülmirəyə dəhlizdə dedi:
– Gəlsənə gedək Ceyhuna dəyək.
Gülmirə bu təklifi çoxdan gözləyirmiş, yaxud özünə yoldaş axtarırmış təki, tələsik cavab verdi:
– Gedək, Orxan. Yaxşı deyil, yoldaşlar gedib dəyiblər.
Onlar işdən tez çıxdılar, bazardan bir az mer-meyvə alıb vağzala gəldilər, elektrik qatarına minib Sabunçuya yola düşdülər.
Yol uzunu, demək olar ki, heç nə danışmadılar. Orxan Gülmirə ilə üzbəüz oturub məftun baxışlarını qızın yaraşıqlı üzünə, ala gözlərinə zilləyib susurdu. Onun baxışları elə məhzun və mənalı idi ki, Gülmirə həyəcanından içəridə ürəyinin əsdiyini hiss elədi. Gülmirə Orxanın gözlərinin içinə baxa bilməyib başını aşağı saldı. Əllərini dizinin üstünə qoyub donunun ətəyini azca aşağı çəkdi. Yerə baxsa da hiss elədi ki, Orxan yenə gözlərini ondan çəkməyib. Qatar Razin qəsəbəsindən keçəndə o, başını qaldırıb Orxana baxaraq özünü itirmiş halda gülümsündü:
– Niyə elə baxırsan?
– Mən sənin gözlərinə, gözəlliyinə tamaşa edirəm, Gülü!..
– Sus, ayıbdır, eşidən olar — Gülmirə yan-yörəsinə baxındı.
– Heç kəs yoxdur yanımızda. Vaqonun o başında iki qoca oturub. Mən səni həmişə görürəm, sən yanımda olmasan da...
– Bir halda ki həmişə məni görürsən, onda indi mənə elə baxma, Orxan, həyəcanlanıram.
Orxanın üzündə bir şadlıq hiss olundu və o, ürəyində: «Elə bu da mənə kifayətdir!» — deyib pəncərədən bayıra baxdı.
Qatar onları yüngülcə yırğalayır, təkərlər taraqqa-taraqla relsləri döyə-döyə irəliləyirdi.
– Yaman qorxuram, Orxan! — deyə Gülmirə sözü dəyişib sabahkı müzakirənin üstünə gətirdi və imtahan, özü də çox ciddi imtahan verməyə hazırlaşan bir tələbə kimi təşviş və qorxu hissi ilə dilləndi:
– Nədən, Gülü?
– Nəsə... heç özüm də bilmirəm. — Görək yoldaşlar nə deyəcəklər?
– Ürəyini buz kimi elə, Gülü. Susdular. Orxan nə fikirləşdisə:
– Sabah müzakirədə səni təbrik etməyəcəyəm, Gülü, — dedi. Gülmirə təəccüblə:
– Niyə? — deyə xəbər aldı.
– Səni sabah müzakirədən sonra evimizdə təbrik eləmək istəyirəm, Gülü.
– Evinizdə? Elə niyə?
– Ürəyim belə istəyir, Gülü. Sənə bir dəstə yaxşı nərgiz saxlamışam, suya qoymuşam. Onu sənin üçün gətirtmişəm, şəxsən sənin üçün...
– Çox sağ ol, Orxan!
– Gələrsənmi?
Gülmirə dinmədi.
– Susmaq razılıq əlamətidi, deyirlər.
– Həmişə yox, Orxan.
– Bu dəfə qoy elə olsun.
Gülmirə ala gözlərinin uzun kirpiklərini endirməklə razılıq verdi...
Ceyhuna baş çəkib şəhərə qayıdanda, Nizami kino-teatrının qabağından keçərkən, Gülmirənin divarlara vurulmuş iri afişalara baxdığını görən Orxan dedi:
– Kinoya kedəkmi?
Gülmirə yenə cavab vermədi.
– Dinmirsən?
– Gec olar, Orxan.
– Evdə, səni gözləyən yox, məni gözləyən yox...
Gülmirə afişadan — sarışın saçlarını çiyinlərinə tökmüş, qırçın-qırçın çimmək paltarı geymiş və dənizin mavi sularına tamaşa eləyən qız şəklindən gözlərini çəkmədi:
– Gözləyən olmalı idi, amma yoxdur, — dedi və azca fasilədən sonra: — Gedək, — deyə əlavə elədi.
On beş dəqiqə sonra onlar işıqları sönmüş böyük zalın arxa cərgələrinin birində yanaşı oturmuşdular. Ekranda kadrlar bir-birini əvəz edir, ürəyi titrədən musiqi ilə müşayiət olunan hadisələr getdikcə gərginləşir, afişada Gülmirənin diqqətini cəlb eləyən sarışın saçlı qız haldan-hala, təbdən-təbə düşərək cəngəlliklərdə almanlarla vuruşan dəstənin arasında olan sevdiyi oğlanın yarasını bağlayır, nəhayət, onu öz əlləri ilə qara torpağa tapşırırdı. Sonra onun keçirdiyi həyəcanlar, onun həyatı...
Orxan Gülmirənin əlini ovcunun içinə alıb, dizinin üstünə qoydu. Gülmirə etiraz eləmədi. Bəlkə də o, hadisələrin axınına aludə olub, heç bunu duymadı. Orxan onun əlini yavaş-yavaş sığalladı...
Birdən Gülmirə sanki yuxudan ayıldı, alaqaranlıq zalda dönüb Orxana baxdı və əlini onun əlindən çəkdi. İncidiyini bildirmək üçün başını azca yana əydi.
Orxan Gülmirənin bu hərəkətindən pərt oldu və astadan köks ötürdü, nəsə demək, qızın könlünü almaq istədi, ancaq heç nə deyə bilmədi.
Bu ara ekranda təyyarə səsi eşidildi: ağ buludların arasında şimşək sürəti ilə uçan bir təyyarə zahir olanda Gülmirə səksəndi. Yadına Əqdəm düşdü. Can atdı ki, təyyarənin kabinəsinə baxsın, təyyarəçinin özünü görsün... Ancaq buna imkan tapmamış onu elə buludların arasındaca vurdular: təyyarə alışdı, sürətlə başıaşağı gəldi. Bu dəhşətli mənzərəni görən Gülmirə həyəcanlanmış, qorxmuş, özü də bilmədən Orxana sığındı...
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-ikinci-hisse-on-doqquzuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Araya dərin bir sükut çökdü. Aslan tez-tez dəbərişən və ağlı başından çıxmış adamın gözlərinə bənzəyən gözlərini Leylanın üzünə zilləyib xeyli, kirpik çalmadan baxdı, baxdı: bu qırpımsız baxışları oxumaq, məna vermək çətin idi. Ancaq Leyla onun içində, ürəyində qopmuş tufanı görürdü, başa düşürdü və nə qədər yazığı gəlsə də, rəhm bilmirdi. «Sənə bu da azdır. Azdır!» ⎯ deyə qəlbindən gələn sözü dilinə gətirmək, bu qəddar adama təzədən eşitdirmək və onu təzədən «öldürmək» istəyini güclə boğurdu. «Belə adamlardı bu gözəl, bu şirin dünyanı zəhərləyən, cəhənnəmə döndərən; günahsız, təmiz insanların taleyini çubuq kimi sındıran, ayaqları altına atıb tapdalayan və dünyanı ah-nalə ilə, göz yaşları ilə dolduran belələridir. İmkanım olsaydı, yer üzünü dolaşar, bax, belələrinin, hamısını, bir yerə yığar və heç birinə rəhm eləmədən dənizə töküb məhv eləyərdim, inan ki, eləyərdim…Ancaq görünür, qurban olduğum, o gözə görünməz özü bu dünyanı belə yaradıb, belə qurub: Yəqin dünya başdan-ayağa yaxşı, halal, pak adamlarla dolu olsaydı, yalnız göz-könül oxşayan gözəlliklərə qərq olsaydı, bəlkə də bunca şirin ola bilməzdi. Yəqin dünya şirini-acısıyla, gözəli-çirkiniylə, yaxşısıpisiylə birlikdə gözəldi…»
Birinci hissə, yeddinci fəsilXüsusilə, Tanrıgül dastanı, xüsusilə, mövcud olduğunu belə bilmədiyi oğlunun dastanı… Maraqlı bir nağıla oxşayırdı bütün bunlar.Amma beyin də canlıdı ⎯ onun ayıq, işləyən vaxtı olduğu kimi, sən istəməsən belə, yatan, susan və dincələn zamanı da olur ⎯ Leylanın beyni yorulmuşdu, Aslanın ömür kitabının bu qədər maraqlı olmasına baxmayaraq, Leylanı mürgü qanadları üstünə alıb insanı bu dünyadan ayırmağa qadir yuxu aləminə apardı və bu yuxu, az qala hər şeyi görən, bilən o dərdli, nisgilli, yatmış qızı bir gözələ döndərdi.
Birinci hissə, birinci fəsilSən demə, dünya möcüzələr dünyasıymış. Bəzən gözlərində həyat eşqi coşub-daşan, ürəyində şirin arzular pıçıldaşan, istəkləri yerə-göyə sığmayan, cahanın əzab-əziyyətindən bezməyən, oğul-qız toyu görməyən, ata-ana borcu verməyən bir insan, özünün də, dost-tanışının da, əzizlərinin də gözləmədiyi halda, birdən-birə, son sözünü deməyə belə fürsət tapmadan, bir göz qırpımında bu doyulmaz, bu şirindən şirin aləmdən gedir, hamını pərişan edir – Ceyhun kimi. Bəzən isə əksinə, ölümün ağ libasını geymiş, üzünə zəfəran rəngi dəymiş, gözləri axan, yaşadığı dünyaya, insanlara, göylərə, yaşıl yarpaqlara, övladlarına, evinə-eşiyinə sonsuz bir həsrətlə baxan, sağ qalacağından hamının əlini yuduğu, min ilin ölüsüylə yan-yanaşı qoyduğu bir insan, özünün də, dost-tanışının da, əzizlərinin də gözləmədiyi halda, birdən-birə, son sözünü deməyə hazırlaşdığı anda, zəif və taqətsiz vücudunun bütün gücünü, qüvvətini, ürəyinin bütün gizli-aşkar məhəbbətini, qüdrətini yarı ölmüş, yarı diri əzələlərində cəmləşdirib soyuq ölüm yatağından, ağappaq cərrahiyyə stolunun üstündə ağappaq həkim bıçağının altından, lap tabutun içindən qalxaraq: «Mən ölmək istəmirəm, mən yaşamaq istəyirəm, mən bütün əzab-əziyyətlərə dözə-dözə bu gözəl dünyaya baxmaq istəyirəm, həyat bu dünyadadı, o günəşdədi, bu torpaqdadı, bu gül-çiçəkdədi, bu ağrı-acıdadı, bu insanların arasında olmaqdadı.» – söyləyir, hamını sevincə qərq eləyir – Xəzangül kimi.… Hər ikisi, bu ağla-idraka sığmaz möcüzədən özünü itirərək, gözləri yaşara-yaşara, əl-ayağını heç cürə yığıb-yığışdırmaq mümkün olmayan bir çaşqınlıq içində qışqırırdı: sarsıldığından, həyəcanından qəşəng üzü, azca əvvəl əyninə geydiyi o ağ don kimi ağarmış, yanaqları aşağı ağ mirvarilər süzülən Sahilə başqa söz bilmirmiş kimi, təkrar-təkrar: «Səsinə qurban olum, ana, sən danışırsan?» – deyir, bayaq Xəzangülün çırpına-çırpına söylədiyi o bir kəlmə sözü eşidəndən qulaqları gur-gur guruldayan, çəkisizlik şəraitinə düşmüş adam kimi torpaqdan ayrılıb havada süzən Əsəd isə yalnız «Xəzangül, Xəzangül» – söyləyə bilirdi. İkisi də özünü itirmişdi. Qız gah kolyaskanın ağ dəstəyindən tutub silkələyir, gah qapıya sarı qaçır, gah geri qayıdır, anasının qabağında diz çöküb alacalanmış gözlərilə ona baxır, sonra yenə təzədən qalxıb başı kəsilmiş toyuq kimi qırmızı rəngi tapdaq altında bozarmış döşəmənin üstündə çırpınırdı. Əsəd Sahilənin bu halını görüb indicə ona nə isə olacağını düşünərək əl atıb qolundan yapışdı və uca səslə:
Birinci hissə, ikinci fəsilSaat yarımdan sonra Xəzangül artıq xəstəxanada idi. Sahilə də, Əsəd də elə təcili yardım maşınında onunla birgə gəlmişdilər. Əsədin köhnə dostlarından olan doktor Kamil, bu axşam xəstəxanada növbətçi olduğuna görə heç yerə tərpənə bilmədiyindən, əhvalatı eşidən kimi, Əsədi iki şəfqət bacısı ilə tibb maşınına mindirib naxoşun dalınca göndərmiş və iyirmi dəqiqə keçməmiş Xəzangülü gətirtmişdi. Kamil Xəzangülün xəstəliyini də, qəzavü qədəri də, Əsədlə olan tarixçəsini də çoxdan və çox gözəl bilirdi. Əsəd Xəzangülün taleyini həkimə elə o vaxt rayondan qayıdıb dəniz qırağında ona rast gələndən az sonra danışmışdı, hələ bir dəfə də Kamili yanına salıb Xəzangülün üstünə gətirmişdi. Onda Kamil Xəzangülü ətraflı müayinə eləyib evdən çıxandan sonra fikrini Əsədə açıq söyləmiş, tibb elminin bu qədər sürətli inkişafına baxmayaraq, hələlik bu mərəz qarşısında aciz olduğunu və qadının sağalacağına az ümid bəslədiyini etiraf etmişdi. Kamilin o zaman Əsədə dediyi sözlərdən ancaq bu yadında qalmışdı: «Onun xəstəliyinin əsas səbəbi – sarsıntıdı, Əsəd. İkinci böyük sarsıntı olarsa, ya – nə qədər olsa da səndən gizləmirəm – ya öləcək, ya da… sağalacaq. İndilikdə onun üçün dava-dərman havayı əziyyətdi. Onu da sənə deyim ki, ikinciyə ehtimalım daha azdı, Əsəd. Əsəb - yaman şeydi, qardaş. Mənim müşahidələrimə və qənaətimə görə, xəstəliklərin böyük əksəriyyətinin başlanğıc nöqtəsi – əsəb sisteminin pozulmasıdır. Hətta xərçəngin də. Əsəb hiss olunmadan, gündə bir az pozulur, ancaq sağalması, bərpa olunması uzun, səbr və dözüm tələb eləyir, qardaş».Əsəd Kamilə bir həkimdən çox, bir Allah kimi baxırdı. Bu şəhərin ən adlı-sanlı həkimiydi Kamil. Onun əlinin yüngüllüyündən, bıçağının sayalılığından, ağlının itiliyindən, təcrübəsinin çoxluğundan az qala bütün şəhər danışırdı. Canı ağrıyan, ağır xəstəliyə düşən, sağalacağına ümidi olmayanlar belə ona pənah gətirirdi. Çünki dediyi, bəzən baxan kimi peyğəmbəranə qoyduğu diaqnozlar çox nadir hallarda düz çıxmırdı. O, indi həkimlər arasında dəb düşən kimi, təkcə dar bir sahənin həkimi olmaqdan şüurlu surətdə imtina etmişdi. Həm yaxşı cərrah idi, həm mahir əsəb xəstəlikləri ustası idi, ürəyin, psixologiyanın isə sözün həqiqi mənasında Allahı idi Kamil. Yaşı əllidən təzəcə sovuşmuşdu, amma gur, qalın saçları artıq çallaşmışdı. Sənəti onu özünə məftun etmişdi, gündüzlər xəstəxanada – xəstələri oxuyurdu, öyrənirdi, axşamlar kitabları, keçmişin, indinin məşhur təbiblərinin əsərlərini mütaliə edib beyninə, yaddaşına köçürürdü. «İş vaxtı», «qəbul saatı» məfhumları onun dəftərinə yazılmamışdı. Harada olsa, - qonaqlıqda, toyda, yasda, hətta gecənin şirin vaxtı yatdığı zaman belə, o, həkim idi hər şeydən əvvəl. Qayğıkeşliyi, mehribanlığı isə onun sənətini də, özünü də daha da gözəlləşdirirdi. Ona görə şəhərdə adı böyük bir ehtiram hissilə çəkilirdi, dildən dilə dolaşırdı. Canı ağrıyan hər kəs özünü, xəstəsi olan hər kəs xəstəsini ona çatdırmağa can atırdı. Kamilin həmişə hər şeyi çatmışdı, təkcə vaxtı olmurdu Kamilin. Özü üçün, ailəsi üçün çox az vaxt ayıra bilirdi. «Başımı qaşımağa vaxtım yoxdur» – deyə-deyə Kamil, Əsəd kimi başını ağartmışdı.
Başqa şairlərin şeirləri
Gülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.