Elə bu zaman professor otağından çıxdı. Böyük evdə heç kəs yox idi. Ümumiyyətlə, son vaxtlar onların evi çox sakit və demək olar ki, cansıxıcı olmuşdu. Küsülü kimi gəzib dolanırdılar. Adətən, ən əziz və doğma bir adamı dəfn edəndən sonra evdə belə qərib səssizlik hökm sürür. Yaxşı ki, kitablar varmış, yaxşı ki, yazı-pozu varmış!..

Professor da, Nadirə də elə hey işləyir, yazıb-pozurdular və sanki bununla evdəki boşluğu doldurmaq, ürəklərindəki qüssəni qovmaq, yüngülləşdirmək istəyirdilər. Ancaq onları bu da bezdirirdi, bu da usandırırdı.

«Ceyhun yoxdur, yəqin, oynamağa gedib», — deyə professor fikirləşdi. Onun ürəyi çay istəyirdi. Sədəf Salmanın qabağına həmişə armudu stəkanda yaxşı dəmlənmiş çay gətirərdi. İndi Sədəf də yoxdur, çay da. Nadirə də işləyir. Amma çoxdan işləyir, indi, yəqin, yorulub. Bu doktorluq dissertasiyası onu lap əldən salıb. Gecə-gündüz çalışır.

Salman bu fikirlərlə Nadirənin otağının qapısını üsulluca araladı:

– Nadirə, yorulmadın?

Nadirə ərinin səsində bir qayğı duyub əl saxladı. Ürəyində tutqun, çoxdan gözlədiyi, intizarla gözlədiyi bir sevinc hissi duydu. Yorulmamışdısa da:

– Hə, yorulmuşam, — dedi və ayağa durdu. Ona sarı yeriyib əlini qapının çərçivəsinə söykədi. Salman geri çəkildi, gəlib divanın üstündə oturdu.

– Çayın olsaydı, içərdik, Nadirə.

– Bu saat dəmlərəm.

On beş dəqiqə keçməmiş Nadirə iki stəkana çay töküb gətirdi. Konfet qabını bufetdən çıxarıb ortalığa qoydu.

Çay buğlanır, onlar susurdular. Sanki təzə tanış olmuşdular, halbuki hər ikisinin ürəyi dolu idi. Sinələrini boşaltmaq üçün fürsət, məqam gözləyirdilər.

Nadirə ah çəkdi.

– Niyə ah çəkirsən? — Salman arvadının qəlbini ələ almaq üçün bundan istifadə edib xəbər aldı.

– Niyə də çəkməyim? Az qalır ürəyim partlasın. Elə bil bu evdə heç adam yaşamır, elə bil bir-birinə yad, uzaq olan adamları bir damın altına yığıblar. Elə bil bizə əziyyət vermək üçün belə eləyiblər. Biz nə üçün bir-birimizə getdikcə daha çox yad oluruq, nə üçün?

– Sən bunu özün məndən də yaxşı bilirsən! Bizim aramızda olan o möhkəm körpünün altına sən öz əllərinlə dinamit qoyub partlatdın, indi sən çayın bu tayında qalmısan, mən o tayında. Sən şöhrətpərəstsən, sən insafsızsan, Nadirə! — deyə Salman sakit-sakit davam elədi. — Mən həmişə sənin dəyanətinə güvənərdim, mərdliyinə güvənərdim. Amma, görünür, yanılmışam. İndi budur, evimiz suyu sovulmuş dəyirmana bənzəyir. Kimdir günahkar?

– Mənəm, mən!.. — deyə bayaqdan üzündə kədərli bir ifadə dayanıb ərinin ittihamlarına qulaq asan Nadirə birdən əsəbiliklə qışqırdı. — Mənəm günahkar, yaxşı, mənəm, mən! Bu evin suyu sovulmuş dəyirmana oxşamasına da, atamın, bacımın ayağının burdan kəsilməsinə də, Ceyhunun bildiyini eləməsinə də, mən günahkaram, bildin, mən günahkaram! — O, hönkürtü ilə ağladı.

Bu ara qapıda xışıltı eşidildi. Deyəsən, poçtalyon idi. Salman «Əh» eləyib ayağa duraraq qapıya sarı getdi, poçt qutusunu açıb qəzetləri gətirdi.

Əvvəl nəzərini bir məktub cəlb elədi. Nadirəyə gəlmişdi. İlhamdandı. Salmanın sifətindəki qəm buludları, qəzəb və kin ifadəsi dağıldı: «Əhə, gözünə dönüm. Yəqin İlham məqalədən sonra Nadirəyə bir ultimatum verib. Verər, verər. Çox cəsarətli oğlandı. Buzovnada, qayaların üstündə mənimlə elədiyi söhbət heç yadımdan çıxmır. Özü də lap məqamında gəlib».

– Sənə İlhamdan məktub var.

– İlhamdan? — Nadirə jaketinin qolundan dəsmalını çıxarıb gözünün yaşını sildi.

– Hə, İlham yazıb. Yəqin, onu möhkəm tənqid etdiyin üçün sənə təşəkkür yazır, — deyə professor rişxəndlə, qımışa-qımışa məktubu onun qabağına atdı.

Nadirə bir söz deməyib məktubu açdı, oxumağa başladı. İlham uzun, səmimi bir məktub yazmışdı. Gec cavab verməyinin səbəbini o, əməlli-başlı düşünmək, yüz ölçüb bir biçmək, Nadirə xanımın məqaləsində deyilənləri isti-isti deyil, soyuq mühakimə ilə təkrar-təkrar oxumaq istəməsi ilə izah edirdi. Salman kinayə ilə demişdi, ancaq İlham, doğrudan da, onun kitabçasını çox diqqətlə oxuyub fikir və mülahizələrini heç bir pərdəyə-filana bürümədən, açıq şəkildə, eyni zamanda səmimiyyətlə yazdığı üçün Nadirə xanıma dərin təşəkkür edirdi:

– Mən yazılarım haqqında əsil həqiqəti bilmək istəyirdim. Xəstəliyimi bilmək istəyirdim. Siz ən kamil bir həkim kimi mənim yaralı cəhətlərimi göstərməklə mənə ömrüm boyu unutmayacağım bir yaxşılıq eləmisiniz. Elə bilirəm sizin qətiyyən acığınız gəlməz, əgər desəm ki, professorun məqaləsini oxuyanda elə bilirdim o qanadlı, şirin sözlər mənim haqqımda deyil, başqa birisi haqqında yazılıb.

Məktub bu sözlərlə qurtarırdı:

«Mən indi «Xəstəliyim» üzərində ciddi düşünürəm. Siz mənim diaqnozumu düzgün təyin etmisiniz. Bunun üçün sağ olun, çox sağ olun».

Nadirə məktubu oxuduqca sevinirdi, ancaq bu, gizli bir sevinc idi. Şöhrətpərəstlik damğası ilə damğalanmamış bir adam açıq-aşkar sevinə bilərdimi, özü də Salman kimi bir adamın yanında? Buna baxmayaraq, Nadirənin ürəyində dərin bir vüqar hissi baş qaldırdı və o, məktubu Salmana verdi:

– Al, oxu.

Salman daxili bir əminliklə məktubu alıb oxumağa başladı. Nadirə onun qaraşın sifətinə baxır, sətirləri nəzərdən keçirdikcə sir-sifətinin tutulduğunu görürdü. İndi Nadirənin əlinə yaxşıca məqam düşmüşdü. Salmana rişxənd edə bilər, ondan heyfini ala bilərdi. Ancaq o bu «İntiqam» hissindən çox-çox uzaq idi.

Salman məktubda özünə aid cümlələri oxuyanda lap tutuldu, boğuq, xırıltılı bir səslə:

– Mən bədbəxt adamam, — dedi, — Çörəyimin duzu yoxdur. Kimə yaxşılıq eləyirəm, qayıdıb özümü çalır.

Telefon zəngi onun sözünü yarımçıq qoydu. Nadirə ayağa durub dəstəyi götürdü:

– Bəli,, — dedi. — Dinləyirəm. Necə, necə? Hə, bizim maşındı... Vay!.. — Arvad bihal divara söykəndi, dəstək əlindən düşüb sallandı.

– Nə oldu, nədi? — Salman ona sarı qaçdı.

– Ceyhun... avariyaya... düşüb!.. Aman Allah! Evim yıxıldı!..

Salmanı elə bil, ildırım vurdu. O, bir an heç nə deyə bilməyərək mat-mat arvadının üzünə baxdı. Salman dəstəkdən gələn səsi eşidirdi. Kimsə ucadan: «Allo, allo!» — deyə qışqırırdı. Salman özünə gəlib dəstəyi götürdü, bircə dəqiqə keçməmiş dəstəyi yerinə çırpıb, balkona qaçdı; maşın qarajın qabağında yox idi. Salmanın rəngi kağız kimi ağardı, dizləri əsməyə başladı...

Bir saatdan sonra hər şey aydın oldu. Maşın Razin qəsəbəsindən keçərkən bir «Maz» markalı yük maşını ilə toqquşmuşdu, daha doğrusu, Ceyhun özü çaşıb «Volqa»nı düz ağır maşının üstünə sürmüşdü. Qızın sağ qıçı, Ceyhunun qabırğası sınmış, alnını şüşə çəpinə kəsmişdi.

İkisini də Sabunçu xəstəxanasına qoymuşdular.

Salman da, Nadirə də ayaq üstə ölmüşdü. Salmanın beyni dumanlı idi, elə bil, hələ fəlakəti tam aydınlığı ilə dərk eləmirdi. Hərəkətlərində, sifətində bir çaşqınlıq duyulsa da, özünü sakit aparırdı. Ancaq Nadirənin göz yaşları dayanmırdı. Şəhərdən Sabunçuya gələnəcən taksidə üç-dörd dəfə ürəyi qısılmışdı. Bayılırdı, ayılandan sonra təkrar-təkrar bu sözləri deyirdi:

– Sən mənim evimi yıxdın, Salman. Sən mənim evimi yıxdın!..

Salman susurdu.

– Uşağım əlimdən getdi, ay aman!.. — deyə ana fəryad qoparır, ağlayır, ağlayır, təzədən bayılırdı.

Xəstəxanada ananı həkim sakitləşdirdi. Yaraları yüngüldü. Ceyhun ölməyəcəkdi, ancaq alnında böyük bir çapıq yeri qalacaqdı. Ömrü boyu qalacaqdı. Afanın qıçı bərk sınmışdı. Axsayacaqdı. O da ömrü boyu...

Xıncım-xıncım olmuş «Volqa»nı iki gün sonra Salman həyətə gətirmişdi. Nadirə balkonda dayanıb maşına baxırdı. Salman evdə yoxdu, usta dalınca getmişdi. Usta gətirəcəkdi, maşının əzilmiş yerlərinə baxdıracaqdı. Elə düzəldəcəkdi ki, qəzaya düşdüyü də bilinməyəcəkdi. Bəs Ceyhun? O sağalacaqdımı? Bəs Ceyhunun sifətindəki çapıq necə?

Nadirə gördü ki, həyətin cavanları yenə o yaşıl oturacağın yanına yığışdılar. Yenə kitaraları vardı, ancaq çalmırdılar. Maşına baxıb, yəqin, Ceyhun haqqında danışırdılar. İndi Ceyhunun başına bu iş gəlməsəydi, o da burda — bu yeniyetmələrin yanında olardı.

Nadirənin ürəyi dözmədi, o, içəri keçdi. Titrək əlini uzadıb kitab şkafından gündəliyini götürdü və yazmağa başladı.

«25 noyabr 196...cı il.

Təkcə maşın yox, bütün qurbanzadələr ailəsi qəzaya uğrayıb. Maşın düzələcək, ancaq varmı elə usta ki, bizim ailəmizdə hökm sürən soyuqluğu yox eləsin, aramızda yaranmış uçurumu məhv etsin, bizi birləşdirən telləri çəkib təzədən, özü də möhkəm-möhkəm bağlasın? Varmı elə bir usta?»

Yaşıl oturacağın üstündə gitara səsləndi, sonra oğlan gözəl, yatımlı səsi ilə Nadirənin xoşladığı mahnını oxumağa başladı.

...ay gilavar, ay gilavar...

O, qələmi yerə qoyub mahnını dinləyir, qəzaya uğramış oğlu, onun istədiyi qız haqqında düşünürdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, on beşinci fəsil

Günortadan sonra, ağacların, adamların kölgələri sağ tərəfə meyllənən vaxt balaca Bəbrək çantasını yellədə-yellədə, fit çala-çala həyətə girəndə Məleykə xanım sol əlini dalına qoyub qapı-bacanı süpürürdü. Bəbrək dərsdən həmişə səssiz-küysüz gələrdi; yorulardı, ona görə çörəyini yeyib azca dincəlməmiş dirçəlməz, qırışığı açılmazdı. İndi isə fit çalırdı, çantasını atıb-tuturdu — bu onda görünməmişdi indiyəcən. Odur ki, anası təəccübləndi, belini dikəldib oğluna nəzər saldı. Uşağın üz-gözü gülürdü.Bəbrək anasına yaxınlaşıb adəti üzrə salam verdi:

14 dəq
Üçüncü hissə, birinci fəsil

Əsl məhəbbət insan ömrünə bircə dəfə gəlir, yalnız bircə dəfə! Gəlir, ya yaşadır, güldürür, xoşbəxt edir, dünyanı, insanları gözündə gözəlləşdirir, ucaldır səni, ya məhv edir, uçurur, dağıdır, yandırır, rüsvay edir, alçaldır səni! Gəlir, bəzən vaxtlı gəlir, vədəsində gəlir! Gəlir, bəzən vaxtsız gəlir, vədəsiz gəlir!Ağayi Nəcməddinin məhəbbəti vaxtsız-vədəsiz gəlmişdi, doğulmuşdu. Gəncliyini kəşməkeşli həyat yollarında itirəndən, şəvə kimi qara saçlarını qar kimi ağardandan sonra, əl-ayağını yığışdırıb rahatlaşmağa hazırlaşdığı bir vaxtda gəlmişdi. Bu, əvvəl hava-həvəs idi, əyləncə idi, amma sonralar özünün də heç gözləmədiyi halda anlaşılmaz, duyulmaz, duyulub dərk edilməz, yandırıb-yaxan, viran qoyan bir məhəbbətə çevrildi.

13 dəq
Üçüncü hissə, ikinci fəsil

Gün dağların dalından bir adam boyu qalxmışdı. Evlərin şərqə baxan pəncərələri şəfəqdən alışıb-yanırdı.Əbdül səhər tezdən harasa tələsən ağasının yeməyini-içməyini verib yola salmışdı. Nəcməddin yuxusuz, gecə pis yatan adama oxşayırdı, gözləri qızarmışdı, tez-tez əsnəyirdi. Demək olar ki, Əbdülə heç nə danışmamışdı da. Düzü Əbdülün də onunla kəlmə kəsmək həvəsi yox idi, çünki o da sübhün gözü açılanacan qəribə bir qısqanclıq hissinin əlində əsir olaraq həyət-bacada gəzmiş, evin arxa tərəfinə keçmiş, Nəcməddinlə Dünya xanımın yataq otağının pəncərələrindən süzülüb gələn o sehrli, əzablı işıqlara baxmış, işıqlar sönmədikcə onun ürəyi hövl eləyib az qala sinəsindən çıxmışdı. Gecəyarıdan keçmiş, saat üç-dörd olmuşdu, işıqlar yenə sönməmişdi. «Görəsən neyləyirlər?» — deyə bir sual qəlbini qurd kimi gəmirmiş, yandırıb çızdağını çıxartmışdı. Ayağının altına daş-taxta qoyub pəncərədən içəri boylanmaq arzusunu ürəyində güclə boğmuşdu, qorxmuşdu.

15 dəq
Üçüncü hissə, üçüncü fəsil

Mətbəənin havası kəsif idi, tünd idi. Nəfəs alanda adamın boğazı acışırdı. Turşu və qurğuşun qoxusu Şəfinin gözlərini göynədirdi. Zirzəmidən düz küçənin səkisinə açılan balaca pəpcərədən içəri axan təmiz çöl havası da buradakı bəd və zəhərli üfunəti təmizə çıxara bilmirdi.Hürufçin Teyyub səhərin gözü açılandan aramsız-fasiləsiz işləyirdi. Arabir «Vip» yandırır, çəkirdi.. Əllərini görmək olmurdu Teyyubun. Baxışlarını mətndən çəkmirdi, əlləri isə şriftlər yığılmış qara, çirkli taxta qutulara uzanır, istədiyi hərfi götürürdü. Şəfi təəccüb eləyirdi: elə bil, Teyyubun barmaqlarının da gözü vardı — baxmadan, yoxlamadan lazım olan hərfi seçir, yerinə düzürdü. Şəfi düşünürdü ki, bu, ancaq adətdəndir, vərdişdəndir.

8 dəq

Başqa şairlərin şeirləri