Kitabı çantasına qoyan Ceyhun asılqanın qabağında dayanıb atasının kabinetinə, anasının iş otağının qapısına baxdı. Səs-səmir yoxdu: ikisi də bayaqdan işləyirdi. Ceyhunun əli atasının mil-mil pencəyinin cibinə uzandı. Soyuq, ilan gözü kimi xırda həlqəli zəncir əlinə toxunanda o sevindiyindən nə edəcəyini bilmədi. Maşının açarını tapmışdı. Çıxartdı, yavaşca şalvar cibinə qoydu. Ürəyi şiddətlə döyünürdü. Əgər atası bir dəqiqə otaqdan çıxsa, ya anası gəlsə, o heç yerə gedə bilməzdi və niyyəti alt-üst olardı. Arakəsmənin qapısını ehmalca örtdü.

Ağ dəstəkli telefona yanaşıb səs salmamağa çalışaraq əzbər bildiyi nömrəni yığdı və demək olar ki, pıçıltı ilə danışmağa başladı:

– Alo, Afa?

Telefonda incə qız səsi eşidildi.

– Kimdir?

– Salam, Afa, mənəm, Ceyhundur. Necəsən?

– Yaxşıyam.

– Təksən evdə?

– Hə, təkəm.

– Geyin, hazırlaş, gəlirəm.

Qızın səsində bir gümrahlıq, sevinc duyuldu:

– Hara gedirik?

– Maşınla gəlirəm! Yağışda maşında gəzməyin ayrı ləzzəti var, Afa.

– Papan verdi maşını?

Ceyhun, özü də fərqinə varmadan, açarı cibindən çıxarıb zəncirini barmağına keçirərək fırladı və sonra adəti üzrə, boynunun ardını qaşıyıb cavab verdi:

– Hə, papam özü dedi, get bir az gəz, maşın yağışın altında yuyulsun... Di yaxşı, hazırlaş...

– Yaxşı... — Telefonda bir marçıltı eşidən Ceyhun gülə-gülə dəstəyi yerinə qoydu və barmaqlarının ucunda bayıra qaçdı. Onun qara-qıvrım başı açıq idi. Yun köynək, üstündən mil-mil kostyum geymişdi. Boynuna alabəzək bir şarf salmışdı. Pillələri taqqıldada-taqqıldada həyətə düşdü.

Maşın çöldə saxlanmışdı. Üstündə yağış damcıları parlayırdı. Ceyhun qanrılıb, balkona baxdı, kimsə yox idi. O, cəld bir hərəkətlə maşının qapısını açıb içəri girdi. Qabağındakı yastı aynada özünə ötəri baxıb motoru işə saldı. Maşın sudan çıxmış qaz kimi silkələnib yerindən tərpəndi.

Maşın həyətdən çıxana kimi, Ceyhun ürəyini yedi. Geniş prospektə burulandan sonra isə rahat nəfəs aldı, maşın yaş asfalt küçədə irəli şütüdü. Ceyhun elə bil, quş olmuşdu, qanad gətirmişdi. Elə sevinirdi ki... Gah fit çalır, gah da: «Ay gilavar, ay gilavar!!..» deyə oxuyurdu. Maşının radioqəbuledicisinin düyməsini burdu. Kimsə kamançada yanıqlı segah çalırdı. «Əh!» — deyib dalğanı dəyişdi. Qatmaqarışıq səslər gələn bir dalğanın üstündə saxladı. Bağırırdılar, adını bilmədiyi çalğı alətlərində bir hay-küy qopartmışdılar ki, az qalırdı adamın qulağının pərdəsi yırtılsın. Elə bilirdin ki, indicə balaca, yaraşıqlı radioqəbuledici bu hay-haraya dözməyib partlayacaq. Səslərin ahənginə uyğun olaraq o, çiyinlərini tərpədir, özü də onlara qoşulur: «Bap-bari, bap-bari,, bap-bari..» —deyirdi.

Fəxri xiyabanın qabağından ötdü. Dağüstü parkın qapısı ağzından üzüaşağı buruldu. Akademiyadan aşağıda dayandı.

Yol açıldı. İki dəqiqə sonra Ceyhun Tarix muzeyinin tinindəki dəmir qapılı dərvazanın yanında durub onun yolunu gözləyən Afanın böyründə maşını əylədi. Bu, arıqsifət, nazik qaşlı, uzun, sarışın bir qız idi. Burulmuş saçları çiyinlərinə tökülmüşdü. Qara, yastı ayaqqabısı işım-işım işıldayırdı. Ağ sumkasının qulpunu qoluna keçirmişdi. Maşını görən kimi sağ əlini havada yelləyərək:

– Hello, — dedi. — Gəldin?

Ceyhun əyilib qabaq qapını açdı. Afa bir uşaq cəldliyi ilə özünü içəri atdı. Ceyhun onun xırda, pambıq kimi yumşaq əlini sıxdı. Maşın tərpəndi.

– Hara sürüm?

– Hara istəyirsən!.. Beləcə dünyanın o başına da getməyə hazıram... Sür, hara istəyirsən, sür!.. — deyə qız oturacaqda yayxanıb xoşbəxtcəsinə güldü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, doqquzuncu fəsil

Nəzərn həbsxanadan çıxması çox böyük sürətlə rayona yayılmışdı. Eşidən-bilən, dost-tanış axışıb həm başsağlığına, həm də gözaydınlığına gəlirdilər. Əlbəttə, çoxu müəllim idi gələnlərin. Zakirə Nəzəri görəndə uşaq kimi ağlamışdı. Nəzər ona toxtaqlıq verib güclə sakitləşdirmişdi. Nəzər Zakirədən öyrənmişdi ki, Süleymangil tutulandan az sonra Murad Muradzadəni maarifdən, Şakiri məktəb direktorluğundan götürmüşdülər. İndi «Qırmızı məktəbin» direktoru Zakirə idi. Təbii ki, Şakir gəlməmişdi. Zakirənin dediyinə görə utandığından gələ bilmirdi.Bunu eşidəndə Nəzər başqaları da eşitsin deyə ucadan demişdi:

7 dəq
Dördüncü hissə, onuncu fəsil

Nəzər atasının sümüklərini bir gecə evdə saxladı. Qonum-qonşu, eşidən-bilən axışıb gəldi. Ağlamaqdan gözləri qızarmış Güldanə, camaat dağlışıb seyrələndən sonra çəkinə-çəkinə atasını yanlayıb dedi:– Bəlkə Güllüyə zəng eləyim gəlsin, ata.

7 dəq
Gündəliyimdən səhifələr

İşıqlı dünya…Yeni il gecəsidir. Otaqda iki cavan – bir qız, bir oğlan üz-üzə oturmuşdur. Hər ikisi qəmlidir. Onlar istər-istəməz, bəzən özləri də bilmədən soyuq ah çəkirlər. Axı onların – bu iki sevgilinin bu əziz gündə heç nələri yoxdur! Oğlan qızdan utanır, qız da oğlandan…

30 dəq
Birinci hissə, birinci fəsil

İnsan bəzən öləndən sonra da sevilə bilərmiş. Qəribə taleyi olan, gizli, təmənnasız, şirin, yandırıb-yaxan bir məhəbbətlə sevən, ancaq sevdiyi qadın tərəfindən oxşanıb əzizlənməyən Orxanın qismətinə belə məhəbbət yazılıbmış, sən demə. Bu sevgi Orxan dünyadan köçəndən sonra dünyaya gəlməliymiş, bu inanılmaz sevginin ömrü — arzuları da, eşqi də gül açmamış cahana əbədi göz yuman Orxanın cavan ömründən uzun olmalıymış, sən demə....Zaman hiss olunmadan yel kimi qanadlanıb tarixə, keçmişə, əbədiyyətə çevrildikcə Orxanın heç kəsin ağlına sığışdırmaq, inanmaq istəmədiyi qəfil ölümü və yoxluğu hamıdan çox Gülmirəni yandırıb külə döndərirdi. O özü də hiss eləmədən, artıq yox olmuş, çıraqla da gəzsən tapılmayan, ancaq quruca adı, yadigarları yaşayan Orxana daha çox bağlanır, onu heç cür ölmüş hesab eləyə bilmir, çox dirilərdən üstün sayırdı: nə qədər qəribə və inanılmaz olsa da, özünü tez-tez bu nöqtədə tuturdu ki, o, ərindən — təyyarəsində qəzaya uğrayıb həlak olmuş Əqdəmdən daha artıq Orxan haqqında düşünür, ondan sarı daha çox göynəyir və qəlbindən heç vəchlə qovub çıxara bilmədiyi bu anlaşılmaz fikirdən böyük qəbahət işləmiş bir qadın kimi utanır, xəcalət çəkirdi.

45 dəq

Başqa şairlərin şeirləri