Dördüncü hissə, doqquzuncu fəsil
Nəzərn həbsxanadan çıxması çox böyük sürətlə rayona yayılmışdı. Eşidən-bilən, dost-tanış axışıb həm başsağlığına, həm də gözaydınlığına gəlirdilər. Əlbəttə, çoxu müəllim idi gələnlərin. Zakirə Nəzəri görəndə uşaq kimi ağlamışdı. Nəzər ona toxtaqlıq verib güclə sakitləşdirmişdi. Nəzər Zakirədən öyrənmişdi ki, Süleymangil tutulandan az sonra Murad Muradzadəni maarifdən, Şakiri məktəb direktorluğundan götürmüşdülər. İndi «Qırmızı məktəbin» direktoru Zakirə idi. Təbii ki, Şakir gəlməmişdi. Zakirənin dediyinə görə utandığından gələ bilmirdi.
Bunu eşidəndə Nəzər başqaları da eşitsin deyə ucadan demişdi:
– Yaşayanda gərək elə yaşayasan ki, sağlığında özün utanmayasan, öləndən sonra da övladın, qohum-əqraban.
Nəzər Tapdığın uzun aynəbənddə təşkil elədiyi məclisin yuxarı başında otururdu. Dinib-danışmırdı. Adamlara qulaq asır, gələndə: «Son qəmin olsun, allah rəhmət eləsin.» - deyənlərin demək olar ki, hamısına eyni sözlərlə dil-ağız eləyirdi.
Məclisə təşrif gətirənlərin elə ilk baxışda onun necə qocaldığını, tamam şikəst olduğunu görüb çaşdıqlarını, həyacanlandıqlarını Nəzər açıqca duyurdu, pərt olurdu. Amma neyləyə bilərdi? Dözməliydi, oturmalıydı.
Vaxtı ilə uca boyu, qəşəng sifəti, iri, qonur gözləri olan, sol qıçını azca çəkməsiylə uzaqdan tanınan Nəzəri, sağ gözü qıyılıb kiçilmiş, dodağı əyilmiş, təkqıç görməyə adət eləməsi üçün bu camaata hələ çox vaxt lazım idi. İkinci, üçüncü dəfə gördüyü adamların yanında o qədər də sıxılmırdı – ilk dəfə rast gəldiyi adamdan isə yaman utanırdı və bu elə hiss idi ki, Nəzərin fikrincə, onu, ancaq sonradan şikəst olanlar başa düşə bilərdi. Bu hiss bir də ona görə Nəzərə daha çox əzab verirdi ki, onu ikinci dəfə yaşayırdı. Birinci dəfə qırx üç il bundan əvvəl müharibədən sol qıçı şikəst qayıdanda anası, sonra kənd, daha sonra isə rayon adamları onun axsadığını görəndə yaşamışdı o hissi. Ancaq vaxt dolanıb keçdikcə, hamı buna adət eləmişdi, çoxuna elə gəlmişdi ki, Nəzər elə əvvəldən axsaq olub. Onun şax, düz yeriyən çağlarını az qala unutmuşdular – Səlminaz arvad da, Bikə xanım da, elə Nəzərin özü də. Yox, Nəzər unuda bilmirdi. – Təzə, tanış olmayan adam görəndə, bir də diz qapağının altındakı qəlpə tərpənib ağrı verəndə, kişi şikəst olduğunu kədərlə xatırlayırdı.
İndi də bu adamlar onun şikəstliyinə adət eləyəcəkdilər, öyrəşəcəkdilər. Yenə təkcə Nəzər bunu yaddan çıxara bilməyəcəkdi, çünki hər gün qoltuqağaclarını götürməliydi, hər gün güzgü qabağında dayanıb üzünü taraş eləməliydi. Və şikəstliyini görüb əzab çəkməliydi.
Vaxt yelə dönüb ötürdü, qanadı sınıq quşa bənzəyən Nəzər çətinliklə olsa da, yavaş-yavaş həyatın adi axarına qoşulur, nəvələrinin dərslərinə baxır, cümə axşamları isə Tapdığın maşınında Bikə xanımın və anasının qoşa qəbrini ziyarət eləyirdi. Qəbirlərin yanında gül kolları əkmişdi, dörd dənə küknar ağacı basdırmışdı.Mayın axırında, sinəsinin, beyninin tufanı, qayğıları azalıb səngiyəndə, Tapdıq rayon mərkəzindən Nəzərin yuxusunda da görə bilməyəcəyi və ağlına gətirməyəcəyi elə bir xəbər çatdırdı ki, kişinin təzəcə sakitləşib toxtamağa başlamış ürəyi təzədən dəniz təki çalxalandı, bulandı.
Tapdıq tələsə-tələsə dedi:
– Nəzər müəllim, dur geyin, rayon mərkəzinə aparacağam səni.
– Noolub, ay oğul? Xeyirdimi? – deyə hovuzun qırağında dayanıb balıqlara tamaşa eləyən Nəzər nigarançılıqla soruşdu.
– Bilirsən, Canəli bəyin nəvəsi gəlib.
– Canəli bəy kimdi, a Tapdıq?
– Canəli bəy də. Sənin atan Kərim kişinin bəyi var imiş ha.
– Hə. Hə. Canəli bəy… Nə danışırsan, a Tapdıq? Heylə şeymi olar? Gör neçə ildi gedib.
– Özü gəlməyib ey, əşi, Canəli bəyin nəvəsi gəlib. Amerikadan gəlib. Sən demə, bəy o vaxt gedəndə «Əzgilli dərədə» qızıl basdırıbmış. Nəvəsi indi gəlib ki, o qızılları çıxartsın, iyirmi beş fayızın götürsün özünə, necə ki, qanun deyir, qalanını da versin Şura hökumətinə. Balamirzə var ey, milis idarəsinin təzə rəisi, o danışdı mənə.
– Bə bu nəvə hardan bilir ki, babası qızılları harda basdırıb?
– Balamirzə deyir ki, Canəli bəy çoxdan ölüb, onun oğlu Murad da qocalıb, xəstədi. Kişi ölməmişdən qabaq Murada vəsiyyət eləyib, qızılları basdırdığı yerin xəritəsini çəkib verib Murada. Deyib ki, dünyanın işini bilmək olmaz, bir də gördün fələyin çərxi tərsinə dövran elədi, ya sən, ya uşaqların vətənə qayıtmalı oldu – bax, burdadı qızıllar. İndi Murad da öz oğlu Cəbrayıl bəyi göndərib.
– Gör ha.
– Balamirzə dedi ki, həl-həlbət, get Nəzər müəllimi gətir, Cəbrayıl bəylə görüşsün – bəlkə dədəsindən bir xəbər-zad öyrənə bildi.
Nəzərin rəngi ağappaq ağardı. Elə bil kişinin dili tutuldu, dodağı səyridi. Handan-hana özünə gəlib:
– Hə, düz deyir, gedək, bilməmiş olmaz. Görəsən o yazıq sağdı, ya… Yox, indiyə qalmaz… Kim bilir…
– Hər halda əgər Canəli bəyə qoşulub gedibsə, bir şey bilər Cəbrayıl bəy.
– İndi hardadı o?
– Balamirzə dedi bir azdan Bakıdan gələn iki yoldaşnan gedəcəklər «Əzgilli dərəyə». Bir də fəhlə götürəcəklər ki, o xəritədə manşırlanmış yeri qazıb qızılları çıxartsınlar… Balamirzə də orda olacaq.
… «Əzgilli dərə» kəndin üç-dörd kilometrliyində idi. Dağın ətəyində idi – cır nar, cır əzgil, cır armud ağaclarından, bir də moruqdan başqa bir şeyi yox idi. Uşaq vaxtı Nəzər bura çox gəlmişdi, yoldaşları ilə oynamışdılar, güləşmişdilər, ot biçib mal-heyvana gətirmişdilər. Hər kol, hər ağac yadında idi Nəzərin.
Tapdığın maşını «Əzgilli dərəyə» çatanda, beş-altı nəfərdən ibarət dəstə, artıq qocalıb qupquru qurumuş iri armud ağacının yanında dayanmışdı. Tapdıq maşını «Qaz-69»un böyründə saxladı, ikisi də düşüb dəstəyə yaxınlaşdı. Balamirzə onları görən kimi əliylə işarə eləyib çağırdı və yanında dayanmış uca boylu, səliqə ilə geyinmiş qulağına nə dedisə, o, qanrılıb Nəzərə baxıb gülümsündü. Onun otuz, otuz iki yaşı ancaq olardı. Nazik bığı, iri ala gözləri var idi və sifətindəki mehribanlıq uzaqdan diqqəti cəlb eləyirdi. Yaxınlaşdılar. Balamirzə özünə məxsus ərkyanalıqla üzünü qonağa tutub:
– Cəbrayıl bəy, lütfən tanış olun, babanız Canəli bəyin nökəri Kərimin oğlu – sizə dediyim Nəzər müəllim bax, bu kişidir. – söylədi. – Sizi görməyə gəlib.
Nəzər oğlanın irəli uzanan əlini hərarətlə sıxdı:
– Xoş gəlmisiniz, Cəbrayıl bəy.
– Çox şadam, Nəzər kişi – dedi Cəbrayıl bəy təmiz azərbaycan dilində. Nəzər fikirləşdi: «Nə əcəb amerikada öz ana dilimizi unutmayıb? Külü qoyum başına, mənim nəvəm burda mənnən öz dilimizdə danışa bilmir».
– Hə, Nəzər müəllim, indi soruş atanı. Cəbrayıl bəy nə bilsə deyər – deyə Balamirzə arada yaranan gərginliyi azaltdı. Yalnız bundan sonra Nəzər fikrini cəmləyib çoxdan, lap çoxdan, otuz yeddinci ildə anasının Canəli bəy, əri Kərim və qızıl əhvalatı barədə danışdıqlarını qısaca Cəbrayıl bəyə nağıl elədi. Cəbrayıl bəy Havana siqaretinə qüllab vura-vura diqqətlə qulaq asırdı. Üz-gözündən hiss olunurdu ki, Cəbrayıl bəy bu əhvalatı bilmir, eşitməyib.
– Həmin gecə bəy, arvad-uşağını da, atamı da götürüb ov adıynan çıxıb gedib. Düz altmış səkkiz ildi. Nə bəydən, nə atamdan indiyə qədər bir xəbər eşitməmişik.
Cəbrayıl bəy başını yellədi:
– Yox, mən… Kərim adlı adam görməmişəm. Eşitməmişəm də.
Babamla getmiş olsaydı, atam Murad bəy bilərdi. Yox, Kərim haqqında mən bizim ailədə heç bir söhbət eşitməmişəm.
Nəzər dönüb Tapdığa baxdı. Tapdıq dodaqlarını büzüb çiyinlərini çəkdi. Araya sükut çökdü.
Cavan bir oğlan təmkinlə, tələsmədən yeri qazırdı. Bakıdan gələn iki nəfər kişi aralarında nəsə danışa-danışa oğlanın qazdığı yerə baxırdılar. Birdən oğlan qışqırdı:
– Küp. Ə, küp.
Hamı boylandı. Balamirzə qabağa çıxıb gödək boğazını irəli uzadaraq:
– Hanı, a Səlim? – dedi. Oğlan peşmançılıqla cavab verdi:
– Küp döyülmüş, nəçənnik. – Sümükmüş. Vay, ə, bura qəbristanlıq olub nədir? Adam kəlləsidi, nəçənnik, bu.
Bakıdan gələn kök kişi amiranə bir səslə:
– Ehtiyatla. Gen götür, gen götür, Səlim. – söylədi.
Hamı donub qalmışdı. Səlim iki metr eni, iki metr uzunu olan sahəni səliqə ilə, son dərəcə ustufca qazırdı. Beşinci təpgəcdə nəhayət, küp göründü. Ancaq…Böyründə də…adam skeleti.
Nəzər uçundu, Cəbrayıl bəy çaşqın-çaşqın döyükdü. Yarım metrə yaxın hündürlüyü olan və ağzı möhkəm bağlanıb sarınmış küpün dibində, çömbəltmə vəziyyətində, başını küpün böyrünə söykəmiş skeleti görəndə ağamların üstünə elə bil su çiləndi. Heç kəs dinib-danışa bilmədi. Səlim küpün üzünün torpağını təmizlədi, sonra skeletə baxdı, istədi əlini sümüyə tərəf uzatsın, ancaq nəsə üşürgələnib dayandı. Bakıdan gələn kök kişi bərkdən söylədi:
– Bir ora baxın, qafa tası üç yerdən deşikdi. Deyəsən kəllə yeridi. Skeleti ehtiyatla çevir, Səlim. Orda güllə olmalıdı, diqqətnən bax torpağa.
Səlim skeleti çevirdi, küpün dibinə baxdı, güllə-filan yox idi. Kəllənin alt çənəsi aralı idi, qaralmış dişləri görünürdü. Üst çənənin qabaqdan üç dişi yox idi.
Nəzərin gözləri qaranlıq gətirdi.
– Bay, puldu ki, bu. – deyə Səlim yerdən güllə əvəzinə bir dənə girdə dəmir pul götürdü, baş barmaği ilə şəhadət barmağı arasında sürtüb təmizlədi. Kök kişi dedi:
– O, qızıl onluqdu.
Səlim iki dənə də o puldan tapdı. Hər şey aydın idi Nəzərə. O üç qızıl onluq Canəli bəyin atasına dişlərini düzəltdirmək üçün verdiyi pullar idi. Skeletin üst çənəsindən düşmüş o üç dişi də Canəli bəy öz çəliyi ilə vurub salmışdı. Birdən Nəzər:
– Dədə, ay dədə! – deyə elə qışqırdı ki, oradakıların hamısı səksəndi. Tapdıq yüyürüb Nəzəri qucaqlayaraq saxlamasaydı, kişi çuxura, atasının sümüklərinin üstünə düşəcəkdi. Küp yaddan çıxmışdı.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-dorduncu-hisse-doqquzuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gecəyarıdan keçmişdi, günortadan sonra lapar-lapar yağmağa başlayan qar hələ də kəsməmişdi, həyət-bacalara, küçələrə, damların üstünə bir qarışdan çox yumşaq qar örtüyü çəkilmişdi, şəhəri hündür hasar kimi dövrəyə almış dağlar göydə uçuşan qar ləçəklərinin arxasında görünməz olmuş, bəyaz göylərə qarışmışdı. Külək yox idi, sakit, mülayim, qarlı qış gecəsi idi, şəhər axşamdan ölü sükutuna qərq olmuşdu və bu sükut getdikcə dərinləşir, vahiməli olurdu.Məhəmməd Şəfinin, pəncərəsi gündoğana baxan iş otağından işıq gəlirdi. Bu evin təmtərağını görən, Şəfili günlərinin şahidi olan adamlar ilk baxışda belə güman edə bilərdi ki, şair yenə arvad-uşağı, yatandan sonra öz otğına çəkilib yazıb-yaradır. Ancaq təəssüf ki, bu belə deyildi, Şəfi evdə yox idi, Şəfi o gedən getmişdi, haçan qayıdacaqdı və ümumiyyətlə qayıdacaqdımı — kimsəyə məlum deyildə. İndi qar naxışlı pəncərədən içəri boylanan olsaydı, Şəfinin stolunu Şəfisiz görərdi, ancaq bunu da görərdi ki, onun vəfalı ömür-gün yoldaşı Məleykə xanım əllərini qoynuna qoyaraq məlul-məlul oturub divanın üstündə, kədər dolu gözlərini Şəfinin sahibsiz stoluna zilləyərək qəm dəryasına qərq olub. Otağı Şəfi necə qoyub getmişdisə, eləcə idi. Polisin murdar nəfəsi dəyəndən sonra Məleykə otağı ağlaya-ağlaya yenə əvvəlki səliqə-sahmana salmış, silib təmizləmiş, onların eşib alt-üst elədiyi kağız-kuğuzu, kitabları yerbəyer eləmişdi. Neçə gün özünə gələ bilməyən Məleykə bu otağa ayaq basmağa cürət eləməmişdi, uşaqları da ora girməyə qoymamışdı. Ancaq özü neçə dəfə çaşmış, qeyri-iradi olaraq Şəfinin içməyə adət etdiyi kəkotu çayı dəmləmiş, çayniki, piyaləni, şəkəri güllü siniyə qoyaraq ərinin otağına gətirmiş, yalnız qapı ağzında onun yoxluğunu xatırlayıb ah çəkərək geri qayıtmışdı. Və bu hadisədən sonra saatlarla özünə gəlməmişdi, ürəyi hövl eləmiş, ancaq uşaqların yanında ağlayıb onların ürəyini qana döndərməkdən özünü saxlamış, içində sızlamışdı.
Dördüncü hissə, ikinci fəsilYaxşılıq itmirmiş — düz imiş. Elməddinin öz sürücüsü Əhədulla ilə xoş, mehriban münasibəti səkkiz-doqquz uşaq atası olan, kasıb güzəran keçirən, balalarını pendir-çörəklə güclə dolandıran Əhədullanın ürəyində, taleyində silinməz iz buraxmışdı və ona elə gəlmişdi ki, heç bir qohum-əqrəbası, yaxını-simsarı olmayan bu qatmaqarışıq şəhərdə özünə bir qardaş tapıb, arxa tapıb. Həyatda o qədər çətinliklər və pis adamlar görmüşdü ki, Elməddinə rast gələndə, onun insani rəftarını görəndə əvvəl inanmaq istəməmişdi, «yəqin bu da bir kələkdi» — deyə düşünmüşdü, çünki iyirmi il yaşadığı, dolaşdığı bir mühitdə böyükdən-kiçiyə hamının bir-birini aldatmaq, pulunu, son tikəsini əlindən almaq istədiyinin dəfələrlə şahidi olmuşdu. Varlı da, yoxsul da gözdən tük qapmağa, yumurtadan yun qırxmağa çalışırdı — varlı daha dövlətli olmaq üçün, yoxsul azca da olsa güzəranını yaxşılaşdırmaq üçün... Ancaq Elməddin belə deyildi: Əhədulla onun rəftarına, işinə, ürəyinə baxanda sanırdı ki, o bu şəhərə ya göydən gəlib, ya tamam başqa bir aləmdən. O, Əhədulla ilə bir insan kimi davranır, dərdləşir, məsləhətləşirdi, yeri gələndə öz sürücüsünün həyatı ilə maraqlanır, lazım olanda ona əl də tuturdu. Bu, Əhədullanın o qədər xoşuna gəlmişdi ki, indi özünü bu böyük şəhərdə tək, kimsəsiz hesab eləmirdi, arxalı sayırdı. Evdə arvadının, uşaqlarının yanında o qədər Elməddindən danışmışdı ki, hamısı onu əziz adamları sayırdı. Üzünü görmədikləri adamın adını «əmi» deyə yad edirdilər. Arvadı isə Elməddinin adını çəkəndə yanına bir «qardaş» kəlməsi də əlavə eləyirdi. O, demək olar ki, qiyabi surətdə hələ bircə dəfə də ayaq basmadığı bu evin, bu ailənin hörmətli bir üzvü olmuşdu. Qızlar Elməddinin alıb göndərdiyi parçadan paltar tikdirib geyəndə «Bunu mənə Elməddin əmi alıb!» — deyə öyünürdülər və Əhədulla uşaqlarının — indiyə qədər təzə parçadan paltar geyməmiş qızlarının sevincini görüb qəlbində ona dua eləyir, «dünyada yaxşı adamlar da varmış, —deyirdi. — Mən ömrüm boyu, son nəfəsimə qədər sənin bu yaxşılığını yadımdan çıxartmaram, ağa!».Ancaq Əhədullanın xoş günləri uzun sürmədi: Elməddini həbs elədilər. Bu xəbəri eişdəndə o, yamanca sarsıldı. Qulaqlarına inanmaq istəmədi, «ola bilməz!» — dedi. Həmin sözü Elməddinin arvadı — Zərrintac da söyləyəndə onun inanmaqdan özgə çarəsi qalmadı. Uşaqları, arvadı isə bu xəbəri lap matəm kimi qarşıladılar. Üstlərinə su çilənmiş kimi boyda-boyda bir-birinin yanına düzülüb məyus halda başlarını aşağı saldılar.
Dördüncü hissə, üçüncü fəsilBuxarı gurhagur yanırdı. Üst-üstə qalanmış daş kömür parçaları nazik, şəffaf alov dilləri altında qızıl külçəsi kimi par-par parıldayıb qızarırdı. Buxarının yanları da qızarmışdı. Əziz xan sol tərəfdə, Bəbir sağ tərəfdə yumşaq kresloda əyləşmişdi. Bayaqdan heç biri danışmırdı. Əziz xanın sur təsbehinin aramsız şıqqıltısından başqa otağın sakitliyini heç nə xələldar eləmirdi. Bəbir əlində tutduğu güllü piyalədən qurtum-qurtum çay içir, iri gözlərini qızarmış buxarıya zilləyib düşünürdü. Aradakı darıxdırıcı sükutu Əziz xan pozdu:– Nə yaman fikirlisən, oğul? Nə olub belə? Bəbir boş piyaləni böyründəki kətilin üstündə olan siniyə qoyub:
Dördüncü hissə, dördüncü fəsil...Dünya xanım səhər tezdən yuxudan ayılanda Nəcməddini yanında görməyib heyrətləndi. Şirin-şirin gərnəşib əsnəyərək, ətrafına baxındı və ərini çarpayıda yox, otağın o başında qoyulmuş yumşaq divanda pallı-paltarlı yatmış görəndə təəccübü daha da artdı. «Bu orda niyə yatıb?» — Varlığında dolaşan ilk sual bu oldu, sonra yenə səssizcə ürəyində: «Özü də paltarlı» — dedi. Dünya xanım başını silkələyib tam ayılmağa çalışdı və keçən axşamkı xudmani məclisi xatırladı: «Hə, içmişdi axşam. Lap çox içmişdi. Yəqin bərk sərxoş olub, ya soyuna bilməyib, ya da yadından çıxarıb soyunmağı?!»Neçə il birgə yaşadıqları muddətdə belə şey olmamışdı. Əvvələn, Nəcməddin heç vaxt bu qədər içməmişdi, dünən nə isə dəmi gəlmişdi, ya çərxi dönmüş o Əbdülün həvəsinə düşüb içmişdi — o, bilmirdi. İkincisi, hər dəfə içəndə; Nəcməddin daha da şən, gümrah olurdu, Dünya xanımın yatağına girər, onunla mehribanlıqla, nəvazişlə rəftar edər, səhərə az qalana qədər, yorulub əldən düşənə qədər Dünyanı yatmağa qoymaz, gah zabitəli olar, gah da uşaq kimi ağlardı. Belə gecələrdə Dünya xanım özü də Nəcməddinin nazı ilə az oynamamışdı.