Bir tazə qəsidə edib inşad ağa dərviş,Xırmanda qurub şivənü fəryad ağa dərviş.Etmiş təzə zənkülələr icad ağa dərviş,Kənd içrə sədasilə qoyub ad ağa dərviş.

Hərdən ki, çəkir nə’rəyi-yahu ciyərindən,Kənd itləri qorxub, hürüşür dövrü bərindən,Hay-küy qoparır xırda uşaqlar əsərindən,Görcək başını mal-qara ürkür təhərindən.

Salmış yanına sağ gözü kor bir sarı madyan,Dal qıçları axsaq, anadan doğma çopurqan,Üstündə iki köhnə çuval, bir qara çaydan,Kəşkülü təbər, yırtıq əba, bir cırıq yorğan.

Hər yerdə ki, xırman döyülüb oldu müheyya,Əl üstü açar orda çuvalın quli-mövlə,Xəlbir dolusu töksə çuvala sarı buğda,İstər yenə də madyanına bir qədər arpa.

Hər yerdə ki, versən dəminə bir dolu xəlbir,Keçsə əlinə bir kasa yağ, bir dəri pendir,Ərvahi çəkər ortaya tərtib ilə bir-bir,Ol qədr nərildər ki, olur axırı bikir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira