Gündəliyimdən səhifələr
Səhifə 1 / 6
İşıqlı dünya…
Yeni il gecəsidir. Otaqda iki cavan – bir qız, bir oğlan üz-üzə oturmuşdur. Hər ikisi qəmlidir. Onlar istər-istəməz, bəzən özləri də bilmədən soyuq ah çəkirlər. Axı onların – bu iki sevgilinin bu əziz gündə heç nələri yoxdur! Oğlan qızdan utanır, qız da oğlandan…
Qız ağır-ağır ayağa qalxır və könülsüz halda işığı yandırır. Oğlanın qəmgin, solğun üzündə ani bir sevinc parıltısı görünür. Oğlan bir anlığa sevinən kimi olur və qıza üz tutub:
– Allah səni işıqlı dünyaya çıxartsın, əzizim – deyir.
Qız boynunu azca əyib inamsız, incik bir halda pıçıldayır:
– Amin!
Bakı, 1959, 1 yanvar
Allahın yanında
İki kişi söhbət edirdi:
– İşim düzəlmədi.
– Niyə?
– Adamım yoxdur.
– Eh, qardaş, indi gərək allahın yanında da adamın olsun.
Bakı, 1959, 1 yanvar
İnsanlara müraciət
Mən dünyada yalnız bir halal şey tanıyıram. O, heç kəsdən bir qəpik artıq, bir qəpik əskik almaz. O, hamıya – şaha da, gədaya da eyni dərəcədə xidmət edir. O, canlı deyil, o, insan deyil… O bilirsinizmi nədir?
Telefon! Cansız, dəmir telefon.
Siz də o telefon kimi düz olun, insanlar. Siz də onun kimi halal, onun kimi bir üzlü olun, insanlar!
Bakı, 1959, 2 yanvar
Mənim cibimdə
Dostumla çox zəngin bir mağazadayıq. Burda hər nə istəsən tapa bilərsən…
Mən göz qamaşdıran şeylərə baxıb ağız ucu:
– Əşi, gəl gedək, bir şey yoxdur – dedim.
– Harda? Mağazada?
– Yox, dostum, mənim cibimdə!..
Bakı, 1959, 3 yanvar
İtmiş uşaq
Əli küçədən bir uşaq tapmışdı. Evə gətirib geyindirdi-keçindirdi. Konfet verdi. Uşaq kiriyib sakit oldu. Əli uşağa hər gün konfet verərdi.
Bir gün evə gec gələn Əli gördü ki, uşaq geyinib getmək istəyir.
– Adə, hara gedirsən?
– Gedirəm itməyə!
– Niyə?
– Mənə yenə qənfet versinlər.
Bakı, 1959, 4 yanvar
Yazıqlar…
Böyük bir salon ağzına qədər adamla dolu idi. Vəzifəsi böyük, özü yaltaq, qorxaq, yalnız özünü düşünən bir natiq kürsüyə sinə gərib ağzı köpüklənə-köpüklənə danışır. O, xalqın xoş güzəranından, gözəl gələcəyindən və bir çox olmayan şeylərdən həvəslə danışır.
Onun sözündə hər şey var: yaxşı güzəran da, yaxşı ev də, yaxşı geyim də, xoşbəxtlik də, səadət də var. Bir sözlə, hər şeyi var.
O, sözünü qurtarar-qurtarmaz hamı əl çalmağa başlayır. Hamı bunların – onun sözlərinin yalnız köpük olduğunu bilərəkdən əl çalır. Məni dəhşət götürür:
– Ədə, zalım uşağı, nəyə əl çalırsınız? Xoşunuzmu gəlir?
Zaldan, uğultulu çəpik səsləri içindən bir səs – sualıma cavab ola biləcək yazıq, müti bir səs eşidirəm:
– Yox, əlimiz öyrəşib, adət eləmişik, qardaş!
– Yazıqlar, yazıqlar!
«Sadıq əl çalır!» hekayəm burdan yaranıb.
Bakı, 1959, 5 yanvar
Sınıq qab
Neçə il əqdəm o mənim ürəyimi daşa çırpıb parça-parça etdi, ürəyimin hər parçası bir tərəfə düşdü və o özü isə heçbir şey etməmiş kimi, sakit addımlarla çıxıb getdi. Mən üstünə dağlar uçmuş kimi ağlayaraq ürəyimin parçalarını bir yerə yığdım, püclədim və naçar yaşadım.
O vaxtdan ürəyim ağrıyır, ürəyim sızlayır, elə bil, mən ürəyimin parçalarının hamısını cəm etməmişəm. Elə bil, qəlbimin bir parçası yoxdur.
… Budur, birdən onu gördüm. Həmin o… o daş ürəkli insan… Ürəyim yenə kəskin bir ağrı ilə ağrıyır və mən özüm də hiss etmədən onun dalınca gedirəm... Gedirəm... Ancaq nə üçün? Niyə?
Ah, yadıma düşdü. Ürəyim öz parçası üçün can atır, mən də onunçün. Axı o, mənim ürəyimin bir parçası idi. Ancaq o məni görmür. O gedir, mən gedirəm. Nəhayət, onu gözdən itirirəm. Həmişəlik itirdiyim kimi…
Ürəyim elə ağrıyır, elə ağrıyır. Mən indi bildim ki, mənim bu sınıq ürəyim həmişə ağrıyacaqdır.
Bu ağrı əzəli ağrıdır, məhəbbət ağrısıdır, sındırılmış qəlbin ağrısıdır
Heç kəsin qəlbi sınıq olmasın, insanlar, düşmənin də qəlbi sınıq olmasın… Olmasın!
Bakı, 1959, 6 yanvar
İki lövhə
I
Yaraşıqlı, ipək paltar geymiş, bəzənib-düzənmiş bir oğlan nənəmin diqqətini cəlb etdi, daha doğrusu, gözünü qamaşdırdı.
Qarı əlini gözünün üstünə qoyub bu oğlanın üst-başına baxdı və köks ötürüb evdəki çılpaq oğlunu xatırlayaraq dedi:
– Elə bil, bəy balasıdır, bəxtəvər.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-gundeliyimden-sehifeler
Müəllifin digər əsərləri
Təzə direktorun iş başına gəlməsindən üç ay keçməsinə baxmayaraq, ağlına gələn, düzgün hesab elədiyi «islahatları»nın çoxunu həyata keçirə bilməmişdi. Gecə-gündüz düşünür, ölçüb-biçir, hara əlini atırdısa, müəyyən çətinliklərlə qarşılaşırdı, dayanmalı, təzədən götür-qoy eləməli olurdu. Səhər tezdən idarəyə gəlir, axşamacan ya direktor kabinetində oturur, ya da xüsusi səliqə ilə hələ Aslanzadənin vaxtında bəzətdirdiyi, mebelinəcən yeniləşdirdiyi ikinci kabinetində — artıq əməkdaşların xəlvətdə lağa qoyduğu «istirahət otağı»nda vurnuxurdu. Kənardan baxanlara elə gəlirdi ki, o, can yandırır, bütün fikri-zikri institutdur, onun dərdi-səri, qayğılarıdı. Hətta bəzilərində belə təəssürat da yaranmışdı ki, «kişi işləyən adamdır!»Həyata keçirə bilmədiyi planlarından biri İntiqamın məsələsi idi. Nurəddin özü də baş aça bilmirdi ki, İntiqam ona nə pislik eləyib — ancaq gözünə ox kimi batırdı. Yanına çağırmır, otağına getmir, heç nəydə onunla məsləhətləşmirdi. Bircə şey aşkar idi ki, o, İntiqamla işləməyəcəkdi, işləyə bilməyəcəkdi. Bəs kimi onun yerinə qoysun — institut adamlarının hamısını bir-bir gözünün qabağına gətirir, hərəsinə bir pürçüm qoyur, «yox, bu olmaz!» — deyib ürəyində hazırladığı siyahıdan adını elə qaralayırdı ki, daha fələk də gəlsə oxuya bilməzdi.
Birinci hissə, on dördüncü fəsilAna-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.
Birinci hissə, on beşinci fəsilAprel günəşi çoxdan axıb getmişdi, amma hərarəti, işığı hələ də şəhərin, üzərindən çəkilməmişdi. Güclə hiss edilə bilən Bakı mehi əsirdi.İşin qurtaran vaxtıydı, küçələr, dayanacaqlar adamla doluydu. Avtobuslar, trolleybuslar dolu gəlib dolu gedirdi. Gülmirə ilk dəfəydi ki, idarədən çıxıb köhnə evinə yox, təzə mənzilinə getmək üçün səkkiz nömrəli trolleybusu gözləyirdi. İkisinə minə bilməmişdi, çünki dal qapılar taybatay açılsa da, düşən yox idi, minmək istəyən isə saysız-hesabsızdı... Yolu uzaq da olsa, piyada getməyi üstün tutub döyülmüş, bütün günü daş daşımış adam təki Nərimanov prospekti ilə fikirli-fikirli addımlamağa başladı. Ürəyindən elə bil daş asılmışdı. Bu gecə birinci dəfə evində olacaqdı, yatacaqdı. Bu axşamı yaxşı, mənalı keçirmək üçün xəyalən özünü çoxdan hazırlamışdı. Sarsılacağını, kim bilir, bəlkə də ağlayacağını irəlicədən bilirdi sanki.
Birinci hissə, on altıncı fəsilAslanzadənin bağı Buzovnada, lap dənizin qırnağında idi. Yayda, qışda havalar küləkli olanda, dəniz yatağından oynayıb dalğalar şahə qalxanda ağ köpüklü sular ağ daşdan hörülmüş iki metr hündürlüyü olan hasarın dibinə qədər gələr, sarı kəhrəba kimi narın qumları yalayıb yenə geri qayıdardı. Belə hallarda ikimərtəbəli, ikiçeşməli, dörd tərəfi açıq eyvanlı evin içində suların uğultusu, gurultusu aydın eşidilər, nabələd adam olsaydı, canına vəlvələ düşərdi. Artıq Aslanzadə çox sevdiyi dənizin bu səs-küyünə, şıltaqlığına öyrənmişdi və bundan xüsusi bir ləzzət alırdı. Qırx beş il onunla ömür-gün sürmüş, ərinin nazını övladı kimi çəkmiş Kiçikxanım, otuz ildən çox bu bağa gəlib getsə də, dənizin belə köpürüb daşan çağlarına adət eləyə bilməmişdi və hər dəfə dalğaların şaqqıltısını, gurultusunu eşidəndə qəribə bir qorxu içində:– Ay kişi, vallah, bir gün bu dəniz bizi çəkib öz ağuşuna aparacaq, — deyirdi, — səsimizi-ünümüzü eşidən də olmayacaq.
Başqa şairlərin şeirləri
Bu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
ŞikəstəQalmışam pərvanə tək,Odlanə-odlanə mən.
SamavarEy olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,
Əfsus ki, yarım gecə gəldi, gecə getdiƏfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.