Məzmun
  1. I
  2. II
  3. I
  4. II
  5. I
  6. II

Səhifə 6 / 6 · 83%

Yaza bilirəm!.. Böhran keçdi.

02.05.1962

QEYD: Heyf, bu hekayəni itirmişəm.

24.10.1964

Bu gün «Bəhanə» hekayəsini yazdım.

02.05.1962

Qızım

Bu gün qızım anadan oldu. Adını Təranə qoyduq. Bu gündən atayam. Səni xoşbəxt olasan, qızım.

19.06.1962

Yüngülqədəm

Qızım yüngülqədəm, xoşqədəmdir.

Bu ay iki hekayəm çıxdı.

25.06.1962

Ev…

Bu gün ev aldım. Həyatımın ən böyük problemi həll olundu. Bizdə adicə bir yaşayış yeri əldə etmək problemdir. Əhsən…

14.07.1962

Səhv

İnsan səhv edər. Mən ilin əvvəlindən bu ilin – 1962-ci ilin mənə heç bir şey verməyəcəyini yazmışdım.

Amma bu il mənə çox şey verdi: qızım oldu, ev aldım, əsər yazdım, Yazıçılar İttifaqına üzv oldum. Mənə zəmanət verənlər böyük sənətkarlarımız – Mircəlal Paşayev, Ə.Əbülhəsən və B.Vahabzadə idi. Minnətdaram. Hələ ilin yarısı gedib… Sağlıq olsun…

21.07.1962

«Unutmaq olmur»a düzəliş vermək

  1. Camaatın Aydına münasibətində ikilik.

  2. Məhəbbəti geniş.

  3. Müşahidə.

  4. Və… bütün əsəri yenidən, dərindən işləmək! Bəxtiyar Vahabzadənin qeydləri əsasında!

23.12.1962

Ayrılıq

Bu gün Abbasəli Sarovlunun «Ayrılıq» mahnısını böyük sənətkarımız Zeynəb xanımın ifasında dinlədim. Ayrılıq! Səndən dəhşətli bir şey təsəvvür eləmirəm dünyada.

Abbasəli Sarovlu gözyaşardan şair imiş!

05.05.1963

Oğul atası oldum

Bu gün oğlum Qüdrət anadan oldu. Xoşbəxt ol, oğul.

05.11.1963

Unutmaq olmur

«Unutmaq olmur…» kitabımı bu gün nəşriyyatdan mənə verdilər.

Sevindim. O əsər üçün çəkdiyim əzabları bircə anda unutdum. Yox. Amma unutmaq olmur!

09.05.1964

Alim

Bu gün müdafiə elədim. Borc idi, qurtardım. İndi sakit ola bilərəm.

Əslində, havayı söhbətdir. Şəxsən buna mən heç bir əhəmiyyət vermirəm.

06.06.1964

Yazıçı otura bilməlidir

Dörd aydır düşünürəm; stoldan ayrılmışam, yaxın düşə bilmirəm. Hazır hekayələrdir, oturub yazmaq lazımdır. Ax, bircə otura bilsəydim.

01.10.1964

Təzə insan öldürmək üsulu

Bu gün görkəmli ədibimiz Mehdi Hüseyni dəfn etdik. Hava tutqundu, qar yağırdı. Cənazə Akademiyadan çıxarılanda qar ara verdi. Eləbil göylər də faciəli surətdə, öz qələm yoldaşlarının soyuqqanlığı və bəlkə də vicdansızlığı nəticəsində həlak olmuş bu döyüşkən sənətkarın halına acıdı.

Məni onun ölümü yandırdı. Sevmirdim, ancaq böyük şəxsiyyət idi. Həddən artıq qanunpərəst olmağı onu çox quru və qorxaq, bəzən isə qəddar və cəsur göstərirdi. Onun düşmənləri məhz buna görə onunla düşmən olmuşdular.

Və onlar onu gündə bir az, tədricən zəhərləyirdilər. Bu, təzə adam öldürmək üsuludur. Belə cinayətkarları tutmaq olmaz, çünki ortada əşyayi-dəlil yoxdur.

Bu ağır günlərdə iki şey məni xüsusilə sarsıtdı. Mehdi vəfat edən günün səhəri mən Yazıçılar İttifaqına getmişdim. Asılqanda işləyən qoca rus arvadı mənə Mehdinin mıxçadan asılıb qalmış papağını və paltosunu göstərdi, ağlaya-ağlaya: «Bunlar Mehdi Əliyeviçindir, dünəndən qalıb. Axşam evə getmək istəmirdim, elə bilirdim o, yuxarıdan düşüb gəlib geyinəcək. Gəlmədi. Bir daha gəlməyəcəyinə inanmaq istəmirdim»…

Ah, yiyəsiz papaq, sahibsiz palto!

… Tabut qoyulmuş ağ maşının (kəfən geymiş adama oxşayır) qabağına mərhumun gülümsər şəkli vurulmuşdu. Mənə elə gəldi ki, o, qəbristanlığa gülə-gülə gəlir. Fəxri xiyabanın köhnə sakinlərindən onu ilkin qarşılayan köhnə dostu Səməd Vurğun oldu. Elə bil, Mehdi Səmədi görüb gülümsünürdü…

… Ağlamaya bilmirəm. Tək ölənə ağlamıram, öz bədbəxtliyimiz də məni ağladır...

12.03.1965

«İnciklik» hekayəsini başladım. Başlanğıcı xoşuma gəlmir. Neçə variant yazıb pozdum. Əl çəkməyəcəyəm. İstədiyimi tapmayınca pozacağam…

16.03.1965

«İnciklik»in 1-ci variantını yazdım. Neçə vaxtdı belə sevinməmişdim. Dünyada bu cür müqəddəs sevinc təsəvvür etmirəm. Yaşasın yaradıcılıq sevinci!

17.03.1965

Gəmilər kimindir?

Bu gün Mehdi Hüseyn yenə yadıma düşdü. Təzədir, hələ tez-tez xatırlanacaq…

… 1958-ci ildi. Yazıçılar İttifaqında hekayə gecəsi keçirilirdi. Yazıçılar kiçik hekayələrini oxuyurdular.

Mən də Nəriman Nərimanova həsr elədiyim «Böyük dərd» hekayəsini çıxıb oxudum. Düşdüm, gəlib yerimdə oturdum. Bir də gördüm ki, qabaq cərgədə oturmuş Mehdi Hüseyn işarə ilə məni yanına çağırdı. Böyründəki boş yerdə əyləşdim.

– Hekayən yaxşıdır – dedi. Ancaq Bakının neftini daşıyan o gəmilərin kimin olduğunu demirsən. Kimindir?

Mən bunu qəsdən açıq şəkildə deməmişdim: «Sözü de, yiyəsi götürər».

Başa düşdüm dostum hansı nöqtəyə vurur, dedim:

– İngilisləri nəzərdə tutmuşam, Mehdi müəllim.

– Onu açıq yazmaq gərəkdir, yoxsa ayrı cür çıxır, cavansan…

– Baş üstə – dedim.

İndi düşünürəm: Mehdinin çox sevilməsinə mane olan bu cəhət eləbu ayıqlıq idi. Mən də onu buna görə az sevirdim.

18.03.1965

Gürcüstan səfəri

Bu gün, aprelin 15-də Qədim gürcü torpağına qədəm basdım. Əvvəl darıxdım. Kürün üstünə gəldim. Elə bildim Azəri torpağından çıxmamışam. Kür yanımdadı, tək deyiləm. Qəribədir, körpünün üstündən maşınla keçəndə elə bildim bir asfalt yol köndələninə axıb gedir. Sonra gördüm, yox, su imiş, Kür imiş!

Səməd Vurğunun dediyi bu sözlər bu gün nədənsə heç yadımdan çıxmır:

Kiçik bir damladır yer üzündə Kür

Baxsan yer üzünün xəritəsinə.

Bəs niyə qəlbimdə ümman döyünür,

Mən qulaq asdıqca Kürün səsinə!..

Bu gün bir həqiqəti də dərk elədim ki, Kür təkcə bizim deyil.

Tiflis, 15.04.1965

Rustavi mehmanxanası

Şah İsmayılın bir bəndi

Tiflisdə Kekelidze adına Əlyazmaları İnstitutunda işləyirəm. Nəsiminin farsca divanını (heyf ki, əvvəli itib, yoxdur) oxuyuram. Ölümündən 57 il sonra yazılıb…

Çap eləmək fikrindəyəm.

Sonra yenə orada Heyran xanımın 2200 misradan ibarət şerlər məcmuəsini tapmışam. O da çox maraqlıdır.

Şah İsmayıl Səfəvinin bir rübaisinə rast gəlmişəm:

Ta badeyi-xoşkvar var, ey saqi,

Ta vardu əlində ixtiyar, ey saqi.

Bir dövr elə kim, dövrü dolanmış dövran,

Nə badə qoyar, nə badəsar, ey saqi…

6-9.04.1965, Tiflis

Qayçı

Məmməd Arif «İnam» povesti barədə mənə açıq məktub yazıb. Əsasən xoşuna gəlib. Ancaq iki İnamı bir-birinə qarışdırdığımı tənqid edir… Nə olar! Xəstə-xəstə oxuyub və məktub yazıb. Sağ olsun. Amma mən tamam ayrı şey nəzərdə tutmuşam: görünür istədiyimi ifadə edə bilməmişəm. Arif müəllimin çıxardığı nəticə heç ağlıma da gəlməyib! Həssas oxucudur və görünür, biz əsər yazarkən daha həssas və uzaqgörən olmalı, yüz ölçüb – bir biçməliyik.

14 avqust, 1965

Anam mənim

Bu gün üçüncü evladım – Asya dünyaya gəldi. Anamın adını qoydum. Xoşbəxt ol, mənim son beşiyim.

13.06.1965

Dodaqları tikilmiş şair

Fərruxi Yəzdi haqqında yazdığım monoqrafiya çapdan çıxıb

– «siqnalnısını» dünən veriblər…

Ömrümün beş ilini sərf elədiyim kitab! Qoy bu,ömrü boyu əzab çəkmiş, dodaqları tikilmiş, damarlarına hava yeridilərək vəhşicəsinə öldürülmüş cəfakeş şairin xatirəsinə məndən kiçik bir əklil olsun!

25.09.1965

M.Arifə məktub

Əziz Arif müəllim!

«İnam» povesti barədə Sizin mənə yazdığınız açıq məktubu həyəcanla oxudum. Ona görə həyəcanla deyirəm ki, biz cavanlar hörmətli, ağsaqqal böyüklərimizin öz yazılarımız haqda fikirlərini çox az hallarda eşidirik. Halbuki hər cavanın buna çox böyük ehtiyacı olduğu Sizə yaxşı məlumdur. Onların hər addımını izləmək, yaxşı cəhətlərini görüb təqdir etmək, yanlış fikir və mülahizələrini böyüyüb sağalmaz mərəzə çevrilməmiş göstərib düz yola çağırmaq, onların əlindən tutmaq həm ədəbiyyatımızın bu günü üçün, həm də gələcəyi üçün çox xeyirli və gərəkli bir işdir. Bu, böyük qayğıdır…

Sizin yazdığınız məktub məni hədsiz dərəcədə sevindirdi… Özü də söhbət məndən getdiyi üçün yox. Mən bu məktubu ədəbiyyatımızı öz həyatı qədər sevən, həmişə onun taleyini düşünən, sakit, təmkinli mülahizələri ilə hər vaxt ən mübahisəli məsələlərin necə deyərlər, üstünə su çiləyən bir alimin tək mənə yox, bütün ədəbi gəncliyimizə qarşı böyük diqqəti və qayğısı kimi qiymətləndirirəm.

Arif müəllim, sizin istirahətə ciddi ehtiyacınız olduğu bir zamanda vaxt sərf edib yazımı oxumağınız, fikrinizi bildirməyiniz məni son dərəcə mütəəssir etdi. Bunun üçün çox sağ olun!

Mən Sizin məktubunuzdakı bir qeydin üzərində dayanmağı, öz fikrimi sizə bildirməyi lazım bilirəm. O da əsərdəki ikinci inam məsələsidir. Mən açığını deyim ki, Siz deyən mənada inam nəzərdə tutmamışdım: ümumiyyətlə, mən məsələnin siz deyən tərəfini heç ağlıma da gətirməmişdim. O məsələni qələmə alarkən ancaq belə düşünmüşdüm ki, sürücü Qulam da Əsgər kişi kimi öldürülmüş adamdır.

Düzdür, o, cismən sağdır, gəzir, maşın sürür, lakin ürəyindəki xeyirxahlıq hissi, insanlıq hissi öldürülmüşdür. Onu idrislər öldürüblər! Bu isə, görünür, əsərdə dəqiq və aydın şəkildə ifadə edilməyib.

P.S. Bu məktubu göndərmək istəmədim!

12.10.1965

Bu gün onuncu gündür ki, Kabil şəhərindəyik. Özümüzü yaxşı hiss edirik, hər şeyimiz var. Bu gün çoxdan məni düşündürən bir hekayə yazmışam. Adı «Həkim ürəyi»dir. Mənə elə gəlir ki, pis çıxmayıb. Hələ bir dəfə də əl gəzdirəcəyəm.

Bu gün növbətçi olduğum zaman yazmışam onu.

28.10.1966

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, on üçüncü fəsil

Təzə direktorun iş başına gəlməsindən üç ay keçməsinə baxmayaraq, ağlına gələn, düzgün hesab elədiyi «islahatları»nın çoxunu həyata keçirə bilməmişdi. Gecə-gündüz düşünür, ölçüb-biçir, hara əlini atırdısa, müəyyən çətinliklərlə qarşılaşırdı, dayanmalı, təzədən götür-qoy eləməli olurdu. Səhər tezdən idarəyə gəlir, axşamacan ya direktor kabinetində oturur, ya da xüsusi səliqə ilə hələ Aslanzadənin vaxtında bəzətdirdiyi, mebelinəcən yeniləşdirdiyi ikinci kabinetində — artıq əməkdaşların xəlvətdə lağa qoyduğu «istirahət otağı»nda vurnuxurdu. Kənardan baxanlara elə gəlirdi ki, o, can yandırır, bütün fikri-zikri institutdur, onun dərdi-səri, qayğılarıdı. Hətta bəzilərində belə təəssürat da yaranmışdı ki, «kişi işləyən adamdır!»Həyata keçirə bilmədiyi planlarından biri İntiqamın məsələsi idi. Nurəddin özü də baş aça bilmirdi ki, İntiqam ona nə pislik eləyib — ancaq gözünə ox kimi batırdı. Yanına çağırmır, otağına getmir, heç nəydə onunla məsləhətləşmirdi. Bircə şey aşkar idi ki, o, İntiqamla işləməyəcəkdi, işləyə bilməyəcəkdi. Bəs kimi onun yerinə qoysun — institut adamlarının hamısını bir-bir gözünün qabağına gətirir, hərəsinə bir pürçüm qoyur, «yox, bu olmaz!» — deyib ürəyində hazırladığı siyahıdan adını elə qaralayırdı ki, daha fələk də gəlsə oxuya bilməzdi.

20 dəq
Birinci hissə, on dördüncü fəsil

Ana-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.

30 dəq
Birinci hissə, on beşinci fəsil

Aprel günəşi çoxdan axıb getmişdi, amma hərarəti, işığı hələ də şəhərin, üzərindən çəkilməmişdi. Güclə hiss edilə bilən Bakı mehi əsirdi.İşin qurtaran vaxtıydı, küçələr, dayanacaqlar adamla doluydu. Avtobuslar, trolleybuslar dolu gəlib dolu gedirdi. Gülmirə ilk dəfəydi ki, idarədən çıxıb köhnə evinə yox, təzə mənzilinə getmək üçün səkkiz nömrəli trolleybusu gözləyirdi. İkisinə minə bilməmişdi, çünki dal qapılar taybatay açılsa da, düşən yox idi, minmək istəyən isə saysız-hesabsızdı... Yolu uzaq da olsa, piyada getməyi üstün tutub döyülmüş, bütün günü daş daşımış adam təki Nərimanov prospekti ilə fikirli-fikirli addımlamağa başladı. Ürəyindən elə bil daş asılmışdı. Bu gecə birinci dəfə evində olacaqdı, yatacaqdı. Bu axşamı yaxşı, mənalı keçirmək üçün xəyalən özünü çoxdan hazırlamışdı. Sarsılacağını, kim bilir, bəlkə də ağlayacağını irəlicədən bilirdi sanki.

11 dəq
Birinci hissə, on altıncı fəsil

Aslanzadənin bağı Buzovnada, lap dənizin qırnağında idi. Yayda, qışda havalar küləkli olanda, dəniz yatağından oynayıb dalğalar şahə qalxanda ağ köpüklü sular ağ daşdan hörülmüş iki metr hündürlüyü olan hasarın dibinə qədər gələr, sarı kəhrəba kimi narın qumları yalayıb yenə geri qayıdardı. Belə hallarda ikimərtəbəli, ikiçeşməli, dörd tərəfi açıq eyvanlı evin içində suların uğultusu, gurultusu aydın eşidilər, nabələd adam olsaydı, canına vəlvələ düşərdi. Artıq Aslanzadə çox sevdiyi dənizin bu səs-küyünə, şıltaqlığına öyrənmişdi və bundan xüsusi bir ləzzət alırdı. Qırx beş il onunla ömür-gün sürmüş, ərinin nazını övladı kimi çəkmiş Kiçikxanım, otuz ildən çox bu bağa gəlib getsə də, dənizin belə köpürüb daşan çağlarına adət eləyə bilməmişdi və hər dəfə dalğaların şaqqıltısını, gurultusunu eşidəndə qəribə bir qorxu içində:– Ay kişi, vallah, bir gün bu dəniz bizi çəkib öz ağuşuna aparacaq, — deyirdi, — səsimizi-ünümüzü eşidən də olmayacaq.

21 dəq

Başqa şairlərin şeirləri