Gündəliyimdən səhifələr
Səhifə 4 / 6 · 50%
… Bu da insan zövqünü oxşayan vasitələrdən biridir, oğlan, səni qınamıram.
01.02.1959
Seçki
İclasdı. Oturmuşuq. Deputat seçirmişik. Yuxarıdan gəlmiş sədr deyir:
– Biz filankəsin namizədliyini irəli sürmüşük. O layiq adamdır…
Mən düşündüm: əgər belədisə daha bizi bura niyə yığıblar, qardaş?
Qeybdən bir səs gəldi:
– Rəsmiyyət üçün!
02.02.1959
Burnu göyə baxan, yaxud padumaeş!
Könlüm elə yaman musiqi istəyir?! Qəzetə baxıram. Bah! 5 dəqiqədən sonra muğamat var! Muğamat. Mənim ruhum, canım, ürəyim həyatım, muğamat. Sevirəm.
5 dəqiqə keçir… Lakin…
Mənim muğamatımın səsi gəlmədi! Çünki axı yuxarıdan burnu göyə baxanın birinin səsi gəlirdi.
04.02.1959
Yaşamamışam
Bu gün-sabah ölüb bu dünyanı tərk edəcəyəm, ey Allah! Gəlib sənin hüzuruna çatanda deyəcəksən ki:
– O dünyada flan qədər yaşamısan. De görüm…
– Yox, ay Allah, mən bu dünyada bir gün də yaşamamışam, bircə gün də!
04.02.1959
Soğan
Ə.Ağacavada
– Sən nə çox soğan yeyirsən, qardaş?
– Yanıram, ona görə.
– Soğan daha da yandırar ki?
– Bilirəm, ancaq heç olmasa bir anlığa öz dərdlərimi unudaram. Elə bilərəm ki, məni yandıran bu dərdlərim deyil, bu acı soğandır, gözümü yaşardan öz dərdlərim deyil, elə bu acı soğandır.
05.02.1959
Yazığım gəlir
Yaxşı oğlansan, gözəl uşaqsan. Şirin-şirin yatırsan, başını ananın dizinin üstə qoyubsan, o da sənə lay-lay çalır. Hayıf, sənə ana layla çalmır, bir q….ə lay-lay çalır. Hayıf. Sən böyüyəcəksən, cavan olacaqsan, ancaq gözü kölgəli olacaqsan.
Düzü, sənə elə yazığım gəlir?!
06.02.1959
Həyat özü
Başımın üstündən asılıb hey işləyirsən, sayğac. Hesab eləyirsən ki, nə qədər işıq yandırırıq. Bəli, sən işığın hesabını aparırsan. Görəsən bəs bizim ömrümüzün hesabını kim aparır, sayqac? -Həyat özü, həyatın öz səssiz-səmirsiz işləyən saatı!
07.02.1959
Sevgi və oğru
Sevgi də oğru kimi gizlin gəlir. Onu heç kəs görmür. Oğru evə gəlir, onu qarət eləyir. Sevgi isə ürəyə gəlir, onu qarət eləyir. Arada yalnız bir fərq var.
Oğru qarət edib gedir, sevgi isə qarət edib qalır, orada da yaşayır.
Belə oğrudan kim inciyər. Bədbəxt o adamdı ki, onun ürəyinə belə bir oğru girməyib.
08.02.1959
Gözlər
– Sən gözlərini müharibədə itirdin, əzizim. Gəl gözümün birini sənə verim.
– Yox, lazım deyil, gülüm. Mən elə gözlərimi sənin o gözlərin üçün itirməmişəmmi?
09.02.1959
İgidin başı
-İşim çox çətindi.
-Eybi yox, igidin başı qalda gərək.
-O misal köhnəlib bir az. İndi onu belə işlətsən daha yaxşı olar: igidin başı qalda gərək, əli də pulda!
09.02.1959
Gözlə, gələcək
– Niyə yazmırsan?
– Gözləyirəm.
– Nəyi?
– İlhamı!
– Ha, ha… Gözlə, gələcək.
09.02.1959
Qar
Sən şirin-şirin yağırsan, qar… hər yan ağ-appaqdır. Sən yerin üzünü ağardırsan, qar. Ancaq sən bilirsənmi nə edirsən, qar?
Özün ağ da olsan, yoxsulların üzünü qara edirsən, qar!
10.02.1959
Bağçada güllər
Bağçada güllər qönçələndi, bağçada güllər açıldı, bağçada güllər ətir saçdı… bağçada güllər xəzəl olub töküldülər.
Biz də sizin kimiyik, güllər, lap sizin kimi!
11.02.1959
Bədii gülüş
Sən nə şirin-şirin gülürsən, gəlin?! Elə ürəklə, elə sevinclə gülürsən ki, aman Allah, mənim ruhum sənin o şən qəhqəhələrindən cana gəlir. Qara, atəşin gözlərin parlayır, qönçə dodaqların gül kimi açılır.
Gül, sən Allah, gülüşün elə xoşuma gəlir ki! Mən sənin gülüşünə bədii gülüş deyirəm. Çünki o gülüş ki, səndə var, mənə gözəl bir musiqi, gözəl bir şer təsiri bağışlayır.
Gül, sən Allah, gül!
12.02.1959
Sənin üçün şer
Yenə gülürsən. Bilirsən də ki, mən sənin o gülüşündən hədsiz zövq alıram, gəlin. Bunu bilə-bilə gülməyin də ayrı bir nəşə verir.
Yenə deyirəm: Gül, sən Allah, gül. Çünki:
Ötdüsə ömrümün gözəl anları.
Gülüşün qaytardı bir də onları.
12.02.1959
Səs
– İndi Azərbaycan – filmin istehsal etdiyi yeni filmə baxdım.
– Yaxşıydımı?
– Yaxşıydı. Ancaq birisi məni açmadı.
– Nə?
– Artistlərin səsləri özlərinki deyildi.
– … Eh, yazıq, qardaş, harda öz səsimiz var ki, kinoda da olsun?!
13.02.1959
Qorxu…
– Bura bax, dərdin alım, ay Allah, o dünyada mənzil məsələsi nə təhərdir ey?! Əgər orda da kirayə yaşayacağamsa, heç getmirəm.
14.02.1959
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-gundeliyimden-sehifeler
Müəllifin digər əsərləri
Təzə direktorun iş başına gəlməsindən üç ay keçməsinə baxmayaraq, ağlına gələn, düzgün hesab elədiyi «islahatları»nın çoxunu həyata keçirə bilməmişdi. Gecə-gündüz düşünür, ölçüb-biçir, hara əlini atırdısa, müəyyən çətinliklərlə qarşılaşırdı, dayanmalı, təzədən götür-qoy eləməli olurdu. Səhər tezdən idarəyə gəlir, axşamacan ya direktor kabinetində oturur, ya da xüsusi səliqə ilə hələ Aslanzadənin vaxtında bəzətdirdiyi, mebelinəcən yeniləşdirdiyi ikinci kabinetində — artıq əməkdaşların xəlvətdə lağa qoyduğu «istirahət otağı»nda vurnuxurdu. Kənardan baxanlara elə gəlirdi ki, o, can yandırır, bütün fikri-zikri institutdur, onun dərdi-səri, qayğılarıdı. Hətta bəzilərində belə təəssürat da yaranmışdı ki, «kişi işləyən adamdır!»Həyata keçirə bilmədiyi planlarından biri İntiqamın məsələsi idi. Nurəddin özü də baş aça bilmirdi ki, İntiqam ona nə pislik eləyib — ancaq gözünə ox kimi batırdı. Yanına çağırmır, otağına getmir, heç nəydə onunla məsləhətləşmirdi. Bircə şey aşkar idi ki, o, İntiqamla işləməyəcəkdi, işləyə bilməyəcəkdi. Bəs kimi onun yerinə qoysun — institut adamlarının hamısını bir-bir gözünün qabağına gətirir, hərəsinə bir pürçüm qoyur, «yox, bu olmaz!» — deyib ürəyində hazırladığı siyahıdan adını elə qaralayırdı ki, daha fələk də gəlsə oxuya bilməzdi.
Birinci hissə, on dördüncü fəsilAna-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.
Birinci hissə, on beşinci fəsilAprel günəşi çoxdan axıb getmişdi, amma hərarəti, işığı hələ də şəhərin, üzərindən çəkilməmişdi. Güclə hiss edilə bilən Bakı mehi əsirdi.İşin qurtaran vaxtıydı, küçələr, dayanacaqlar adamla doluydu. Avtobuslar, trolleybuslar dolu gəlib dolu gedirdi. Gülmirə ilk dəfəydi ki, idarədən çıxıb köhnə evinə yox, təzə mənzilinə getmək üçün səkkiz nömrəli trolleybusu gözləyirdi. İkisinə minə bilməmişdi, çünki dal qapılar taybatay açılsa da, düşən yox idi, minmək istəyən isə saysız-hesabsızdı... Yolu uzaq da olsa, piyada getməyi üstün tutub döyülmüş, bütün günü daş daşımış adam təki Nərimanov prospekti ilə fikirli-fikirli addımlamağa başladı. Ürəyindən elə bil daş asılmışdı. Bu gecə birinci dəfə evində olacaqdı, yatacaqdı. Bu axşamı yaxşı, mənalı keçirmək üçün xəyalən özünü çoxdan hazırlamışdı. Sarsılacağını, kim bilir, bəlkə də ağlayacağını irəlicədən bilirdi sanki.
Birinci hissə, on altıncı fəsilAslanzadənin bağı Buzovnada, lap dənizin qırnağında idi. Yayda, qışda havalar küləkli olanda, dəniz yatağından oynayıb dalğalar şahə qalxanda ağ köpüklü sular ağ daşdan hörülmüş iki metr hündürlüyü olan hasarın dibinə qədər gələr, sarı kəhrəba kimi narın qumları yalayıb yenə geri qayıdardı. Belə hallarda ikimərtəbəli, ikiçeşməli, dörd tərəfi açıq eyvanlı evin içində suların uğultusu, gurultusu aydın eşidilər, nabələd adam olsaydı, canına vəlvələ düşərdi. Artıq Aslanzadə çox sevdiyi dənizin bu səs-küyünə, şıltaqlığına öyrənmişdi və bundan xüsusi bir ləzzət alırdı. Qırx beş il onunla ömür-gün sürmüş, ərinin nazını övladı kimi çəkmiş Kiçikxanım, otuz ildən çox bu bağa gəlib getsə də, dənizin belə köpürüb daşan çağlarına adət eləyə bilməmişdi və hər dəfə dalğaların şaqqıltısını, gurultusunu eşidəndə qəribə bir qorxu içində:– Ay kişi, vallah, bir gün bu dəniz bizi çəkib öz ağuşuna aparacaq, — deyirdi, — səsimizi-ünümüzü eşidən də olmayacaq.
Başqa şairlərin şeirləri
Bu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
ŞikəstəQalmışam pərvanə tək,Odlanə-odlanə mən.
SamavarEy olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,
Əfsus ki, yarım gecə gəldi, gecə getdiƏfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.