İkinci hissə, iyirminci fəsil
Orxan ev-eşiyə sığışmırdı. Gah çarpayıya uzanır, gah durub oturur, gah da eyvana çıxıb dənizə tamaşa eləmək istəyir, ancaq bacarmırdı. Papirosu papirosun oduna yandırır, öz-özünə danışır, əsəblərinin möhkəm gərildiyini hiss eləyib, özünü toxtatmaq istəyirdi.
Bu gün qəribə gün idi. O, günün çoxunu sevimli Gülmirə ilə bir yerdə olmuş, Sabunçuya getmişdi, kinoya baxmışdılar. Orxan ondan xoş və şirin arzularla ayrılmışdı. Kaş o, gün əyiləndən sonra dəniz qırağına getməyəydi. Kaş Biləndərə rast gəlməyəydi.
Orxanı indi hövsələdən, haldan çıxaran yaradıcılıq təşkilatının katibi Biləndərlə elədiyi söhbət olmuşdu. Dəniz qırağında adam azdı. Orxan fəvvarənin qabağında oturub Gülmirə haqqında fikirləşirdi. Birdən o, yanında kiminsə oturduğunu hiss eləyib çevriləndə həmişə hörmətini saxladığı və «müəllim» deyə müraciət elədiyi Biləndəri görüb sevinmişdi.
– Salam, Orxan! — deyə Biləndər əlini Orxana sarı uzatmışdı.
– Salam, Biləndər müəllim!
– Deyəsən, istirahət eləyirsən, hə? — Cavab gözləmədən əlavə eləmişdi: — Yaxşı eləyirsən. İstirahət eləmədən, beynin yorğunluğunu almadan nə yaşamaq, nə yaxşı əsər yazmaq mümkündür.
– Düzdür, Biləndər müəllim.
Biləndər Orxanın xətrini çox istəyirdi. Onun məqalələri, əsərləri barədə Biləndər iclaslarda, qəzet və jurnal səhifələrində dəfələrlə aqızdolusu danışmışdı. Orxanın zəhmətsevərliyini, istedadını yüksək qiymətləndirən Biləndər onun gələcəyinə böyük ümid və inamla baxırdı. Az-az görüşərdilər, ancaq səhbətləri yaxşı tutardı.
– Bir ara səni möhkəm axtardım. İstəyirdik bu ötən plenumda dramaturgiya haqqında məruzəni sənə tapşıraq. Ancaq tapa bilmədim. Salmana zəng elədim, dedi ki, çox vacib bir işdən ötrü ezamiyyətə gedirsən.
Orxanın dalağı sancmışdı; çünki o özünün iki daşın arasında qəfil ezamiyyətə göndərilməyindən — professorun xüsusi təkidindən və Tiflisdən əli ətəyindən uzun qayıdıb gəlməyindən hələ də yaxşı baş aça bilmirdi. Ürəyinin dərinliklərindən bəzən zəif bir şübhə baş qaldırır, o, professorun hərəkətlərinə fikir verir, ancaq az sonra onun qayğıkeşliyini görüb, şirin sözlərini eşidəndə belə fikirləşdiyinə görə xəcalət çəkirdi; həm də təkcə xəcalət yox, vicdan əzabı da.
– Bu, təxminən nə vaxt olub, Biləndər müəllim? — deyə kələfin ucunu tapdığını tutqun şəkildə hiss eləyən Orxan məsələni dəqiqləşdirmək üçün soruşanda Biləndər iri alnını ovuşdura-ovuşdura bir qədər fikirləşib cavab vermişdi:
– Bu... keçən ayın beşində olub.
– Beşində? — Orxanın gözləri təəccübdən böyüdü.
– Hə, beşində... Bu, ona görə dəqiq yadımda qalıb ki, o gün prezidiumun iclası vardı. Biz iclasda bu məsələni həll eləmişdik ki, məruzəçi sən olasan.
– Professor nə dedi sizə, Biləndər müəllim?
– Dedi ki, Orxan ezamiyyətə getməlidir. Dedim ayrı adam göndərin. Dedi, mümkün deyil ki, mümkün deyil.
Orxana hər şey birdən-birə aydın oldu: «Demək, professor məni qəsdən göndərib. Beşində axı, mənim heç ezamiyyət məsələm yox idi. Deməli, Biləndər müəllim zəng eləyib fikrini deyəndən sonra, ezamiyyət çıxıb ortalığa... Qəribədir, çox qəribədir. O, niyə belə eləsin?»
Orxan sonra Biləndərə ayrı söz deməmişdi. Bir az ordan-burdan danışıb ayrılmışdılar.
İndi Orxan fikirləşirdi; «Mən ona nə qədər də dərindən inanmışam. Amma o «mənim istedadlı tələbəm», — deyə-deyə, üzümə gülə-gülə ayağımın altını qazır».
Orxan professorun dilindən çıxan sözləri eşitmişdi, indi onun ürəyinin dedikləri qırıq-qırıq təxminlər şəklində qulağında səslənirdi. Bu qayibanə səs Orxanı ümidsizləşdirir, məyus eləyirdi: «Səndən nə gedir? Plenumda məruzə eləmək nə böyük şeydir ki, ona paxıllıq eləyirsən? Paxıllıq? Hə, paxıllıq, paxıllıq. O, sevinməli ikən, o, fəxr eləməli ikən...»
Orxan dəstəyi götürüb professora zəng eləmək istədi. Deyəcək, hər şeyi deyəcəkdi. Xırda adamsan, paxılsan, deyəcəkdi. Telefon cavab vermədikdə Orxan sevinən kimi oldu: «Axı, o mənim müəllimimdi. Həyat nə qəribədir, nə mürəkkəbdir? İndi mən ona necə deyim ki, sən alçaqsan! Yox, belə demək mənə yaraşmaz! Amma hər halda utandırmaq lazımdır», — deyə gəlib çarpayıya uzandı.
Gecə keçir, Orxanın işığı sönmürdü. Səhər haçan açılacaqdı?
Orxan dikəlib stolun üstündəki güldana qoyulmuş nərgiz dəstəsinə baxdı.
Səhər bu gülləri Gülmirə iyləyəcək. Bu güllər onundur, bax, o burda oturacaq. Sabah bu evdə onun nəfəsinin ətri nərgizin ətrinə qarışıb Orxanı məst eləyəcək. Sabah Gülmirənin həyatında bayram olacaq. Əsəri müzakirə olunacaq. Sabah Orxan gənclik, gözəllik timsalı olan Gülmirə ilə üzbəüz dayanmamışdan qabaq professorla qarşılaşmalı olacaq. Bəli, onunla!
Orxanın bu düşüncələr içərisində ürəyi sıxılırdı. Yata bilmirdi!
Professor Orxanı gülərüzlə qarşıladı.
– Hə, gəl görək, — dedi, — əyləş. Bugünkü müzakirəyə hazırsanmı, Orxan?
– Bəli, professor. — Orxan fikirli-fikirli cavab verdi. Onun əlləri əsirdi.
– Mən oxudum o qızın əsərini. Balam, əhsən! Çox gözəl əsər yazıb. İnqilabdır onun üçün. Sevindim. Orxan sözü dəyişdi:
– Mən də sizi sevindirmək istəyirəm, professor.
—Əhə, buyur. Nəynən? Yenə xəlvəti əsər yazmısan? — deyə gülə-gülə qələmini kağızın üstünə atdı.
– Yox, dünən Biləndər müəllimə rast gəldim.
Bunu deyib Orxan düz professorun gözlərinin içinə baxdı.
Professor alındı. Rəngi avazıdısa da, özünü o yerə qoymadı:
– Hə, sonra?
– Biləndər müəllim dedi ki, səni, yəni məni qurultayda məruzəçi təsdiq eləyiblər.
—Hə?
– Bəli. Mən də gəldim sizə deyəm ki, əgər Mirzə Cəlil haqqında başqa yerlərdə də təzə materiallar tapılıbsa, məni yenə təcili ezamiyyətə göndərin.
Professor qıpqırmızı qızardı:
– Bu nə sözdür, Orxan?
– Siz yaxşı bilirsiniz nə sözdür, professor.
Professor Orxanın titrədiyini görüb təşvişə düşdü:
– Sənə nə olub, Orxan?
– Heç nə!
– Bəs niyə belə danışırsan? Bəlkə gedəsən, arxayın və sakit bir vaxtda gələsən danışaq. Orxan dinmədi.
– Hiss eləyirəm, kimsə səni əsəbiləşdirib.
– Mən açıq danışmağı, düşündüyümü deməyi xoşlayıram, professor. Bunu siz də bilirsiniz. Özünüz də bu barədə bizə az möizə oxumamısınız.
– Xahiş edirəm, sakit.
– Sakit ola bilmərəm, professor. Dünəndən özümə gələ bilmirəm.
– Axı, niyə? — Orxana imkan verməmiş əlavə elədi: — Hə, bildim. Yəqin, səni əsəbiləşdirən budu ki, niyə mən indiyəcən deməmişəm ki, Biləndər zəng eləyib səni istəyib, plenumda məruzə eləmək üçün? Hə?..
– Bəli.
– Ay Orxan, ay Orxan, mən səndən heç gözləməzdim. Axı, sən onda Tiflisdə idin, o zəng eləyəndə sən üç-dörd gün idi getmişdin, əzizim...
– Xeyr, professor. Siz düz demirsiniz. O zəng eləyəndə mən burda idim, özü də siz onun zəngindən sonra məni Tiflisə göndərdiniz, adımı da qoydunuz yarıtmaz.
– Bəli, yarıtmaz! — Professor səsini qaldırdı. Orxan qəzəblə ona baxdı:
– Qışqırmaq əvəzinə utanmaq lazım idi, professor!..
Orxan otaqdan çıxdı.
Salman Qurbanzadənin əlləri də əsirdi, dodaqları da.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-ikinci-hisse-iyirminci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünya xanım az bir müddət içində təzə həyata, ev-eşiyə isinişmişdi, uyğunlaşmışdı. Elə sərbəst gəzib-dolanırdı ki, deyirdin bəs on ildi bu evdə, bu adamların arasında yaşayır. Deyib-gülən, dərd-qəm çəkməkdən uzaq, «bu gün varsan, gününü xoş keçir, sabah nə olacaq, olacaq» — deyə düşünən bir qadın təsiri bağışlayan Dünya xanım Nəcməddinin cah-calalını görüb az qala ağlını itirmişdi. Yatıb yuxuda da görə bilməyəcəyi, təsəvvürünə belə gətirə bilməyəcəyi bir səadət, bəxtiyarlıq onun cavan könlünü sehrli-sirli duyğularla doldurmuş, əvvəllər dörd divar arasında təklikdən, qüssədən solğunlaşmış sifəti indi çıraq kimi yanmağa başlamış, qara gözlərinə sanki nur seli axıb tökülmüşdü. Bəxtəvərlik onsuz da gözəl olan Dünyanı daha da gözəlləşdirmiş, sonalaşdırmışdı. O, nağıllardan, əfsanələrdən uça-uça gəlib bu həyət-bacaya, Nəcməddinin çiyninə qonmuş bir mələk kimi öz qoca ərinin ömrünü də nağıllaşdırmış, əfsanələşdirmişdi. Nəcməddin təzə eşqə düşən bir cavan oğlan təki xəyalpərvər olmuş, nikbinləşmiş, geyim-keciminə, yeməyinə xüsusi fikir verməyə başlamış, hərəkətlərində, yerişində-duruşunda çeviklik əmələ kəlmişdi. Taleyindən, yaradanından isə elə razı idi ki... «Yaradan var, vallah, var!—deyirdi öz-özünə. — Məni unutmadı o, səadət verdi mənə, ömrümü-könlümü işıqla-sevinclə doldurdu mənim. Səni tanımayana lənət, ya rəbbi!» Nəcməddin Dünyanın böyür-başında yenicə ailə qurmuş cavan ər kimi hərlənir, xəlvətə düşən kimi gəlini sonsuz bir həvəs və eşqlə bağrına basıb öpür, qucağına götürüb körpə uşaq sayağı fırladır, çarpayının üstünə atıb başını sinəsinin üstünə qoyub sevincindənmi, həyəcanındanmı titrəyə-titrəyə onu əzizləyir, nəvazişlər içində itirib-batırır, sonra ipək təki yumşaq saçlarından tutmuş ayaqlarına qədər duz kimi yalayırdı; yorulub qalxanda isə Dünya xanım kişinin gözlərindən axan yaşı görüb təəccüblənirdi. Bütün bu müddət ərzində sonsuz nəvaziş içində, əzizlənmələr içində əriyib yumşalmış, uşaqlaşmış, gülməkdən, qıdıqlanmaqdan uğunmaq dərəcəsinə gəlmiş Dünya xanım dünyada heç qadının heç bir kəs tərəfindən belə dəlicəsinə sevilə bilməyəcəyi hissindən sonsuz dərəcə biixtiyar olaraq Nəcməddnnin yaşarmış gözlərindən öpə-öpə, onun mirvari göz yaşlarını, demək olar ki, dili ilə qurudaquruda deyirdi:– Daha niyə ağlayırsan, ay dəli?
Birinci hissə, on birinci fəsilGecə saat onu keçmişdi. Divar saatının yeknəsəq çıqqıltısından başqa otaqda heç bir səs-səmir eşidilmirdi. Bəbir barmaqlarının yazmaqdan keyidiyini hiss eləyirdi, ancaq fikirlərini kağıza köçürmək, «Nə etmək lazımdır?» adlı nəzəri-siyasi məqaləsini qurtarmaq istəyirdi. Dörd sutka idi ki, yazırdı, həvəslə, şövqlə yazırdı, Söz üçün axtarmırdı, çünki hər şeyi ölçüb-biçmiş, demək olar ki, əvvəl beynində yazmışdı. Məmləkətin iqtisadi-ictimai vəziyyəti ona beş barmağı kimi bəlli olduğundan heç bir çətinlik çəkmir, faktları kəskin dillə qələmə alır və yazdığı çap olunandan sonra qopacaq hay-küyü, tufanı göz önünə gətirir, ürəyi həm fərəh, həm də kədər hissilə dolurdu. Ona görə sevinirdi ki, onu oxuyan nə qədər adamın gözü açılacaq, tərəfdarları, dostları çoxalacaqdı. Kədərlənirdi, ona görə ki, düşmənləri də çoxalacaqdı; özü də bunlar adi düşmənlər olmayacaqdı; pullu, vəzifəli adamlar olacaqdı, hökumət olacaqdı; şübhəsiz, şahənşahın da qəzəbinə səbəb olacaqdı bu məqalə. Amma çəkinmək lazım deyil, hücumu bir an da zəiflətmək olmaz, geri çəkilmək olmaz — Bəbir belə düşünürdü və yazırdı. Nəhayət, son cümləni yazıb nöqtəni qoydu. Sonsuz sevinc içində şirin-şirin gərnəşib keyimiş barmaqlarını açıb yumdu, qaraya baxmaqdan, yuxusuzluqdan şişib qızarmış gözlərini ovuclarının içi ilə ovxaladı...Yazılmış vərəqləri dəcləyib bir-birinin üstünə yığaraq fərəhlə baxıb gülümsündü... Xəyala getdi... Qəzet səhifələri... Sonra əl-əl gəzən qəzetləri... gördü...
Birinci hissə, on ikinci fəsil– Məleykə, ay Məleykə!Yan otaqdan Məleykə cavab verdi:
Birinci hissə, on üçüncü fəsilDünya cənnətə düşmüşdü. Hər şey gözünü oxşayır, ürəyini sonsuz bir fərəh hissi doldururdu: ev canlı muzey idi. Səkkiz otaq dünyanın nadir əşya və şəkilləri ilə elə zövqlə bəzənmişdi ki, baxdıqca doymaq olmurdu, duyğularını, əsəblərini dincəldirdi. Vaxt ötüb-keçdikcə Dünya, nəhayət taleyinin üzünə həmişəlik güldüyünü tam aydınlığı ilə dərk edir, sevincindən yerə-göyə sığışmır, günbəgün qəşəngləşir, gül kimi açılırdı. Lakin bu səadətli günlər çox çəkmədi. Haradansa lənətə gəlmiş bir fikir axıb ürəyinə doldu və bəxtiyarlıq içində xumarlanan, nazlanan Dünyanın xoşbəxtliyinin üstünə gizli su çiləməyə başladı, onun qəlbini sıxdı, gözlərinə kədər kölgəsi saldı. Ona heç kəs güldən ağır söz deməmişdi bu evdə, kimsə xətrinə dəyməmişdi, gözün üstə qaşın var deməmişdi. Ancaq o, pərişan olmuşdu. Səbəbini isə özündən başqa heç kim bilmirdi. Əslində bu qorxu, pərişanlığın səbəbi özünə də tam aydın deyildi. Lakin ağıllı, uzaqgörən, həssas bir qadın olan Dünya tutqun, dumanlı şəkildə anlayırdı ki, onun bu bəxtiyarlığı əbədi deyil, tez keçib-gedəcək və başına sonralar olmazın müsibətlər gələcək. Anlayırdı və qorxurdu. Onu düşüncələrə qərq eləyən, gözlərinə yol çəkdirən də elə bu qorxu idi. Dünya düşünməyə başlamışdı ki, Nəcməddin qoca kişidir, ömrünün çoxu gedib azı qalıb, beş gündən, beş aydan, uzaqbaşı beş ildən sonra dünyadan köçüb gedəcək, o zaman Dünyanın qolundan tutub atacaqlar bayıra bu cənnətdən. Onun burda heç nəyə haqqı çatmayacaq — necə gəlmişdisə, eləcə də çıxıb getməli olacaqdı. O dəhşətli günü gözünün qabağına gətirdikcə, xəyalında canlandırdıqca yazıq varından yox olur, əhvalı pozulur, yuxusu ərşə çəkilir, tikəsi boğazında qalırdı.Nəcməddin onunla kəbin kəsdirməmişdi, Dünya neçə dəfə işarə eləmişdisə də, kişi özünü o yerə qoymamış, nəhayət bir dəfə qəti fikrini bildirmişdi:
Başqa şairlərin şeirləri
Bəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
شکرست که جان لطف بر جای بماندصحت بر شاه عالم آرای بماند
MuğanQoy göyün ulduzu, göyə nur saçsın,Yerin də arzusu yerdə gül açsın…