Dünya cənnətə düşmüşdü. Hər şey gözünü oxşayır, ürəyini sonsuz bir fərəh hissi doldururdu: ev canlı muzey idi. Səkkiz otaq dünyanın nadir əşya və şəkilləri ilə elə zövqlə bəzənmişdi ki, baxdıqca doymaq olmurdu, duyğularını, əsəblərini dincəldirdi. Vaxt ötüb-keçdikcə Dünya, nəhayət taleyinin üzünə həmişəlik güldüyünü tam aydınlığı ilə dərk edir, sevincindən yerə-göyə sığışmır, günbəgün qəşəngləşir, gül kimi açılırdı. Lakin bu səadətli günlər çox çəkmədi. Haradansa lənətə gəlmiş bir fikir axıb ürəyinə doldu və bəxtiyarlıq içində xumarlanan, nazlanan Dünyanın xoşbəxtliyinin üstünə gizli su çiləməyə başladı, onun qəlbini sıxdı, gözlərinə kədər kölgəsi saldı. Ona heç kəs güldən ağır söz deməmişdi bu evdə, kimsə xətrinə dəyməmişdi, gözün üstə qaşın var deməmişdi. Ancaq o, pərişan olmuşdu. Səbəbini isə özündən başqa heç kim bilmirdi. Əslində bu qorxu, pərişanlığın səbəbi özünə də tam aydın deyildi. Lakin ağıllı, uzaqgörən, həssas bir qadın olan Dünya tutqun, dumanlı şəkildə anlayırdı ki, onun bu bəxtiyarlığı əbədi deyil, tez keçib-gedəcək və başına sonralar olmazın müsibətlər gələcək. Anlayırdı və qorxurdu. Onu düşüncələrə qərq eləyən, gözlərinə yol çəkdirən də elə bu qorxu idi. Dünya düşünməyə başlamışdı ki, Nəcməddin qoca kişidir, ömrünün çoxu gedib azı qalıb, beş gündən, beş aydan, uzaqbaşı beş ildən sonra dünyadan köçüb gedəcək, o zaman Dünyanın qolundan tutub atacaqlar bayıra bu cənnətdən. Onun burda heç nəyə haqqı çatmayacaq — necə gəlmişdisə, eləcə də çıxıb getməli olacaqdı. O dəhşətli günü gözünün qabağına gətirdikcə, xəyalında canlandırdıqca yazıq varından yox olur, əhvalı pozulur, yuxusu ərşə çəkilir, tikəsi boğazında qalırdı.

Nəcməddin onunla kəbin kəsdirməmişdi, Dünya neçə dəfə işarə eləmişdisə də, kişi özünü o yerə qoymamış, nəhayət bir dəfə qəti fikrini bildirmişdi:

– Kəbin-filan boş şeydi, mənim mələyim. Arada məhəbbət olandan sonra o bir parça kağıza heç ehtiyac yoxdur. Mən səni dəlicəsinə istəyirəm, sənsiz öz həyatımı təsəvvür eləyə bilmirəm. Sən də, görürəm ki, məni çox sevirsən, elə deyilmi? Bizim kəbinimiz — mənim sənə məhəbbətim, sənin mənə sədaqətindir. Ər-arvadın arasında məhəbbət olmayandan sonra kəbin kağızı yox, lap zəncir də onları bir yerdə saxlaya bilməz. Nəcməddin belə demişdi, Dünya dinləmişdi, ehtiyat edərək ürəyindəki mətləbi kişiyə açıb deməkdən çəkinmişdi; çünki onunla yaşadığı ilk ildə xasiyyətinə, ürəyinə yaxşıca bələd olmuşdu, dəvə kimi kinli, uşaq kimi təmizqəlbli olduğunu da bilirdi, sərtliyini də bilirdi. Hələ küsməyi də vardı. Bütün bunlar Dünya xanıma yaxşıca məlum olduğuna görə, daha zahirdə bir də bu söhbətin üstünə qayıtmamışdısa da, fikrində, ürəyində dönə-dönə, az qala hər gün öz aqibətini, gələcəyini götür-qoy eləmişdi.

«Yenə uşaq olsaydı, arxayın yaşardım. Uşaq yoxdur, görünür, olmayacaq da... Uşaq olsaydı mənim üçün yaxşı olardı, yerim-yurdum möhkəmlənərdi. Onda o məni daha çox istərdi, başıma dolanardı. Qocalar uşaqsevən olurlar — rəhmətlik nənəm deyərdi» — deyə düşünən Dünya belə fikirlərdən yorulub-bezəndə, «əşi, cəhənnəmə ki!» — söyləyərdi. — Alnıma nə yazılıb, o da olacaq! Taleyin hökmündən çıxmaq olmaz. Ya nəsib, ya qismət!»

Ancaq son vaxtlar bu nigaranlıq beynində, ürəyində o qədər yurd salmışdı ki, dincliyi yoxdu. Daş daşımış adam kimi yorğun olurdu. Gecələr əri ilə baş yastığa qoyanda səssiz-səmirsiz gözəgörünməz tanrısına yalvarırdı: «Ey ulu tanrı, özün səbəb ol, ürəyimin muradını səndən istəyirəm, məni naümid eləmə!» Bu, artıq onda adət halını almışdı. Hər dəfə beləcə ürəyində Allahına min bir niyazla dil töküb iltimas eləyirdi. Tanrısı isə... sanki onu eşitmirdi, eşitmək istəmirdi.

Vaxt isə keçirdi. Sonra kec olacaqdı, aman allah, kec olacaqdı. Və günlərin birində, ürəyinin hansı guşəsindəsə bir anlığa dəhşətli bir qığılcım alışdı, içərisini, ömrünü nura boyadı; bu işıq elə güclü və gözqamaşdırıcı idi ki, özü də qorxuya düşdü; ona elə gəldi ki, həmin məşum fikri üzündə, gözlərində yazılıb, indicə Nəcməddin onu oxuyacaq və... hər şey bitəcək. Vücudunu titrətmə tutan kimi, Nəcməddini tələsik özündən kənar eləyib üzünü divara çevirdi, nəfəsini udub səksəkə içində susdu. Ona elə gəldi ki, Nəcməddinə onun fikrindən keçənlər əyan oldu və o indicə iri, tüklü əlləri ilə onun zərif, su içəndə belə görünən boğazından yapışıb boğacaq. Ancaq anlar keçdi, heç nə olmadı. Handan-hana Nəcməddinin təəccüblü səsi eşidildi:

– Sənə nə oldu birdən-birə?

– …

– Dünyam mənim, — deyə o, Dünyanın yumşaq saçlarını sığallaya-sığallaya təzədən: — nə oldu sənə? — soruşanda, Dünya özünə gəldi və nazla gülümsünərək üzünü ərinə sarı çevirib:

– Mənə elə gəldi, yatmışam, yuxu görürəm, əzizim, — dedi — içərimdən, lap ürəyimin başından uşaq səsi gəldi qulağıma, Nəcmi. Ondan qorxdum.

Dünyanın əvvəlcədən fikirləşmədiyi, elə indicə vəhydənmi, qeybdənmi (buna özü də təəccüb elədi!) dilinə gələn bu sözləri eşidəndə Nəcməddin güldü:

– Dəlisən, vallah. Daha niyə qorxursan ay mənim gözlərimin işığı? Təki uşaq olsun. Mənə bir oğul doğsan səni təpədən dırnağa qızıla tutaram, gülüm. - Nəcməddinin gözləri parıldayırdı, od saçırdı elə bil. İndiyəcən o, bu arzusunu heç bildirməmişdi. Sən demə, yanırmış kişi bu arzu ilə. Bunu görən Dünya çevrilib onun boynunu qucaqladı, üzündən öpdü:

– Doğrudan uşaq istəyirsən, Nəcmi?

– Necə ki, istəyirsən! İstəyirsən də sözdü? Sənin kimi qəşəng bir mələkdən dünyaya gəlmiş körpəni necə də arzulayıram, Dünya! Onda bilərəm ki, mən ölməyəcəyəm, mənim çırağımı yandıran olacaq məndən sonra.

– Bəs o biri oğlanların?

– O biri oğlanlarım... çoxdan, lap çoxdan mənə yad olublar, Dünya. Mən Zərrintacın anasına evlənəndən sonra onların heç biri bu qapıdan içəri ayaq basmayıb, inanmırsanmı?

– İnanıram, mənim ağam.

Ani sükutdan sonra Nəcməddin arxası üstə uzanıb gözünü tavana zillədi, nəsə fikirləşib təzədən yuxu məsələsinə qayıtdı:

– Doğrudan deyirsən uşaq səsi eşitdin?

– Hə...

– Axı sən yatmamışdın...

– Yatmamışdım. Ancaq mənə elə gəldi ki, yatmışam. Özü də bircə anlığa. Və o bircə anın içində... mən o yuxunu gördüm... Uşaq səsi eşitdim, Nəcmi! — Qəribə idi, Dünya özü də öz sözlərinə inanmışdı sanki. Bunun yalan yox, həqiqət olduğuna and da içə bilərdi. Bəlkə də bu, onun ürəyinin istəyi olduğuna görə belə idi? Hər halda o özü də sözlərinə inanırdı.

– Kaş yuxun çin olaydı, mənim Dünyam! Dünya sağ qolunu alnının üstünə qoyub gözlərini yumdu və yuxuda danışırmış kimi astadan söylədi:

– Allah bilən məsləhətdi. Nəcməddin köks ötürdü:

– Sən bilən... olar, olmaz!!!

Dünya dikəldi, qu tükündən düzəldilmiş balışın tən ortasına dirsəyini söykəyib:

– Tale qismətimizə yazıbsa, olacaq... —dedi — Sən... maşallah, cavan oğlan kimisən... o... — Dünya qaşlarını dartıb göylərə işarə elədi. — O istəsə... niyə olmur ki...

Dünyanın «cavan oğlan kimisən» — sözləri Nəcməddinin ürəyinə yağ kimi yayıldı. Şelləndi. Dünya bilirdi ki, yalan deyir. Nəcməddin anlayırdı ki, bu sözlərdə həqiqət çox azdı. Ancaq bu, xoş yalan idi. Belə sözləri eşitmək, yalan olsaydı da belə, onun üçün fərəhli idi.

Sonra Nəcməddin nə oldusa da ruhdan düşdü, büzüşüb balacalaşdı:

– Amma... olsaydı... indiyəcən olardı...

Söhbət çox ciddi şəkil almışdı. Bunu Dünya dərk edirdi. Anlayırdı ki, Nəcməddinin övlad istəmək meyli çox küclüdü, ancaq o, uşaq deyildi, təcrübəsiz deyildi. «Görürsən nə incə mətləbə əl atdı: «Olsaydı, indiyənəcən olardı»... Bu fikri onda öldürmək lazımdır, cücərməyə, qol-budaq atmağa imkan verməmək gərəkdir» — Dünyanın beyni sürətlə işlədi, yenə bayaqkı işıq şölələndi içində, ona yol göstərdi;

– İndiyənəcən... Mən istəmirdim...

– Necə? Sən istəmirdin?..

– Hə.

– Niyə?

– Ona görə ki... sənə belim bağlı deyildi... Qorxurdum... atarsan... sonra... mən... neyləyərəm..

– Onda... Sən mənə inanmırmışsan, hə?

– Nə bilim...

– İndi necə?.. İnanırsan mənə?

– İndi inanıram, mənim əzizim... İndi görürəm sən məni çox sevirsən. Mənə elə gəlir ki, heç kəs, heç kəsi dünyada belə istəməyə qadir deyil yer üzündə.

– Səni ölənəcən sevəcəyəm, Dünyam mənim. Mənim aləmimdə sevə-sevə ölənlər cənnətlik olurlar, ürəyində odlu-alovlu məhəbbəti olan adamları Allah da o dünyada qır qazanında yandırmır, çünki məhəbbət özü elə yanmaq deməkdi. Şirinliyi də var, acılığı da.

Nəcməddin danışırdı, ancaq Dünyanın fikri ayrı aləmdə idi; o ancaq kişinii səsini eşidirdi, bu gözəl, ürəkdən deyilmiş sözləri ayırd etmir, mənasını anlamırdı. Qəlbində, içində yenə o naməlum, hardan axıb gəldiyi bilinməyən o qəribə işığın oduna isinir, nagüman, qorxu-qarışıq bir sevincin əsrarəngiz gözəlliyini duyurdu.

– Düz demirəm, əzizim?—deyə Nəcməddin ona müraciət edəndə Dünya onun nədən danışdığının fərqinə varmadan qeyri-ixtiyari cavab verdi:

– Düzdü, hamısı düzdü.

Nəcməddin Dünyanın bayaq dediyi «İndiyənəcən... mən istəmirdim» sözlərinin mənasını anlamaq üçün xəbər aldı:

– Bəs... yaxşı... nə cür eləyirdin ki, olmurdu?

Dünya beynindəki fikirləri qovdu, o qəribə işığı iradəsinin gücü ilə söndürdü və ağzını Nəcməddinin qulağına (sanki otaqda başqa adam vardı, eşidəcəyindən ehtiyat eləyirdi) söykəyib nəsə pıçıldadı, kişi güldü.

– Ay sənin!!! — Sükutdan sonra əlavə etdi: — Doğrudan da qadın ürəyi sirli-sehrli bir kainatdır. Ondan hələ heç kəs axıra qədər baş aça bilməyib indiyə qədər.

Dünya fikirli-fikirli cavab verdi:

– Əgər qadın qəlbi sirli-sehrli bir kainat olmasaydı, onda sevmək də, əzab çəkmək də, deməli, yaşamaq da çox maraqsız və cansıxıcı olardı, mənim əzizim.

Naz-nemət içində yaşayan, sevilən, əzizlənən Dünya o gün Nəcməddinə — onu uşaq kimi təmiz bir qəlblə sevən, məhəbbətilə yaşayan, bəzən qabağında sevindiyindən, sevdiyindən gildir-gildir göz yaşı tökən, bəzən öz məhəbbətindən qanadlanıb özünü ilahi sanan Nəcməddinə o sehrli, məşum, təhlükəli işığın şölələri altında fikrən xəyanət elədi. Bunu Dünya özü anladı, bunu da başa düşdü ki, əsl xəyanət əvvəl ürəkdə, beyində doğulur; fikrən edilən xəyanətlə əmələn yerinə yetirilən xəyanət arasında fərq, məsafə çox azdı, bəlkə də heç yoxdu. Əməli xəyanət fikri xəyanətin ancaq və ancaq açıq-saçıq davamıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, dördüncü fəsil

Sədəf Musabəyov qəsəbəsində, hündür, yaraşıqlı evlərlə qabaqqənşərdə, tramvay yolunun o tərəfində ağ daşdan tikilmiş təkotaqlı Mənzildə yaşayırdı, oğlu Rəhimlə birgə... İki pəncərəli bu otağın qabağında balaca həyətyanı sahə vardı. Ləklərdə göy-göyərti əkilmişdi. Qapıya yaxın yerdə, kərpic hasarın dibində basdırılmış söyüd ağacı böyüyüb qol-budaq atmış, yayın tüğyanında bu kiçik ailənin yeganə kölgəliyi olmuşdu.Sədəf həyət-bacaya göz gəzdirdi. Üst-üstə yığılmış köhnə çarpayı başını, əyri təkəri və başqa bir iki para gərəksiz şeyləri görəndə təəccüb elədi:

10 dəq
Birinci hissə, beşinci fəsil

Əqdəmlə Gülmirə dörd yanı gül-çiçəkli, salxım söyüdlü fəvvarənin böyründə oturacaqda əyləşmişdilər. Axşamçağı idi, bulvarda getdikcə bir canlanma əmələ gəlirdi. Dənizdən əsən meh hovuzun ortasından xışıltı ilə göyə millənən fəvvarənin xırdaca damcılarını onların üzünə vururdu. Fəvvarənin dibində yanan göy-yaşıl işıq suların da rəngini yaşıllaşdırmışdı; fəvvarə özü hovuzun qırağındakı, yaşıl budaqlarını aşağı sallamış söyüd ağacına oxşayırdı. Elə bil, hovuzun ortasında da bir söyüd əkilmişdi.Gülmirə ağ donunu geymişdi; təzə gəlinə bənzəyirdi. Özünü Əqdəmin böyrünə qısaraq başını onun ulduzlu paqonunun üstünə qoymuşdu. Nazik, qara məstdən tikilmiş uzunqunc zabit ayaqqabılarının yanında bir cüt qəşək, tökmə ayaq gözə dəyirdi, qızıl suyuna çəkilmiş dikdaban ayaqqabıda...

3 dəq
Birinci hissə, altıncı fəsil

Sərin bahar axşamı idi. Ağ abbasılıqlar kimi göylərə səpələnmiş ulduzların arasında parlayan Ay yuxulu, yorğun göz təki yerə baxırdı. Geniş həyətdə, ucaboylu çinarların arasında qoyulmuş yaşıl oturacaqların birində məhəllənin yeniyetmələri əyləşərək deyib-gülür, zarafat edirdilər. Ağ köynək geyib saçını yana daramış oğlan qıçını-qıçının üstünə aşıraraq gitara çalırdı. Sarı, qalın simlərdən qopan, az qala insan kimi sözləri, kəlmələri aydın deyən titrəyişli səslər bu aprel gecəsinin məlahətini daha da artırırdı. Oğlan başını azca yana əyərək, Nadirənin çox sevdiyi «Gilavar» mahnısını oxuyurdu:Ay gilavar, ay gilavar...

14 dəq
Birinci hissə, yeddinci fəsil

– Ceyhun.– Nədi?

12 dəq

Başqa şairlərin şeirləri