Üçüncü hissə, birinci fəsil
Səhifə 1 / 2
Kaş Ələmdar gəlməyəydi, kaş Simuzər onda evdə olmayaydı, harasa getmiş olaydı, kaş onun o soyuq, ürək yaxan sözlərini eşitməyəydi. Amma hayıf ki, gəlmişdi, demişdi, o da eşitmişdi.
O zaman bir əlilə günahsız və məsum qızın uçurub viran qoyduğu, yerlə yeksan elədiyi, o biri əlilə də yaşına heç cür yaraşmayan o isti nəvazişləri, çılğın öpüşləri ilə tikib qurmağa, ovutmağa, bədbəxtliyini, gərəksizliyini unutdurmağa çalışdığı və unutdurduğu könül dünyasını bu boyda ayrılıqdan sonra, gəlib təzədən xarabazara döndərərək getmişdi. Həmin o məşum gün ⎯ səhər tezdən, hamı yatmışkən, pilləkən qayıdıb yatağına girmiş, çarəsiz-çarəsiz gözlərinin qorasını sıxmış, için-için ağlamışdı. Bir azdan qalxıb süfrə açan, ortalığa çay-çörək qoyub kişiləri səşər yeməyinə dəvət eləyən Səltənət xanım yavaşca sivişib qızının otağına keçmişdi, silkələyib çağırmışdı:
⎯ Qalx, ay ömrüm-günüm! Ay qız, Simuzər!
Amma qız özünü eşitməməzliyə vurmuşdu. Ana onu bir az da bərk silkələyərək dümsükləmişdi:
⎯ Aaaz, ölüm yuxusuna-zada getməyibsən ki! Qalxsana.
⎯ E, qoy yatım. ⎯ Üzünü divara çevirib mələfəni başına çəkmişdi.
⎯ Ay qız, ayıbdı. Dağdan ağır kişi gəlib. Dur, heç olmasa, adam balası kimi bir salam ver, sonra gəl nə qədər yatırsan, yat də.
⎯ …
⎯ Aaz, axı sən belə döyüldün? Nə oldu sənə birdən-birə? Bu kişi gələndən sənin vələdin niyə belə dönüb, ay çərxi dönməmiş? ⎯ Susmuş, nəsə fikirləşib birdən, qorxa-qorxa əlini onun böyrünə qoyub tərpədərək yavaşcadan xəbər almışdı: ⎯ Aaaz, ay günü qara gəlməmiş, yoxsa bu kişiyə vurulub eləmisən, hıy?
Simuzər yerinin içində çırpınmış və qəzəblə:
⎯ Allah vurmuşdu onu! ⎯ demişdi. Ani olaraq ürəyinə axıb dolan bu nigarançılıqdan da qurtaran Səltənət xanım, naəlac qalıb, pərişan halda eyvana çıxanda Ələmdarı ayaq üstə görərək:
⎯ Bıy, bə niyə belə tez, Ələmdar qardaş? ⎯ demişdi. ⎯ Siz heç nə yemədiz ki?
⎯ Hə, yemədi, ⎯ Müseyib də bikef dillənmişdi.
⎯ İştaham yoxdu, Səltənət xanım. Mən səhərlər həmişə bir stəkan acı çay içirəm. Yolçu da yolda gərək. Hava sərinkən gedək…
⎯ Bizdən Sulduz bacıya çoxlu salam deyin. Sən allah, Ələmdar qardaş, bu dəfə gələndə onu da gətirin.
⎯ Yaxşı. ⎯ Ələmdar Simuzərin yatdığı otağın qapısına boylanmışdı. ⎯ Məndən də Simuzərə salam deyərsiz. ⎯ gülümsünmüşdü və ər də, arvad da bu təbəssümdə bir inciklik his eləmişdi.
Ələmdar getmişdi, ancaq öz rəhmsiz əllərilə Simuzərin od vurub yandırdığı ürəyindən qalxan tüstünü görməmişdi, duymamışdı. Maşına minib yola düşən kimi o görüşü, o tənəli sözləri, ani qısqanclığı unutmuş, ağ balığın qarnında salafanın içinə qoyulmuş «Niqolay başları» sanki qara maşının baqajından çıxaraq gəlib onun gözlərini qamaşdırmışdı, yolunu rahat, könlünü xoş eləmişdi.
Simuzər o yatan düz üç gün üzüqoylu yatmışdı; heç nə yeməmiş, heç kəslə danışmamış, atasının-anasının təkidinə baxmayaraq, həkim də çağırtdırmağa icazə verməmişdi. O üç günü qız taleyini götür-qoy eləmiş, Ələmdarın lal Bəhram barədə dediyi sözlər elə hey qulaqlarını deşmiş, ürəyini cırmaqlamışdı. Bəhram canlı-cüssəli, qəşəng oğlan idi ⎯ Simuzərin ucaboy, enlikürək oğlanlardan xoşu gəlirdi. Ancaq axı o lal idi ⎯ onunla necə yaşaya bilərdi Simuzər? Danışmağı, deməyi, gülməyi sevən o, bircə kəlmə kəsməyə belə qadir olmayan Bəhramla necə ömür sürə bilərdi? Bəhram ona, Ələmdar kimi «Sənə qurban olum, Sim», «Sən gözəlimsən mənim, Sim!», «Sənsiz mənim həyatım çox mənasız olardı, gözəlim!» ⎯ sözlərini, şübhəsiz ki, deyə bilməyəcəkdi və əgər deyə bilməyəcəkdisə, onda bu sözləri sərasər yeddi il eşitmiş və bundan əvəzsiz zövq, ləzzət almağa öyrəşmiş Simuzər necə yaşayardı? Bu, həyatmı olardı, ərarvadlıqmı olardı!.. Yox, yox. Bu, cənnətdən çıxıb cəhənnəmə düşmək kimi bir şeyə bənzərdi və Simuzər buna dözə bilməzdi, əsla dözə bilməzdi!
Lal Bəhram söhbətinin ortalığa gəlməsi Simuzəri elə bil ayıltmışdı. İndiyə qədər o, Bəhramı demək olar ki, görməmişdi, daha doğrusu, görmüşdü, ancaq fikir verməmişdi. Onu adam-kişi hesab eləməmişdi. Bəhramla əl-qol işarəsi ilə ⎯ lal dili çox danışmışdı. Əmrlər vermişdi, «filan işi elə», «filan şeyi gətir» demişdi, o oğlan da robot kimi, heç bir səhvə yol vermədən əlüstü həmin işi yerinə yetirmişdi. Və yalnız indi, tək-tənha yerinin içində oturub düşünəndə xəyalının, xatirələrinin, yaddaşının gözüylə görüb başa düşmüşdü ki, Bəhram bu evdə hamıdan çox, ancaq Simuzərin tapşırıqlarını yerinə yetirəndə uşaq kimi necə sevinir, qara, işıqlı, iri gözləri necə parıldayır sevinc içində! İndi-indi yadına salırdı ki, Simuzər Bakıdan qayıdıb gələndən sonra o lal oğlan ⎯ adicə bir əşya, qulluqçu hesab elədiyi Bəhram necə də dəyişib! Qız işə gedəndə də, axşam evə dönəndə də Bəhramı uzaqdan, ya hovuzun, ya qarajın yanında, ya da bağın içində dayanaraq diqqətlə ona baxan, baxışları ilə yola salan və qarşılayan görərdi, lakin buna heç bir məna və əhəmiyyət verməzdi. Çünki Simuzər, lap açığı, onu adam yerinə qoymazdı, ondan utanıb çəkinməzdi ⎯ ona görə ki, o lal idi! «Məgər lal insan deyil? Məgər onun ürəyi, hissləri yoxdu? Məgər onun sevməyə, sevilməyə haqqı yoxdu?» ⎯ Simuzər ürəyində birdən-birə, Ələmdar o sözləri deyərək çıxıb gedəndən sonra doğmuş bu suallardan xoflanmışdı. Niyə indiyəcən o, bu barədə düşünməyib! Təəccüb eləyirdi. «Kim bilir, bəlkə atam Bəhramı elə mənə görə çəkib qanadının altına? Bəlkə elə onun da fikri belədi, hə? Bəlkə atam mənim bədbəxt olduğumu bilir? Bilir? Bilirsə, hardan bilir? Amma atam aləmin çoxbilmişidi! Hiss eləyir bəlkə? Bəs onda niyə susur, niyə o əclafın ⎯ Ələmdarın başını kəsmir? Yox, xəbərsizdi atam, xəbərsizdi yazıq! Yoxsa məni doğrardı, ona da gücü çatmasaydı, məni doğrardı!»
Simuzər bu suallardan yaxa qurtaran kimi, yenə o lal oğlan gəlib dayanmışdı gözlərinin qabağında. «Hm. Qəribədi. Bu bədbəxt məni sevir! Hə, hə, sevir! Necə olub mən indiyəcən bunu başa düşməmişəm? Ələmdar mənim ürəyimi, hisslərimi öldürüb! Ələmdar mənim gözlərimi bağlayıb, dünyaya baxmağa qoymayıb!». Elədi ki, var. Bizə yad bir adam gələndə, kimləsə məni danışıb-gülən görəndə... Bəhram qara bulud kimi dolur! O adama qəribə bir qəzəblə baxır. Heç nə deyə bilmir ⎯ eləcə qəzəblə baxır və gözlərini, sifətini bir kədər bürüyür…» «Yox, Bəhram. Sən belə xam xəyallara nahaq düşmüsən! Mən sənin tayın deyiləm, oğlan! Səninlə mənimki tutmaz!..»
Çırpıntılar, sayıqlamalar içində birdən bir işıq yanmışdı beynində: Ələmdar təcrübəli, görüb-götürmüş adamdı ⎯ o, boş yerə bu lal oğlanı ona dayiq görməzdi. Bəlkə… Bəlkə… O, bu yolla Simuzərin qəbahətinin üstünün heç vaxt açılmayacağını nəzərdə tutub belə məsləhət görmüşdü!.. Bəhram ⎯ laldı, aldığı qızın ⎯ Simuzərin günahkar olduğunu heç kəsə açıb deməyə iqtidarı-imkanı olmayacaqdı!
O, danışa bilmədiyinə görə Simuzərdən haqq-hesab da istəyə bilməyəcəkdi! Qışqıra-qışqıra, gözlərinə qan sağılmış halda: «… Kimdi o əclaf! Kimdi, adını de! Adını de, sənə deyirəm!.. De, onun başını it başı kimi kəsməsəm, mən heç kişi deyiləm!» ⎯ deyə bilməyəcəkdi! Amma lal olanda nə olar? O hər şeyi başa düşəcəkdi ki! «Yox! Lal adamla yaşamaq bu əzablardan da artıq əzabdı!» Amma Ələmdarın acığına Simuzər necə də ərə getmək istərdi indi. Elə lap indi. Bu gün, sabah. Beş gün sonra. Özü də onun acığına, qəşəng, cavan, bəy balasına oxşayan bir oğlana! Pulu da olmasın, evi də olmasın,vəzifəsi də olmasın. Sadəcə cavan olsun, yaraşıqlı olsun. Sevsin Simuzəri. Onda Simuzər həmin oğlanı ⎯ ərini yanına salıb, bir bəhanə ilə Ələmdarın hüzuruna gedər, şəstlə təqdim edərdi: «Tanış olun, bu mənim həyat yoldaşımdı», «Onda baxardım, görərdim necə yanıb-yaxılırsan, görərdim təpəndən tüstü necə göylərə bülənd olur! Axx, səni də yandırardım!»
Və birdən… o uzun, şaqqalı, enlikürək, iki aydan bəri onu hər gün işə gedərkən, yol ayrıcında dayanıb gözləyən, uzaqdan həsrətlə baxan, ancaq yaxınlaşmağa cürət eləməyən oğlan yadına düşmüşdü Simuzərin! Bütün bədəni isinmişdi, ciyərləri elə bil genişlənmişdi, rahat nəfəs almışdı. Kim idi o? Kimin oğluydu? Bilmirdi. Bircə onu bilirdi ki, mədəniyyət sarayında işləyir. Bu il martda, Qadınlar bayramı münasibətilə Rayon partiya komitəsinin təşkil etdiyi yığıncağın rəsmi hissəsi qurtarıb bədii hissəsi başlayanda o oğlan səhnəyə çıxıb qadın haqqında gözəl bir şer demişdi. Onda Simuzərin fikri-xəyalı Bakıda, Ələmdarın yanında olduğu üçün, nə oğlanın adını yadında saxlamışdı, nə də qəşəngliyini görmüşdü. Ancaq sonra, iki ay bundan qabaq o oğlanı hər gün eyni yerdə dayanan görəndə və diqqətlə ona baxdığını hiss eləyəndə xatırlamışdı ki, o həmin şer söyləyən oğlandı. Bir həftə bunu təsadüf hesab eləmişdi. Lakin günlər keçəndən sonra başa düşmüşdü ki, o, elə-belə dayanmır burda. Hətta lap bu yaxınlarda, darvazadan həyətə girəndə qanrılıb geri baxanda onun dalınca gəldiyini görüb əvvəl təəccüblənmişdi, sonra qəribə bir sevinc axıb dolmuşdu içinə və ürəyini titrətmişdi. Və elə bu zaman ona nədənsə elə gəlmişdi ki, bax bu sevinci o, ⎯ Ələmdar Bakıdan, öz kabinetindənmi, evindənmi, bağındanmı baxıb görür ⎯ tez özünü yığışdırmış, ciddiləşmiş və oğlanın qarasınca deyinmişdi də.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-ucuncu-hisse-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qurbanzadələr ailəsinin başına gəlmiş gözlənilməz, ağlasığmaz o fəlakətli gündən altı aydan çox keçmişdisə də, nə ata-ana özünə gəlib, toxtamışdı, nə də milis orqanları.Şübhəsiz, itki böyük itki idi, Salmanın, Nadirənin belini sındırmışdı. Nadirənin o dəhşətli mənzərəni — döşəmənin üstündə donmuş qan gölməçəsinin içində üzüqoylu düşüb çoxdan canını tapşırmış madar balasının quruyub qaxaca dönmüş vücudunu görəndən sonra əsəbləri tamam pozulmuşdu; arvad nə dediyini, nə etdiyini bilmirdi. Elə hey ağlayırdı, öz-özünə danışırdı. Ancaq sözünün nə əvvəli vardı, nə axırı. Nə yas yerinə gələnlər, nə də Salman onun dediklərindən düz-əməlli bir şey anlayırdı. Salman dərdinin ağırlığına baxmayaraq, özünü dəyanətlə aparırdı. Onun ağladığını heç kəs görməmişdi. Görünür, göz yaşları qəlbinə axırdı. Lakin buna baxmayaraq, heç kəsin, heç nəyin əyə bilmədiyi, polad iradəsi və nikbinliyi ilə çoxlarının həsəd apardığı Salman özünün də xəbəri olmadan yaman düşmüşdü, qocalmışdı. Təbiətən oğulcanlı olan, «kişi qırığı» böyütmək istəyən, Ceyhunun oturuşu, duruşu, yaşına uyğun olmayan hərəkətləri ilə öyünən, ondan heç nə əsirgəməyən, «qoy ürəyi necə istəyir, elə yaşasın. Mən çox korluq, sıxıntı çəkmişəm, o, çəkməsin» — deyən Salman heç yatsaydı yuxusuna da girməzdi ki, onu belə tez itirə bilər, sevincdən, qürrədən, «düşmən çəpəri»ndən məhrum ola bilər. Arın-arxayın bağdan qayıdarkən «bu arvadın başını kitablar xarab eləyib, Ceyhuna nə ola bilər!» — deyərək Nadirənin yazdığı qısa kağızı cırıb avtobusun pəncərəsindən yelə verən Salman, evə gələndə gördüyü mənzərəni heç cür həqiqət hesab eləyə bilmirdi, bunu yuxu, yaxud nə isə bir qurğu sayırdı. Ancaq bu həqiqət idi və o, özünü nə qədər aldatmağa çalışsa da, həqiqətin buz kimi soyuq üzünü görməli, olub-keçənlərə inanmalı olurdu. Nadirəni ayaq üstə ölmüş görəndə isə kişi əməlli-başlı sarsılırdı; indi Nadirə elə haldaydı ki, onu tək buraxmaq olmazdı. Bu, Salmanı lap təntidirdi.
İkinci hissə, üçüncü fəsilBaşı nə qədər qarışıq, fikri nə qədər dağınıq olsa da, Nadirə xanım bir şöbə müdiri kimi son vaxtlar öz əməkdaşı Elviranın — Sarışının işdən tez-tez qaçdığını, bazarda-dükanda göründüyünü, ən ümdəsi isə çox pərt və pərişan olduğunu aydın hiss eləyirdi. Nadirə xanım Sarışına bacardıqca hörmət eləməyə çalışırdı— çünki onun anasını — hələ tələbəlik illərindən oxuduğu fakültənin baş laborantı olan, gözəl-köyçək Xəncər xanımı yaxşı tanıyırdı. Hətta bir zamanlar rəfiqəlik də eləmişdilər. Adı nə qədər qəribə olsa da, özü çox mülayim və mehriban idi, xəncərlikdən onda heç bir əsər-əlamət yox idi. Onda Xəncər xanım ərdə idi, deyəsən, əgər hafizəsi aldatmırdısa, əri şəhərdə hansı məktəbdəsə dərs deyirdi. Xəncər xanım fakültədə tez-tez ağlardı — rəfiqələrinə öz dərdini söylərdi. Sən demə, uşağı olmurmuş. Əri Usub da uşaq istəyən olduğundan, tez-tez Xəncər xanımı döyür, gah evdən qovur, gah boşamaqla hədələyirdi. Bir sözlə, Xəncərə göz verirdi, işıq vermirdi. Hətta bir dəfə ürəyini Nadirəyə də açmışdı. Nadirə onun sonsuz kədərlə dediyi sözləri dinlədikdən sonra: «Belə yaşamağın nə mənası var? Ayrıl, Xəncər. Sən hələ cavansan, təzədən ərə gedərsən, uşağın da olar. Yoxsa o, belə, sənin ömrünü göy əskiyə düyüb çürüdər» — deyə məsləhət də vermişdi. Ancaq Xəncər xanım, qətiyyətsiz qadın olduğundan, bu mühüm addımı ata bilməmişdi. Evdən soyumuşdu, evdə sevinc yox idi; səadət yox idi; Xəncər fakültəyə ürəkdən bağlanmışdı — bütün günü fakültədə olurdu, kollektivin arasında gərəkli-gərəksiz işlərlə başını qatmağa çalışırdı. Onda kafedra müdiri, məşhur dilçi alim, professor İbrahim Sultanzadə idi. İbrahim Sultanzadə Xəncər xanıma da dərs demişdi, qabiliyyətli olduğuna, gələcəkdə yaxşı tədqiqatçı olacağına inanan İbrahim müəllim, təhsil illəri başa çatdıqda, onu fakültədə hələlik baş laborant kimi saxlatdırdı. Xəncər, özündən iyirmi beş yaş böyük olan İbrahim müəllimə çox hörmətlə yanaşırdı. Bunun bir səbəbi İbrahimin ona yaxşılıq etməsiydisə, digər səbəbi də İbrahimin də övladsızlıq odunda gizli-gizli yanmasaydı.O vaxt danışırdılar ki, İbrahim öz arvadı Leyla xanımı çox sevir, ona görə ondan ayrılmaq, başqa qadınla evlənmək istəmir.
İkinci hissə, dördüncü fəsilMürşüd axşamçağı işdən qanıqara və pərt gəlmişdi. Onun ağ və girdə sifəti — eynən anasının üzünə oxşayan sifəti qaralıb boğulmuşdu. Bərk ac olsa da, yeməyə həvəsi və iştahası yox idi. Samirə xanım, əynində güllü xalat, əlini ağ dəsmalla silə-silə yemək otağının qapısına gəldi və oğluna yemək təklif etmək istədi. Ancaq onun divanda əyləşib gözlərini bir nöqtəyə zilləyərək fikrə getdiyini görərək sözünü uddu. Yaxın gəlib qonur saçlarını tumarladı. Samirə xanım Mürşüdü çox istəyirdi, ərindən də, böyük oğlundan da. Ərinin xasiyyətindən zəhləsi gedirdi — yaşadıqları otuz il ərzində bircə dəfə də olsa üzbəüz oturub adam kimi söhbət eləmək mümkün olmamışdı. Ya dava-dalaş, ya da tam sükut... adi danışıq, dərd-sər eləmək bu evin bünövrəsi qurulandan buradan qaçaq düşmüşdü. Nurəddin öz kabinetində, pəncərəsi dənizə baxan otağında, yazı masası arxasında oturub kitablarla, əlyazmaları ilə danışanda yaxşı olurdu. Vəssalam. Böyük oğlu da özünə çəkmişdi. Eynən atası kimiydi. Gözəl-göyçək arvadı neçə dəfə ağlaya-ağlaya qaynanasının üstünə gəlmiş, «daha mən dözə bilmirəm, bu adam deyil. Meşədən tutulub gətirilmiş meymun bundan qabiliyyətli olar, ya da tez uyğunlaşar. Yox, mən çıxıb gedəcəyəm atamın xarabasına!» — demişdi. Qabiliyyəti, hər şeyin yolunuyolağını yaxşı bilən, ev, ailəcanlı, bir çox xasiyyətlərində Samirə xanıma oxşayan Solmazın halına arvad acısa da, balasının evinin dağılmasından qorxub təşviş içində ona öyüd-nəsihət vermiş, «döz də, qızım. Daha neyləmək olar? Elədiyinə baxma, ürəyi təmizdi uşağımın. Neyniyəsən ki, xasiyyəti it xasiyyətidi — atasına çəkib. Eh, qızım, sən bilmirsən ki, mən bizim bu kişinin əlindən nələr çəkmişəm. Mənim saçlarımın ağaran vaxtıdı? Amma ağarıb! O ağardıb. Adamın qismətinə nə çıxdı, gərək qane olub otursun!» — Söylədikdə gəlin təəccüblə; «Lap səni çürütsə də?» — deyə soruşmuşdu. «Hə, lap çürütsə də, iki uşaqnan hara gedəcəksən? Kim sənə yiyə duracaq? Heç kim!.. Mən də danlayaram, başa salaram, qızım. Sən mənim ağıllı balamsan, razı olma uşaqların arada-bərədə qalsın».Ancaq Mürşüd... Mürşüd Samirə xanımın ürəyi idi. Başıaşağı, qız kimi utancaq oğlan idi. Ana-balanı atanın kobudluğu daha da mehriban eləmişdi, həmsir, həmdərd eləmişdi. Beş otaqdan ibarət bu balaca, cah-calallı dünyada Nurəddin bir despot idi, Samirə və Mürşüd əli-qolu bağlı bir kölə. Sanki onların heç birinin ağız açıb ürəklərindən keçəni Nurəddinə demək ixtiyarı yox idi. Buna bir həvəs də qalmamışdı...
İkinci hissə, beşinci fəsilQoca Cəfər hər dəfə Gülmirə ilə üzbəüz gələndə onun sıxıldığını, yaraşıqlı, son illər kədərin daha da gözəlləşdirdiyi gözlərini baxışlarından qaçırdığını, danışanda başını aşağı saldığını çoxdan hiss eləmişdi. Lap o, «tarixi iclasdan» — şöbə iclasında Gülmirənin ağzından od saça-saça, boğazını qəhər boğa-boğa çıxış edərək professor Salman Qurbanzadəni «yıxıb sürüdüyü» gündən, Cəfərin Füzuli avtoqrafının taleyini açıb-ağartdığı vaxtdan sezmişdi. Ömründə çox adamlar görmüşdü, çox çətin sınaqlardan çıxmışdı. Cəfər haqsız, vicdansız insanlarla qarşılaşmışdı, Kominin, Maqadanın adamın iliyinə belə işləyən, hərəkətsiz dayanarsa qulağını, burnunu şüşəyə döndərən şaxtasının qılıncı altından sağ-salamat çıxıb gəlmişdi qoca Cəfər. Ancaq həyatın min bir sərt sınağı, heç nə və heç kim onun polad əqidəsini qıra bilməmişdi, xeyirxahlığa, təmizliyə, gözəlliyə olan inamını öldürə bilməmişdi. İlk gənclik illərində, təkatlı faytonla səfalı Mərdəkandan qaynar şəhər həyatına qədəm basdığı çağlarda necə saf, təmiz, mehriban və qürurlu idisə, başı üzərindən qırx ildən çox tufanlı, kəşməkəşli vaxt qanad açıb sürətlə uçaraq keçsə də, yenə eləcə idi. Anası onu şəhərə nə cür göndərmişdisə, indi də, qocalıb saçlarını ağartsa da, eləcə idi — ana uşağı idi sanki. Əlli il bundan qabaqkı kimi, indi də ağlabatmaz, onun təsəvvür dairəsini vurub dağıdan, yaxud ağlına sığışmayan şeylərə uşaq heyrətiylə baxar, qəribə bir şey eşidən kimi «Yox əşşi!» deyib təəccüblənər, əhvalatı təfərrüatı ilə öyrənəndən sonra «Vay sənin!» deyib duruxardı. Əvvəllər yoldaşlarına, düşdüyü məclislərdəki adamlara tez-tez məzəli lətifələr danışıb hamını ürəkdən güldürərdi, xarici yumor nümunələrini toplayıb tərcümə edərək müxtəlif qəzet və jurnallarda çap etdirərdi. İndiyə qədər əl-əl gəzən, vərəqləri oxunmaqdan, çevrilməkdən tökülən, insanlara gülüş və təbəssüm bəxş edən iki-üç kitab da nəşr etdirmişdi. Onun həyatına, güzəranına yaxından bələd olan adamlar təəccüb içində qalmışdılar: həyatı uğursuzluqlarla dolu, ağlı-qaralı günlər görmüş, şəxsi ömrünün kitabına çox az sevincli-gülüşlü anlar yazılmış Cəfər, bədbinliyə qapılmadan, ruhdan düşmədən insanlara gülüş bəxş etməkdən əvəzsiz zövq alırdı. Və bu ləzzət onun öz qəlbini də cavanlaşdırır, çiçəkləndirirdi.Lakin son illər belə şeylərə vaxt sərf eləməyə ürəyi gəlmirdi, bunları «xırda-xuruş» iş sayırdı. Bəlkə bu ondan irəli gəlirdi ki, ömrün qürub çağının yaxınlaşdığını hiss eləyirdi? Hər gün yox, hər saat, hər dəqiqə ona əvəzsiz bir xəzinə kimi görünürdü. «Ömür-gün keçib gedib, ay aman, mən dünyanın çoxunu zarafatla yola salmışam. Görməli, vacib, yadda qalan, yaşada bilən o qədər işlər var ki. Onları qabağa salmaq lazımdı, kişi!» — deyə öz-özünə, kənar bir adama öyüd-nəsihət verirmiş kimi, müraciət edirdi. Odur ki, gecəni gündüzə qatıb çalışırdı, dincliyi tutmayan, bir yerdə qərar tutub üç-dörd saat otura bilməyən bəzi cavanlar onun səbrinə heyran qalıb həsəd aparırdı. Yazıb pozurdu, özündən sonra xoş bir yadigar qoymaq istəyirdi. Əlyazmaları fondunda, Dövlət arxivində qədim cüngləri, bəyazları, topluları, arxiv materiallarını yorulmadan, bezib-usanmadan mütaliə edir, bununla da doymaq bilmir, iştirak etdiyi toylarda, yas məclislərində xanəndələri, mollaları, ağsaqqalları dindirir, şair, şer soraqlayırdı. Bu işi o hələ cavanlıq illərində — Darülmüəllimində oxuduğu zaman başlamışdı. Bakıda və onun ətrafında yaşayıb-yaradan şairlərin, el sənətkarlarının əsərlərini toplayırdı. Arada iyirmi iki il fasilə olmuşdu, ancaq o, bu niyyətindən dönməmişdi. Yığdığı əsərlər üç cild idi. Birinci cild — səksən səkkiz şairin əsərinin toplandığı bu cildi «Deyilən söz yadigardır» adı ilə çap etdirmişdi. Bu, onun həyatında duyduğu ən böyük sevinc idi. O tərəfdə — Maqadanda qırx yaşı tamam olan gün evlənəndə də, ilk övladı — Venera qızı dünyaya gələndə də belə sevinməmişdi. Bu sevincin böyüklüyü onda idi ki, az qala yaddan çıxıb gedən, ürək sözləri, şerləri az qala itib batmaq üzrə olan səksən səkkiz sənətkarı «diriltmişdi» «yaşatmışdı». Hərəsinin iki-üç, ən uzağı beş-on şeri qalmış bu şairləri çətin ki, axtarıb nəşr edən olacaqdı. Cəfərin özünün fikrincə, bu sevincin böyüklüyü bir də onunla bağlı idi ki, şerimizi tarixində ana dilimizdə yazılmış və bizə gəlib çatan yeganə şer təklikdən qurtarırdı. O, şeri Həsənoğlu Xorasan yaxınlığındakı Əsfəraində söyləmişdi. Cəfərin tapdığı şer isə Bakıda yazılmışdı
Başqa şairlərin şeirləri
Ey əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Ya dalaİbtida əlifdən dərsim alanda,“Əlif’dən oxuyub gəldim ya “dal”a.
Maral gözlümAh çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydıNolardı məclisimiz bir dəqiqə xəlvət olaydı,Deyib danışmağa cananilən fərağət olaydı.