Səhifə 1 / 2

Qoca Cəfər hər dəfə Gülmirə ilə üzbəüz gələndə onun sıxıldığını, yaraşıqlı, son illər kədərin daha da gözəlləşdirdiyi gözlərini baxışlarından qaçırdığını, danışanda başını aşağı saldığını çoxdan hiss eləmişdi. Lap o, «tarixi iclasdan» — şöbə iclasında Gülmirənin ağzından od saça-saça, boğazını qəhər boğa-boğa çıxış edərək professor Salman Qurbanzadəni «yıxıb sürüdüyü» gündən, Cəfərin Füzuli avtoqrafının taleyini açıb-ağartdığı vaxtdan sezmişdi. Ömründə çox adamlar görmüşdü, çox çətin sınaqlardan çıxmışdı. Cəfər haqsız, vicdansız insanlarla qarşılaşmışdı, Kominin, Maqadanın adamın iliyinə belə işləyən, hərəkətsiz dayanarsa qulağını, burnunu şüşəyə döndərən şaxtasının qılıncı altından sağ-salamat çıxıb gəlmişdi qoca Cəfər. Ancaq həyatın min bir sərt sınağı, heç nə və heç kim onun polad əqidəsini qıra bilməmişdi, xeyirxahlığa, təmizliyə, gözəlliyə olan inamını öldürə bilməmişdi. İlk gənclik illərində, təkatlı faytonla səfalı Mərdəkandan qaynar şəhər həyatına qədəm basdığı çağlarda necə saf, təmiz, mehriban və qürurlu idisə, başı üzərindən qırx ildən çox tufanlı, kəşməkəşli vaxt qanad açıb sürətlə uçaraq keçsə də, yenə eləcə idi. Anası onu şəhərə nə cür göndərmişdisə, indi də, qocalıb saçlarını ağartsa da, eləcə idi — ana uşağı idi sanki. Əlli il bundan qabaqkı kimi, indi də ağlabatmaz, onun təsəvvür dairəsini vurub dağıdan, yaxud ağlına sığışmayan şeylərə uşaq heyrətiylə baxar, qəribə bir şey eşidən kimi «Yox əşşi!» deyib təəccüblənər, əhvalatı təfərrüatı ilə öyrənəndən sonra «Vay sənin!» deyib duruxardı. Əvvəllər yoldaşlarına, düşdüyü məclislərdəki adamlara tez-tez məzəli lətifələr danışıb hamını ürəkdən güldürərdi, xarici yumor nümunələrini toplayıb tərcümə edərək müxtəlif qəzet və jurnallarda çap etdirərdi. İndiyə qədər əl-əl gəzən, vərəqləri oxunmaqdan, çevrilməkdən tökülən, insanlara gülüş və təbəssüm bəxş edən iki-üç kitab da nəşr etdirmişdi. Onun həyatına, güzəranına yaxından bələd olan adamlar təəccüb içində qalmışdılar: həyatı uğursuzluqlarla dolu, ağlı-qaralı günlər görmüş, şəxsi ömrünün kitabına çox az sevincli-gülüşlü anlar yazılmış Cəfər, bədbinliyə qapılmadan, ruhdan düşmədən insanlara gülüş bəxş etməkdən əvəzsiz zövq alırdı. Və bu ləzzət onun öz qəlbini də cavanlaşdırır, çiçəkləndirirdi.

Lakin son illər belə şeylərə vaxt sərf eləməyə ürəyi gəlmirdi, bunları «xırda-xuruş» iş sayırdı. Bəlkə bu ondan irəli gəlirdi ki, ömrün qürub çağının yaxınlaşdığını hiss eləyirdi? Hər gün yox, hər saat, hər dəqiqə ona əvəzsiz bir xəzinə kimi görünürdü. «Ömür-gün keçib gedib, ay aman, mən dünyanın çoxunu zarafatla yola salmışam. Görməli, vacib, yadda qalan, yaşada bilən o qədər işlər var ki. Onları qabağa salmaq lazımdı, kişi!» — deyə öz-özünə, kənar bir adama öyüd-nəsihət verirmiş kimi, müraciət edirdi. Odur ki, gecəni gündüzə qatıb çalışırdı, dincliyi tutmayan, bir yerdə qərar tutub üç-dörd saat otura bilməyən bəzi cavanlar onun səbrinə heyran qalıb həsəd aparırdı. Yazıb pozurdu, özündən sonra xoş bir yadigar qoymaq istəyirdi. Əlyazmaları fondunda, Dövlət arxivində qədim cüngləri, bəyazları, topluları, arxiv materiallarını yorulmadan, bezib-usanmadan mütaliə edir, bununla da doymaq bilmir, iştirak etdiyi toylarda, yas məclislərində xanəndələri, mollaları, ağsaqqalları dindirir, şair, şer soraqlayırdı. Bu işi o hələ cavanlıq illərində — Darülmüəllimində oxuduğu zaman başlamışdı. Bakıda və onun ətrafında yaşayıb-yaradan şairlərin, el sənətkarlarının əsərlərini toplayırdı. Arada iyirmi iki il fasilə olmuşdu, ancaq o, bu niyyətindən dönməmişdi. Yığdığı əsərlər üç cild idi. Birinci cild — səksən səkkiz şairin əsərinin toplandığı bu cildi «Deyilən söz yadigardır» adı ilə çap etdirmişdi. Bu, onun həyatında duyduğu ən böyük sevinc idi. O tərəfdə — Maqadanda qırx yaşı tamam olan gün evlənəndə də, ilk övladı — Venera qızı dünyaya gələndə də belə sevinməmişdi. Bu sevincin böyüklüyü onda idi ki, az qala yaddan çıxıb gedən, ürək sözləri, şerləri az qala itib batmaq üzrə olan səksən səkkiz sənətkarı «diriltmişdi» «yaşatmışdı». Hərəsinin iki-üç, ən uzağı beş-on şeri qalmış bu şairləri çətin ki, axtarıb nəşr edən olacaqdı. Cəfərin özünün fikrincə, bu sevincin böyüklüyü bir də onunla bağlı idi ki, şerimizi tarixində ana dilimizdə yazılmış və bizə gəlib çatan yeganə şer təklikdən qurtarırdı. O, şeri Həsənoğlu Xorasan yaxınlığındakı Əsfəraində söyləmişdi. Cəfərin tapdığı şer isə Bakıda yazılmışdı

– Bakılı şair Nasir tərəfindən yazılmışdı. Və bu, onun bizə çatan yeganə şeri idi. Cəfər bu kəşfi ilə qanad açıb uçmaq istəyirdi. «Deyilən söz yadigardır» kitabı ona böyük şöhrət qazandırmışdı. Ucqar Bakı kəndlərindən tez-tez adına məktublar gəlirdi. Kiminin babası, kiminin ulu babası, kiminin atası düşmüşdü bu kitaba, minnətdarlıqla dolu bu məktublarda bəzən nəzərdən qaçan başqa şairlər haqqında da məlumatlar verilirdi, Cəfəri yeni-yeni ünvanlara səsləyirdi. Cəfərin o biri kəşfi — Füzuli avtoqrafını tapması isə ona sevincdən çox, qüssə gətirmişdi. Bu kəşfi günün günorta çağı, göz görə-görə əlindən tutub almışdılar. Bunu Salman Qurbanzadə eləmişdi. Bilinməsəydi, Gülmirə bu məsələnin üstünü açmasaydı, bəlkə də bu qədər sındırmazdı Cəfəri, elə bilərdi ki, elmlər doktoru olmağa, akademik seçilməyə, neçə-neçə sanballı kitablar yazmağa gecikdiyi kimi, bu kəşfə də gecikib. Ancaq sonra, üstündən nə qədər vaxt keçəndən sonra məlum olmuşdu ki, bu böyük kəşf də ona məxsusdu. Gülmirə bunu iclasda açıq söylədi, Salmanın gözünün içinə dik dedi. Ancaq nə olsun, bunu beş-on adam eşitdi. Məqalə isə qəzetdə çap olunmuşdu. Gülmirənin imzası ilə. Qəzeti isə milyonlar oxuyur. O məqalə uçdu, getdi — quş kimi. Daha geri qayıtmaz. Çünki yazıya pozu yoxdur. Və Cəfər özünəməxsus sadəlövhlüklə düşünmüşdü ki, burada Gülmirənin heç bir günahı yoxdur. Sadəcə, Salman onu məcbur eləyib. Bir də buna təəssüf eləmişdi ki, dünyanın bu cür dəyişib gözəlləşən çağında necə olur ki, Salman kimi adamlar hələ də qalır. Xəbislik, dargözlük, xəyanət insan övladının həmişə düşməni olub, indi də düşmənidi — onu gözdən salır, alçaldır, «əşrəfi-məxluqat» olmaqdan çıxarıb «əclafı-məxluqat» olmaq bataqlığına yuvarlayır. Bu hikməti başa düşməyənlər belə hərəkətlər eləsə, deyərsən qanmır. Amma axı Salman və onun kimilər bu nəcib hikmətdən, həyatın min illər boyu sınağından çıxmış bu qanunundan xəbərdardılar? Niyə belə eləyirlər?.. Cəfər bu sualın qarşısında aciz idi.

Cəfər Gülmirənin çıxışını eşidəndən sonra keçən bu müddət ərzində — bu, hamıya çox qəribə görünürdü — nə Salmana bir söz demişdi, nə Gülmirəyə. Cəfərin beləcə sükut etməsi, hər ikisinin yaxasından tutub «niyə belə vicdansızlıq eləmisiniz?» deyə silkələməməsi hər ikisini daha çox əzaba salmışdı; hər ikisi

– Salman da, Gülmirə də onun yanında gözükölgəli, diligödək olmuşdu. Salman daha yox idi Cəfər üçün. Bir insan kimi yox idi. Əgər bir alim öz müəlliminin və dostunun əsərini — onun başına müsibət gələndən sonra yaşatmaq, qorumaq çap etdirib əsl sahiblərinə çatdırmaq əvəzinə, öz adına çıxıb nəşr etdirirsə, «mənim kitabım» — deyə öyünürsə, əgər bir alim qələm yoldaşının sevincini əlindən alırsa, o nəinki alim deyil, hətta insan da deyil, müzürdür, alim və insan adına ləkə gətirən zəlil bir varlıqdır. Salmanın oğlu Ceyhun tələf olanda Cəfər hər cümə axşamı yas yerinə getdi, oturdu. Nadirəyə başsağlığı, təsəlli verdi. Salman isə onun ağzına baxa-baxa qaldı. Hətta Gülalı ona bir dəfə dedi: «Yaxşı deyil, Cəfər kişi. Salmana da bir xoş söz de.» Cəfər qəribə bir ədayla: «Yas ana bədbəxtindir, ona yazığım gəlir. Salmanı mən burda görmürəm, yoxdu Salman burda. Və ümumiyyətlə yoxdu Salman»

– deyə cavab vermişdi. Gülalı adəti üzrə, başını bulayıb; «Burda bir balaca səhvə yol verirsən, Cəfər kişi» — söyləmişdi və ürəyindən: «Qəribə xasiyyəti var bunun da» — deyə keçirmişdi.

Ancaq Gülmirəyə münasibətində o, tamam başqa cür idi. O başa düşürdü ki, Gülmirə qurbandı. Salman Cəfəri vurmaq xatirinə Gülmirəni ayağı altına qoyub, ləkələyib. Bunu Cəfər yaxşı anlayırdı və ona görə də, Gülmirəyə kin bəsləyə bilmirdi. Qınayırdı, danlayırdı ürəyində, iradəsizlikdə təqsirləndirirdi, ancaq hardasa bağışlayırdı da onu. «Qadındı, cavandı, nə elədiyini, hansı yola qədəm qoyduğunu düşünməyib dərindən» — deyirdi öz-özünə və onun öz dərdinin — bu qəbahətinin özünə bəs olduğunu da başa düşürdü. Bəlkə də buna görə idi, onun gözünə görünməkdən çəkinirdi; «Qoy utanmasın» — söyləyirdi. Ancaq son vaxtlar hər ikisinə gün kimi aydın olmuşdu ki, bu, belə qala bilməz. Bağlı boğça açılmalı, münasibətlər durulmalı, ürəklər öz sözünü deməli idi. Gülmirə düşünürdü ki, özü yanaşıb danışsın, kişini başa salsın, «daha bu əzaba, sənin beləcə susmağına tab gətirə bilmirəm, Cəfər müəllim» — desin. Cəfər isə fikirləşirdi ki, qız çox sıxılır — olan olub, keçən keçib. Onsuz da dərdli insandı, üstəlik bu da ona bir dərdə çevrilib. Beləliklə, hər ikisi dolmuşdu, boşalmaq üçün məqam lazım idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, səkkizinci fəsil

Zümrəyin yeddisi çıxandan, yasa gəlib-gedənlərin əli-ayağı çəkilib ara seyrələndən sonra, sakit və hüznlü yay axşamlarından birində qəryədar Qulam ağsaqqallarla birgə Cahan arvadın qapısına gəldi. Elməddin də onların arasında idi. Belə yerlərə başıləçəkli getməməli idi. Ona görə Səbihəni götürməmişdilər. Amma Səbihə çox can atırdı ki, minnətə gedən dəstəyə qoşulsun, Cahan arvadın ayağına yıxılsın, yalvarsın, oğlunun günahından keçməsini xahiş eləsin... Lakin qəryədar Qulam məsləhət bilməmişdi. Arvad kəsilə-kəsilə qalmışdı. O biri yandan da Elməddinin Cahan arvadın qapısına getməsi özü də xata idi. Ancaq Elməddin heç nəyə baxmadan getmişdi. Səbihə oğlu qapıdan çıxanda nigarançılıqla dedi:– Oğlu öldürülmüş ana, balası öldürülmüş ilan kimi, canavar kimi quduz olur, bala. Arvadın əlindən xata-zad çıxar, ehtiyatlı ol.

6 dəq
Birinci hissə, doqquzuncu fəsil

İçəridə, pəncərənin ağzında yanan çırağın öləziyən işığı səkidə salınmış süfrənin üstünə düşürdü. Kasalara çəkilmiş şorba soyumuşdu. Üzbəüz oturmuş Səbihə və Əfsanəni fikir aparmışdı. Yusifin başına qəza gələni onlar iştahayla, ürəklə bir loğma kəsməmişdilər. Çörək-xörək ortalığa gəlirdi, amma doyunca yeyən olmurdu.İndi də gəlin-qayınananın boğazından tikə keçmirdi. Nigarançılıq üzürdü. Elməddinin getdiyi bir aydan çox idi. Keçini, inəkləri satmış, qəryədar Qulamdan da on beş min rupi borc götürüb Yusifin işinin dalınca Süleymanşəhrə getmişdi. Bu pulun kifayət etməyəcəyini Elməddin irəlicədən bilirdi, — onunla ölüm işini yuyub-təmizləmək mümkün deyildi. Amma Elməddin yenə getməyi, öz qardaşlıq borcunu imkanı daxilində yerinə yetirməyi lazım bilmişdi. Budur, indi Elməddindən də bir xəbər-ətər yoxdu. Nə təhər oldu, məhkəmə Yusifin cinayəti barədə nə hökm çıxartdı. Bəlkə, allah üzünə baxdı, ölüm hökmü kəsmədilər?

6 dəq
Birinci hissə, onuncu fəsil

Deyirlər, gözləmək ölümdən betərdi. Bu, doğrudu. Bəs arzuları, həvəsləri, ümidləri öldürən dəhşətli ölümün özünü gözləmək necə?? Bir var ki, bilməyəsən o qorxulu kabus səni nə vaxt yaxalayacaq, sinənə çöküb şirin canını alacaq — yuxudamı, yoldamı, iş başındamı? Ölüm hələ əsl siması ilə sənin təsəvvüründə canlana bilmir.Bir də var ki, öləcəyini bilirsən. Bunu sənə rəhmsizcəsinə və ya bəlkə də haqlı olaraq elan eləyiblər. Bax, bu zaman sən ölümün qanla dolu gözlərini aydın görə bilirsən, soyuq, öldürücü nəfəsini üzündə duyursan — rəngin getdikcə ağarır, saralırsan, solursan. Sənin fikrində ancaq bir şey dolanır — ölüm... Məhz bu zamam insan mənən, ruhən, fikrən ölməyə başlayır.

10 dəq
Birinci hissə, on birinci fəsil

Qətl meydanına çoxlu adam toplaşmışdı. Ədnan kəndinin məmə yeyəndən pəpə yeyənəcən bütün camaatı bura yığışmışdı. Bu o yer idi ki, burada Yusif Zümrəyi öldürmüşdü. Cahan arvadın ciddi tələbi və təkidi ilə, Yusif gərək burada öldürülə idi.Əmniyyə idarəsi rəisinin müavini başda olmaqla polis dəstəsi, vilayət məhkəməsinin nümayəndəsi, cəllad Cabbar və həbsxana mollası qətl mərasimini qanun əsasında yerinə yetirmək üçün saat doqquzda gəlmiş, lazımi işləri görmüş, meydanda Yusifin qanı töküləcək çuxuru qazdırmış, polis nəfərlərindəi ibarət dairə yaratmışdılar.

9 dəq

Başqa şairlərin şeirləri