Səhifə 1 / 2

Zərrintacgilin bağlı-bağatlı həyət-bacası, son dərəcə səliqə-sahmanla tikilmiş otaqları, bəzək-düzək Dünya xanımın yaman xoşuna gəlmişdi. Barmağı heyrətdən, təəccübdən azca açılmış dodağının üstündə asta-asta gəzinib hər şeyə baxandan sonra gəlib divanda, qıçlarını altına yığmış Zərrintacın yanında əyləşdi:

– Əntiqədi, Zəri, sağlığınıza qismət olsun. Ha baxdım bircə dənə də eyib tapa bilmədim. Əhsən Nəcməddinin zövqünə. Kişi zövq əhlidi də, daha buna heç nə demək olmaz.

Zərrintac həvəssiz qulaq asırdı. Elə bil bu evin, Dünyanın dediklərinin ona əsla dəxli yox idi. Əsnədi.

– Yuxusuzsan deyəsən, hə, Zəri? Zərrintac əlilə ağzını örtüb:

– Yox! — dedi. — Elə-belə...

– Daha mənə yox də, — deyə Dünya xanım gülüb astaca onun çiyninə toxundu. — Mənə yox də. Yəqin Elməddin səhərəcən səni yatmağa qoymur, hə? Təzə bəy, təzə gəlin...

– Elə deyil, Dünya.

– Bəs nə cürdür, Zəri? Sözlü adama oxşayırsan. Nə olub?

– Heç nə olmayıb.

– Bəlkə Elməddindən narazısan, hə?

– Yox, narazı deyiləm. Ancaq mən deyən adam deyilmiş...

– Niyə axı? Diqqətsizdi sənə qarşı?

– Diqqətsiz də deyil, ancaq, bilirsən, Dünya, gərək bu şairdi, ədibdi — bax bu cür adamlar gərək evlənməsin.

– Boy, bu da təzə çıxdı? Niyə evlənməsinlər, Zəri? Bəs o yazıqlar adam deyillər?

– Adam olmağına adamdırlar. Ancaq bilirsən, onların fikri-zikri elə kağız-kuğuzda, qələmdə, stolda olur. Səninlə danışır, bir də görürsən, fikri ayrı yerdədi, öz aləmindədi. Girirəm yerimə gözləyirəm, gözləyirəm, o, hələ stolundan qopmur. Çağırıram, deyirəm yorulmadın, əldən düşmədin — gəl yat da. Deyir, bu saat gəlirəm, gülüm. Sonra görürsən yadından çıxır, məni də yuxu aparır. Gecəyarıdan keçəndə, bəzən də xoruzun ilk banı bir də görürsən gəldi girdi yanıma, küçük kimi boyun-boğazımı, ağzımı yalamağa başladı. Onda da yuxulu-yuxulu cin vurur başıma, itə dönürəm. Üzümü çevirirəm divara, ya da zəhərləyirəm.

– Eh bundan sarı qanın qaradı? Ay səni, Zəri. Ay qız, sən bilirsən ki, o, şairdi, yazı-pozu adamıdı, o gərək yazsın, yaratsın. Sənə gül kimi şerlər yazır ha, onlar elə-belə, göydən düşmür ey, Zəri. Onları gərək fikirləşəsən, oturub yazasan. Yoxsa elə-belə, şair olmaq olmaz ki, Zəri.

– Eh, onun şairliyi mənim nəyimə gərəkdi, Dünya? Mənə adam lazımdı, ər lazımdı, oturub danışmağa, dərdləşməyə bir qulaq həyanı lazımdı, bilirsən?

Dünya təəccüblənirdi ki, Nəcməddin kimi əhli-zövq bir kişinin qızından belə sözlər eşidir. Doğrudan da Nəcməddin şeri, musiqini, gözəl rəsm əsərlərini necə böyük bir məhəbbətlə sevirdi və bəlkə elə bu gözəlliyə məftunluq hissi idi ki, onu belə gümrah, qəlbən cavan saxlamışdı. Bəli, yəqin ki, belə idi. Dünya ərinin bu cəhətini çox qiymətləndirirdi. Ona xoş gəlirdi ki, Nəcməddin məhz belə adamdı, ürəyincə olan adamdı. Çünki Dünya özü də bu hisslərlə yaşayan qadın idi. Və o, bunu əvəzsiz bir nemət hesab eləyirdi.

İndi, Zərrintac gör nə danışırdı, «onun şairliyi mənim nəyimə lazımdır?» — deyirdi, Aman allah, onda Elməddinin günü necə olacaqdı?

– Deyirsən gül kimi şerlər yazır...

– Bəs nədi, yazmır? Mən ölürəm o şerlər üçün, kişini elə hey məcbur eləyirəm ki, Elməddindən şer alsın, gətirsin oxusun mənə. Hələ tapşırmışam şersiz gələndə mənimlə işin olmasın. Sən isə, şadlığına şitlik eləyirsən, Zəri? O, böyük adam olacaq, sənə yazdığı şerlər kitabda çıxacaq, əl-əl gəzəcək, hamı deyəcək o şerlər həsr olunmuş qadın dünyanın ən bəxtəvər qadınıdı.

Zərrintac ah çəkdi:

– Mənə elə gəlir ki, o şerləri mənim haqqımda yazmır, Dünya.

– Sənin haqqında yazmır? Bəs kimin haqqında yazır?

– Öz əvvəlki sevgilisi barədə yazır, Dünya. Onların mənə bir dırnaq boyda aidiyyəti yoxdur. Ürəyim mənə belə deyir, Dünya.

– Dəli olma, Zəri. Əvvəlki sevgilisini o çoxdan unudub yəqin. Unutmasaydı, heç sənə evlənməzdi.

– Evlənərdi. Hazırın naziri olmaqdan hansı axmaq qaçar? Ona ev-eşik, iş lazım idi. Atam da verdi. Hələ üstəlik məni də verdi.

– Atan səni zorla vermədi ki, ona. Özün istəyirdin Elməddini, sevirdin onu. Nə tez doydun, heç beş ay deyil evlənmisiniz?

– Yenə də sevirəm, Dünya. Mən demirəm ki, istəmirəm onu... Ancaq o, şeri məndən çox istəyir, ona görə acığım gəlir...

– Nahaq yerə! Elməddin yaxşı oğlandı, ağıllı, mərifətli. Sən onun qədrini bil, qız, hər qadına belə səadət nəsib olmur, Zəri.

– Nə bilim, Dünya, yaman pərişanam, heç bilmirəm niyə belə axmaq iş tutdum.

– Heç də axmaq iş tutmayıbsan, Zəri. Baxarsan, öyrənəcəksən, isnişəcəksən, inan. İndi təksən, bir azdan uşağın olacaq, başın qarışacaq, hər şey əla olacaq.

– Yox, nə danışırsan? İndidən uşağı neyləyirəm, qoy oturmuşuq, sən allah. Əl-qolumu bağlayım, nə var-nə var, uşaq böyüdəcəyəm.

– Elməddinə demisən bu barədə?

– Demişəm.

– Nə deyib?

– Ağzı nədi bir söz desin. Mən nə dedim o da olmalıdı. Çox da bərk durmadı, dedi — necə istəyirsən, elə də olsun.

– Görürsən, yenə Elməddindən narazılıq eləyirsən. Ayrı kişi çətin razı olardı. Uşaq evin, ailənin, ata-ananın sevincidi, Zəri. Sən bunu hələ bilmirsən, amma allah qoysa ana olandan sonra başa düşəcəksən.

– Yox, indidən əl-qolumu bağlamaq istəmirəm, hələ özümüzçün yaşamaq istəyirəm. Uşaq olandan sonra isə adam özü üçün yox, övladı üçün yaşayır. — O, Dünyanın qarnına işarə elədi. — Salamatlıq olsun, özün görəcəksən ki, mən düz deyirəm.

– Bəlkə də bu belədi; ancaq mən ayrı cür düşünürəm, Zəri. Mən uşaq istəyirəm, elə istəyirəm ki, bilmirəm sözlə necə başa salım səni. İnsanın ki övladı olmadı, o, barsız ağaca bənzəyir, məncə.

– Eh, nə isə. Yaşayarıq, görərik, sağlıq olsun, — deyə Zərrintac söhbəti dəyişmək üçün ayağa qalxmaq istədi, — çaydan daşdı, sənə bir çay dəmləyim.

Dünya çiynindən basıb oturtdu:

– İçmirəm, Zəri. Bir az bundan qabaq içmişəm. — Nə xatırladısa güldü, içmirəm dedim, yadıma Əbdül düşdü.

– Nə olub ki, Əbdülə?

– Heç nə olmayıb. Ancaq qibləgahın yazığı o gün zorla içirtdi.

– Yox a?

– Vallah.

Sonra o, əhvalatı yerli-yataqlı Zərrintaca nağıl elədi, Zərrintacın kefi duruldu.

– Daha denən yazığa zülm eləyib də qibləgahım. Kefləndi?

– Kefləndi də sözdü? İki-üç qədəh içəndən sonra Əbdül başladı heç nədən ağlamağa, əlini qaldırıb Allaha yalvardı ki, keç günahımdan, xudaya! Beş-on dəqiqə keçməmiş kişinin gözləri qurudu və başladı gülməyə. Dəli kimi elə öz-özünə gülürdü. Biz də baxıb ona qoşulmuşduq. Qibləgahım dedi ki, o gün Zərrintacın toyunda əla oynayırdın ha, Əbdül. Əbdül hırıldaya-hırıldaya cavab verdi ki, istəyirsən, ağacan, elə indi də oynaya bilərəm. Oyna! — dedi. O da qol qaldırıb çalğısız-filansız bir sındırmağa başladı ki, gəl görəsən... Nə başını ağrıdım, Əbdül, o lal-dinməz, dindirməsən danışmayan Əbdül bizə bir kef verdi ki, haçandan belə ləzzətlə gülməmişdik, Zəri. Sonra yorulub əldən düşdü, getdi yatdı.

Amma əslində belə olmamışdı. Dünyaya əvvəlcə Əbdülün içməyi maraqlı gəlirdi. Görəsən içsə necə olar? Oruc tutan, namaz qılan adamın içki içməsi heç ağlabatan işə oxşamırdı. Dünya bilirdi ki, içməz Əbdül. Həqiqətən də imtina elədi. Hətta ölüm qorxusu ilə Nəcməddin onu hədələyəndə də «içmirəm!» deyib durmuşdu. Vəziyyətin gərginliyini görən, ərinin həddən artıq sərxoş olduğunu başa düşən Dünya can alan, işvəli gözləri ilə «iç» deyəndən sonra içmişdi Əbdül. Ancaq tez məst oldu, oyun çıxartdı və bu, əvvəl Dünyanı əyləndirdisə də, az keçmiş acığına gəldi: hələ deyəsən qüruruna da toxundu, Nəcməddinə acığı tutdu. Ürəyinin dərinliyində qəribə bir hiss baş qaldırdı Dünyanın... varlısan, milyonersən deyə, camaatın başında qoz sındıracaqsan? Axı o da insandır, onun da ürəyi, mənliyi var!.. Dünya yenə baxışları ilə Əbdülə işarə elədi ki, çıx get! Əbdül bu sözsüz-səssiz əmri kirimişcə anlayıb yerinə yetirdi və kölgə kimi uzaqlaşıb getdi, həyətin o başındakı balaca hücrəsinə qapılıb qapını da içəridən bağladı. Bir də axşamçağı çıxdı Əbdül.

– Qibləgahımın da at getməz yolları-işləri var. Ağlına bir şey gəlməsin, gəldimi, qurtardı. Onu eləməyincə sakit oturan deyil.

– Hə, o elədi. Bir tərəfinə baxanda, Zəri, belə yaxşıdı. Kişi gərək elə o cür olsun, qətiyyətli olsun, mənim belə kişilərdən xoşum gəlir. Mən Nəcməddini bu sifətlərinə görə çox istəyirəm, Zəri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, birinci fəsil

Xoşbəxtlər üçün zaman hiss olunmadan ötüb keçir, bədbəxtlər üçün isə… Bədbəxtlərin saatının əqrəbinin ucundan sanki ağır daş asılır, dəqiqələr saatlar, saatlar günlərə, günlər aylara, aylar illərə dönüncə yaddaşın az qala bağrı çatlayır, ürəyi çərləyir, həvəslər daralır, hətta ömür də yanıb-yanıb qurtarır bəzən.Nəzər bu gün altı il idi ki, burada-həbsxanadaydı və ona elə gəlirdi ki, altımış ildir buradadı, elə burada anadan olub, burada böyüyüb, burada qocalıb. Bu altı ildən o yana heç nə olmayıb-nə anası Səlminaz arvad olub, nə komsomol keçib, nə Əfzəl Əliyevlə qaçaq tutmağa gedib, nə universitetdə oxuyub, nə müharibədə olub; Bəlkə də xanım da olmayıb, uşaqları da olmayıb. Heç nə olmayıb. Yox imiş heç nə. Bütün bunları yuxuda görürmüş yəqin, yaxud xəyalında yaradıbmış…

4 dəq
Dördüncü hissə, ikinci fəsil

Nəzər altı il idi ki, burada – bu ağzıbirdəydi və bu altı ildə beş il universitetdə, altımış iki il o azad dünyada yaşaya-yaşaya öyrəndiklərindən, götürdüklərindən qat-qat çox şey görüb öyrənmişdir. Sən demə, o, heç nə bilmirmiş, dünya deyilən, bir gözü ağlayan, bir gözü gülən bu qəribə aləmi tanımırmış. Sən demə arvadı Bikə, oğlu Qərib: Sən kitablarla yaşayırsan, kişi həyat kitablarında yazılan, göstərilən kimi deyil, kişi! – deyəndə haqlıymışlar. Bir ömür özümü də, dərs dediyim o uşaqları da aldatmışam. Bu dünyanı olduğu kimi onlara tanıtdıra bilməmişəm. Hardan tanıtdıra bilərdim ki, heç özüm onu yaxşı tanımırmışam. Ədalətdən, insafdan, təmizlikdən, vicdandan, namusdan danışmışam ömrüm boyu, yeni insan tərbiyə eləməyə çalışmışam ömrüm boyu. Zülm, haqsızlıq, zorakılıq, ədalətsizlik, ağaqul qaldı iyirminci ildən o yana.» – demişəm, özüm inanmışam buna, başqalarını da inandırmağa çalışmışam. «Dünyanın ən ideal, ən təmiz cəmiyyətidi, sovet adamı isə dünyanın ən kamil insanıdı.» - demişəm və bu fikri başqalarına da aşılamaq üçün nə az, nə çox, düz qırx il boğaz yırtmışam, aman allah! Məgər Mikayıl, Şakir, Müseyib, İsrayıl, İsrafil, Ağayev, Süleyman, Xuduş, Hilalov və bax, bu hündür hasarlı həbsxanada oturanların çoxu mən bədbəxtin xəyalında yaratdığı, təsəvvüründə canlandırdığı, təbliğ elədiyi «Sovet adamı»dı?Bura – həbsxana o uca hasarın o üzündəki böyük və rəngarəng dünyanın daha maraqsız, daha çirkin və daha dəhşətli kiçik bir nümunəsi idi. Orada, heç olmasa bir gözəllik vardı, sevinc də olurdu hərdən-birdən, sən sərbəst idin, hara istəyirdin, kimin yanına istəyirdin, gedə bilərdin. Ancaq burada…Yox, burda nə sevinc var, nə sərbəstlik var, ola da bilməz olmamalıdır da. Bura düşənləri daha adam hesab eləmirlər, onlara adam olduqlarını unutdurmağa çalışırlar. Bu dörd divar arasında olan beş il, on il ömür sürməyə məcbur olanlar, burdan çıxandan sonra adam kimi yaşaya bilmirlər, tərcümeyi-hallarındakı, alınlarındakı ləkə, damğa onların tək özlərini yox, nəslini də oğul-uşağını gözü kölgəli eləyir, azad, sərbəst yaşamağa qoymur. Yəqin helə buna görədir ki. Bir çoxu o azad dünyada yaşaya bilmədiyindən təzədən qayıdıb o dörd divar arasına düşür. Bu altı ildə Nəzər neçə beləsini öz gözləri ilə görmüşdü və ürəyi ağrımışdı. Nəzər bunu da başa düşmürdü ki, o azad dünyada olduğu kimi, burada da pullular, qoluzorlular, zəiflər,pulsuzlar, vicdanlılar, vicdansızlar var. Qumar əxlaqsızlıq, morfi… hər şey var, hər şey… Nəzəri bu, hər şeydən çox təcübləndirirdi ki, orda adamlar rüşvət aldığına görə tuturlar, ora göndərirlər. Deməli, rüşvət pisdi. Amma burada da Nəzər rüşvətin ayaq tutub yeridiyini görəndə yer ayağının altından qaçırdı. Qapıçı rüşvət alır, nəzarətçi rüşvət alır. Pulun varsa, səni ağır işə göndərmirlər. Pulun varsa, sənə ayrıca otaq ayırırlar, rəngli televizor verirlər, arvadın gəlib yanında qala bilər. Pulun, adamın yoxsa, ümumi barakda, otuz-qırx adamın arasında, çirkin, üfunətin içində yaşa! Yaşa görüm necə yaşayırsan! Eşitmişdi ki, həbsxanaların, məhbusların özlərini xüsusi, yazılmamış qanunları var, amma inanmamışdı. İndi inanırdı.Buna elə o vaxt, altı il bundan qabaq, qarlı bir qış günü, şər qarışan vaxtı gətiriləndən az sonra, yekəpər nəzarətçi onu qabağına qatıb iyirmi birinci baraka salandan bir saat keçməmiş inanmışdır Nəzər.

16 dəq
Dördüncü hissə, üçüncü fəsil

Bu gün qəribə gün idi — onun ad günüydü. Yəqin Bikə xanım evdə tək-tənha, ürəyində, yada qızlarının birinin yanında təmtəraqsız, sevincsiz ya da eləyirdi bu günü. Bəxtəvər çağlarında bu gün tezdən, yerindən qalxanda cavanlıq illərindən adət elədiyi kimi, Bikə gəlib ərinin alnından öpərdi və gülə-gülə:– Böyük oğlan olasan, Nəzərim. – deyərdi. Qocalanan bura düşməmişdən qabaqkı il də Bikə elə belə demişdi:

15 dəq
Dördüncü hissə, dördüncü fəsil

…Bu gün doğrudan da qəribə gün imiş …Nəzər dəftərxanadan lazımi sənədləri almış, Şirinlə qardaş kimi qucaqlaşıb öpüşmüş: «Səni ömrüm boyu unutmayacağam, Şirin.»-deyib and içmiş, kluba gəlmiş, ortada dayanıb son dəfə dər-divarı gözdən keçirmiş, bu illərdə dostlaşıb qaynayıb-qarışdığı, indi işdə olan iki dostluq yoldaşına məktub yazaraq vidalaşmışdı.

3 dəq

Başqa şairlərin şeirləri