İkinci hissə, on ikinci fəsil
Darvazanın yanında siqnal səsi verildikdə Əbdül namaz qılırdı. Namazı yarımçıq qoymaq olmazdı, ancaq çarəsi nə idi — «Allahü əkbər!» — deyib ayağa qalxdı və qaça-qaça gedib darvazanı açdı. Ağayi Nəcməddin maşını içəri salanda Əbdül adəti üzrə əlini sinəsinə qoyub baş endirdi və lay qapıları örtüb bağladı. Nəcməddin maşından düşdü. Səndirləyirdi, sərxoş idi. Kefi kök idi.
– Hə, Əbdül, nə təhərsən eyyy? — deyə uzada-uzada nökərin halını soruşdu — Neynəyirdin?
– Heç, ağa. Namaz qılırdım.
– Ba, nə pis iş oldu, namazın batil oldu ki, ay yetim.
– Neyniyim, ağa... Təzədən qılam gərək...
Nəcməddin həyətin ortasında dayanıb əllərini belinə qoydu. Səsə Dünya xanım eyvana çıxmışdı, ortada pəhləvan kimi dayanıb güləşməyə adam axtarana oxşayan ərinin duruşundan anladı ki, kişi o ki var, içib, ərşnən-kürşnən əlləşir. Nəcməddin altdan-yuxarı arvadına baxıb qımışdı:
– Necəsən, mənim mələyim? Yəqin yenə yatmışdın, hə?
– Hə! — Dünya xalxallarını çıqqıldada-çıqqıldada pilləkənləri endi, yanına gəldi: — Yenə harda içmisən, Nəcmi?
– İçmişəm?
– Hə də.
– Lap az içmişəm, Dünya.
– Necə az içmisən, ayaq üstə dayana bilmirsən, kişi? Kimnən içmisən? — Nəcməddin irəli yeriyib Dünyanın balaca burnuna bir yüngül çırtma vurdu:
– Kimnən içəcəyəm! Ağayi Elməddinlə, qızım Zərrintac xanımla.
– Hə? — Dünya sevindi. — Ora getmişdin? Necədilər?
– Lap əla! Yaşayırlar özləri üçün.
– Bəs məni niyə aparmadın, Nəcmi?
– İstəyirdim gələm səni də götürəm, ancaq tənbəllik elədim, doğrusu. Səni gələn dəfə apararam...
– Necə dolanırlar təzə bəylə, təzə gəlin?
– Evin sirrini bilmək olmaz, Dünya. Zahirdə yaxşı idilər, batini bilmirəm.
– Batində də yaxşı olarlar, inşallah... — deyə nədənsə nigaran olduğunu duyan Dünya ona təsəlli verdi. — Elməddin elə oğlandı ki, onunla dolanmaq olar. Lap dünyanın o başına da getmək olar, Nəcmi.
– Sənin sözündən belə çıxır ki, mənim qızım pisdi?
– Yox! Əstəğfürullah, Nəcmi. Pis niyə olur sənin qızın? Yəni demək istəyirəm ki, evdə əsas kişidi — kişi yaxşı oldusa, o evdə xeyir-bərəkət olar, ürəkbulandıran söz-söhbət olmaz... Zərrintac ağıllı qızdı, özü də oğlanı çox istəyir, mən inanıram ki, onlar xoşbəxt yaşayacaqlar.
– Təki olsun, Dünya. Elə nigaranam ki... Sən bilirsən mən bu it qızını çox istəyirəm, ən böyük arzum onu xoşbəxt görməkdi, Dünya.
– Elə də olacaq, Nəcmi, heç darıxma. Bir də indi evlər, ailələr ən çox bilirsən niyə dağılır?
– Yox! Niyə dağılır?
– Kasıblıq ucundan, Nəcmi. Kasıblıq qapıdan girəndə, arvad pəncərədən çıxar — deyirdi rəhmətlik nənəm. Sənin qızın, damadın isə bu sarıdan təmin olunublar. Daha burda nigaran olmağa dəyməz.
– Nə bilim. Mənə elə gəlir ki, əsas ürəkdi. Məhəbbət olmayanda, ailə daha tez dağılır, məncə. Bax, biri sən. Sən məni sevməsən, qalarsan yanımda?
Bu gözlənilməz sual bir anlığa Dünyanı çaşdırdı, ancaq o, özünə xas ustalıqla təxirsiz cavab verdi:
– Qalaram. Sənin kimi kişini hansı arvad qoyub gedər? Mən sənin qulunam, Nəcmi? Mən ölənəcən səninəm.
– Mən, ya sən?
– Başa düşmədim. Necə yəni «mən, ya sən?».
– Mən ölənəcən mənimsən, ya allah eləməsin, sən ölənəcən mənimsən?
– Kişiyə bax ey, gör nə danışır sən allah? Hər iki halda səninəm, sən ölənəcən də, mən ölənəcən də!
– Demək, işdi, mən ölsəm, yenə mənim olacaqsan, eləmi?
– Əlbəttə, saçımın birini ağ hörəcəyəm, birini qara, yenə sənin olacağam.
– Heç kəsin yox?
– Heç kəsin yox!
Dünyanın bu sözləri Nəcməddini təzədən bəxtiyar elədi və xəzinə tapmış yoxsul adam kimi hədsiz-hüdudsuz bir sevinc içində irəli cumub Dünyanı qucaqladı, ayaqlarını yerdən üzdü və fırladı. Elə fırladı ki, gəlinin donu çətir kimi açıldı.
Dünya:
– Ədə, yavaş, neyləyirsən? Qol-qabırğamı sındırdın. Burax məni, — deyəndə o dayanıb qızı yerə qoydu və dodaqlarından öpdü:
– Sənə qurban olum.
Namaz qıla-qıla bayaqdan gözucu onlara baxan Əbdülün səsi eşidildi:
– Allahu əkbər! Allahu əkbər.
Nəcməddin bu səsə əhəmiyyət vermədi, gedib ağacın altındakı uzun oturacaqda əyləşdi. Dünya isə Əbdülün səsindəki əsəbiliyi duyub özünü yığışdırdısa da, zahirən buna heç bir əhəmiyyət vermirmiş kimi Nəcməddinin yanına gəldi. Nəcməddin yaylıqla alnının tərini silib dedi:
– Sən canın, bura bir az yemək-içmək gətir. Havada yaxşıdı, elə həyətdə oturaq.
– Baş üstə.
Heç beş dəqiqə keçməmiş Dünya üstünə müşəmbə salınmış stolun üstünə xörək gətirdi. Piyalə bir dənə idi. Nəcməddinin gözündən qaçmadı bu: — Bəs, piyaləni bir dənə niyə? — Mən içməyəcəyəm.
– Niyə?
– Olmaz! Sənə o dəfə demədim daha mənə olmaz? — deyə o baxışları ilə qarnına işarə elədi.
– Hə, hə. Bağışla sən allah. Amma hər halda birini də gətir. Elə-belə, rəmzi. Qoy sənin badənə vurub içim:.
– Yaxşı. Amma sən allah, özün də az iç, Nəcmi. Qabağını da içibsən axı.
– Baş üstə..
Dünya ikinci qədəhi də gətirdi. Nəcməddin piyalələri doldurdu:
– Otur, mənim əzizim!—dedi Dünyaya. Dünya bayaqdan ona diqqət yetirirdi. Kişi onun sözlərindən lap məst olmuşdu. Təpədən dırnağa bütün vücudu, hətta gözləri də, tükləri də bəxtəvər idi Nəcməddinin. — İnsan qəribə məxluqdu, — deyə Dünya fikirləşirdi, — öləndən sonranı da düşünməkdən əl çəkə bilmir. Sən öləndən sonra nə fərqi var mən sənin oldum, ya olmadım. Bu fikirlə barışmaq istəmir ki, daha sənin deyiləm. Ondan olsa elə özü ölən günü məni də öldürər ki, başqasının olmayım.. Yəqin bu da məhəbbətdəndir, ancaq məhəbbətdən. Düzdü, burda bir az xudpəsəndlik də var, ancaq məhəbbət xudpəsəndlikdən çoxdu, böyükdü. Bəs onda görəsən ölərkən, yaxud həmişəlik ayrılarkən öz sevdiklərinə «get, xoşbəxt ol, mən sənin xoşbəxtliyini arzulayıram, sən xoşbəxt olsan, mən də xoşbəxtəm!» — deyənlər necə? Onları necə başa düşmək lazımdır? Görəsən bu iki qisim adamın hansı daha çox sevir?» — Dünya öz aləmində bu suala cavab tapmamış Nəcməddinin səsi onu fikirdən ayırdı:
– Sağ ol, əzizim, sənin sağlığına içirəm. Dünya düzəliş verdi:
– Sənin yox, sizin. Mən tək deyiləm ki, — deyə nazla gülümsündü, badəsini onun badəsinə vurub yerə qoydu.
– Hə, hə! Sizin sağlığınıza içirəm, — dedi tələsik Nəcməddin. Və yenə gözəgörünməz sevinc dalğası onun üzünü, gözlərini işıqlandırdı.
– Şer gətirmisən?
– Şer? Hə... Yox, yox. Gətirə bilmədim. Elməddinin böyür-başına çox keçdim, dedi yazmamışam.
– İndi onun şer yazmağa vaxtı hardaydı? Hələ uzun müddət şer yazmaq yadına düşməz Elməddinin.
Əbdül namazını qılıb qurtardı, maşını yumaq üçün bu tərəfə keçəndə Nəcməddin onu gördü:
– Əbdül?
– Bəli, ağa!
– Bura gəl!!
Əbdül tələsik stola yaxınlaşdı:
– Bəli, ağa. Eşidirəm.
– Otur!
Əbdül qorxa-qorxa gözlərini Nəcməddinə zillədi. Tərpənmədi. Dünyaya isə heç baxmırdı.
– Eşitmirsən, deyirəm otur! — Əbdül dizini qoyub yerdə oturmaq istərkən Nəcməddin şaqqanaq çəkib güldü: — Orda yox, süfrə başında.
– Ağa...
– Otur, otur... Bu gün bizimlə çörək yeyəcəksən. Toy günü ki sən elə oynadın, yaman xoşuma gəldi, otur çörək ye bizimlə...
– Ağa, mən naharımı eləmişəm.
– Ağanla bir-iki tikə yeyərsən...
– Lütfün artıq olsun, ağa. Ancaq mən...
– Uzun danışan adamdan zəhləm gedir. Otur. Əbdül çarəsiz qalıb ağayi Nəcməddinin, Dünyanın qarşısında əyləşdi.
– Hə, bismillah...
Əbdül süfrəyə baxdı. Yumşaq təndir çörəyindən bir tikə qopardı, göyərtidən götürdü. Nəcməddin Dünyanın badəsini onun qabağına qoyanda Əbdülün boğazı qurudu, tikəsi ağzında qaldı.
– Ağa...
Nəcməddin güldü:
– Birinci badəni Dünya xanımgilin, — bu dəfə səhv eləmədi, — sağlığına içmişəm. Bu badəni sənin sağlığına içəcəyəm. Götür.
Əbdülün rəngi ağardı. Qara, dərisi çat-çat olmuş əli əsdi, qonur, kədərli gözləri böyüdü.
– Ağa, siz nə danışırsınız... Mən müsəlmanam...
– Gədə, pədər süxtə, bəs biz kafirik?
– Yox, ağa. Yəni demək istəyirəm ki, mən oruc tuturam, namaz qılıram. Ağa, başına dönüm, mən ömrümdə ondan dilimə vurmamışam.
– Mən də nə zamansa vurmamışdım, Əbdül. Görürsən az qala otuz ildi asta-asta içirəm, hələ ölməmişəm...
– Ağa, ayağının altında ölüm, məni günaha batırma, çevir o tək balanın başına məni, günaha batırma.
– Günahın mənim boynuma. Yəni deyirsən mən, ağayi Nəcməddin bir sənin də günahını boynuma götürə bilməyəcəyəm? İç!
– Yox, ağa. İncimə, içməyəcəyəm.
– İçməyəcəksən?!
– Yox, başına dönüm, ağa, içməyəcəyəm.
Bayaqdan bu söhbətə qulaq asan, gözlərini Əbdüldən çəkməyən Dünya şən-şən uğunub gülürdü və bu məzəli söhbətin axırının nə ilə qurtaracağını gözləyirdi. İşin ciddiləşdiyini görən Dünya ərini dümsüklədi:
– İşin olmasın onunla, Nəcmi!
– Yox, içəcək, Dünya. Mənim ürəyim istəyir ki, o da dünyanın bu gözəl nemətindən dadsın, Yoxsa bu cahana eşşək kimi gəlib, eşşək kimi kedəcək bizim bu Əbdül.
– Qurban olum, ağa, içməyəcəyəm.
Söz ağzından qurtarmamışdı ki, Nəcməddin əl atıb arxa cibindən balaca tapançanı çıxartdı:
– İçməsən vuracağam, Əbdül.
Əbdül qorxu, təşviş içində ayağa durdu:
– Vur, qurban olum, ağa, ancaq içməyəcəyəm.
– Bax, üçəcən sayıram, bir... Əbdül hirslə:
– İçməyəcəyəm!—dedi və böyümüş gözlərini bayaqdan bəri ilk dəfə dolandırıb oğrun-oğrun Dünyaya, imdad istəyirmiş kimi baxdı.
– İki.
Dünya bu an vəziyyətin gərginliyini, ərinin çılğınlaşdığını görüb baxışları ilə Əbdülə «iç» işarəsi verdi. Vaxt az idi, cəmi bir-iki saniyə qalmışdı. Həm də Əbdülün fikri elə alt-üst olmuşdu ki, daha ayrı şeylər barədə düşünməyə imkanı yox idi. Bəlkə səhv başa düşmüşdü. «Aman allah, Dünya da deyir, iç! O deyəndən sonra mənim nə ixtiyarım var ki, içməyim. Zəhər də olsa içməliyəm...». Nəcməddinin «üç» deməyilə Əbdülün əlini badəyə uzatmağı bir oldu. Əli əsdiyindən badədən bir neçə qətrə süfrəyə dağıldısa da, o, heç nəyə fikir vermədən gözlərini yumub ürəyində «Allah, sən özün keç günahımdan!» deyib başına çəkdi və badəni şəstlə yerə qoydu. Gözlərindən elə bil od çıxdı. Boğazı, sinəsi yandı elə bil Əbdülün.
Nəcməddin gülə-gülə:
– Bax, belə! —dedi və ona turş xiyar qıçası uzatdı. O, titrək əlilə alıb xırtıltı ilə yedi xiyarı. Nəcməddin Dünyaya sarı döndü:
– Gördün tapançanın hökmünü?
Dünya isə başını tərpədə-tərpədə dilləndi:
– Hə!—dedi, ancaq ürəyindən keçirdi: «Sən görmədin, Nəcmi, mənim bir baxışımın hökmü sənin tapançanın hökmündən qüdrətli oldu!»,
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-efsanesiz-iller-ikinci-hisse-on-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kəndin işıqları yanırdı. Kənd axşamlarına məxsus qəribə bir sakitlik mürgüləyirdi hər yanda. Əl-ayaq çəkilmişdi. Maşın «Qırmızı məktəbin» yanından keçəndə Nəzərin ürəyi tel-tel oldu, qəhər boğdu onu. Üzünü yana çevirdi. Bu taxta körpüdü. O kolxoz idarəsidi: pəncərələrindən işıq gəlir. «Yəqin Qurban iclas eləyir.» Küçələrə asfalt döşənmişdi. Dirəklərdə yanan uzun neon lampaları hər yanı çıraqban eləmişdi.– Hə, budur saxla, ay oğul. Gəldik çatdıq. Çoxdan çıxmışdım evimdən, daha doğrusu, zorla, çıxartmışdılar.- deyə yol boyu susan Nəzər yalnız indi, taxta darvazanın ağzında ürəklənib sürücünü öz dərdindən hali elədi.. Düş, qonağım ol, yol gəlmisən, yorğunsan, yatıb dincələrsən. Səhər tezdən də gedərsən. Gör arvadım necə sevinər.
Dördüncü hissə, səkkizinci fəsilNəzər qızıgilin qıfılsız darvazasını qoltuqağaclarının ucu ilə itələyib açanda və həyətə girəndə saat birə işləmişdi. Sakitlik idi. Yuxarı evlərin işığı sönmüşdü, ancaq qapı-baca çıraqban idi. Ortalıqda dayanıb ətrafa göz gəzdirdi, qulaq verib dindi. O tərəfdən, hovuzdan o yana, bağın içindən səs gəlirdi.Eşidib ürəkləndi.
Dördüncü hissə, doqquzuncu fəsilNəzərn həbsxanadan çıxması çox böyük sürətlə rayona yayılmışdı. Eşidən-bilən, dost-tanış axışıb həm başsağlığına, həm də gözaydınlığına gəlirdilər. Əlbəttə, çoxu müəllim idi gələnlərin. Zakirə Nəzəri görəndə uşaq kimi ağlamışdı. Nəzər ona toxtaqlıq verib güclə sakitləşdirmişdi. Nəzər Zakirədən öyrənmişdi ki, Süleymangil tutulandan az sonra Murad Muradzadəni maarifdən, Şakiri məktəb direktorluğundan götürmüşdülər. İndi «Qırmızı məktəbin» direktoru Zakirə idi. Təbii ki, Şakir gəlməmişdi. Zakirənin dediyinə görə utandığından gələ bilmirdi.Bunu eşidəndə Nəzər başqaları da eşitsin deyə ucadan demişdi:
Dördüncü hissə, onuncu fəsilNəzər atasının sümüklərini bir gecə evdə saxladı. Qonum-qonşu, eşidən-bilən axışıb gəldi. Ağlamaqdan gözləri qızarmış Güldanə, camaat dağlışıb seyrələndən sonra çəkinə-çəkinə atasını yanlayıb dedi:– Bəlkə Güllüyə zəng eləyim gəlsin, ata.