Dördüncü hissə, yeddinci fəsil
Kəndin işıqları yanırdı. Kənd axşamlarına məxsus qəribə bir sakitlik mürgüləyirdi hər yanda. Əl-ayaq çəkilmişdi. Maşın «Qırmızı məktəbin» yanından keçəndə Nəzərin ürəyi tel-tel oldu, qəhər boğdu onu. Üzünü yana çevirdi. Bu taxta körpüdü. O kolxoz idarəsidi: pəncərələrindən işıq gəlir. «Yəqin Qurban iclas eləyir.» Küçələrə asfalt döşənmişdi. Dirəklərdə yanan uzun neon lampaları hər yanı çıraqban eləmişdi.
– Hə, budur saxla, ay oğul. Gəldik çatdıq. Çoxdan çıxmışdım evimdən, daha doğrusu, zorla, çıxartmışdılar.- deyə yol boyu susan Nəzər yalnız indi, taxta darvazanın ağzında ürəklənib sürücünü öz dərdindən hali elədi.. Düş, qonağım ol, yol gəlmisən, yorğunsan, yatıb dincələrsən. Səhər tezdən də gedərsən. Gör arvadım necə sevinər.
– Yox, əmi, sağ ol. Gərək axşam balalarımın yanında olam. Mən getməyənəcən uşaqlarım yatmır, həmişə evində-eşiyində…
– Nə deyim, özün bilən məsləhətdi. – Çıxardıb sürücünün pulunu artıqlaması ilə verdi.
– Çox verirsən, əmi.
– Halal xoşun olsun.
Maşın çıxıb gedəndən sonra Nəzər darvaza qabağında tək qalıb həyətə sarı boylandı və…gözlərinə inanmadı: onların həyətində, hasarın içində, üzü qibləyə tikilmiş ikimərtəbəli bir ev ucalırdı. İkinci mərtəbəsinin, gur işıqları göz qamaşdırırdı. Ani olaraq, «Deyəsən səhv eləmişəm axı.» – deyə düşündü, döyükdü. İrəli gəldi. Vaxtı ilə özünün düzəltdiyi cırıldayan taxta darvazanı tanıdı, itələyib açdı. Yox,öz həyəti, öz bağça-bağıydı. Bax, o üç otaqlı köhnə ev, o tut ağacı…Onun altındakı qayırma taxta miz. Taxta … «Bəs bizim həyətdə bu ikimərtəbəli ev?» Nəzər caşıb qaldı. Aynabənddən səslər gəlirdi. Qadın , uşaq səsi…
Çönüb qapı-bacaya göz gəzdirdi. Tut ağacından vaxtı ilə asdığı elektrik lampası yanmasa da böyründəki o müəmmalı, təzə imarətin işığı buranı tutqun-tutqun göstərirdi. Evin qapısından qıfıl asılmışdı. Həyəti ot, ələf basmışdı: hər şey xəbər verirdi ki, burda çoxdan adam yaşamır. Bikənin səliqə-səhmanından əsər belə yoxdu. Nəzərin içindən soyuq bir külək əsib keçdi, başı gicəlləndi, özünü birtəhər taxta yetirib oturdu. Siqaret yandırdı. On-on beş dəqiqə elə beləcə, qımıldanmadan, dərin bir kədər içində susub dincəldi. Qəribə idi: elə bil birdən kimsə, gözə görünmədən həyət-bacanı bir anın içində silib-süpürüb əvvəllər olduğu hala gətirdi, hər şeyi öz yerinə qoydu, hətta Nəzər arvadının, uşaqlarının səsini də eşidən kimi oldu. Sevindi. Ancaq… sən demə, bu, xəyal imiş. Başını qaldırıb məyus-məyus tut ağacının təzə, hələ tam böyüyüb əl olmamış yarpaqlarına tamaşa elədi. Yüngül meh əsirdi, balaca, yaşıl yarpaqlar elə bil onun gəlişi münasibətilə çəpik çalıb öz dillərində nəsə pıçıldayır, nəsə deyirdilər. Nəzər titrəyən əlini uzadıb tut ağacının digir-digir gövdəsinə sürtdü, canına bir istilik axıb doldu elə bil.
– Salam, ay mənim sevimli tut ağacım, tanımadın məni? Mənəm ey, Nəzərəm ey.
Tutun yarpaqları xəfif-xəfif xışıldayırdı. Aynabənddən gələn səslər arasında Bikənin səsini tutmağa çalışdı. Yox idi. «Bikə burda olsaydı, qapıya qıfıl vurmazdı, həyət-bacanı belə saxlamazdı. Yəqin tək qala bilməyib yazıq. Yəqin Güldanəgilə köçüb. Bəs Qərib hanı axı? Bəlkə bu imarəti Qərib tikdirib? Yox, canım. Onun bu qədər pulu hardaydı, acından günorta dururdu.»
Yarım saatdan çox oturdu beləcə. Axırda səbri tükəndi, qalxıb ağır-ağır təzə imarətin qarşısına gəldi. Səslədi:
– Ay ev yiyəsi.
Cavab gəlmədikdə bir az da ucadan çağırdı və eyni zamanda qoltuqağacının ucunu məhəccərə vurub taqqıldatdı. Danışıq kəsildi, aynabəndin pilləkəni başında uzun xalat geymiş bir qadın göründü və Nəzər altdan yuxarı ona baxdı, ancaq tanıya bilmədi. Bu zaman içəridən iki uşaq – beş yaşlı bir qız, üç yaşlı bir oğlan çıxıb analarının yanına gələrək ətəyindən tutub dayandılar və aşağıda durmuş kişiyə maraqla tamaşa eləməyə başladılar. Qız anasından soruşdu:
– Bu çolaq dilənçi kimdi, ana?
– Kəs səsini. – dedi qadın və bir addım irəli yeriyib: – Kimi istəyirsiz? – deyə xəbər alanda…Nəzərin başına elə bil bir qazan qaynar su tökdülər. Tanıdı. Bu, Simuzər idi, Müseyibin qızı Simuzər. Aman allah. Demək, Qərib dediyini eləyib, ona evlənib. Yəqin bu uşaqlar da Qəribin balalarıdı. «Öl, Nəzər, ölən günündür. Bu, sənin gəlinindi, o uşaqlar da sənin nəvələrindi, sənin familini daşıyacaqlar. Hə, indi hər şey aydındı: Bikəyə baxmayıblar. O da baş götürüb çıxıb gedib qızının yanına. Bu imarət də Qəribindi. Yəqin Müseyibin pullarına tikdirib.»
– Kimi istəyirsiz, ay kişi?
– Heç…Səhv gəlmişəm.. – deyib geri döndü Nəzər. Və buna sevindi ki, Simuzər onu tanımamışdı. «Hardan tanıyaydı? Heç tanınmalın qalıb ki?» Təzə imarətin işığının altından çıxıb öz həyətinin alaqaranlığında görünməz oldu. «İndi Qərib gələcək. Heç görmək də istəmirəm. Nə qədər burdan tez getsəm, o qədər yaxşıdı. Qoy görməsin məni.»
Çöldə, taxta darvazanın qabağında dayandı. Ayağının taqəti yox idi. Əvvəl istədi Zakirgilə getsin. Ancaq fikrindən daşındı: «Bu kökdə onun gözünə görünə bilmərəm. Bir maşın düşsəydi, Güldanəgilə gedərdim…»
Yenə bir siqaret yandırdı. İkinci qullabı vurmuşdu ki, bir maşın gəldi. Faralarının işığı elə güclüydü ki, Nəzərin gözlərini qamaşdırdı və o üzünü yana çevirdi. Bir az əvvəl maşın arzulayan Nəzər, indi düşündü: «Qoy məni indi heç kəs görməsin, tanımasın.»
Lakin ağ rəngli «Volqa» Nəzərin böyründəki təzə dəmir darvazanın qənşərində dayananda ürəyi quş ürəyi kimi çırpındı: «Qəribədi, aman allah. Hə, odu, ondan başqa kim ola bilər?» İstədi təzədən qayıdıb həyətə girsin, hətta bir addım da atdı; lakin hansı qəribə bir hiss idisə – Nəzər o qədər çaşqın idi ki, bu hissin atalıq duyğusu olduğunu da anlaya bilmirdi – onu yerindəcə dayandırdı və o, çönüb maşına baxdı. Sükan arxasındakı adam yerə düşdü. Nəzər indicə bayılacağından qorxaraq qoltuqağaclarına möhkəm söykəndi. Ancaq… maşından düşən Qərib deyildi. Onun boyu Qəribinkindən gödək idi. Maşın faralarının gur işığı altında darvazanı açmağa gedəndə…Nəzər onu tanıdı. Bəhram idi. Müseyibgildə o vaxt, özü də hiss eləmədən məhvinə fərman verildiyi o gecə bircə dəfə gördyüyü lal oğlan. Kabab bişirən nökər. «Bəlkə Qəribin sürücüsüdü?» – deyə beynindən keçirdi və maşının içinə nəzər saldı. Yox, Qərib yox idi. «Qərib kimdi ki, onun sürücüsü də olsun?»
Bəhram onu görmüşdü, amma heç əhəmiyyət verməmişdi. Maşın darvazadan həyətə girəndə Nəzər də yola düzəldi. Gedirdi, ancaq ömrünün bu həyətdə keçən illərini, xatirələrini, arvadının, uşaqlarının ayaq izlərini, səslərini və ürəyini qoyub gedirdi və indidən bilirdi ki, o heç vaxt bir də bu həyətə qayıtmayacaq.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-dorduncu-hisse-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xəzangülün kolyaskası evdəydi, divanın yanındaydı — qarşı divara sarıydı və o, həmişəki kimi hərəkətsiz televizora baxırdı. Əsəd onu bir az əvvəl gətirmişdi dəniz qırağından. Sahildə də hava isti idi, həyətdə lap bürküydü. Otaqda isə heç nəfəs almaq olmurdu. Sahilə küçəyə baxan pəncərələrin hər ikisini açmışdısa da, içərinin nəfəsi azalmamışdı.Xəzangül fikirli-fikirlr kinoya tamaşa eləyirdi. Sahilə anasının yanında olmasa da, yan otaqda paltarını dəyişməklə məşğul olsa da, bilirdi ki, o, ekrana elə-belə baxır, fikri Əsədin yanındadı. Arzulayır ki, gecə tez gəlib gedəydi, səhər tez açılaydı və Əsəd yenə gəlib onu dəniz qırağına aparaydı. Kim bilir, bəlkə də Xəzangül belə düşünmürdü, ancaq Sahiləyə elə gəlirdi ki, anası məhz bundan başqa heç bir arzu ilə yaşaya bilməz indi.
Birinci hissə, birinci fəsilAyrılıq var — sonu şirin vüsaldı.Ayrılıq var — sonu yoxmuş, ay aman.
Birinci hissə, üçüncü fəsilŞəfi, həbsxanadan çıxandan sonra, xeyli müddət özünə gələ bilməsə də, dostlarının ürək-dirək verməsi, Məleykə xanımın fədakar qulluğu sayəsində, nəhayət, dirçəlmişdi, kökəlmişdi. Dişlərini düzəltdirmiş, zarafatla hərdən dediyi kimi, daha adam içinə çıxan olmuşdu. Onu tanıyanlar görürdülər ki, Şəfi zahirən əvvəlki Şəfi idi: ancaq tək o özü bilirdi ki, batində, içərisində nə isə qırılmışdı, onu sındırmışdılar — təkcə dişlərini yox, mənliyini də, şəxsiyyətini də sındırmışdılar. Qəlbində yıxmağa, uçurtmağa, məhv etməyə çalışdığı bu mənfur dünyaya qarşı bəslədiyi nifrət, qəzəb daha da çoxalırdı — yaşamaq, mübarizə aparmaq üçün bu nifrət bütün ömrü boyu bəsi idi. İndi, o, başa düşürdü ki, dünyada təkcə məhəbbətlə yaşamaq mümkün deyil — yaşamaq və qalib gəlmək üçün nifrət etməyi də bacarmaq gərəkdir. Məhəbbət kimi, nifrət də insanı güclü və qüdrətli eləyə bilər. Qəzetini yenə nəşr edirdi. Cəmiyyətdə, həyatda gördüyü qüsurları, yaramazlıqları qorxmadan, çəkinmədən qələmə alır, sözünü deyir, hezbin məramını oxucularına çatdırırdı. Doğrudur, o, indi bu işləri, qabaqlarda olan kimi, birbaşa, açıq-saçıq yazmırdı, düşünüb-daşınıb yeni formalar tapır, böyük mətləbləri az sözlə, kiçik işarələrlə bəyan eləyirdi. Bəbir, Ziyaülhəqq, Elməddin bu işdə onun ən yaxın köməkçiləri, məsləhətçiləri idi. Onlar bütün qüvvələrini qəzetin vaxtlı-vaxtında və sanballı çıxmasına sərf edir, gecə-gündüz işləyir, yoruldum demirdilər. Bəbir gizli iclaslarda, görüşlərində dönə-dönə tapşırırdı ki, son dərəcə ehtiyatlı olmaq lazımdır, nəyin bahasına olursa-olsun, ruznaməni yaşatmaq gərəkdir, çünki hələlik bizim yeganə silahımız odur. Onu itirmək, hər şeyi itirmək deməkdir, kütlələrlə əlaqəni kəsmək deməkdir. Bu isə bizim üçün ölümə bərabərdir.Buna görə də Şəfi bütün imkanlarını, bacarığını ancaq və ancaq qəzetin yaşamasına sərf edirdi və bundan xüsusi bir zövq alırdı. Yorğunluq, yuxusuzluq, işin çoxluğu onu əsla qorxuzmurdu. O, təkcə Elməddindən nigaran idi — çünki son vaxtlar Elməddin gözünə birtəhər görünürdü—fikirli, qayğılı, qanıqara. Evdə Məleykə ilə bu barədə dəfələrlə söhbət olmuşdu. Məleykə qadın həssaslığı ilə Elməddinin qanıqaralığını evlə, ailə ilə bağlamışdı.
Birinci hissə, dördüncü fəsilOğlu ilə barışandan sonra sanki qıvraqlaşıb cavanlaşmış Əziz xan «Pərçəm» qəzetinin darmadağın edildiyi, Rəhgüzərin, Elməddinin həbs olunduğu o ağır günlərdə, həftələrdə, aylarda Bəbirin necə sarsıldığını, canını qoymağa yer tapmadığını, gecəli-gündüzlü ora-bura qaçdığını, yeməyini-içməyini, hətta şirin yuxusunu belə özünə haram etdiyini görüb bir ata kimi çox nigaran olmuşdu. Əvvəllər guşənişin olub oturan, keçmiş illərin xatirələrini qələmə almaqla, günlərini keçirən və bazneşəstə olandan sonra həyatında yaranmış boşluğu bununla doldurmağa çalışan qoca general, son aylarda özü də hiss etmədən məmləkətin siyasi hadisələrinə maraq göstərməyə, şəhərdə çıxan və bir-biri ilə ideya mübarizəsi aparan qəzetləri mütaliə etməyə, asudə vaxtlarında Bəbirlə bnr çox siyasiitcimai məsələlər barəsində fikir mübadiləsi eləməyə başlamışdı. Bu söhbətlərdə məmləkətin ümumi iqtisadi-ictimai həyatının bir çox dumanlı, pərdəli məsələləri qoca generala aydın olmuş və mövcud quruluşu saxlayan möhkəm zəncirin hansı həlqələrinin sürtülüb incəldiyini, qırılmaq üzrə olduğunu anlamışdı. Qoca general bunu da başa düşmüşdü ki, onun gözünün ağı-qarası olan tək balası necə də həssas bir təbib məharəti ilə bu xəstə bədənin dərdini düzgün müəyyən edir, onun kəsilib atılması üçün heç nəyini əsirgəmirdi. Şəhərdə nəşr olunan qəzetləri hər gün böyük diqqətlə oxuyan Əziz xan görürdü ki, «Pərçəm» məsələlərə tam başqa nəzərlə—ayıq və kəskin bir mövqedən yanaşır və camaatı düşündürən nöqtələri işıqlandırmağa çalışır. Məhz buna görə idi ki, «Pərçəm»in tərəfdarları getdikcə artırdı və məhz buna görə idi ki, hökumət, baş nazirin göstərişi ilə, ilk növbədə «Pərçəm»i yaxalamış, onun baş mühərriri Məhəmməd Şəfi Rəhgüzəri və rəssamı Elməddini həbs etmiş, neçə ay davam edən sorğu-sualdan sonra, xalqın tüğyana gəlmiş qəzəbindən çəkinərək, nəhayət, azad eləmişdi. Əziz xan oğlu Bəbirin gücünü, nüfuzunu və onun başçılıq etdiyi təşkilatın qüdrətini ancaq bu zaman layiqincə anlayıb qiymətləndirmişdi. Şəfi və Elməddin həbs olunan günlərdə, Bəbir qolu-qanadı sınmış qartala dönmüşdü elə bil. Fikirli gəzib-dolanmış, üzü gülməmişdi. Rahatlıq nə olduğunu unutmuşdu. Çox vaxt gecələr də evə dönməmiş, vaxtını iclasda, gizli yığıncaqlarda keçirmiş, dara düşmüş yoldaşlarını xilas etmək üçün, azadlıqda qalan həmkarları ilə birlikdə əlindən gələni əsirgəməmişdi. Bu fədakarlıqlarını görəndə Əziz xan həm sevinmişdi, həm də nədənsə qəlbinin dərinliklərində bir gizli qorxu hiss eləmişdi. Ona görə sevinmişdi ki, Bəbirdə öz xasiyyətlərini, ürəyinin bir parçasını görmüşdü — dost, yoldaşcanlı idi Bəbir də onun kimi. Dostunu, yoldaşını darda qoymurdu, onların dadına çatmaq üçün canından belə keçməyə hazır idi. Əziz xanın fikrincə, bu, indiki zamanda böyük kişilik idi, mərdanəlik idi və həmin sifətə malik adamlar hər cür şərəfə, təhsinə layiq idi. Ona görə qorxurdu ki, yuxarıdan üzüaşağıkükrəyib gələn bu siyasi tufan Məhəmməd Şəfi Rəhgüzər kimi şöhrətli, adı-sanı dillərdə gəzən bir şairi qabağına qatıb həbsxana güncünə ata bilmişdisə, Bəbir kimi cavan və hələ sən deyən bərkiyib bişməmiş bir adamı da öz qoynuna alıb daşa-qayaya çırparaq məhv edə bilər: burada zirək olmaq, çeviklik lazımdır ki, ələ keçməyəsən və dostlarını xilas eləmək üçün çarpışa biləsən. Bu qorxu son vaxtlar Əziz xanın qəlbində lap güclənmiş, kişinin rahatlığını pozmuşdu. Oğlu ilə görüşəndə, dərdləşməyə imkan tapanda qoca general tez-tez bu sözləri təkrar etməyi unutmurdu: