İkinci hissə, üçüncü fəsil
Payızın son günü idi. Duman dağlardan üzüaşağı sallanır, Ədnanın üstünü alırdı. Havadan yağış qoxusu gəlirdi, ara-sıra haralardasa göy guruldayır, uzaqlarda qızılı şimşəklər bulud laylarını yarıb göyləri titrədirdi. Amma güclü yağış əvəzinə çiskin başladı. Sanki payız ömrünün son dəqiqələrini yaşayan qoca kimi ağlayırdı; ürəkdolusu ağlamaq üçün göz yaşı qalmamış qoca kimi...
Səbihə əkin yerindən, bağ-bağçadan yığdığı ələf-əncəri islanmasın deyə çardağın altına yığa-yığa Elməddinin o günkü qəti cavabı barədə düşünürdü: «Gedəcəyəm». O, oğlunun xasiyyətini hər kəsdən daha yaxşı bilirdi: ağlına bir şey düşməsin, düşdümü, onu yerinə yetirməyincə rahat olan deyildi. İnadkarlıq, sözündən dönməzlik onun uşaqlıqdan canına-qanına hopmuşdu.
«Getsə, tək-tənha, dörd divar arasında iki başıləçəkli neyləyəcək? Yox, onu heç yerə buraxan deyiləm. Yusifim də getdi, qəryədar Qulam demiş, şəhər xarabada korlandı. Bıçaq gəzdirmək nə idi. Yusif nə idi. Burada olanda heç nəsvar da çəkmirdi. O xarabada öyrəndi. Yox, öldü var, döndü yoxdur, gözümün bircə ağı-qarası qalıb, onu da o biri kimi bədbəxt eləyib sonra dizlərimi qucaqlayaraq məlul-müşkül otura bilmərəm».
Bu vaxt darvaza ağzında səs eşidildi:
– Allah qonağı istəyirsənmi, ay Səbihə bacı?
Səbihə çardağın altından çıxıb qapıya sarı gələ-gələ:
– Allaha da qurban, qonağına da, — dedi. — Gəlin içəri, ay Həzrətgül qardaş.
Həzrətgül tək deyildi: dalınca iki çarşablı arvad da həyətə girdi. Səbihə onları o dəqiqə tanıdı: Həzrətgülün arvadları idilər.
Səbihə arvad üzünü içəri tutdu:
– Ay gəlin, ay gəlin, bir çölə çıx, gör kimlər gəlib.
Əfsanə qapı ağzında göründü, dayısını və onun arvadlarını görüb irəli yeridi, əvvəl Həzrətgülün əlini öpdü, sonra da Xədicə ilə görüşdü. Nazəninlə isə öpüşdü. Onlar səkidə oturdular. Bir-birindən hal-əhval tutdular, güzəranını soruşdular. Səbihə arvad gah Həzrətgülün, gah da arvadlarının üzünə baxır, bu gəlişin səbəbini öyrənməyə çalışırdı. Lakin hələ onlar o yandan-bu yandan söhbət edir, əsil mətləb üstünə gəlmirdilər. «Bəlkə elə belə, dəyməyə gəliblər? — deyə Səbihə fikrən vurnuxurdu.
Çox keçmədi, Elməddin gəlib çıxdı. Evdəki qonaqlarla ədəb-ərkanla görüşəndən sonra həyətə enib tayanın yanında eşələnən qırmızıpipik xoruzu ağacla vurub sərdi. Səbihə arvad heyfsilənsə də heç nə demədi, üzünü gəlinə tutub:
– Dur ayağa, qızım, o xoruzu tutub təmizlə, yaxşıca qızart, — dedi.
Əfsanə Nazəninə baxıb gülümsəyərək qalxdı, işinin dalınca getdi.
Həzrətgül qara təsbehini çevirə-çevirə neçə gündən bəri götür qoy elədiyi məsələnin üstünə birdən-birə gəlmədi.
– Səbihə bacı, biz qohum olduq, demək olduq birevli. Necə deyərlər, su girdi qaba, oldu içməli. Bizim uşaqlar,— o, arvadlarına işarə etdi, — bir məsləhət üçün sizin yanınıza gəliblər.
Səbihə dikəldi, maraqla qulaq asmağa başladı. — Ürəyindəi keçirirdi: «Dedim axı, bu gəliş bica olmaz. Həzrətgül tacir adamdı, xeyrini-şərini ölçüb-biçməmiş evdən çölə addım atmaz!» Nazənin söhbətin başlandığını görəndə qalxıb Əfsanənin yanına getdi. Əfsanə tövlənin qabağında oturub isti qazandan çıxartdığı xoruzun tügünü yolurdu. Nazəninin gəldiyini görüb əl saxladı.
– Necəsən, qurban olum, Nazı, — deyə bu dünyada ən istəkli adamını görmüş təki məsumluqla güldü.
– Yaxşıyam, bacı. Sənin günün-güzaranın necədir?
– Gördüyün kimi. Qarabəxt imişəm mən, bacı, qarabəxt imişəm.
– Yaxşı, yaxşı, gözün dolmasın. Dünyanın işi belədir. Heç kəsin səadəti, xoşbəxtliyi kamil deyil. Yer üzünü gəzsən, görərsən ki, hərənin bir dərdi, bir qəmi var. Sənə nə olub, şükür allaha, hələ cavansan, qocalmayıbsan, qarımayıbsan. Budur, kişi gəlib, — o, səsini alçaldıb o yan-bu yana baxdı, — gəlib ki, səni evimizə aparsın. Deyəsən istəyən var.
Əfsanənin üzündə qorxuya, təşvişəbənzər bir ifadə yarandı. Ani olaraq nə edəcəyini kəsdirə bilmədi. Handan-hana:
– Məni yenə satmaq istəyir? — dedi.
– Deyəsən, bir pullu, varlı, karlı adam tapıb. Adını birtəhər dedi ey, yadımda qalmadı.
– Yox, bacı, mən heç kəsə ərə gedən deyiləm.
– Onlar səni əvvəl «evimizə gedirsən» — adıyla aparmaq istəyirlər.
– Mən bir daha o cəhənnəmə gedəsi deyiləm. Adam bir dəfə yanar.
Nazənin yavaşdan soruşdu:
– Bəs Elməddin hərəkətə gəlmir? Heç qımıldanmır?
– Yox. Ancaq sevməyinə sevir,
– Yenə əvvəlki məhəbbətlə sevir?
– Nə deyim, vallah. Məndən qaçmağına qaçır, ancaq ürəyimə gəlir ki, mən onun yadından çıxmamışam,
– Sənin özündə də çoxdu ha, — deyə Nazənin bic-bic güldü, – gərək səndə də hərəkət olsun. Kişini gərək özünə tərəf çəkə biləsən. Bir az gərək siyasətin olsun.
– Bacarmıram, ay Nazı. Elə bilirəm artıq bir hərəkət eləsəm, Yusif gəlib deyəcək, utanmırsan? Hələ heç meyitim də soyumayıb. Elməddii özü də qardaşının xətrini çox istəyirdi, indi istəməsin. O, mənə qardaşının arvadı kimi baxır. Çətin başqa gözlə baxa bilsin.
– Darıxma, yavaş-yavaş Yusif unudulacaq. Elməddinin evlənmək məqamı çatanda elin adətincə səni də ona təklif eləyəcəklər. Bəlkə...
– Nə bilim, ay Nazı. Amma o, ölənəcən mənim ürəyimdən çıxmayacaq. Heç yadımdan çıxara bilmirəm. Deyir, şəhərə getmək istəyir. Getsə, heç bilmirəm mən necə qalacağam. Yenə gözüm görür, ürəyim sakit olurdu.
Nazənini səslədilər. O, oturanların yanına gələndə Səbihə deyirdi:
– Bu elə məsələdir ki, mən onu məcbur edə bilmərəm. Deyə bilmərəm ki, mənim evimdən getsin. Gəlinimdi, özü də Allah saxlamış, ağıllı-kamallı uşaqdı. Özünə də demişəm, haçan meylin çəksə, gedə bilərsən. Deyib yox, xala, mən bu evdən heç yerə gedən deyiləm.— Üç-dörd həftə bundan qabaq deyilmiş bu sözləri indi təkrar eləyəndə sanki Səbihə arvadın beynində bir işıq yandı: çoxdan axtardığı çıxış yolunu tapdı: Elməddini evləndirsin, Əfsanəni evdən buraxmasın.
Onda oğlu evə bağlanacaq və heç yana getməyəcək. — Arvad səsini qaldırıb dedi:
– İnanmırsınız çağırın, özündən soruşun. — Belə dedi və qorxdu. Birdən Əfsanə «gedirəm!» — dedi. Bəs onda necə?
Əfsanə Həzrətgülün təklifini başıaşağı dinlədi, azca duruxub sakit və qəti bir səslə bildirdi:
– Yox, mən heç yerə getmək istəmirəm.
Səbihə arvadın ürəyi yerinə gəldi. Nədənsə, bayaqdan bu söhbəti oturub dinləyən Elməddin də üstündən dağ götürülmüş kimi rahat nəfəs aldı. Həzrətgülün qara saqqalı-bığı arasında görünən nazik, qırmızı dodağı nar yarpağı kimi əsirdi. Xədicə qapqara bulud kimi dolmuşdu. Nazənin isə sevinirdi...
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-itkin-gelin-ikinci-hisse-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.
Birinci hissə, on yeddinci fəsilAğayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»
Birinci hissə, on səkkizinci fəsilZiyaülhəqq maşının içində, sükan arxasında oturmuşdu, «Şorbazar» qarışqa yuvası kimi qaynaşırdı: müxtəlif geyimli, müxtəlif biçimli adamlar ora-bura vurnuxur, kimsə nəsə alır, kimsə nəsə satırdı. Ziyaülhəqq qoltuqlarında qəzet bağlaması saxlayıb müştəri haylayan uşaqlara fikir verirdi. Onlar qışqıra-qışqıra özlərini adamın gur yerinə verir, əllərində tutduqları qəzetləri havada yelləyə-yelləyə bir-birinin səsini batırmağa çalışırdılar:– «Sülh» ruznaməsi alın. Əli Tüğyan bu gün tüğyan eləyib!
Birinci hissə, on doqquzuncu fəsilQapı astaca döyüldü. Elməddin yazı masasının arxasından çıxdı və mil-mil xalatının yaxasını düymələyə-düymələyə irəli yeriyib cəftəni çəkdi. Qapının ağzında Siminbəri görəndə gözlərinə inanmadı. Xəyalın, düşüncənin belə həqiqət olacağını heç vaxt ağlına gətirməzdi. Qəribə idi, çünki elə həmin anlarda o, Siminbər haqqında düşünürdü. Onu neçə vaxtdı görmürdü. Elə bil, həyatında nə isə çatışmırdı. Əhədullagilə getməyə utanırdı. Onunla rastlaşanda tez-tez «uşaqlar necədir» — deyə ümumi halda soruşurdu və bu «uşaqlar» sözü altında da ən çox Siminbəri nəzərdə tutduğunu anlayıb öz aləmində gülümsünürdü. Əhədulla da «əlini öpürlər, ömrünə dua eləyirlər!» deyə ümumi cavab verirdi. Ancaq Elməddin hiss eləyirdi ki, Simin heç cür yadından çıxmır, getdikcə onu daha çox məşğul eləyir, düşüncələrinin ən şirin, ən ləzzətli parçasına çevrilir. Və tez-tez qızın divardan öz əlilə asdığı şəklinə baxırdı. Elə indi də onun haqqında fikirləşirdi — özü öz ayağı ilə gəlib çıxdı.– Salam, Simin, xoş gəlibsən!
Başqa şairlərin şeirləri
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən